Nardaran qəsəbəsinin sakinlərindən, onların əmin-amanlığının təmin olunması naminə keçirilən xüsusi əməliyyat zamanı hüquq qaydasına ciddi riayət etmələri, ictimai asayiş, hakimiyyət nümayəndələrinin həyat və sağlamlığı üçün təhlükə törədən və şərait yaradan hərəkətlərə yol verməmələri, göstərişlərinə əməl etmələri tələb olunur.

Eyni zamanda bildirilir ki, xüsusi əməliyyatı həyata keçirən qüvvələrə müqavimət göstərən, silahlı və ya silah qismində əşyalarla hücüm edən, ictimai qaydanı kobud surətdə pozan hərəkətlərə yol verən şəxslər haqqında qanun çərçivəsində dərhal ən ciddi tədbirlər görüləcək.

Xüsusi əməliyyat Azərbaycan Respublikası Prezidentinin nəzarətindədir və onun gedişi mütəmadi məruzə olunur.

Xəbər verildiyi kimi, Azərbaycan Respublikasında ictimai-siyasi sabitliyi pozmağı, təxribatlar, kütləvi iğtişaşlar, terror aktları, bütövlükdə konstitusiya quruluşunu dəyişdirməklə şəriət qanunları ilə idarə olunan dini dövlətin yaradılmasını planlaşdıran silahlı cinayətkar dəstənin zərərsizləşdirilməsi üzrə 2015-ci il noyabrın 26-da Daxili İşlər Nazirliyi tərəfindən Bakı şəhərinin Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirilib.



Nardaran hadisələrindən sonra

Əməliyyat zamanı polis əməkdaşlarına silahlı müqavimət göstərmiş cinayətkar dəstənin 4 üzvü məhv edilib, daha bir neçə nəfəri yaralanıb. Xidməti vəzifələrini sonadək mərdliklə yerinə yetirən polis sercantları Vüqar Nəsibov və İsmayıl Tağıyev qəhrəmancasına həlak olub.

Hadisə yerindən maddi sübut kimi 4 avtomat, 4 tapança, 12 qumbara, biri kənardan idarə edilən olmaqla 3 ədəd partlayıcı qurğu, 10 ədəd “Molotov Kokteyli”, 7 ədəd bıçaq və xəncər, 3 ədəd beşbarmaq və s. götürülüb. Fakt üzrə Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 120-ci, 214-cü, 220-ci, 228-ci, 233-cü, 278-ci, 279-cu, 281-ci, 283-cü, 315-ci və digər maddələri ilə cinayət işi başlanılıb.
Cinayətkar dəstənin başçısı Taleh Bağırov başda olmaqla, 24 üzvü barədə məhkəmələr tərəfindən həbs qətimkan tədbiri seçilib.
Xüsusi əməliyyat başa çatdıqdan sonra ayrı-ayrı destruktiv elementlər Nardaran qəsəbəsində icazəsiz toplantı keçirməyə, sakinləri konstitusion quruluşa qarşı çıxmağa, hakimiyyət nümayəndələrinə zor tətbiq olunmasına, kütləvi itaətsizliyə çağırışlar etmiş, yolları bağlamış, barrikadalar qurmuş, silah qismində əşyalar toplamış, lakin həyata keçirilən tədbirlərlə bu cür qanunazidd hərəkətlərin qarşısı alınıb.

O da qeyd edilməlidir ki, daxili işlər və prokurorluq orqanları tərəfindən dəqiqləşdirilmiş məlumatlar əsasında qanunsuz olaraq odlu silah, partlayıcı maddələr və qurğular saxlayan şəxslər müəyyən edilərək həmin əşyaların könüllü təhvil verilməsi tələb olunub, ancaq qəsəbənin bir qrup nümayəndəsinin silah saxlayan şəxslərə müvafiq müraciəti müsbət nəticə verməyib.

Cari il noyabrın 30-da isə Gəncə şəhərində “Müsəlman birliyi” hərəkatına dəstək verən 6 nəfər saxlanılmış, yaşadıqları ünvanlara baxış zamanı oradan 1 avtomat, 1 tüfəng, 12 qumbara, çoxlu sayda döyüş sursatı, dini ədəbiyyat və s. aşkar edilib götürülüb.


Sabunçu rayon polis idarəsinin qarşısı

Nardaran qəsəbəsində gərginliyin saxlanılmasına edilən cəhdlər onun sakinlərinin bir qismində, həmçinin ölkənin bütün vətəndaşlarında narazılıq, narahatlıq doğurur və onlar dövlətin konstitusiya quruluşunun əsasları və təhlükəsizliyi əleyhinə yönələn hüquqazidd əməllərin qarşısının alınmasını, qanunçuluğun, sabitliyin və ictimai qaydanın bərpa edilməsini, dövlət və bələdiyyə orqanlarının normal işinin təmin olunmasını, silahlı cinayətkar qruplaşmalara qarşı qətiyyətli tədbirlərin görülməsini tələb edirlər.