Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

QHT Şurası yeni qrant müsabiqəsi elan etdi
QHT Şurası yeni qrant müsabiqəsi elan etdi
14 Dekabr 2015 / 13:10 / Baxış sayı: 218
Font1 Font2 Font3 Font4

Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 2016-cı il üçün Azərbaycan QHT-lərinin layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqə elan edib. 

arxiv.bizimxeber.az xəbər verir ki, Şura “Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Konsepsiyası”na uyğun olaraq aşağıdakı mövzular üzrə layihələri dəstəkləyir:

1. İnsan hüquqları və demokratiya məsələləri

Bu istiqamət üzrə aşağıdakı mövzularda layihələrin dəstəklənməsi nəzərdə tutulur:

· İnsan hüquq və azadlıqlarının müdafiəsi;
· Demokratik proseslərin dəstəklənməsi;
· Əmək hüquqlarının müdafiəsi;
· Ödənişsiz hüquqi xidmətlərin təşkili.

2. Şəffaflıq və institusional məsələlər

Bu istiqamət üzrə aşağıdakı mövzularda layihələrin dəstəklənməsi nəzərdə tutulur:

· Korrupsiya və rüşvətxorluqla mübarizədə vətəndaş iştirakçılığının artırılması;
· Azərbaycanda mədən sənayesində şəffaflıq təşəbbüsünün tətbiqinə dəstək;
· “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanunun təbliği;
· QHT-lərin fəaliyyətində şəffaflığın artırılması üzrə təşəbbüslər;
· Şəffaflıq məsələlərinə həsr olunmuş video çarxların hazırlanması, təqdimatı və təşviqi.

3. İctimai əhəmiyyət kəsb edən müxtəlif məsələlərlə bağlı maarifləndirmə

Bu istiqamət üzrə aşağıdakı mövzularda layihələrin dəstəklənməsi nəzərdə tutulur:

· Milli təhlükəsizliyə xələl gətirən informasiyaların yayılmasının qarşısının alınması və dövlət sirri təşkil edən məlumatların qorunmasına dair təşəbbüslər;
· Milli-mənəvi dəyərlərin, Azərbaycançılıq məfkurəsi və Azərbaycan dilinin qorunmasına dair təşəbbüslər;
· İctimai problemlərin həlli istiqamətində QHT-bələdiyyə əməkdaşlığı;
· Mətbuatda, sosial mediada milli-mənəvi dəyərlərin və etik normaların qorunmasına dair təşəbbüslər;
· Dini radikallığa və ekstremizmə qarşı mübarizə sahəsində maarifləndirmə;
· Müxtəlif mədəni və dini dünyagörüşünə malik qrupların vətəndaş cəmiyyətinə inteqrasiyası;
· Azərbaycan dövlətinin həyata keçirdiyi islahatlara ictimai dəstək;
· İctimai təhlükəsizliyin qorunmasında vətəndaş fəallığının artırılması;
· Yol-nəqliyyat hərəkəti iştirakçılarının davranış qaydalarının təkmilləşməsinə dair təşəbbüslər.

4. Narkomaniya və insan alveri ilə mübarizə məsələləri

Bu istiqamət üzrə aşağıdakı mövzularda layihələrin dəstəklənməsi nəzərdə tutulur:

· Narkomaniya ilə mübarizədə ictimai fəallığın artırılması (video çarxlar,
ksiyalar, yarışlar, mədəni tədbirlər);
· İnsan alverinə qarşı mübarizədə ictimai fəallığın artırılmasına dair təşəbbüslər.

5. Beynəlxalq əməkdaşlıq məsələləri

Bu istiqamət üzrə aşağıdakı mövzularda layihələrin dəstəklənməsi nəzərdə tutulur:

· Şimali Amerika və Avropa İttifaqı ölkələrində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsilə bağlı tədbirlər;
· Xarici ölkələrin KİV-lərində Azərbaycanla bağlı məqalələrin, verilişlərin və digər materialların yerləşdirilməsi;
· Dağlıq Qarabağla bağlı yaradılmış saytların xarici dillərə tərcüməsi və yenilənməsi;
· Azərbaycanlılara qarşı soyqırımlar, erməni təcavüzü mövzusunda xarici auditoriyalara hesablanmış videoçarxların, qrafik tipli materialların hazırlanması. Tanınmış xarici mədəniyyət və incəsənət xadimlərinin, idmançıların və digər nüfuzlu şəxslərin bu mövzularda xarici dillərdə qısa video təqdimatlarının, musiqi kliplərinin hazırlanması;
· Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixinə dair xarici dillərdə elektron audio-kitabxana bazasının, onun mobil telefonlar üçün proqram təminatının yaradılması və tətbiqi;
· Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, azərbaycanlılara qarşı soyqırımların araşdırılması ilə bağlı xarici tədqiqatçılar və tələbələr üçün təqaüd proqramları;
· Ölkəmizin mövqeyinin gücləndirilməsi məqsədilə nüfuzlu xarici KİV nümayəndələri, müstəqil jurnalist və fəal bloqerlərdən ibarət qrupların Azərbaycana səfərlərinin təşkili.

6. Ətraf mühit və sağlamlıq məsələləri

Bu istiqamət üzrə aşağıdakı mövzularda layihələrin dəstəklənməsi nəzərdə tutulur:

· Yaşıllıqların salınması;
· İctimai obyektlərin ekoloji və sanitar vəziyyətinin monitorinqinin aparılması;
· Ətraf mühitin məişət tullantılarından təmizlənməsi;
· Ətraf mühitin öyrənilməsi, uşaqların ekoloji təcrübə işlərinə cəlb olunması və onların iştirakı ilə ekskursiyaların təşkili (festival, TV veriliş, sosial çarx);
· Yoluxucu xəstəliklərlə mübarizə (sosial çarx, bukletlər);
· Məişət gigiyenası, qida təhlükəsizliyi və tibbi biliklərin artırılması;
· Əhali arasında qabaqlayıcı tibbi tədbirlərin həyata keçirilməsinin təbliği;
· Psixoloji yardıma ehtiyacı olanlar üçün məsləhət xidmətinin təşkili;
· Fövqəladə hallarda ilkin tibbi xidmətin göstərilməsinin təbliği.

7. Ailə, qadın və uşaq məsələlərinə dair təşəbbüslər

Bu istiqamət üzrə aşağıdakı mövzularda layihələrin dəstəklənməsi nəzərdə tutulur:

· Ailə dəyərlərinin və sağlam ailə modelinin təbliğinə dair təşəbbüslər;
· Uşaq hüquqlarının pozulmasının qarşısının alınmasına və zorakılığa məruz qalmış uşaqların problemlərinin həllinə dair təşəbbüslər;
· Məişət zorakılığı və erkən evliliyə qarşı mübarizə tədbirləri.

8. Sosial məsələlər

Bu istiqamət üzrə aşağıdakı mövzularda layihələrin dəstəklənməsi nəzərdə tutulur:

· Ahıl, tənha və aztəminatlı ailələrin sosial vəziyyətinin yaxşılaşması və onların asudə vaxtlarının səmərəli təşkilinə dair təşəbbüslər;

· Əlilliyi və sağlamlıq imkanı məhdud olan şəxslərin yaradıcılıq qabiliyyətinin və təhsil imkanlarının artırılması;
· Şəhid ailələri, Qarabağ müharibəsi veteranlarının, qaçqın və məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşması.

9. İqtisadi məsələlər

Bu istiqamət üzrə aşağıdakı mövzularda layihələrin dəstəklənməsi nəzərdə tutulur:

· Kiçik biznesinin inkişafına yönələn təşəbbüslər;
· Fermerlərin maarifləndirilməsi və innovativ texnologiyaların tətbiqi sahəsində bilik və bacarıqlarının artırılması;
· Əhalinin məşğulluğuna və kənd turizminin inkişafına dair təşəbbüslər;
· Kiçik infrastruktur problemlərinin həllinə dair təşəbbüslər;
· Azərbaycan Respublikası Vergi Məcəlləsinin izahı və vergi mədəniyyətinin yüksəldilməsinə dair təşəbbüslər.

10. Təhsil, mədəniyyət və idman məsələləri

Bu istiqamət üzrə aşağıdakı mövzularda layihələrin dəstəklənməsi nəzərdə tutulur:

· Təhsilin keyfiyyətinin yaxşılaşmasına dair təşəbbüslər;
· Məktəblilərin sağlamlığının qorunmasına və fiziki tərbiyəsinə diqqətin artırılması, şagirdlərin pis vərdişlərdən çəkindirilməsi və sağlam böyümələri istiqamətində təşəbbüslər;
· Ümumi təhsil müəssisələrinin işinin səmərəliliyini artırmaq məqsədilə müxtəlif maraqlı tərəfləri cəlb etməklə məktəb-valideyn münasibətlərinin təkmilləşdirilməsinə dair təşəbbüslər;
· Yeniyetmə və gənclərin zərərli vərdişlərdən çəkindirilməsi, onların asudə vaxtının səmərəli təşkilində QHT-lərin məktəbdənkənar müəssisələrlə əməkdaşlığının gücləndirilməsi;
· Uşaq və yeniyetmələrdə yaradıcı düşüncə tərzinin düzgün formalaşdırılması və inkişaf etdirilməsi məqsədilə tədbirlərin təşkili;
· Məktəblilərin sağlam həyat tərzinə cəlb olunması, idmana marağın artırılması məqsədilə idman yarışlarının təşkili və digər tədbirlərin keçirilməsi;
· Rio-de-Janeyro şəhərində keçiriləcək XXXI Yay Olimpiya Oyunlarında Azərbaycan idmançılarına azarkeş dəstəyi verilməsinə dair təşəbbüslər.

Maliyyə yardımının məbləği

· 2014-cü ilin sonunadək qeydiyyatdan keçmiş QHT-lər üçün layihənin maksimum məbləği 15000 (on beş min) manat ola bilər.

· 2015-ci il yanvarın 1-dən sonra qeydiyyatdan keçmiş QHT-lər 3000 (üç min) manatdan artıq olmayan məbləğdə layihə təklifləri verə bilər.

Müsabiqə üzrə ərizələrin qəbulu 14 dekabr 2015-ci il tarixdən elektron qaydada həyata keçirilir. Ərizələrin qəbulu və qərar qəbul etmə prosesi 4 mərhələdə aparılır:

· 1-ci mərhələ – Layihə təklifinin qəbulu;

Bu mərhələ 14 dekabr 2015 – 15 yanvar 2016-cı il tarixədək müddəti əhatə edir. Bu mərhələdə elektron ərizə və layihə təklifi qəbul edilir.

· 2-ci mərhələ – Ərizə və layihə təkliflərinin ilkin seleksiyası;

Bu mərhələ 16-30 yanvar 2016-cı il tarixədək müddəti əhatə edir. Təqdim olunan ərizə, layihə və ona əlavə olunan sənədlər operator tərəfindən araşdırılır və ərizənin qeydə alınıb-alınmaması barədə QHT-yə elektron bildiriş göndərilir.

· 3-cü mərhələ – Qeydə alınmış layihə təkliflərinin ekspertizası;

Bu dövr 01-19 fevral 2016-cı il tarixədək müddəti əhatə edir. Bu mərhələdə qeydə alınmış layihə təklifinin hər biri azı 2 ekspert tərəfindən qiymətləndirilir.

· 4-cü mərhələ- Şurada müzakirə və qaliblərin elan edilməsi;

Müsabiqə qalibləri 2016-cı il martın 10-dan sonra elan olunacaq. Müsabiqənin qalibləri haqda məlumat Şuranın saytında yerləşdirilir və fərdi qaydada təşkilatlara çatdırılır. Müsabiqədə qalib gəlmiş təşkilatlarla müqavilə imzalanır.

Əlavə məlumatlar

Müsabiqə ilə əlaqədar məlumatlandırma sessiyası 18 dekabr 2015-ci ildə saat 15.00-da Şuranın Ofisində(Fikrət Əmirov 1, 2-ci mərtəbə) keçiriləcək.



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə