Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Dollarla kredit problemini Mərkəzi Bank həll etməlidir” – Fikrət Yusifov
“Dollarla kredit problemini Mərkəzi Bank həll etməlidir” – Fikrət Yusifov
29 Yanvar 2016 / 14:41 / Baxış sayı: 426
Font1 Font2 Font3 Font4

“İndiki dönəmdə hər bir məmur bütün çətinlikləri göz önünə gətirib mümkün olan hər bir addımı atmalıdır ki, vətəndaşlar narazı qalmasın”

“Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, iqtisad elmləri doktoru, professor Fikrət Yusifovun müsahibəsini təqdim edirik:

– Ölkə prezidentinin son bir ay ərzində keçirdiyi üç müşavirədə praktik olaraq Azərbaycan iqtisadiyyatının yeni müstəviyə keçidi konsepsiyası ortaya qoyuldu. Sizcə bu konsepsiyanı reallaşdırmaq şansları nə qədər gerçəkdir?

– Əslində belə bir kurs 12 il bundan öncə götürülüb. Lakin bu istiqamətdə görülən bütün işlərlə yanaşı, neft pullarının yaratdığı bir ətalət də mövcud idi. Neftin qiymətlərində baş verən kəskin enişlər isə situasiyanı kökündən dəyişdı. Artıq bu sahədə işləri öz axarı ilə aparmaq mümükün deyildi. Elə bu səbəbdəndir ki, Prezident keçən ilin sonlarından başlayaraq real sektorun qarşısında maneəyə çevrilmiş bütün məqamların aradan qaldırılması istiqamətində ciddi addımlar atmağa başladı. Yoxlamaların dayandırılması, lisenziyaların verilməsindəki sadələşmələr, gömrük sistemindəki manopoliya buzunun sındırılması, vergi islahatları, bank sistemindəki islahatlar, struktur islahatları və sairə istiqamətlərdə  atılmış addımlar bunu təsdiq edir.

– Sizcə real sektorun sürətli inkişafını təmin etməklə ölkə iqtisadiyyatının neftdən asılılığına son qoymaq mümkün olacaqmı?

– Əlbəttə mümkündür. Lakin burada bir vacib məqam var. Hesab edək ki, biz yeni bir avtomobil düzəldirik. Bu avtomobilin mükəmməl bir nəqliyyat vasitəsi olması üçün onun bütün komponentləri eyni səviyyədə keyfiyyətli çalışa bilməlidi. Bu komponentlərdən biri işləməsə və ya pis işləsə deməli avtomobil ya pis işləyəcək ya da ümumiyyətlə işləməyəcək. Bax, iqtisadiyyatın yeni müstəviyə keçidi də eyni prinsiplərə söykənəcəkdir.  Yeni mexanizm bütün komponentləri tam çalışdığı halda nəticələr verəcək. Məsələn, deyək ki, inhisarçılıq 100% aradan qaldırılmasa onda yeni mexanizmin uğurlu işi alınmayacaq. Ona görə də bu komponentlərin hər birinin tam işləməsi təmin olunmalıdır.

– Bank sistemində islahatlar iqtisadiyyatın yeni müstəviyə keçidində nə kimi rol oynaya bilər?

– İslahatların uğurlu olması üçün müasir bank sistemi quqrlmalı və dövrün tələblərinə cavab verən pul-kredit siyasəti aparılmalıdır. Mərkəzi Bankın müəyyən etdiyi pul-kredit siyasəti o qədər təkmil olmalıdır ki, yeni iqtisadi siyasətin mükəmməl işləməsini təmin edə bilsin. Baxın, əgər iqtisadiyyatı canlı bir varlığa bənzətsək, onda onun damarlarındakı qan pul-kredit sistemidir. Əgər bu sistemin normal fəaliyyəti yoxdursa, deməli, damarlarda axan qan xəstədir və bu xəstə qan orqanizmin başqa üzvlərini də tezliklə sıradan çıxarmağa başlayacaq və sonda onu tamamilə çökdürəcək. Bu gün ölkənin maliyyə sistemində yaranmış müəyyən gərginliklərin kökündə məhz pul-kredit siyasətində yol verilmiş səhvlər dayanır.

– Fikrət müəllim, manatın bir il ərzində iki dəfə kəskin devalvasiyaya uğramasından qaçmaq olardımı? Nə etmək lazım idi ki, sonda kəskin addımlar atılmayaydı?

– Bu sualı ilk növbədə Mərkəzi Bankın rəhbərliyinə vermək lazımdır. Mən bununla bağlı öz fikirlərimi mətbuat səhifələrində bir neçə dəfə səsləndirmişəm. Bilirsiniz, 2008-ci ildə dünyada maliyyə böhranı başlayanda Mərkəzi Bank  artıq bir qədər uzağa baxmağa çalışmalı idi. Böyük neft pulları gəlməyə başladıqdan sonra manatı bahalaşdırmaqdan, pul-kredit sistemini maksimum dollarlaşdırmaqdan başqa yol yox idimi? Təbii ki, var idi. Ancaq Mərkəzi Bank heç bir perspektiv vəd etməyən yolu tutdu. Ən azı dünyada böyük neft pulları əldə edən qabaqcıl ölkələrin təcürbəsini öyrənmək lazım idi. Bunu ona görə etmək lazım idi ki, qeyri-neft sektorundan ixracı stimullaşdırmaq mümkün olsun.  Bunu həm də ona görə etmək lazım idi ki, ölkə Prezidenti  hələ böyük neft pulları gəlməzdən 4 il öncə “Biz nefti yaddan çıxarmalı, iqtisadiyyatımızı elə qurmalıyıq ki, sanki biz neft ölkəsi deyilik” demişdi. Bax, Mərkəzi Bank ölkənin pul-kredit siyasətini müəyyən edərkən bu kursu əlində rəhbər tutmalı idi. Çünkü bu, ən doğru yol idi.

– Bəlkə doğrudan da böyük neft pullarının daxil olduğu dövrdə başqa siyasət aparmaq real deyildi?

– Hər şey real idi. İqtisadiyyatı dirçəltmək üçün ona yatırımlar etmək gərəkdir. Bir ölkə daxilində bütün yatırımların – hətta xaricdən gələn kapitalın milli valyutada yatırılması labüddür. Deməli, bank sistemi bir tərəfdən yatırım üçün xaricdən daxil olmuş vəsaitləri alıb onu manatla təmin etməli, digər tərəfdən də neft pullarının böyük bir qismini alıb, əvəzində dövriyyədə manat kütləsini artırmalı idi. Bu yolla 15 milyard dollar deyil,  bundan bir neçə dəfə çox valyuta rezervləri yaratmaq olardı. Maraqlı bir məqamı diqətinizə çatdırım. Bu gün dövriyyədə lazım olandan ən azı 2 dəfə az manat kütləsi var. Düşünməyin ki, Mərkəzi Bank təkcə manatın zəifləməsinin qarşısını almaq üçün dövriyyədə onun kütləsini azaldıb. Xeyir, bu belə deyil. Mərkəzi bank bu siyasəti eyni qayda ilə artıq 1990-cı illərin ikinci yarısından etibarən aparır. Nəzəriyyədə bu siyasət yolveriləndir. Məsələn, əgər ölkə iqtisadiyyatı ciddi maliyyə böhranı keçirirsə, bu, böhranı daha tez tənzimləməyin yolllarından biri də dövriyyədə milli valyutanın kütləsini azaltmaqdır. Ancaq belə siyasətin ömrü iki ildən artıq ola bilməz. Bizim Mərkəzi Bank isə bu sahədə bütün rekordları sındırdı…

– Siz belə bir fikir səsləndirmişdiz ki, dollarlaşma bizim pul-kredit sistemimizə ciddi təhlükə yaradıb. Axı əslində dollar elə bir valyutadır ki, o dünyanını hər yerində işləyir və dünyada aparılan hesablaşmaların böyük bir qismi bu valyuta vasitəsilə həyata keçirilir.

– Bəli beynəlxalq ticarət əlaqələrinin və digər hesablaşmaların aparılmasında bu valyuta başlıca rol oynayır. Ancaq o, milli valyuta olan yerdə önə keçərsə bu, gec tez ölkə iqtisadiyyatı üçün ciddi fəsadlar yaratmalıdır. Mərkəzi Bank bütün ölkənin pul-kredit sistemini dollar yorğanına bürüyəndə gərək düşünəydi ki, bu, səhv siyasətdir və bu, bir gün öz acı nəticəsini göstərəcək. Əgər ölkənin Konstitusiyası deyirsə ki, ölkəmizdə manat yeganə ödəniş vasitəsidir, deməli, hər şey bu müddəaya söykənməli idi. Ölkədə qanunla pul-kredit siyasətini Mərkəzi Bank müəyyən edir. Ümumiyyətlə, tarix boyu dünyada baş vermiş bütün iqtisadi böhranların, maliyyə böhranlarının kökü həmişə banklardan, onların atdığı səhv addımlardan qaynaqlanıb. 2007/2008-ci illərin maliyyə böhranı ilə başlamış və sonradan bütün dünyanı bürümüş iqtisadi böhranın da kökü ABŞ banklarının sabun köpüyü şəkilində şişirtdikləri ipoteka kreditləşməsindən qaynaqlandı.

– Dollarla götürülən kreditlərin məzənnə fərqi nəticəsində yaranmış yeni manat yükünü kim çəkməlidir? İnsanlar narahat şəkildə Mərkəzi Bankın hansı addımlar atacağını gözləyirlər.

– Əvvəlcə onu deyək ki, yaranmış situasiyada insanların heç bir günahı yoxdur. Bu məsələdə hökumətin mövqeyi bəllidir. Hesab edirəm ki, Hökumət nəsələnin məhz vətəndaşların vəziyyəti nəzərə alınaraq həll olunmasına maraqlıdır. Lakin burada Mərkəzi Bankın mövqeyi də əsas götürülür. Yəni bu qurum,  hamını inandırmağa çalışır ki, hansısa güzəştlər maliyyə intizamsızlığına səbəb olacaq. Hesab edirəm ki, əlaqədar şəxslər məsələnin mürəkkəbləşməsinə xidmət edən açıqlamalardan uzaq durmalıdırlar.  Hamımız bilirik ki, vətəndaşlar öz xoşları ilə gedib dollarla kredit götürməyiblər. Ehtiyac ucundan banka müraciət edən vətəndaşa məhz bir varant  – dollarla kredit təklif olunub.  O da çıxılmaz vəziyyətdə qalaraq müvafiq sənədlərə imza atıb. İndi biz bu məsələdə ancaq hüququn dili ilə danışa bilmərik. İndiki dönəmdə məsələnin mənəvi tərəfi heç bir halda nəzərdən qaçmamalıdır. Əgər Mərkəzi Bank problemin həllini öz üzərinə götürməsə,  həm əhali üçün və həm də banklar üçün çox ciddi problemlər yarana bilər. Təsəvvür edin ki, ölkədə problemli kreditlərin həcmi elə bir həddə çata bilər ki, bu, Mərkəzi Bankın özünə əlavə problemlər yaradar. Əgər Mərkəzi Bank mövcud resurslarının azlığına istinad edirsə, onda qoy dövlətin istiqraz vərəqələrini almaqla bu problemi həll etsin. Yox, bunu da istəmirsə, onda qoy xarici borclanmaya getsin. Bir sözlə, bu problemi məhz Mərkəzi Bank həll etməlidir. Ortada cənab Prezidentin çağırışları var. Bu çağırışlar ancaq və ancaq ölkə əhalisinin sosial rifahının yaxşılaşdırılması marağından irəli gəlir.  Hesab edirəm ki, indiki dönəmdə hər bir vəzifəli şəxs məhz bu çağırışlardan irəli gələn tələblərə uyğun şəkildə fəaliyyət göstərməli, insanlarda qıcıq yaradan açıqlamalardan çəkinməlidirlər. Bəli, mən bir iqtisadçı kimi başa düşürəm və qəbul edirəm ki, hazırkı maliyyə gərginliyi dövründə xarici valyutada olan kreditlərlə bağlı problemi həll etmək o qədər də asan məsələ deyil. Lakin indiki dönəmdə hər bir məmur bütün çətinlikləri göz önünə gətirib mümkün olan hər bir addımı atmalıdır ki, vətəndaşlar narazı qalmasınlar.

– Necə düşünürsünüz, Azərbaycan qeyri-neft ölkəsi kimi də dünyaya nümunə gəstərə biləcəkmi?

– Mən buna əminəm. Cənab Prezidentin götürdüyü kurs, qısa müddət ərzində atılmış addımlar və yaxın dövr üçün nəzərdə tutulan proqramlar deməyə əsas verir ki, biz bu çətinliyi arxada qoyub tam təminatlı bir iqtisadiyyat formalaşdıra biləcəyik. İnanıram ki, Ilham Əliyev Azərbaycanı zəngin qeyri-neft ölkəsinə də çevirə biləcək. Biz dünyaya hələ çox Azərbaycan standartları nümayiş etdirəcəyik. Bu işdə hər birimiz dövlət başçısına dəstək omalı, üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirməliyik.



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə