Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Adil Vəliyevin sağ əli kimi tanınan Fərid Məmmədəliyev kimdir?
Adil Vəliyevin sağ əli kimi tanınan Fərid Məmmədəliyev kimdir?
08 Yanvar 2016 / 17:46 / Baxış sayı: 396
Font1 Font2 Font3 Font4

Sabunçu RİH-də baş məsləhətçi işləyən bu gənc bütün tikinti işlərini nəzarətdə saxlayır Onun icazəsi olmadan rayonda heç kim daş üstə daş qoya bilməz Sabunçu Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Adil Vəliyev son zamanlar ən çox tənqid olunan məmurlardan biridir. Buna səbəb isə Sabunçu rayonunda bitib-tükənməyən problemlər, məmur özbaşınalığı, vətəndaşların incidilməsi və sair hallardır.

Maraqlıdır ki, icra başçısı haqqında media səhifələrində dərc olunan ittihamlara heç bir reaksiya vermir, lap dəqiq desək, «dördüncü hakimiyyət» hesab edilən mətbuatın yazdığı tənqidi məqalələri əhəmiyyətsiz sayır. Halbuki, bu vaxta qədər icra hakiminin barəsində mətbuatda kifayət qədər ciddi faktlar dərc olunub.

gundelik-baku.com saytına Sabunçu Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi, Adil Vəliyevin ən yaxın kadrlarından biri hesab edilən Fərid Məmmədəliyevlə bağlı maraqlı məlumatlar daxil olub. Həmin məlumatlarda bildirilir ki, icra hakimiyyətində xırda vəzifə tutmasına baxmayaraq, Fərid Məmmədəliyev icra başçısının müavini statusundadır: «Rayon rəhbərinin tikinti məsələləri ilə bağlı bütün işlərini məhz bu gənc baş məsləhətçi həyata keçirir. Sabunçu rayonunun həm mərkəzində, həm də ətraf qəsəbələrində ticarət obyekti, fərdi yaşayış sahəsi tikmək istəyən vətəndaşlar ilk növbədə Fərid müəllimi axtarıb tapmalıdır. Onun razılığı olmadan rayon ərazisində heç kəs daşı daş üstə qoya bilməz. Başçı bu gənc kadrına çox geniş səlahiyyətlər verib. Hətta vəziyyət o həddə çatıb ki, baş məsləhətçi vətəndaşlarla kobud formada danışmaqdan da çəkinmir. Maddi vəziyyəti aşağı olan bəzi vətəndaşlar ev tikmək üçün ondan icazə istəsələr də, gənc məmur onlara heç bir güzəştə getmir. Deyir ki, gedin filan-filan «məsələləri» həll edin, sonra tikintiyə başlayın. Onun maraqlarını təmin etməyən vətəndaş nə ev tikə bilər, nə də ticarət obyekti.

Gənc məmur hər yerdə deyir ki, arxasında güclü adamlar dayanıb və bu səbəbdən heç vaxt kürəyi yerə gəlməz». Xatırladaq ki, bir müddət əvvəl Fərid Məmmədəliyevin adı başqa bir xoşagəlməz hadisədə hallandırılıb. Belə ki, Sabunçu sakinlərindən biri onun barəsində mətbuata şok faktlar açıqlayıb: «Mənzil şəraitimi yaxşılaşdırmaq məqsədilə 2012-ci ildə Zabrat qəsəbəsində Dövlət Əmlak Komitəsinin balansında olan ərazidən bankdan pul götürərək 0,05 ha torpaq sahəsi aldım və həmin torpağın şəhadətnaməsini də öz adıma çıxartdım. Həmin torpaqda ev tikməyə maddi imkanım olmadığına görə sahəmizə 1200 ədəd mişar daşı tökdüm ki, nə vaxt imkanım olsa hasara alaram. Üstündən bir neçə ay keçdikdən sonra bildim ki, mişar daşlarını oğurlayıblar.

Məsələ ilə bağlı Sabunçu Rayon Polis İdarəsinə rəsmi müraciət etdim. Uzun axtarışdan sonra heç bir nəticə əldə olunmadı və cinayət işini bağlı hadisə kimi təhvil verdilər. Məsələ bununla bitmədi. Həmin torpaq sahəsini alarkən layihədə də göstərilmişdir ki, bu torpaq sahəsinin arxa və ön tərəfindən 10.000 voltluq elektrik naqilləri keçdiyindən (ön tərəfdən 17 metr, arxa tərəfdən isə 35 metr məsafədə) heç bir tikinti işləri aparmaq olmaz. Mənə aid torpaq sahəsinə gələn maşın yolu isə həmin elektrik xətləri istiqamətinə, köhnədən salınmış maşın yoluna çıxırdı. Torpaq sahəmi hasara almaq üçün yenidən mişar daşı gətirtdim və 12 cərgə hasar çəkdim. Bir aydan sonra gəlib gördüm ki, çəkdiyim hasarı Aygün və Samir adlı şəxs söküb və daşlardan qanunsuz zəbt etdikləri əraziyə hasar çəkiblər. Onlar bildirdilər ki, tikinti üçün qadağan olunmuş və həyətimə gələn maşın yolunu Sabunçu RİH-nin Fərid Məmmədəliyev adlı işçisindən 9000 $-a alıblar.

Sonradan öyrəndim ki, Fərid adlı şəxs vəzifəsindən sui-istifadə edərək, tikinti işləri qadağan olunan (10.000 voltluq elektrik xətlərinin altında) torpaq sahələrinin sotunu 2000-5000 $-a satıb. Həmin ərəfədə elektrik dirəkləri dəyişdirildiyindən torpaq alveri ilə məşğul olan “dəllallar” vətəndaşları inandırıblar ki, yüksək gərginliklə elektrik xətləri ümumiyyətlə, götürüləcək. Mən həyətyanı sahəmi hasara almaq istədim. Ancaq Aygün məni hər vasitə ilə şantaj edəcəyini bildirərək, işimi davam etdirməyimə maneçilik törətməyə çalışırdı. Polisə etdiyim müraciətdən sonra Sabunçu Rayon İcra Hakimiyyətində vəzifə sahibi olan Fərid Məmmədəliyevin nəyinsə müqabilində kimlərəsə qanunsuz ev tikməsi haqqında verdiyi razılıq öz həllini tapmadığından həmin şəxslər başladılar mənimlə prinsip aparmağa.

Belə ki, 6 iyun 2014-cü ildə mənə məxsus olan sənədli torpaq sahəsinə hasar çəkdiyim zaman Fərid həmin əraziyə gəldi və heç bir sənəd soruşmadan tikdiyim hasarı təpiklə uçurmağa başladı. Bunun səbəbini soruşduqda o, belə cavab verdi: «Burada ağa mənəm, mənim icazəm olmadan heç kəs tikinti işləri apara bilməz». Fərid Məmmədəliyevin özbaşınalıqları bununla da bitmir. Gələn saylarımızda 3 minlik söhbətin təfərrüatları və Adil Vəliyevin kimin təsiri ilə bu gənc məmura geniş səlahiyyətlər verməsi barədə tükürpədən faktları açıqlayacağıq. Bizi izləməyə davam edin. Yazı ilə bağlı qarşı tərəfin də münasibətini dərc etməyə hazırıq.



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə