Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

İranla Rusiya Azərbaycana qarşı: Rövnəq Abdullayev Tiflisdə danışıqlara başladı
İranla Rusiya Azərbaycana qarşı: Rövnəq Abdullayev Tiflisdə danışıqlara başladı
13 Yanvar 2016 / 14:14 / Baxış sayı: 276
Font1 Font2 Font3 Font4

Az əvvəl Tiflisdə SOCAR prezidenti Rövnəq Abdullayevlə Gürcüstanın energetika naziri, baş nazirin müavini Kaxa Kaladze və baş nazir Georgi Kvirikaşvili arasında danışıqlar başlayıb.

Tərəflər qaz təchizatının artırılmasını və qiymət məsələsini müzakirə edirlər. Bu görüş ərəfəsində Gürcüstanın energetika naziri Rusiyanın “Qazprom” şirkəti ilə aparılan danışıqların səbəbləri haqda yeni açıqlamalar verib. Kaxa Kaladze bu dəfə Azərbaycandan  yetərli qədər qaz almaq üçün infrastruktur olmadığını irəli sürüb. Bundan əvvəl Kaladze Azərbaycanın Gürcüstanın artan tələbatını ödəmək üçün kifayət qədər qaz ehtiyatına malik olmadığını iddia etmişdi.

Kaladzenin sözlərinə görə Azərbaycandan Gürcüstana qaz nəql edən kəmərin buraxılış gücü daha artıq qaz ötürməyə imkan vermir. Məhz bu səbəbdən “Qazprom”la Gürcüstanın ehtiyacı olan əlavə qaz həcminin alınması üçün danışıqlar aparılır. “Lakin bu danışıqlar Gürcüstanın əsas qaz təchizatçısı kimi Azərbaycanın rolunu heç bir halda şübhə altına almır”-keçmiş futbolçu bildirib.

Kaxa Kaladze

Kaladze jurnalistlərə bu günkü açıqlamasında deyib ki, hazırda “Qazprom”la Gürcüstan üzərindən Ermənistana nəql edilən qaza görə tranzit haqqının pulla ödənilməsi haqda da danışıqlar gedir. İndiyədək “Qazprom” tranzit haqqını qazla ödəyirdi və Ermənistana nəql etdiyi qazın 10 faizini Gürcüstana verirdi. “Biz həmçinin “Qazprom”dan əlavə olaraq 300-400 milyon kubmetr qazın alınması üçün danışıqlar aparırıq”-Kaladze deyib.

Kaladze hazırda Gürcüstanın qaza olan illik tələbatının 2 milyard kubmetr təşkil etdiyini, tələbatın 2012-ci ilə nisbətən 19 faiz artdığını bildirib. Nazirin sözlərinə görə, gündəlik tələbat 11 milyon kubmetrdir. Bu həcmin 6 milyon kubmetrini “Qazax” boru kəməri ilə Azərbaycan nəql edir, 2.9 milyon kubmetri isə Bakı-Tiflis-Ərzurum qaz kəməri ilə nəql olunan qaza görə tranzit haqqı kimi ödənilir. Daha 2-2.5 milyon kubmetr qaz isə Ermənistana tranzitə görə “Qazprom”dan alınır. Kaladzenn sözlərinə görə, Gürcüstana 6 milyon kubmetr qaz ötürən həmin kəmərin daha artıq qaz ötürmək imkanı yoxdur. “Ona görə də biz Rusiya qazı ilə balanslaşdırmaya qərar vermişik”-Kaladze deyib.

Bundan əvvəl Kaladze bildirmişdi ki, “Qazprom”un Gürcüstana təklif etdiyi qiymət Azərbaycandan alınan qazın qiymətindən aşağıdır və çox sərfəlidir.  Bu bəyanat SOCAR prezidenti Rövnəq Abdullayevin Tiflisə bu gün gözlənilən səfəri ərəfəsind verilib və gürcü tərəfi kartları açmaqla əsas məqsədin Azərbaycanın bazardakı payını azaltmaq olduğunu təsdiq edib. Hansı ki, Azərbaycan Gürcüstana qazı indiyədək bazar qiymətlərindən xeyli aşağı satırdı və bu ölkəyə satılan min kubmetr qazın orta qiyməti 90 dollardan çox deyildi.

Gözlənilir ki, Gürcüstan tərəfi “Qazprom”la danışıqlardan SOCAR-dan daha ucuz qaz almaq üçün istifadə edəcək. Azərbaycan tərəfi bundan əvvəl Gürcüstan bazarında “Qazprom”la qiymət rəqabətin hazır olduğunu bildirmişdi.

Lakin Azərbaycanın özündə qaza olan tələbatın tam ödənilmədiyi, bölgələrdən bir çoxunun hələ də qaz üzünə həsrət qaldığı bir vaxtda Gürcüstana daha ucuz qaz verməyin mənası varmı?

Digər tərəfdən SOCAR-ın Gürcüstan bazarında sıxışdırılmasının əsas səbəbinin geosiyasət olduğu hamıya aydındır. Rusiya Xəzərin energetika resurslarının nəqli üçün strateji dəhliz üzərində mövqelərini möhkəmləndirməyə çoxdan can atır. Gürcüstanın qərbmeylli müxalifəti də məhz bundan narahatdır və “Qazprom”la danışıqlara etiraz olaraq aksiyalar təşkil edir.

Digər tərəfdən İran da Gürcüstan bazarında özünə yer  etməyə hazırlaşır. İranın Ermənistan üzərindən Gürcüstana qaz nəqlinə razılıq verdiyi artıq təsdiqlənib. İranın Neft Nazirliyinin rəsmisi Əli Rza Kameli bildirib ki, İran və Gürcüstan İran qazının Ermənistan ərazisi ilə Gürcüstana ixracı barədə ilkin razılığa gəliblər.

Kameli deyib ki, Gürcüstana hər il 500 milyon kubmetr qazın ixrac edilməsi planlaşdırılır. O qeyd edib ki, razılaşma uzunmüddətlidir. Lakin məsələnin detalları barədə heç bir məlumat verməyib. Gürcüstanın qazın hər 1000 kubmetrinə görə nə qədər pul ödəyəcəyi barədə də məlumat verilməyib.

Bu razılaşma Ermənistan ərazisində mövcud olan qaz kəmərinin istismarını nəzərdə tutur. Yəni hələlik yeni qaz kəmərindən söhbət getmir.

Keçən ilin iyun ayında məlum olub ki, bu qaz kəməri tezliklə Rusiyanın “Qazprom” şirkətinə satılacaq. Ötən illərdə bütün “ArmRosqazprom” şirkəti də “Qazprom”a satılmışdı.Üstəlik məlum olub ki, Ermənistan-İran qaz kəmərinin alqı-satqısı barədə təxminən 40 milyon dollarlıq ilkin razılaşma onun istismara verildiyi 2007-ci ildə əldə edilib. Rus inhisarçısının artıq məbləğin 30 miyon dollarını ödədiyi bildirilir.

Ermənistanın Regional Araşdırmalar mərkəzinin rəhbəri Riçard Kirakosyan İran-Gürcüstan razılaşmasını Ermənistan üçün “qızıl imkan” kimi qiymətləndirib. O iddia edir ki, bu razılaşma Ermənistanın təhlükəsizliyini möhkəmləndirəcək.

“Hələlik biz Rusiyanın …Ermənistanın belə bir layihəni həyata keçirməsinə imkan verib-verməyəcəyinə əmin deyilik. Amma Gürcüstanla İranın enerji əməkdaşlığının gələcəyi indi Ermənistandan asılıdır. Blokada ucbatından artıq xeyli vaxtdır ki, Ermənistan Gürcüstandan asılıdır, ancaq bu kontekstdə Ermənistanın strateji əhəmiyyəti artır. İndi Ermənistan – Gürcüstan münasibətləri daha balanslı olacaq,” – deyə Kirakosyan “Azadlıq“ bildirib.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə