Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Azərbaycan kəndi Yeni ilə necə hazırlaşır?
Azərbaycan kəndi Yeni ilə necə hazırlaşır?
30 Dekabr 2015 / 11:00 / Baxış sayı: 174
Font1 Font2 Font3 Font4

BBC-nin Azərbaycan xidmətinin müxbiri İsmayıllı sakinlərinin Yeni il qabağı vəziyəti ilə tanış olub. O, Azərbaycan kəndinin Yeni ili necə qarşılamasından yazıb. Onun ata yurdu olan İsmayıllıdan başlayaraq hazırladığı, Bakıda bitirdiyi reportajı təqdim edirik:

**
Mən Azərbaycanın əyalətində, rayon mərkəzinə yaxın bir kənddə doğulub böyümüşəm və Yeni il ən sevimli bayramlarımdan biri, bəlkə də ən sevimlisi idi. 

Hər il dekabr ayında evdə qurulacaq böyük yolkanı səbirsizliklə gözləyirdim, xüsusən də yolkanın bəzədilməsi və ölüçləri böyük olduğundan hərdən çəkindiyim Şaxta baba müqəvvasının evin çardağından endirilməsi çox maraqlı idi mənim üçün.

Valideynlərim məni ənənəvi olaraq rayonun mərkəzində təşkil edilən bayram şənliklərinə də aparardılar, hətta kənddəki uşaq bağçasında da bayramı təmtəraqla qeyd edərdik.

Həmin vaxtlar Azərbaycanda sovet hakimiyyəti mövcud idi. İndi isə heç şübhəsiz ki, çox şey dəyişib.

Azərbaycanın böyük şəhərlərində Yeni il adətən daha təmtəraqla qarşılanır. Bəs Azərbaycanın ucqarlarında, kəndlərdə insanlar bayramı hansı əhvalda keçirir və necə hazırlaşırlar? Mövzu ilə bağlı Azərbaycanın bir neçə kəndində sakinlərlə söhbət etməyə çalışdım.

“Xristian bayramı”

Nardaranla Maştağa kəndlərinin arasında yaşayan Orxan Sultanov deyir ki, Maştağada əksəriyyət Yeni ilin xristianların bayramı olduğunu düşündüyü üçün bayramı elə də qeyd etmir.

“İnsanlar fikirləşir ki, Yeni il Milad kimi bir bayramdır. Nardaranda isə bu bayramı ümumiyyətlə qeyd etmirlər” – deyə Orxan bildirir.

Onun sözlərinə görə, kənddə insanların maddi baxımdan imkanlarının az olması da bayramların qeyd olunmasına təsir edir. O deyir ki, kənd insanları “çox kasıb olur”.

Orxanın sözlərinə görə, kənddə bir az imkanı olan insanlar digər bayramları, misal üçün, Novruz bayramını həvəslə qeyd edirlər: “Novruzun müsəlmanların bayramı olduğunu düşündükləri üçün maddi imkanı çatanlar onu qeyd edir”.

O deyir ki, bəzən şəhərdən gəlib kənddəki bağ evində yaşayan insanlar bayramlarda atəşfəşanlıq da edirlər. Kənddəki böyük mağazalarda isə bayramqabağı müxtəlif bəzək əşyaları və yolka ağaclarına rast gəlmək mümkündür.

“Plovsuz bayram olmaz”

Ziyafət Səlimova Masallı rayonunun Mollaoba kəndində yaşayır.

O deyir ki, kənd sakinləri bayramı həvəslə qeyd edir.

“İndi Yeni il bayramları daha yaxşı keçirilir, sərbəstlik və bolluqdur. Əvvəllər çox çətinlik çəkirdik, indi dolanışıq da yaxşıdır” – bunu bayramların qeyd olunmasını sovet hakimiyyəti dövrü ilə müqayisə edən Ziyafət deyir.

Ziyafətin sözlərinə görə, o işləmir və hökumətin ayırdığı təqaüdlə dolanır.

O deyir ki, Yeni il münasibətilə rayon mərkəzində müxtəlif bayram tədbirləri keçirilsə də kənddə insanlar bayramı adətən öz evlərində – “televizora baxmaqla və bayramlaşmaqla” qeyd edir.

“Evdə artıq yolkamızı quraşdırmışıq. Yeni İl gecəsi hindtoyuğundan kabab edəcəyik. Tort və plov bişiririk. Biz plovsuz bayram keçirmirik” – Ziyafət Səlimova növbəti ilə necə hazırlaşdıqlarını şərh edir.

O, hazırda bayramı yoldaşı ilə birgə keçirir. Övladları isə artıq öz həyatlarını qurublar. Dediyinə görə, bəzən bayramlarda nəvələri onu ziyarət edir.

Yeni il təmtərağı

Adıgözəl Abdullayev İsmayıllının Mollaisaqlı kəndindəndir və Göytəpə kəndində məktəb direktorudur.

Onun sözlərinə görə, sovet hakimiyyəti illərində Yeni il daha təmtəraqla qeyd edilirdi.

“Yeni il sovet vaxtı Novruz bayramından da təmtəraqlı olardı. Mən orta məktəbi Mollaisaqlı kəndində oxumuşam. O vaxtı Yeni il ərəfəsində məktəblərdə viktorinalar keçirilir, qaliblərə hədiyyələr verilirdi. İndi isə Yeni ildə əvvəlki təmtəraq yoxdur” – Adıgözəl müəllim deyir.

“İndi isə bizim öz milli bayramımız var, Novruz bayramı” – o əlavə edir.

Lakin buna baxmayaraq Adıgözəl müəllimin dediyinə görə, kənddə hələ də Yeni il ərəfəsində əksər ailələr evlərdə yolka quraşdırır və onu bayram kimi qeyd edirlər.

Məktəb direktoru deyir ki, indi məktəblərdə Yeni ilin gəlişi 31 dekabr Dünya Azərbaycanlıların Hərməylik Günü ilə eyni vaxtda qeyd olunur və ənənəvi bayram tədbirləri keçirilir.

Manat, bazarlar və bayram

Məktəbdə Yeni il şənliklərinin keçirildiyini Tovuz rayonunun Bozarqanlı kəndininin məktəbində idman müəllimi işləyən Fikrət Məmmədov da qeyd edir.

“Əvvəl bizə elə gəlirdi ki, Yeni il bizim ən əziz bayramımızdır. Yəni diqqəti daha çox Yeni il bayramına yönəldirdik. Son zamanlar isə milli bayramımız olan Novruz bayramı onu üstələyib. Novruzun ab-havası tamam fərqlidir” – Fikrət müəllim deyir.

Ancaq onun sözlərinə görə, demək olar ki, hər bir evdə Yeni ilin gəlişi münasibətilə yolka quraşdırılır və insanlar onu qeyd edirlər: “Şəhərlərdə daha təmtəraqlı keçirilir, mərkəzdə yolkalar quraşdırılır, Şaxta babanı görmək olar. Ucqar kəndlərdə isə bayram daha zəif qeyd olunur”.

O deyir ki, əvvəlkilərə nisbətən bu Yeni il daha da zəif qeyd olunur, çünki manatın dəyərdən düşməsi və bazarlarda qiymətlərin qalxması insanların maddi durumuna və əhvalına öz təsirini göstərib: “Camaat bu bayramı keçirmək istəyir, lakin bu, o demək deyil ki, insanların əhval-ruhiyyəsi yaxşıdır. İqtisadi çətinlik mütləq öz təsirini göstərir”.



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə