Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Prezident nazirləri xalqın içərisinə göndərir
Prezident nazirləri xalqın içərisinə göndərir
01 Fevral 2016 / 15:03 / Baxış sayı: 424
Font1 Font2 Font3 Font4

Kamran Məhərrəmli
 
Bir neçə gün əvvəl kütləvi  informasiya  vasitələrində  heyvan yemi kimi istifadə olunan kartof, buğda məhsullarının Azərbaycana gətirilməsi və  əhaliyə qida kimi satılması barədə məlumat yayıldı.

Sözün düzü,  həmin anda nəsə  yadıma 2011-ci ildə Tunisdə  heç kimin tanımadğı  bir  tərəvəzsatanın  elədikləri düşdü.

Məlumdur ki, həmin  tərəvəzsatanın  atdığı “daş”  sonradan Misirə, Liviyaya, Yəmənə və digər  müsəlman ölkələrinə  yönəldi  və proses  dayanmaq bilmir, hələ də davam edir.

Əlbəttə, mən o fikirdə deyiləm ki, bu gün kimsə ölkəmizə ucuz  qiymətə  heyvan yemi gətirib əhaliyə baha satmaq niyyətində ola bilməz. Hər şey mümkündür. Bəlkə nə vaxtsa belə bir hal olub da.

Yeri gəlmişkən, 1992-93-cü illərdə də belə bir məlumat qəsdən, yoxsa təsadüfən yayılmışdı.

Xülasə, sözümün canı odur ki, informasiya ilə qəti zarafat eləmək olmaz. Dövrümüz informasiya dövrüdür, dünyada informasiya savaşı gedir. Bəzi dünya gücləri  ölkələrə tankla, raketlə deyil, informasiya, daha doğrusu, dezinformasiya ilə girirlər.

Yaxşı ki,  KİV-də yayılan “heyvan yemi”  söhbətinə  Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin (DFNX) rəisi Camal Quliyev əsaslı şəkildə nöqtə qoya bildi:
“Son zamanlar nədənsə ölkədə dezinformasiyalar artıb. Burda xarici təsirlər də ola bilər. Müəyyən insanların qızışdırılması mövqeyindən də kimsə çıxış edə bilər.

Azərbaycana hər hansı  kənd təsərrüfatı məhsulu gətirilməzdən öncə Dövlət Xidmətinə müraciət olunur, idxal karantin icazəsi alınır. Biz artıq o malın istehsal yeri, digər zəruri göstəriciləri barədə kifayət qədər məlumat əldə edirik. Əgər həmin ölkənin fitosanitar vəziyyəti sabitdirsə, onun idxalına icazə verilir. Məhsul idxal olunandan sonra Dövlət Gömrük Komitəsinə məxsus sərhəd-gömrük məntəqələrində fitosanitar qurumlar tərəfindən ilkin karantin baxışı keçirilir, məhsul respublikaya daxil olandan sonra əməkdaşlarımız yükə baxış keçirirlər. Həmin yükdən normalara, standartlara uyğun şəkildə nümunələr götürülür, onlar xidmətin ekspertiza və toksikologiya mərkəzində analizdən keçirlir. Həm keyfiyyət göstəriciləri, həm də tərkibində ağır metallar, pestisidlərin miqdarı yoxlanılır. Eyni zamanda, karantin nöqteyi nəzərdən yoxlanılır ki, hər hansı bir karantin orqanizm olmasın. Bu aşkar olunduqdan sonra da münasib fitosanitar tədbirlər tətbiq olunub. Əgər həmin karantin orqanizmi funqasiya və digər karantin tədbiri nəticəsində məhv etmək olursa, bu edilir. Bu mümkün olmursa, həmin yük geri qaytarılır və ya məhv edilir”.

Deməli, DFNX-nin rəisi ölkəyə idxalın mexanizminə  aydınlıq  gətridi  və  cəmiyyətin narahatçılığı müəyyən dərəcədə aradan qalxdı. Amma, milyonlarla insanın  yaddaşında bu  “heyvan yemi” söhbəti  ilişib qaldı. Bax, məni narahat edən də məhz budur.

Yeri gəlmişkən, mətbuatda  əhaliyə təkcə  BİTKİ MƏNŞƏLİ HEYVAN-darlıq yemi olan kartof və buğda deyil, HEYVAN MƏNŞƏLİ .. eşşək əti, at əti, ölmüş heyvan cəmdəkləri satılması barədə də tez-tez məlumatlar yayılır.

Fikir verdinizsə,  yenə  “heyvan  söhbəti”, insanlara heyvani münasibət və s.

* * *

Məlumdur ki, hər xalqın özünəməxsus həssas zonaları olur ki, ora toxunmaq  təhlükəlidir. Yəni hər xalqın özünün  “dolub-daşma” zonası var. Mən ona görə də bu məsələyə çox ciddi yanaşmağı vacib hesab edirəm. Bir gün bu həssas zonanı kimlərsə qəsdən tərpədə bilər, “heyvan yemi…eşşək əti..”  məsələsi  başımızda çatlayar. Unutmayaq ki,  dünya  güc mərkəzləri  bizi  bizdən yaxşı tanıyır.

Sözün qısası, yuxarıda qeyd etdiyim hər iki məsələyə – bitki mənşəli  heyvan məhsullarına görə, DFNX, heyvan mənşəli məhsullara görə isə Kənd Təsərrüfatı Naziriliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti  (DBNX) məsuliyyət daşıyır.

Ona görə də Kənd Təsərrüfatı Nazirliyi  və nazirliyin yanındakı iki vacib  qurum olan DFNX və DBNX  ayıq-sayıq olmalıdır.

Obyektivlik naminə qeyd etmək istəyirəm ki, son iki ildə, yəni cənab Heydər  Əsədov  nazir təyin olunandan sonra  Kənd  Təsərrüfatı Nazirliyi  sistemində  ciddi dəyişikliklər olub. Sözün düzü, mənim cənab Əsədova  vəkillik etməyə nə həvəsim, nə də məqsədim var. Amma son 2 ildə  görülən işlər göz önündədir. Əlbəttə, mən demirəm ki, aqrar sahədə möcüzə baş verib. Əsla. Heydər  Əsədovun sehrli çubuğu-zadı yoxdur, nə də Həzrəti-İsa  deyil ki, dünyanın bürüyən böhran dövründə möcüzə icad eləsin. Amma  son 2 ildə xeyli işlər görülüb. Nazir 2 gün öncə əbəs yerə demədi ki, yaxın illərdə kənd təsərrüfatı sahəsində inqilabi dəyişikliklər olacaq. Bəlkə də kimlərsə bunu  pafoslu çıxış kimi qəbul edə bilər.  Amma…

***

…Yeri gəlmişkən, mən uzun müddət, DBNX-nin (o zaman DBX idi) və  DFNX-nin  fəaliyyəti barədə araşdırmalar aparıb məqalələr yazmışam. Onda nəinki  adi vətəndaşlar, heç  ölkə  mətbuatında çalışanların çoxu  fitosanitar sözünün nə olduğunu bilmirdi.

Apardığım araşdımalar zamanı mən dəhşətə gəlmişdim. DBX-nin rəisi İsmayıl Vəliyev  qurumu əsl korrupsiya mənbəyinə çevirmişdi, lisenziya  dünyada anoloqu olmayan qiymətə verilirdi, “şapka”  başdan aşırdı, yığılan külli miqdarda  pulların təxminən 10 faizi dövlət büdcəsinə, 90 faizi isə  vəzifəli şəxslərin ciblərinə  gedirdi.  DBX rəisi şəxsən özü  dəfələrlə elçilər göndərərək  məndən yazıları dayandırmağı istəmişdi. Ancaq  yazılar davam elədi və sonda İsmayıl Vəliyev vəzifəsindən uzaqlaşdırıldı.

Heydər  Əsədov nazir təyin olunadan sonra baytarlıq sistemində ciddi kadr dəyişikliyi baş verdi, yeni rəis əvəzi Azər Süleymanov ölkə üzrə baytarlıq nəzarətini gücləndirib, mənşəyi bilinməyən heyvandarlıq məhsulları ilə bağlı ciddi tədrbirlər görülür və ən əsası… yuxarıda qeyd etdiyim “10 faiz  dövlətə, 90 faiz ciblərə” məsələsini kökündən həll edib və tələb edir ki, xidmət üçün yığılan pullar 100 faiz dövlət büdcəsinə köçürülməlidir. Məhz buna görə də rüşvətə öyrəşmiş DBX işçiləri müqavimət göstərməyə,  sifarişlə şantaj dolu  məqalələr yazdırmağa  girişiblər. Ancaq atalar demişkən, yalanın ömrü 40 gün çəkər… amma indiki internet əsrində yalanın ömrü heç  4 gün də çəkmir. Və inanıram ki, cənab Heydər Əsədov deyən kimi yaxın illərdə DBNX-nin fəaliyyətində böyük dəyişikliklərin şahidi olacağıq.

O ki qaldı nazirliyini digər mühüm sahəsi olan DFNX-nin gördüyü işlərə… Mən yuxarıda əbəs yerə demədim ki, nəinki adi vətəndaşların, heç media mənsublarının ölkədə DFNX olması barədə məlumatı yox idi. Bunun əsas səbəbi kadrlarıın yerində olmaması idi. Yaxşı yadımdadır, DFNX-nin o zamankı rəisi  Dünyamalı  Məmmədəliyev vəzifədə olduğu uzun illər ərzində bircə dəfə də olsun mətbuata bir kəlmə demədi, bircə dəfə də KABİNETİNDƏN BAYIRA ÇIXMADI..

Bu adamın varlığından heç kimin xəbəri yox idi. Ancaq dövlətin vacib qurumu olan  DFNX  kimlərinsə xahişi ilə coğrafiya, tarix müəllimlərinin iş yerinə çevrilmişdi. Xidmətdə ötən əsrin 60-cı illərindən qalma aparat-LUPA-lardan istifadə olunurdu. DFNX  göstərdiyi  xidmətin müqabilində heç kimə adi çek vermirdi. Əhali arasında bitki mənşəli məhsullardan  zəhərlənmə halları günbəgün artırdı. Bu xidmət sahəsində də yığılan pulların cüzi hissəsi  dövlət büdcəsinə, böyük hissəsi isə Dünyamalıyevin və  nazirlikdəki şəxslərin cibinə axırdı. Bütün bunları mən sənəd və sübutlarla yazaraq nazirliyin  o zamankı rəhbərliyinə göndərmişəm. Ancaq faydası olmayıb.

Heydər Əsədov nazir olandan sonra  bu xidmət sahəsində də ciddi kadr dəyişikliyi etdi.

İnsaf naminə qeyd etmək lazımdır ki, DFNX-nin yeni rəisi Camal Quliyev həm savadlı alim, həm vətənpərvər insan, həm də gözəl təşkilatçı olduğu üçün az vaxtda ölkənin ən yaddan çıxmış qurumu olan  DFNX-ni ölkənin gündəminə gətirdi. Və vəzifədə olduğu 6-7 ayda illərin işini görə bildi, müasir laboratoriyalar yaratdı…Dövlət büdcəsindən oğurlanan pul axınının qarşısını kəsdi. Və ən  əsası  KABİNETDƏN BAYIRA ÇIXDI…

Mən bir vətəndaş, bir media mənsubu olaraq tam əminəm ki, DFNX  bir neçə aydan sonra  ölkənin ən nümunəvi dövlət qurumuna çevriləcək.
Kabinetdən  bayıra çıxmaq zamanıdır..!

Mən əbəs yerə  yazmadım ki, DFNX-nin keçmiş rəisi  uzun illər  ərzində bircə dəfə də olsun kabinetindən bayıra çıxmadı.

Son illər  ölkə başçısı cənab İlham Əliyevin birbaşa göstərişi ilə nazirlər, komitə sədrləri, xidmət rəhbələri  rayonlarda, bölgələrdə  mütəmadi  olaraq görüşlər keçirir, əhalinin şikayətlərini dinləyir, yəni XALQIN İÇƏRİSİNƏ gedirlər. Bunu ölkə başıçısı  məqsədyönlü  şəkildə edir, məmurları kabinetlərdən xalqın içərisinə getməyə göstəriş verir. Dövlət başçısı bilir ki, dövlət məmuru xalqla birgə olmasa, xalqın içərisinə  müxtəlif   radikal  qüvvələr yol tapır.

Bildiyim qədər dövlət başçısı  məmurlara tapşırıb ki, xalqın içərisinə cangüdənsiz-filansız gedin.

Məhz  bu cəhətlərinə görə, mənim diqqətimi  Heydər Əsədov və onun komandası  cəlb elədi. Vətəndaşları səmimi qəbul edirlər, problemlərlə tanış olurlar, kiminsə problemini həll edə bilirlər, kiminsə problemini həll edə bilməsələr də yollarını göstərirlər.

Ümumiyyətlə,  ən böyük problem vətəndaşın problemini həll edib-etməmək deyil. Axı heç kim hamının dərdinə çarə tapa bilməz. Amma ən böyük problem insana insan kimi yanaşmaq, onu dinləmək, probleminə şərik olmaqdır. Bu artıq bizim insanların probleminin həllinin yarısı deməkdir. Bizim insanlar məmurlarımızdan çox şey ummurlar, sadəcə insani münasibət görmək istəyirlər.



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə