Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Camaatın vəziyyəti yaxşı deyil”
“Camaatın vəziyyəti yaxşı deyil”
12 Yanvar 2016 / 13:50 / Baxış sayı: 496
Font1 Font2 Font3 Font4

İqtisadçı millət vəkili Vahid Əhmədov gündəmin bir sıra aktual mövzularıyla bağlı moderator.az-ın suallarını cavablandırıb. Həmin müsahibəni təqdim edirik:

-Prezidentin sonuncu müşavirəsi cəmiyyətin gözlədiyi çoxsaylı suallara cavab verə bildimi?

-Təbii ki, ilkin olaraq televiziyalar vasitəsilə verilən fraqmentlərə baxmaq imkanı oldu, yəni prezidentin çıxışını sonadək diqqətlə dinləyə bilmədm, amma ümumilikdə götürəndə məndə olan məlumata görə bizi narahat edən məsələlərdən bir çoxuna həmin müşavirədə aydınlıq gətirilib. Prezident çox ciddi tapşırıqlar verib və cəmiyyəti narahat edən məsələlərin maksimum səviyyədə həllini tapması üçün imkanların səfərbər edilməsinə göstəriş verilib. Əlbəttə, bu müşavirə 2015-ci ilin yekunlarına həsr olunmuş bir tədbir idi və yola saldığımız ildə görülən işlər müzakirə olundu. Haqlı olaraq qeyd edildi ki, dünyada qlobal maliyyə və siyasi-humanitar böhranlar yaşansa da, obrazlı desək yaşadığımız region və bütövlükdə dünya nehrə kimi çalxalansa da Azərbaycan bütün bu təlatümlərdən salamat çıxmağı bacardı. Təbii ki, bir ildə iki devalvasiyanın baş verməsi çox üzücü oldu və əhalinin həyat səviyyəsinin birdən – birə kəskin şəkildə aşağı düşməsi yola saldığımız ilin neqativləri oldu. Amma dediyim kimi dünyanın belə bir qarışıq vaxtında Azərbaycan iqtisadiyyatında müsbət tendensiyaların olması, ümumdaxili məhsulun əvvəlki illərlə müqayisədə az olsa da yenə də 1 faizlik artım gələcəyə nikbin baxmaq üçün əsaslar verir. Bildirildi ki, sənayedə 8 faizilik inkişaf olub. Bütün bunlar o deməkdir ki, problemlərə rəğmən iqtisadiyyatımızda geriləmə olmayıb və az da olsa inkişafla ili başa vura bilmişik.

Prezident qeyri-neft sektorunun inkişafını çox ciddi şəkildə hökumət qarşısında qoydu və mən də belə hesab edirəm ki, hökumət çox səmərəli şəkildə işləməlidir ki, qeyri-neft sektoru indiki kimi sürünə-sürünə deyil, tam sürətlə inkişaf etsin. Hökumət elə bir çevik mexanizmlər işləyib həyata keçirməlidir ki, 2016-cı ildə qeyri-neft sektoru nəzərəçarpacaq şəkildə inkişaf edə bilsin və bu inkişaf özünü büdcənin formalaşmasında aydın şəkildə göstərə bilsin. Etiraf etmək lazımdır ki, 2016-cı il Azərbaycan iqtisadiyyatı, hökuməti və cəmiyyəti üçün çox önəmli bir il olacaq. Prezident İlham Əliyevin də ötən müşavirələrin birində söylədiyi kimi bu böhranlı dönəm məmurlar və hökumətimiz üçün stres-test olacaq. Ona görə də biz bir millət və dövlət olaraq 2016-cı ildən də üzüağ çıxmaq üçün ciddi şəkildə fəaliyyət göstərməliyik ki, müqəddəs dəyərimiz olan müstəqiliiymizi qoruyub saxlamaq imkanlarımız daha da artsın, bizi istəməyən qlobal güclər də görsün ki, biz hər çətin sınaqlara tab gətirə bilən dövlət və xalqıq. Əlbəttə, etiraf edilməlidir ki, xüsusilə 21 dekabr devalvasiyası ölkənin ictimai-siyasi, iqtisadi həyatına çox ciddi təsirini göstərdi. Bu devalvasiya insanların əhval-ruhiyyəsinə, alıcılıq qabiliyyətinə də təsirisiz ötüşmədi. Amma mən də cənab prezidentlə həmfikirəm ki, biz buna getməyə məcbur olsaq da çalışmaq lazımdır ki, bu situasiyadan kəmfürsətlər bəhrələnməsinlər, süni qiymət artımı ilə cəmiyyətdə yersiz ajiotaj yaradanlar ciddi şəkildə cəzalandırılsınlar ki, spekulyativ addımlarda bulunanlar olmasın. Təbii ki, qiymət artımının qaçılmaz olduğunu nəinki iqtisadçılar, hər kəs başa düşür ki, labüddür. Əgər istehlakçıya təklif edilən hər hansı məhsulun tərkibində xarici komponentlər iştirak edirsə, o zaman bəllidir ki, xarticdən dollarla alınan məhsul qiymətdə özünü göstərəcək. Amma o məhsul ki, Azərbaycanda istehsal edilir, bu zaman süni qiymət artımına gedilməsi doğru deyil. Fikir verdinizsə cənab prezident ilk dəfə olaraq prokurorluq orqanlarına tapşırıq verdi ki, süni qiymət artımlarına gedənlərlə bağlı ciddi ölçü götürülsün.

-Belə çıxır ki, İqtisadiyyat və Sənaye Nazirliyinin qiymət artımının qarşısını almalı olan müvafiq departamentinin işi yarıtmaz olduğuna görə prezident bu işi prokurorluq orqanlarına həvalə edib…

-Gəlin razılaşaq ki, 21 fevral devalvasiyasından sonra dediyiniz departament bu istiqamətdə xeyli səmərəli fəaliyyət göstərə bildi və 34 faizlik devalvasiyaya baxmayaraq inzibati yolla da olsa bazarda qiymətlərin artmasına yol vermədi. Doğrudur, qiymətlərdə sonrakı aylarda artım baş verdi, amma bu artım elə şəkildə oldu ki, istehlakçı bunu hiss etmədi. Biz bu dəfə eyni şeyi görə bilmədik.

Amma cavabında da nazirlik iddia edir ki, o vaxtkı inzibati tədbirlərdən sahibkarlar fədakarlıq edərək ziyana düşdülər, ona görə də bu dəfə oxşar yanaşmalar tətbiq edilmədi. Onları da qınamaq olmaz. Əslində bazardakı qiymətləri inzibati yolla tənzimləmək cəhdləri hər zaman fəsadlarısız ötüşmür, beşinin ürəyincə olsa da birinin narazılığına səbəb olur.

Yəni qiyməti bazarın özü tənzimləməlidir ki, kimsə bundan narazı qalmasın. Amma eyni zamanda gərək biz ilk növbədə aztəminatlı ailələrin durumunu, əmək haqlarının azlığını, təqaüdlərin bu bahalaşma fonunda vətəndaşın gündəlik ehtiyaclarını ödəməyəcəyini nəzərə alaraq məsələyə yanaşma sərgiləyək.

-Büdcədə neftin qiyməti 50 dollardan götürülüb və artıq qiymət az qala iki dəfə aşağı düşüb. Büdcəyə yenidən baxılması zərurəti yaranıb…

-Büdcəyə adətən iki halda yenidən baxılır, dövlətin ehtiyatından müəyyən qədər vəsait ayrılaraq əmək haqlarını, pensiya və müavinətləri artırmaq zərurəti yarananda. Yaxud neftin qiymətinin aşağı düşməsindən yaranan kəsiri ödəmək üçün Neft Fondundan əlavə vəsaitlərin cəlbi gündəmə gələndə büdcəyə yenidən baxılması aktuallaşır.

Mən də hesab edirəm ki, büdcəyə bir daha baxılmalı, analiz aparılmalıdır ki, büdcənin gəlir və xərc hissəsinə yenidən nəzər salınsın, müəyyən indeksasiya aparmaqla əhalinin maaş və pensiyalarının artırılması üçün imkanlar aransın. Mən belə hesab edirəm ki, hardasa may-iyun aylarında büdcəyə yenidən baxılacaq.

-“Naxçıvanbank”ın məlum qərarı Milli Məclisdə müzakirə olunanda deyildi ki, orada cəmisi 370 müştərinin məsələsindən söhbət getdiyinə görə onu həll etmək çətinlik törətmir, amma Azərbaycan üzrə bunu etmək mümkün deyil. Zor deyil ki, bu səxavət bir milyard dörd yüz milyon problemli kreditlərə şamil edilsin, olmazmı ki, təxminən 500 milyon manatından keçməklə hökumət yüz minlərlə borc bataqlığında qalan vətəndaşına sahib çıxsın?

-Devalvasiyadan sonra bizim hökumətlə, Mərkəzi Bankla bir sıra danışıqlarımız olub. Təkliflərimizin də müəyyən hissəsi razılaşdırılıb. Siz özünüz də Milli Məclisdə idiniz və bu barədə orada səsləndirilən fikirləri də eşitdiniz. Təkrarçılıq çıxmasın, biz demişik ki, 10 min dollara qədər olan kreditlər köhnə məzənnə ilə ödənilsin. Bunun hökumətə ümumilikdə neçəyə başa gələcəyini açıqlamaq istəmirəm, amma Azərbaycan hökumətinin də, Mərkəzi Bankın da imkanı var ki, bu nisbətlə razılaşsın. Amma deyilir ki, hökumətdə baxılır bu məsələyə. Məncə bu qədər uzatmaq da lazım deyil bu məsələni. Camaatın vəziyyəti yaxşı deyil, ona görə də yubanmadan bu məsələni həll etmək lazımdır.

-Prezident müşavirədə bu barədə bir kəlmə də demədi. Əgər hökumətdə yekdil qərar olsaydı deyərdi…

-Prezident hər məsələ ilə bağlı açıqlama verməli deyil ki. Prezident ümumi strategiyanı deyir, hökumətsə detalları həyata keçirir. İkinci bir məsələ də qoymuşuq ki, bankların durumunu nəzərə alaraq sığorta olunan depozitlərdəki 30 min manatlıq hədd götürülsün və vətəndaş da görsün ki, banklara etibar etmək olar. Hökumət bankların itmiş etibarını geri qaytarmaq üçün o həddi götürməlidir. Bu gün banklarda cəmisi 5,7 milyard manata yaxın pul var. Amma vətəndaşların əlində 10 milyardlarla pul var ki, onu banka qoymaq istəyər, amma indiki şərtlər altında bunu ağlının ucundan da keçirmir və elə düz də edir.

Hökumət bu istiqamətdə ciddi addımlar atmalıdır. Vətəndaş tam əmin olmalıdır ki, yerlə göy birləşsə və hansısa forsmajor hal baş versə belə onun əmanəti batmayacaq. Əgər belə olsa insanlar bankların qarşısında növbəyə durarlar pul qoymağa. Nəticədə bankların durumu yaxşılaşar və indiki kimi rüsvayçı faizlərlə deyil, 10-15 faizlə insanlara kredirlər vermək, iqtisadiyyatı qısa zamanda böhrandan çıxarmaq olar. Bundan əlavə biz 43 bankın çox olduğunu dəfələrlə demişik və prezident də müşavirədə bu barədə öz fikrini bildirdi ki, banklar birləşməyə getməlidir. Azərbaycan kimi ölkələrə uzağı 15-20 bank yetər.

Ona görə də bu banklar tezliklə birləşməlidirlər. Bundan başqa biz təkliflər vermişdik ki, idxal-ixrac əməliyyatlarının strukturuna baxmaq lazımdır. Yəni elə məhsul var ki, onu Azərbaycana gətirməyə ehtiyac yoxdur. Əgər həmin məhsul Azərbaycanda istehsal olunursa və əlavə olaraq hansısa məhsulu ölkədə istehsal etmək mümkündürsə yubanmadan onun istehsalına başlanılmalı və xaricdən bu məhsulun gətirilməsinə məhdudlaşdırıcı qərarlar tətbiq edilməlidir. Xüsusilə kənd təsərrüfatı məhsullarını külli miqdarda xarici valyuta verməklə xaricdən alıb gətirmək dözülməzdir. Yəni çevik hökuməıt olsa təxirəsalınmaz qərarlarla vəziyyətdən az itkilərlə çıxmaq olar.

-Amma görünən odur ki, çevik hökumətdən danışmağa dəyməz…

-Çeviklik olsaydı devalvasiyadan keçən 20 gün ərzində real hansısa qərarlarla camaatın qarşısına çıxardılar. Hələ də gözləyirik ki, nə zaman çıxıb qərarlarını elan edəcəklər.

-Gömrükdəki son durumla bağlı ziddiyyətli xəbərlər alırıq. Deyirlər ki, tamamilə qanuni işləmək istəyirlər, amma bunun işlək mexanizmini tapa bilmədiklərindən şəffaflıq bir çox hallarda eyiblərin üzə çıxıb faş olmasına səbəb olur. Yəni loru dildə desək, dünyanın işlədiyi kimi işləməyi yadırğayıblar…

-Gözləyək görək bu tədbirlərin hansı real nəticələri olur. Amma istənilən halda cənab prezidentin qərarı ilə broker sistemi faktiki olaraq aradan qaldırılmaqla sahibkarlara ilkin real  dəstək verilməyə başlanılıb. Təbii ki, birdən-birə şəffaflığı təmin etmək çətin olacaq və bunun üçün müəyyən vaxt keçməlidir ki, hamı yeni situasiyaya uyğunlaşsın. Amma istənilən halda məsələyə səmimi yanaşma olsa tezliklə vəziyyətdə stabilləşmə olacaq. Yəni idxal-ixrac əməliyyatlarında halallıq olsa və sahibkarlar, xırda ticarətçilər nahaq yerə incidilməsə millətimiz çox bacarıqlıdır, onlar öz güzəranlarını təmin etmək üçün başlarına çarə qılacaqlar. O zaman insanlar vaxtlı-vaxtında vergisini də verəcək, rüsumunu da. Bir məqamı da vurğulamaq lazımdır ki, prezidentin lisenziya və icazələrin ASAN Xidmətə verilməsiylə əlaqədar verdiyi son sərəncam da çox böyük dəyişikliyə səbəb olacaq. Cəmisi 30 lisenziya saxlanılıb, qalan hamısı ASAN Xidmətə verilib. Amma insanlar yüzlərlə lisenziya üçün nazirliklərin qarşısında növbəyə dururdular, vasitəçi axtarırdılar, ona-buna minnətçi düşürdülər, bunlara son qoyulacaq. Yəqin ki, biz parlamentin yaz sessiyasında da bununla bağlı, yəni lisenziya və icazələrin ASAN Xidmət mərkəzlərinə verilməsiylə bağlı qanun qəbul edəcəyik.

-Hamımız gördük ki, defolt təhlükəsində olan Yunanıstan xarici borclanma ilə vəziyyətdən çıxa bildi. Yəni bir ildə milli valyutamız iki dəfə dəyərdən düşsə də Yunanıstan kimi bədbəxt durumda deyilik. Elə isə niyə bu hökumət xarici borclanmadan bu qədər qorxur?

-Bilirsiniz, dövlətin özünün hələ kifayət qədər ehtiyatı var, Neft Fondunda da var, Mərkəzi Bankda da. Niyə bu ehtiyatlardan istifadə etmirlər, bax bu sual doğurur. Elə sizin özünüzlə müsashibələrimdə dəfələrlə buna toxunmuşuq. İkinci devalvasiyadan sonra baş verənlər bir daha tələb edir ki, hökumət cəsarətli addımlar atsın. Yəni elə bir addım atılmalıdır ki, yaranmış durumu xeyli normallaşdırmaq mümkün olsun. Axı bizim əlimizdən həqiqətləri deməkdən və təkliflər səsləndirməkdən başqa hökumətə hansı təsir rıçaqlarımız var?

Axı nə qədər bunu qabartmaq olar? Cənab Prezident hələ 2008-ci ildə qlobal maliyyə böhranı başlayanda göstəriş verdi ki, xaricdəki ehtiyatlarımızdan 2-3 milyard gətirib aşağı faizlə kommersiya banklarına verin ki, onlar da vətəndaşlara, sahibkarlara aşağı faizlə kreditlər versin. O vaxt prezidentin bu tapşırığına əməl edilsəydi, sizi əmin edirəm ki, indiki situasiya yaranmazdı. Amma indi də gec deyil. Eyni zamanda xarici borclanmadan da qorxmaq lazım deyil və mən də hər zaman bunun tərəfdarı olmuşam ki, əlverşli şərtlərlə təklif edilən xarici borcdan imtina edilməmliidir. Təbii ki, xarici borclanmanın də müəyyən həddi var ki, onu keçmək dövlətin təhlükəsizliyi üçün müəyyən risklər yarada bilər. Amma Azərbaycanın mövcud vəziyyəti tam imkan verirdi ki, vaxtında xeyli xarici borclanmaya gedərək qeyri-neft sektorunu indikindən bir neçə dəfə inkişaf etdirmək olsun, ixrac potensiallı məhsullar istehsal edək, indiki kimi ixracda 98 faiz neft-qazın payını yarıbayarı azaldaq. Amma xarici borclanmanı qoysaq qırağa, öz imkanlarımız kifayət qədərdir. Tutaq ki, bayaq mən səsləndirdiyim təkliflərə, yəni 10 min dollaradək olan kreditlərin qaytarılmasında 300-400 milyon ayıraraq vətəndaşları bu işgəncədən azad etmək olmazmı?

-Əmək haqlarının və pensiyaların artırılmasıyla bağlı prezidentin çıxışını hökumət bir muştuluq kimi millətə sırımaq istəyir. Axı əslində 48 faizlik devalvasiya tələb edir ki, buna adekvat olaraq əhalinin dəyərsizləşən əmək haqqı və pensiyasına müvafiq əlavələr edilsin. Cəhənnəm, heç olmasa onun yarısı qədər – 24 faiz əlavə etmək hökumətin borcudur, daha indiki kimi minnəti yox…

-Cənab prezident müşavirədə hökumətə tapşırıq verdi ki, əmək haqlarının, pensiya və sosial müavinətlərin artırtılmasıyla bağlı öz təkliflərini versin. Sizin dediyinizi də mən tamamilə haqlı sayıram. Əgər doğrudan da vətəndaşın aldığı maaş hardasa 48 faiz dəyərdən düşübsə, bazarda da məhsulların qiymətində nəzərəçarpacaq artımlar müşahidə olunursa, təbii ki, hökumət vətəndaşın əmək haqlarını artırmağa borcludur. Siz demişkən, 48 faiz olmasın, 24 faiz olsun, amma dəyişiklik olsun ki, vətəndaşa ikiqat güc düşməsin. Hesab edirəm ki, bu məsələ də həllini tapacaq və bizim tərəfimizdən də hökumətə bu istiqamətdə müəyyən təkliflər verilib.

-Vətəndaşın bir hikkəsi də ondan ibarətdir ki, hökumət 3 dəfə qiymətdən düşən neftə görə benzinin qiymətini simvolik də olsa 5 qəpik endirsəydi, o zaman hökumətin bu millətə canı yandığına and içmək olardı. Hökumət niyə bu 5 qəpiyin arxasında gizlənir?

-Bu məsələ də hər zaman aktual olub və biz də dəfələrlə bu suala cavab verməli olmuşuq. Bilirsiniz ki, yanacağın qiymətinə Tarif Şurası baxır. İnsaf naminə deyilməlidir ki, əgər neftin qiyməti 3 dəfə aşağı düşübsə, deməli sizin dediyiniz kimi simvolik də olsa bu, yanacağın qiymətinə də təsirini göstərməlidir. Amma burada deyəsən bir problem var. Hökumət hesab edir ki, yanacaqdoldurma məntəqələri ölkədəki nağd pul məsələsini həll edən əsas faktorlardan biridir. Yəni əhalinin maaşlarını və digər ödənişləri vaxtlı-vaxtında vermək üçün dövriyyədə olan nad pul çox böyük əhəmiyyət kəsb edir. Buna görə də hökumət bu məsələdən bərk-bərk yapışıb. Amma məncə bu məsələdə də camaatın narazılığını nəzərə alaraq müəyyən addımlar atmaq doğru olardı.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə