Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Azərbaycana getməyi çox istəyirəm, ancaq…
Azərbaycana getməyi çox istəyirəm, ancaq…
29 Oktyabr 2015 / 18:18 / Baxış sayı: 1726
Font1 Font2 Font3 Font4

Feyzavər Alpsar

…Açıq hava idi. Gözlərim ağ rəngli güllərə baxırdı. Bir günəşli səhər onunla telefonda danışdıq. İlk tanışlıqdan sonra, onlara qonaq getməyimiz üçün icazə aldım. Onun səs tonu qulaqlarımdadır. 95 yaşı olmasına baxmayaraq, səsi çox həlim idi. Elə bir səski, insanı rahatsız etməz.

Türk vətəndaşı ilə evlilik edən, övlad sahibi ola bilməyən, sarışın, qısa, yumşaq saçlı xanım bu yaşda belə sənət üçün çalışırdı. Onun üçün çalışmaq hər şeydən qiymətli idi. Bu səbəbdən də, çalışmağı özünə həyat fəlsəfəsi seçmişdir. Bu fəlsəfəni sevərək, zövqlə həyatını davam etdirirdi. Adı ev olsa da, yaşadığı mənzil muzeyə bənzəyirdi. İşıqlı, geniş mənzil, müxtəlif illərdə çəkilən tablolara bəzədilmişdi.Daha maraqlı fakt ondan ibarət idi ki, müsahibimizin yaşının çox olmasına baxmayaraq divarda sərgilənən hər bir tablo haqqında tarix qoxulu hekayə danışırdı. Əziz oxucularımız bu xanım Türkiyənin ilk prezidenti,dövlət xadimi Mustafa Kamal Atatürkü yaxından, lap yaxından görmüş bir azərbaycan qadındır. Əslində bu tanışlığın özüdə, böyük xoşbəxtçilikdir! Uşaqlıq illərini keflə, gülərək, sevinclə xatırlayan xanım ötən illərdə Azərbaycanın və Türkiyənin bir çox aydın, məğrur şəxsiyyətləri ilə yaxından tanış olub. Hətta Atatürk üçün öz balaca, sehirli əlləri ilə bəyaz beretka ilə şarf toxuyub. Bu hədiyyələri isə şəxsən özü hədiyyə edib… Bir bazar günün saat 15:00 da XX-əsrn böyük ədibi, rəssam, həkim, tərcüməçi, müəllim, jurnalist, Atatürkün yaxın dostlarından olan Əli Bəy Hüseynzadənin qızı ilə görüşdük. Görüşümüz yağışlı bir havada baş tutdu. Feyzavər Alpsarın İstanbuldakı evində aldığımız müsahibənisizə təqdim edirik. Xoş oxular…

 

 

Nigar İsmayılqızı:

 

– Əli Bəy Hüseynzadə deyəndə gözlərimiz önündə XX-əsr dayanır. Bildiyimiz kimi, türk-ictimai fikrinin aydınlarından olan Əli bəy sizin atanız olub. Uzun illər keçməsinə baxmayaraq atanızı və o illəri necə xatırlayırsınız?

– Vallah, atam həyatından çox danışmazdı, diqqəti daim bizim üstümüzdə idi. Həbsdə yatmışdı, məsələn, o divarda şəkil var. O vaxt böyük bacım Səidə ilə qardaşım Səlim var imiş, mən hələ anadan olmamışdım, atam onları yelləncəkdə yellədir. O vaxt universitetin yanında bir bina vardı, deyəsən, indi ora diş həkimliyi fakültəsidir, atam orda həbsdə yatıb. Süleymaniyyədəki Hüseyn Qalip Paşa iqamətgahına köçmüşdük. Hüseyn Qalip Paşa misirlidir, onun oğlu Həmid bəy Atatürkün diş həkimiydi. İstanbulun Eminönü səmtində diş müayinəxanası vardı. Mən yetişkin yaşıma gəlib atamı anlamağa başlayanda onu itirdim. Əslində “atamı anladım” demək doğru ifadə deyil, təbii ki, atamı uşaqlığımdan bəri çox sevirdim. Nənəm nəyə görəsə məni danlayanda mən əllərimi yanıma salıb hərbi təzim vəziyyətində durardım. Nənəm isə “sən kim olursan, bunu necə edərsən?” – deyirdi. Çox ciddi şəkildə dayanaraq “mən Hüseynzadə Əli bəyin qızıyam” –

deyirdim. Bu, mənim çox yaxşı yadıma gələn xatirələrimdən biridir. Mən atama çox bağlı qız olmuşam.

 

Emin Ələkbərov:

 

– Oxuduğum qədəri ilə, atanız sizi tez-tez gəzintiyə aparırdı. Nə baş verirdi o illərdə?

 

– Hələ məktəbə getmirdim, 5 yaşım var idi. 6-7 yaşımda olanda da xatırladığım şeylər var. Atam bizi gəzməyə aparırdı, Gülhanə parkına, Boğaza aparardı. Səhər deyərdi ki, sizi aparacağam, ancaq biz geyinib-hazırlaşsaq da, atam ayağa durmazdı, işini yarımçıq qoymazdı. İşini bitirəndən sonra gəzməyə gedərdik, evə gec qayıdardıq. Uşaqlarına qarşı son dərəcə qayğıkeş idi.

 

Nigar İsmayılqızı:

 

– Sizdə o illərlə bağlı maraqlı söhbətlər var. Bizə o illərdən yadigar qalan bir xatirə danışa bilərsiniz?

 

– 1935-ci ildə Süleymaniyyədə idik. Oradan çıxıb Misir bazarına enərdik. O vaxtlarla bağlı bir xatirəmi danışım: mən çox sevinirdim, çünki maşınla gedirdik. Atam məndən soruşdu ki, nə alaq? Pendir, yağ aldıq, mən isə bal-qaymaq da istədim. Atam hər ay maaşını alanda bizi Misir bazarından bu cür şeylər almağa aparardı, mən də yanında olurdum. Mən birinci sinifə gedirdim. Torbalar əlimizdə Misir bazarının qapısından çıxanda yoldan keçən at arabası bir adamı vurdu, adam yerə yıxıldı. Atam torbaları mənim yanıma qoyub dedi ki, sən bu qapıdan ayrılma, mən o adama ilk yardım edim. Atam o adamı yerə yatızdırıb ilk yardım yapdı, sonra adamı arabaya qoyub göndərdilər. Evə gəldik. Ertəsi gün mən məktəbə getdim. Süleymaniyyə ibtidai məktəbində oxuyurdum, o məktəblə bizim iqamətgahımız yanaşı idi. Məktəbdə müəllim hamıdan soruşurdu ki, səhər yeməyində nə yeyirsiniz? Bəziləri zeytun-çörək, bəziləri pendir-çörək, bəziləri çay-simit dedi. Növbə mənə gələndə – bal-qaymağı sevirəm axı – dedim ki, qaymaqla bal (gülür). Sinifdə alqış qopdu, mən utandım, amma hamının xoşuna gəlmişdi. Bu, mənim heç unutmadığım xatirələrimdən biridir.

 

Emin Ələkbərov:

 

– Qardaşınız Səlim bəy rəssam olub. Gördüyümüz kimi, evinizin divarlarında çox maraqlı tablolar var. Bu tablolar haqqında nə deyə bilərsiniz?

 

– Baxın, orda bir tablo var (qalxır tablonu göstərməyə). Bu, Səlimin çəkdiyi ilk tablolardan biridir, atamla birlikdə çəkiblər. Səlim Qalatasaray liseyində oxuyurdu, bu tabloda atamın əməyi var. Bu tablo Səlimin Qalatasaray litseyində oxuyarkən atamla çəkdiyi ilk rəsmlərindəndir. Bu rəsmin çəkilməsini yaxşı xatırlayıram, heç vaxt evimizdən qırağa çıxarılmayıb.

 

Nigar İsmayılqızı:

 

-Atanız Əli bəyin Mustafa Kamal Atatürklə yaxın dostluqu olub. Atanız niyə millət vəkilliyindən imtina etdi? Səbəb?

 

– O illər yaxşı yaddımdadır. Atam təqaüdə çıxacaqdı. 1934-35-ci illər ola bilər. O vaxt Atatürk atama, Ağaoğluna və bəzi başqa insanlara millət vəkilliyi təklif edib. Atam deyib ki, mən təkpartiyalı dönəmdə millət vəkilliyini qəbul etmərəm. Atatürk deyib ki, yaxşı, onda gəl, Türk Dil Qurumunda əməkdaşlıq edək. O vaxtlar atamın təqaüdü az idi. 3 uşaq, anam, onun anası… Ona görə atamın maaşı çatmırdı. Yaxşı xatırlayıram, kasıb xəstə gələndə atam ona dərman və yol pulu verirdi, o vaxtlar hamı bu barədə danışırdı. Atatürklə atam Türk Dil Qurumunda yaxşı işlər gördülər.

 

Emin Ələkbərov:

 

– Əhməd Ağaoğlunun ailəsi ilə ailəvi dostluq etmisiniz. Sürəyya və Tezeri necə xatırlayırsınız? Onlarla bir xatirə mümkünsə.

 

– Bəlkə də Əhməd Ağaoğlu bizdə bəzi vaxtlar qalıb, onu xatırlamıram, ancaq qızları Sürəyya və Tezer universitetdə oxuyurdular, bilirsiniz ki, bizim evimiz universitetə çox yaxın idi, yandakı qapıdan çıxıb aşağıya tərəf gedən yolun üstündə idi. İndi orada Feyhaman Duran muzeyi var. Birinci Dünya müharibəsində oraları ingilislər işğal ediblər. Onlar gedəndən sonra ora məktəb olub. Mən o məktəbdə oxudum. Ağlıma bir şey gəldi, vaxtınızı almıramsa, danışmaq istəyirəm. Bir dəfə xırda oğurluq etmişəm. (Gülür.) Hamı məni çox sevirdi, Səlim məni əsəbiləşdirməkdən xoşlayırdı. Məktəbə mavi yemək qabında yemək aparırdım, Səlim deyirdi ki, sən mavi yemək qablı məktəbə gedirsən (gülür). Mən də dedim ki, bundan sonra məktəbə qabda yemək aparmayacağam, evə gələndən sonra yeməyimi yeyəcəyəm. O vaxtlar pulun nə olduğunu bilmirdim, məktəbdə də bizə yemək üçün şeylər verirdilər. Bir gün anam yataq otağındakı siyirtməni çəkib zərf çıxardı. Anamdan soruşdum ki, onlar nədir? Dedi ki, puldur. “Pul” sözünü o vaxt ilk dəfə eşidirdim, ancaq pulun nə olduğunu bilmirdim. Anam zərfdə hər şeyi dəqiqliklə ayırmışdı: bu, uşaqların pulu, bu, yeməyimizin pulu və s. O vaxtlar üçün böyük pul olan 10 lirəni zərfdən götürdüm, məktəbin qapıçısının satdığı fındıq, fıstıq, ləbləbi alıb məktəbdəki yoldaşlarıma və müəllimlərimə verdim. Axşam evdə anam soruşdu ki, qızım, sən bu gün siyirtmədən pul götürmüsənmi? Dedim ki, təbii, anacığım, götürdüm və yoldaşlarıma ziyafət verdim (gülür.) Mən onun oğurluq olduğunu bilmirəm ki? Anam dedi ki, bunu bir daha etmə, pulu məndən istə. Ondan sonra anam mənə 2,5 lirə, yoxsa 2,5 quruş verərdi.

 

Onları çox sevirdim…

 

– Sürəyyya və Tezer abla universitetdə oxuyanda 2-3 il bizdə qaldılar. Anam onların yataq otağına mavi yorğan salmışdı, axşam yatanda mən də onların arasına girirdim, sonra otağımıza çıxıb yatırdım. Tezer ablamla bağlı çox xoş bir xatirəm var. Küncdə bir mənzil varmış, ordakı qonşu ləyəndən su atır, su Tezer ablamın başına tökülür, çox əsəbiləşir. Orda bir ayaqqabı boyaçısı var imiş, Tezer ablam həmişə ona pul verirmiş, bu dəfə üst-başı islandığına görə, boyaçıdan pul istəyib. Onlar bizdə qalanda mən çox xoşbəxt idim, daha sonra həmişə dostluğumuz davam etdi. Hələ də Ağaoğlu nəslinin nümayəndələriylə görüşürəm. Əhməd var, Təkdaş keçən il vəfat etdi. Onlar da öz hallarında çırpınırlar, həyat belədir. Sizə onu deyim ki, onları çox sevirdim.

 

Nigar İsmayılqızı:

 

– Yazıçı, publisist, Türkiyənin dövlət və siyasi xadimindən söhbət açaq. Səməd Ağaoğlu. Bu ad sizə yəqin ki, tanışdır. Səməd bəyi həyatda görmüsünüz?

– Təbii ki. Mən onu tanıyırdım. Səməd bəy nazir oldu. Həmişə görüşürdük. O günləri unutmaq olmaz…

 

Emin Ələkbərov:

 

– Atanızın dostları,sizə gələndə nə edirdiniz? O illərdə kimlər sizə gələrdi?

 

– Əhməd Ağaoğlu, Yusif Akçura həmişə bizə söhbətə gələrdilər. Fuad Köprülü oğluyla gəlirdi, onun oğlu məndən bir az böyükdür. Süleymaniyyədəki evimizə gəlirdilər. Biz uşaqlar ayrı oynayırdıq, onlar içəridə söhbət edərdilər. Orada bir tablo var, Səlim Süleymaniyyədəki evimizi təsvir edib. Onlar küçəyə oynamağa çıxanda deyirdim ki, mən niyə çıxmayım? Cümhuriyyət elan ediləndən sonra qızların hüquqları xeyli artdı. Bir gün mən Taksimə getdim. Siqaret çəkən deyiləm, mində bir halda 1 siqaret çəkərdim. İncəsənət Akademiyasına daxil olmazdan əvvəl mən Qız Gimnaziyasında oxumuşdum. Atatürkə bəyaz beretka ilə şarf hədiyyə veriləcəkdi, onları o vaxt mən yapmışdım. Allah rəhmət eləsin, o vaxtkı müəllimim Luqarla birlikdə. Taksimdə Sürəyya abla məni siqaret çəkərkən görüb. Üsküdardakı evimizə qonaq gəlmişdi. Dedi ki, mən səni Taksimdə gördüm, siqaret çəkirdin. “Təbii ki, çəkərəm, o biri qızlardan nəyim əskikdir, onlar çəkir, mən niyə çəkməyim?” – dedim. (Gülür.)

 

Nigar İsmayılqızı:

 

– 1926-da İzmirdə Atatürkə qarşı həyata keçirilmək istənilən sui-qəsddə yanlışlıqla atanızın da adı hallandırılıb, hətta atanız qısa müddət həbsdə qalıb. Atanız o yanlışlığın haradan irəli gəldiyi barədə sizə nəsə demişdimi?

 

– Xeyr, heç danışmadı. İndi tam yerini deyə bilmirəm, Sirkəçidə İstanbul polis idarəsi vardı, oranı xatırlayırsınızmı? Orada böyük və gözəl bir bina vardı. Atam məni parka gəzməyə aparmışdı. İndiki ağlımla düşünürəm ki, bəlkə mən də yanında olduğuma görə, atamın heç bir sui-qəsd planında iştirak etməyəcəyinə inanıblar. Bu, mənim yozumumdur. Binaya girdik, mən ilk dəfə liftə minirdim. O vaxt hələ məktəbə getmirdim. Atam Qara Kamal adlı bir adamla danışdı, mənə bir rəsm kağızı verdi, cızma-qara etdim. Atamın o binaya girdiyini və Qara Kamalla görüşdüyünü biliblər, ona görə həbs ediblər. Süleymaniyyədə yaşayarkən qapılarımız bir-birinə açılan qonşumuz vardı, general idi. Axşamlar Həmid bəyin evində görüşlər olurdu. Atam qısa müddət həbsdə qalandan sonra çıxdı, amma təəssüf ki, Qara Kamalı edam ediblər.

 

Emin Ələkbərov:

 

– Atanız Atatürklə dostluq edib. Türkiyənin böyük şəxsiyyətlərindən birinin ölümü ailənizə necə təsir göstərdi?

 

– Atam Atatürklə dostluğundan çox xoşbəxt idi. Mustafa Kamal Paşanın İstanbula gəldiyini bizə xəbər verəndə atam, anam və bacı-qardaşım gəmiyə minərək onu qarşılamağa getdik. Sarayburnundan Üsküdara keçdik. O vaxtlar oraların sahili bomboş idi. Atatürk dedi ki, buraya ağaclar-çiçəklər əkməlisiniz. Bir də indiki hökumətimizə baxın. Biz o vaxtlar ordan dənizə girərdik. 1935-də biz Üsküdara köçdük. O vaxt bal gecələri təşkil edilirdi, atamın kapitan Yavuz paşanın paltarlarını geydiyi fotoları var. Memar Sinan adına akademiyada oxuyanda 10 noyabr günü dərsə getdim. Tələbələr tez-tez balkona çıxıb Dolmabahçe sarayı tərəfə baxırdılar ki, bayrağın yarıya qədər enib-enmədiyini görsünlər. Bir xəbər gəldi, sanki akademiyaya bomba düşdü, hamımız pərişan olduq. Mən evə gedə bilmədim, əvvəlcə müəllimimin yanına çıxdım. Evə necə gedim, nə deyim? (Ağlayır…) Hamı təlaş içində idi. Karaköydən gəmiyə minib evə getdim, atam məni qarşıladı. Atatürkün vəfat etdiyini dedim. “Təəssüf” dedi. Bir də gördüm ki, atam Ağaoğlu Əhmədin fotosunun qabağında durub, “Mənim heç kimim qalmadı” – deyib ağlayır. Atamı ilk dəfə onda ağlayarkən gördüm. Çox hüznlü idik. (Sükuta dalandan sonra qalxıb atasının masasının başına keçir, onun gözlüyünü, qələmini, maşasını göstərir…)

Nigar İsmayılqızı:

 

– Atanız dünyasını harda dəyişdi?Ağırda olsa, o illərdən danışın.

 

– Atam Üsküdarda dünyasını dəyişdi. O gün mən bitdim, bitdim, bitdim… Bir yoxuş vardı, o yoxuşdan doktora tərəf uçdum, indi o yoxuşu 3 saata çıxa bilmərəm. Səlim yataq otağındaydı, mən atamla eyni otaqda idim, anam ağır xəstəlik keçirmişdi, danışa bilmirdi. Anama heç nə demədik, evimizin qabağındakı məktəbin direktoruna vurmuşam ki, yavaş danış, anam eşidəcək. Anama bir müddət atamın ölümünü deyə bilmədik. Təəssüf ki, atam o cür getdi. Səlim qarderobun güzgüsündə üzünü qırxanda güzgüdən atamı görürmüş. Mən də səhər atamla danışdım, aşağıdan şeylər almağa getdim. Qayıdanda Səlim dedi ki, mənə bir güzgü tap. Güzgünü üzünə tutduq, nəfəs yox. Ondan sonra mən aşağıya uçdum, doktor gəldi, ancaq atam artıq getmişdi. Təəssüf. Bacımın əri məzarlıqda yer

ayırtdırıbmış, oraya dəfn etdik. Əvvəldən bilsəydik, qəbristanlıqda bir neçə məzar yeri alardıq.

 

Emin Ələkbərov:

 

– Atanızın qohumlarından kimi xatırlayırsınız?

 

– Atamın əmisinin oğlu Sadıq paşa gəldi, o vaxt mən məktəbə getmirdim, məni çox sevərdi. Bizə noğullar, şəkərlər gətirmişdi, çox başqa bir insan idi… (Kövrəlir…)

 

Emin Ələkbərov:

 

– Atanız 1926-da Bakıda keçirilən İ Türkologiya Qurultayına gedib. Mehmet Fuad Köprülü ilə. Bu barədə evdə nəsə danışmışdımı, xatırlayırsınızmı?

 

– Atam Bakıya gedibmi? Bunu bilmirdim, dayanın, mən də bunu qeyd edim. Sizdən öyrəndim. Mən heç Bakıya getməmişəm. Bunu dəftərə yazım. İstanbuldan gedib, elə deyilmi?

 

– Bəli, burdan gedib.

 

– Bildim, Fuad Köprülü ilə bir səfəri var. O vaxt biz Süleymaniyyədə yaşayırdıq. (Bir daha yerindən qalxıb atasının yazı masasının arxasına keçir, masanın üstündəki əşyalar, divardakı tablolar və fotolar barədə məlumat verir.

 

Emin Ələkbərov:

 

– Yox, türkologiya konfransına gedib. Orada hamı onu hörmətlə qarşılayıb. Səməd Ağaoğlu 60-cı illərdə Azərbaycana gedib, ata-anasının doğulduğu yer olan Şuşanı ziyarət edib, qayıdandan sonra kitab yazıb. Sizə Azərbaycan barədə nəsə danışırdımı?

 

– Səməd bəy bir neçə dəfə getmişdi, ancaq çox danışmazdı.

 

Nigar İsmayılqızı:

 

– Atanızın Azərbaycanın fikir və düşüncə həyatında önəmli yeri olmaqla birlikdə, o, eyni zamanda, Azərbaycanın peşəkar rəssamlarından olub.

– Atam çox gözəl şəkillər çəkirdi (divardakı bir tablonu göstərir). Bu, atamın babasının və onun qızının tablosudur, atam çəkib. O divardakı Atatürk tablosunu naturadan çəkib. Əhməd Ağaoğlunun evində Atatürklə Lətifə xanımın portretini qara qələmlə çəkib. Bir kitab var, adını xatırlaya bilmirəm. Böyük bir əməliyyat keçirdiyim gecə o kitabı yuxumda gördüm, adını xatırlaya bilmirəm. Süleymaniyyədəki evimizin bağçasında böyük bir xəzinəmiz vardı, oranın bağbanı rus idi, onlar da qaçıb gəlmişdilər, bütün kitablar ona əmanət edilmişdi. Əməliyyat gecəsi yuxumda gördüyüm o kitab yasaqlanmışdı. Ondan başqa təxminən 300 yasaqlı kitabı o xəzinədə gizləmişdilər. Anam türk qadınlarını qoruma dərnəyinin üzvü idi, çox fəallıq nümayiş etdirirdi. O vaxt xanımlar çadralı imişlər, anam isə atamla evlənəndə başında yarı çadra kimi bir şey olub. Çox müasir qadın idi. Cümhuriyyətdən sonra isə anam həmişə başı açıq olurdu, onu heç vaxt qapalı görmədim. Atamın bütün materiallarını onun barəsində kitab yazan Əli Heydər Bayat bəyə vermişdik, yoxsa o kitab da Heydər bəydə qaldımı? Məndə “Füyuzat”ın ipək basqısı var.

 

Emin Ələkbərov:

 

– Qardaşınız Səlim Turan Türkiyənin ən önəmli rəssamlarından biridir, əsərlərinin bir qismini İstanbul Universitetinə bağışlayıb, oradakı bir neçə salonda daimi nümayiş etdirilir…

 

– İndi orada təmir gedir, ona görə Səlimin tablolarını Sabancı muzeyinin anbarına aparıblar, təmir bitəndən sonra qaytaracaqlar.

 

Emin Ələkbərov:

 

– Ötən günlərdə atanızın 150-illiyi ilə bağlı yubley tədbirləri keçrildi. Nə hiss keçirirdiniz?

 

– (Yenidən atasının iş masasına tərəf gedib 1995-ci ildə Azərbaycanda çap edilən və üstündə Əlibəy Hüseynzadənin fotosu olan təqvimi göstərərək söhbətinə davam edir.) Bir dostumuz Qapalı çarşıda bu təqvimi görüb, mənə 2 ədəd gətirib dedi ki, sizin atanız bu adam deyilmi? Bacıma və Səlimə dedim ki, artıq atamla bağlı fəaliyyətə başlamaq lazımdır. Onlar dedilər ki, gecdir. Ancaq mən etiraz etdim. Daha sonra Azərbaycandan gələnlər oldu, Heydər bəyin atamla bağlı kitabı çıxdı. Əli Yavuz Akpınar bəyə də xeyli material verdik. Atamın anadan olmasının 150 illiyinə Azərbaycanda göstərilən bu diqqət məni çox məmnun edir. Nə xoşbəxt insanam ki, atamın 150 yaşını qeyd edənlər arasında mən də olacağam. Özümü həm də ona görə xoşbəxt hiss edirəm ki, Azərbaycanda gənclik atamın xatirəsini bu qədər əziz tutur, onun kitablarını oxuyur, onun fikir və düşüncələrini yaşadır. Bir insan üçün bundan gözəl duyğular ola bilməz. Eşitmişəm ki, atamın 150 illiyi ilə bağlı İstanbulda toplantılar keçiriləcək, mən də iştirak edəcəyəm. Azərbaycana getməyi çox istəyirəm, ancaq bilmirəm, getmək üçün səhhətim imkan verərmi? Atamın heykəlini çox görmək istəyirəm.

 

Feyzavər: Nədənsə Bakıya getmək mənə qismət olmayıb!(Fikirləşir.) Bakını çox sevirəm… İstanbuldan sayqılar və sevgilər! (Gülür.)

 

Şəkillərin çəkilməsində bizə dəstək verən dostlarımıza təşəkkürlər!Bu arada Beste Buse Nişantaşı Üniversitesində, Uğur Ayangil Kadir Has Üniversitesində təhsil alır.

 



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə