Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

FHN əsgərinin anası prezidentə müraciət etdi
FHN əsgərinin anası prezidentə müraciət etdi
28 Dekabr 2015 / 16:51 / Baxış sayı: 230
Font1 Font2 Font3 Font4

Bu gün Bakı Hərbi Məhkəməsində Fövqəladə Hallar Nazirliyinin Biləcəridəki hərbi hissəsində dünyasını dəyişmiş əsgər Tapdıq Babaşovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Prosesə hakim Müslüm Əliyev sədrlik edib.

Məhkəmə prosesi başlamazdan öncə mərhumun anası Kifayət Süleymanova və digər qohumları əllərində Tapdıq Babaşovun şəkillərini qaldıraraq hökumətdən əsgər ölümlərinin qarşısını almağı, bu cinayətləri törədənlərin ağır cəzalandırılmasını tələb ediblər.

Oğlunun “dedovşina”nın qurbanı olduğunu bəyan edən Kifayət Süleymanova ictimaiyyətə üz tutub: “Mənim oğlum Azərbaycanda “dedovşina”ya qarşı döyüşərkən, əsgərlərin hüquqlarını müdafiə etməyə çalışarkən şəhid oldu. Şəhidlər ölmür, mənim oğlum ölməyib. Ölənlər o iyrənc çavuşlar, onların acgöz komandirləri, harınlamış generallarıdır. Bu gün biz Hərbi Prokurorluqda tapmadığımız ədaləti Hərbi Məhkəmədə axtarırıq. Oğlumun qatili düzgün tapılıb üzə çıxarılmalıdır. Mən buradan prezidentə müraciət edirəm. Cənab prezident, Azərbaycanda əsgər ölümü baş alıb gedir. Əsgər ölümünə son qoymaq lazımdır. Elə bu gün, bu dəqiqə yeni qanunlar imzalanmalıdır. Əsgərləri öldürən canilər vətən xainidir, belə də adlandırılmalıdır. O adamlara ömürlük həbs cəzası verilməlidir, dar ağacından asılmalıdır. O zaman anaların ürəyi bir az sakitləşər”.

Təqsirləndirilən şəxs qismində məhkəmə qarşısına üç nəfər – Cəmil Ağayev, Elməddin Babayev və Ruslan Cavadov çıxarılıb. Onlar həmin hərbi hissənin əsgərləri olub.

Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma), 331-ci (hərbi qulluqçunu təhqir etmə, döymə və ya işgəncə vermə) və 332-ci (tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma) maddələrilə ittiham irəli sürülüb.

Cinayət işinin materiallarına görə, onlar digər əsgərləri döyüblər, təhqir ediblər, bu hərəkətləri ilə Tapdıq Babaşovu intihar həddinə çatdırıblar.

Qeyd edək ki, Biləcəridəki sözügedən hərbi hissənin 50 əsgəri də zərərçəkmiş qismində tanınıb. İş materiallarına əsasən, təqsirləndirilən şəxslər hərbi hissədə onları döyüb, təhqir edib.

Təqsirləndirilən Elməddin Babayevin vəkili Rəhim Qurbanov müdafiə prosesinə yeni qoşulduğundan iş materialları ilə tanış olmaq üçün məhkəmədən vaxt istəyib. Bu səbəbdən də məhkəmə yanvarın 11-nə qədər təxirə salınıb.

Qeyd edək ki, fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov da bu fakta münasibət bildirmiş, sərt xəbərdarlıq etmişdi.

FHN-in 10 illik yubileyinə həsr olunmuş genişləndirilmiş kollegiya iclasında çıxış edən nazir söyləmişdi ki, Mülki Müdafiə Qoşunları ilə bağlı tələbləri daha da sərtləşib: “Əsgər ölümünə görə çox böyük həyəcan keçirdik. Bu gənclər bizim ordu birləşmələrində vahid komandanlıq altında yaşayıb, xidmət edirlər. Komandanlıq heç bir ayrı-seçkilik etməməlidir, orda hamı bir ailənin üzvüdür. Biz əsgər ölümünə görə çox böyük həyəcan keçirdik. Orada həbs edilənlər oldu, həmin hadisə ilə bağlı daha güclü nəzarət təmin etməyənlər işdən azad edildi.

Bir daha bildirirəm ki, hər xırda nöqsana görə, manqaya, bölüyə, hissəyə rəhbərlik edən kim olursa-olsun, hətta general da olsa, cəzalandırılacaq”.

Xatırladaq ki, Tapdıq Babaşov bu il mayın 22-də Biləcəridəki H saylı hərbi hissədə naməlum şəraitdə dünyasını dəyişib. Cinayət işinin materiallarına görə, əsgər özünü hərbi hissənin üçüncü mərtəbəsindən ataraq intihar edib. Atasını vaxtsız itirən T.Babaşov ailənin yeganə oğlan övladı idi, BDU-nun tarix fakültəsini qırmızı diplomla bitirmişdi. Ölümündən bir ay öncə, aprelin 22-də Qobustan rayon hərbi komissarlığı tərəfindən xidmətə çağırılıb.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə