Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Diqqəti olun: Ərzaqların tarixi saxtalaşdırılır
Diqqəti olun: Ərzaqların tarixi saxtalaşdırılır
18 Dekabr 2015 / 16:02 / Baxış sayı: 1784
Font1 Font2 Font3 Font4

Vaxtı keçən məhsulların üzərindəki rəqəmlər müxtəlif yollarla dəyişdirilir. Son vaxtlar ərzaq mağazalarında və marketlərdə istifadə müddəti bitmiş məhsullarla bağlı neqativ halların artması bu sahədə vəziyyətin heç də ürəkaçan olmadığından xəbər verir. 

Vətəndaşların mütəmadi qarşılaşdığı belə hallar əsasən məhsulun üzərindəki istifadə müddətini göstərən rəqəmlərin həqiqəti əks etdirməməsi ilə bağlı olur. Belə ki, malını israf edib ziyana düşmək istəməyən bəzi sahibkarlar bunun yolunu yazılan rəqəmləri silib yeni tarixlə əvəzləməkdə və ya ümumiyyətlə son istifadə tarixini göstərməməkdə tapıb.

Aldadılan istehlakçıların müraciət etdiyi ünvanlardan biri olan Azad İstehlakçılar Birliyininsədri Eyyub Hüseynov əsasən süd-qatıq məhsulları istehsal edən sahibkarların bəzi fırıldaqlara yol verdiyini açıqladı. Onun sözlərinə görə, ağartı məhsullarının istehsal, yararlılıq və son istifadə müddətləri qapaqların üzərində yazılır ki, bunu da dəyişib yeniləmək çox asandır.

Eyyub İsmayılov – Azad İstehlakçılar Birliyinin sədri

“Bir çox hallarda məhsulun istehsal vaxtı ilə bağlı rəqəmlər sadəcə kağızla malın üzərinə yapışdırılır ki, bu da sahibkarın işini asanlaşdırmağa hesablanıb. Lazım olanda həmin yapışqan kağız yenilənib yenidən marketlərə qaytarılır. Bəzən də elə həmin kağızı qopardıqda altında köhnə tarixin saxlandığı hallarla da rastlaşmaq mümkündür. Bu baxımdan alıcılar özləri belə məhsullara diqqət yetirməlidir” deyə Eyyub Hüseynov vurğuladı.


Azad İstehlakçılar Birliyinin sədri çox ciddi pozuntulara rast gəlinən sahələrdən birinin də spirtli içkilər bazarı olduğunu söylədi. Onun dediyinə əsasən, hazırda satışda olan əksər spirtli içkilərin üzərində istifadə müddəti göstərilmir, şərabların 85 faizində son istifadə tarixi “müddətsiz” olaraq yazılır ki, bu da yalnış göstəricidir. Çünki belə məhsullar qaldıqca onların tərkibindəki metal birləşmələri ağırlaşdığından, insan orqanizmi üçün təhlükəli olur.

Ölkədə sadaladığımız hallarla bağlı nəzarəti İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Xidməti, eləcə dəStandartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi həyata keçirir.

İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev müvafiq qurumun ərzaq bazarında daim istehlak mallarına nəzarət işini apardığını qeyd etdi. “Nazirliyin bu işi görən Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Xidməti istehlakçıların aldadılması faktını təsdiqlədikdə qanunla müəyyən edilmiş cəza tədbirləri həyata keçirir. İnzibati Xətalar Məcəlləsinə əsasən istehlakçının aldadılmasına görə vəzifəli şəxslər 1500-2000, hüquqi şəxslərsə 4000-5000 manat cərimə edilir”.

Son istifadə tarixi göstərilməyən məhsul

Abbas Əliyev istehlakçıların belə vəziyyətlə qarşılaşdığı hallarda nazirliyin 195 çağrı mərkəzinə, eləcə də 498-15-04 telefon nömrəsinə müraciət etmək imkanı olduğunu da diqqətə çatdırdı.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən də məhsulun keyfiyyətinə və insanın sağlamlığına birbaşa təsirinə aid olduğundan istehsal, saxlama müddətləri ilə bağlı yazıların dəqiqliyi ilə bağlı vaxtaşırı yoxlamalar aparılır.

Komitənin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı suallarımızı cavablandıraraq bildirdi ki, hər məhsulun özünə uyğun qablaşdırması olduğundan, burda müəyyən edilmiş vahid forma tətbiq etmək qeyri-mümkündür. Onun sözlərinə görə, əsas məsələ həmin tarixi göstəricilərlə məhsulun sənədinin uyğunluğu yoxlanılmalıdır:

“Hazırda sahibkarların fəaliyyətinin yoxlanılması 2 il müddətinə dayandırıldığından, bizim qurum yalnız şikayət edilən hər hansı məhsulun satışdan götürülüb labaratoriyada yoxlanılmasını və məhsulun tərkibində nöqsan aşkarlandığı halda müəyyən tədbir həyata keçirir. İstehlakçılar rast gəldikləri neqativ vəziyyətlə bağlı bizim 963 saylı qaynar xəttimizə müraciət edə bilər”.


Fazil Talıblı – Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat katibi

İstehlakçıların hüquqlarını bilməsi əksər xarici ölkələrdə böyük önəm verilən məsələlərdəndir. Bir çox inkişaf etmiş ölkələrdə, eləcə də şimal qonşumuz Rusiyada hətta orta təhsil sistemində “İstehlakçı hüququ” dərsləri keçirilir. Satılan malların, istər məişət əşyaları, istər geyim, istərsə də qida məhsullarının üzərində olan standartlar, işarələr hələ məktəb illərindən şagirdlərə öyrədilir.

İlk dəfə istehlakçıların hüquqlarının müdafiəsi hərəkatı isə Amerikada yaradılb. ABŞ prezidenti Con Kennedi 15 mart 1962-ci ildə “İstehlakçıların hüquqlarının müdafiəsinə dair bəyanat qəbul edib.

Göründüyü kimi, əsas diqqət və məsuliyyət elə məhsulu alan və qəbul edən istehlakçının üzərinə düşür. Alıcılar xüsusən ərzaq məhsullarını alarkən səhlənkarlıq etməməli və onun yararlılıq- istifadə müddəti, saxlanma şəraiti ilə yaxından tanış olmalı, yeri gəldikdə satış şəbəkəsindən həmin məhsulun sənədini tələb etməlidir. Çünki son halda bütün baş verənlərdən həm maddi, həm mənəvi, həm də fiziki zərərçəkən məhz alıcı olur.



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə