Azərbaycan hökuməti manatla bağlı bütün lazımi tədbirləri həyata keçirib.

ANS PRESS-in məlumatına görə, bu haqda Davosda Dünya İqtisadi forumunda iştirak edən Azərbaycan prezidenti Ilham Əliyev“RİA Novosti” agentliyinə müsahibəsində deyib.

Prezidentin sözlərinə görə, manatın hazırkı kursu ədalətlidir. “Manatla bağlı hökumət daha heç bir tədbir görməyəcək. Nə lazım idisə hər şey edilib. Düşünürəm ki, manatın bugünkü məzənnəsi neftin indiki qiymətləri baxımından sabitdir. Düşünmürəm ki, neftin bundan sonra ucuzlaşması manatın məzənnəsinə mənfi təsir göstərəcək. Manatın indiki məzənnəsi ədalətlidir. Əvvəllər manata bir az yüksək qiymət verilirdi, indi isə o öz yerini tutub.”

Müxbirin “Rusiya şirkətləri Azərbaycanın dövlət aktivlərinin özəlləşdirilməsində iştirak edə bilərmi” sualını isə prezident bu cür cavablandırıb: “Rusiya Azərbaycanın yaxın dostudur. Əgər istəsələr, yalnız şad olarıq. Lakin hələ ki, müraciət edən olmayıb”.

Dövlət başçısı qeyd edib ki, ölkənin əsas ixrac məhsulunun dəyərsizləşməsi səbəbindən Azərbaycan hökuməti strateji aktivi olan SOCAR-ı özəlləşdirilməyəcək: “SOCAR dövlətin strateji aktividir. Bu səbəbdən onun özəlləşdirilməsindən söz gedə bilməz”.


İlham Əliyev Davosda keçirilən Dünya İqtisadi forumunda

İlham Əliyev həmçinin qeyd edib ki, özəlləşməsi nəzərdə tutulan şirkətlərin siyahısı yaxın vaxtlarda müzakirəyə çıxarılacaq.

Ötən gün isə prezident Davos Forumu çərçivəsində “Yeni enerji tarazlığı” adlı panel müzakirəsində çıxış edib.

İlham Əliyev çıxışında neftin qiymətinin düşməsindən danışıb. Prezident bildirib ki, dünya birjalarında neftin qiymətinin daha da ucuzlaşması təəccüblü olmayacaq.

Dövlət başçısı neftin qiymətinin bu səviyyəyə düşməsini gözlənilməz adlandırsa da, Azərbaycanın iqtisadiyyatının stabil olduğunu deyib.

“Bizim kifayət qədər ehtiyatlarımız var. Mövcud vəziyyəti kompensasiya edə bilərik. Amma uzun zaman belə davam etsə, bizim büdcəyə böyük təsiri olacaq”.

Davos forumu yanvarın 20-də başlayıb və yanvarın 23-dək davam edəcək.