Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Bir həbsin tarixçəsi: GƏNC QIZIN BAŞINA HANSI MÜSİBƏTİ AÇIBLAR?
Bir həbsin tarixçəsi: GƏNC QIZIN BAŞINA HANSI MÜSİBƏTİ AÇIBLAR?
19 Fevral 2016 / 11:54 / Baxış sayı: 1348
Font1 Font2 Font3 Font4

«Sultan Travel» adlı şirkətlə müstəntiqin birgə «əməliyyatı» günahsız Aysel Kazımovanı həbsxanalıq edib, Mircavad Mirsultanovun vəzifə başında olan qohumlarına güvəndiyi ortaya çıxıb

Azərbaycanda məhkəmə və hüquq sisteminin hansı problemlər içində olduğunu görmək elə də çətin deyil. Hər gün məhkəmələrdə onlarla insanın qanuni hüquqlarının tapdandığı, günahsız yerə həbs edildiyi və ya heç bir əsas olmadan cəzalandırıldığı da sirr sayılmır. Elə bu səbəbdəndir ki, son illər ən çox şikayət edilən məsələlər sırasında da hakimlərin çıxardığı qeyri-qanuni hökmlər və qərarlardır.

İKİ İL SONRA AYLIMIŞ MÜDİR

JAM.AZ xəbər verir ki, istintaq orqanlarında da durum faciəvi şəkildədir. Müstəntiqlərin apardıqları cinayət işlərindəki qüsurlar isə o qədər ciddidir ki, hətta hüquqi savadı olmayanlar belə bunu açıqca sezə bilirlər.

Söhbət açacağımız mövzu isə gənc bir qızın haqsızlığa düçar olması və günahsız yerə həbs edilməsindən bəhs edir. Məsələ belədir ki, 27 yaşlı Aysel Kazımova «Sultan Travel» adlı turizm şirkətində işə düzəlir. Onun vəzifəsi sadəcə, avia biletlərin satışından ibarət olub.

Bu illər ərzində işlər yaxşı gedib. Lakin 2014-cü ildə «Sultan Travel»in rəhbəri Mircavad Mirsultanov Aysel Kazımovadan şikayətçi düşür və polisə müraciət edir. Şikayətinin məğzində dayanan məqam isə ondan ibarət olur ki, guya, Aysel Kazımova 2013-2014-cü ildə müştərilərə avia biletlər sataraq, onların pullarını mənimsəyib. Məbləğ isə 2013-cü il üçün 10 min manat, 2014-cü il üçün isə 11 min manat olub. Və iki il ərzində Mirsultanov qətiyyən səsini çıxarmır və iki il sonra polisə üz tutur. Elə ilk şübhə də buradan başlayır.

Əlimizdə olan istintaq materiallarından aydın görünür ki, Nəsimi rayon Polis İdarəsinin müstəntiqi Ceyhun Rəhimovun apardığı iş bərbad haldadır və ümumiyyətlə, məsələ yalnız şahidləri dindirib, onların ifadələrini almaqdan ibarət olub. Əslində isə müstəntiq həmin ifadələri aldıqdan sonra onların həqiqiliyini yoxlaya da bilərdi. Amma…

Qeyd edək ki, Aysel Kazımovadan ilk dəfə şikayət Yasamal rayon Polis İdarəsinə edilib. Lakin orada aydınlaşıb ki, sözügedən şəxs Yasamal rayonunda yaşamır və bu səbəbdən də işi Nəsimi rayon Polis İdarəsinə ünvanlayırlar. Bundan sonra isə ötür-ötür oyunu başlayıb. JAM.AZ-ın dəqiqləşdirmələrinə görə, Aysel Kazımovadan edilən şikayətlə əlaqədar aparılan istintaq düz 16 dəfə açılıb və bağlanıb. Sonda Nəsimi polisinin müstəntiqi Ceyhun Rəhimov Aysel Kazımova ilə bağlı apardığı «istintaqı» yekunlaşdıraraq, onu CPM-in 178.3.2-ci maddəsi ilə təqsirli bilərək, işi Nəsimi rayon Məhkəməsinə göndərib. Nəsimi Rayon Məhkəməsinin hakimi Babək Pənahov da müstəntiqin yazdığı ittiham aktını «bəyənərək», Aysel Kazımovanı 1 ay 6 gün müddətinə azadlıqdan məhrum edir. Xanım Kazımova hazırda da həbsdədir və barəsində çıxarılmış hökmlə bağlı apelyasiya şikayəti verilib. Faktiki olaraq məhkəmə prosesi gedir.

İndi isə istintaqa verilən ifadələrin bir çoxunda yol verilmiş ciddi qüsurlara və yalan ifadələrə diqqət yetirək. Eyni zamanda, Aysel Kazımovadan şikayətçi olan Mircavad Mirsultanovun yaxın qohumları, etdiyi təzyiqlər və bir sıra hərəkətlərindən də bəhs edəcəyik.

BİRİNCİ YALAN

JAM.AZ-ın araşdırmalarına görə, iş üzrə istintaqa ifadə vermiş Şəhla Bababəyli bildirib ki, o, Aysel Kazımova ilə «Sultan Travel»də görüşüb və ailə üzvləri ilə Barselonaya istirahətə getmək istədiyini bildirib. 11 nəfərlik bir qrupla İspaniyaya getmək üçün onlardan 5060 manat pul istənildiyini və bunun yarısı veriləcəyi təqdirdə həmin ölkəyə gediş üçün bilet bron etməyin mümkünlüyü çatdırılıb. Şəhla Bababəyli də həmin pulun yarısını verdiklərini, lakin Barselonaya gedə bilmədiklərini vurğulayıb. Amma istintaqa verdiyi ifadəsində şikayətçi onu da qeyd edib ki, otel və qalmaqla bağlı məsələlərə «Sultan Travel»in Zərqələm adlı işçisi baxdığından onunla məsləhətləşiblər. Aysel Kazımova isə yalnız aviabilet sifarişləri edib.

Amma Şəhla Bababəyli məhkəmədə etiraf edib ki, o, Aysel Kazımovayla ümumiyyətlə, görüşməyib. Yalnız telefonla danışaraq, ondan məsləhətlər alıb. Üstəlik, ona hər hansı bir məbləğdə pul verməyib.

İKİNCİ YALAN

İstintaqın araşdırmadığı və nəticədə yalan olduğu ortaya çıxan ikinci məqam isə Nərmin Hümbətovanın verdiyi ifadədən bəlli olub. Qeyd edək ki, Hümbətova Şəhla Bababəyli ilə birlikdə Barselonaya getmək istəyib. Bunun üçün 1380 manat pul ödədiyini istintaqa bildirib. Amma sonradan məlum olub ki, Nərmin Hümbətova Aysel Kazımovaya bilet sifariş etsə də, sonradan ödədiyi pullarını geri alıb.

ÜÇÜNCÜ YALAN

JAM.AZ-ın araşdırmaları nəticəsində məlum olub ki, Aysel Kazımovaya qarşı ifadə verənlərdən biri də Aygün Əliyeva olub. Aygün Əliyeva verdiyi ifadəsində bildirib ki, o, anası ilə birlikdə Barselonya getmək istəyib və bu məqsədlə «Sultan Travel» turizm şirkətiylə anlaşıb. Lakin bizim araşdırmalarımızdan məlum olub ki, Aygün Əliyeva ümumiyyətlə, Barselonaya istirahət üçün getməyib. Əksinə, o, 04.07.2014-07.07.2014-cü il tarixlərində anası ilə deyil, Natiq adlı bir oğlanla birlikdə Türkiyənin Bələk şəhərində yerləşən məşhur otellərdən birində qalıblar. Hətta məhkəmədə şahid qismində xanım Əliyevanın anası dəvət olunsa da, Aygün bununla razılaşmayıb. Və işin üstü açılacaq deyə ifadəsindən imtina etməyə başlayıb.

DÖRDÜNÇÜ YALAN

İşin unikal tərəflərindən biri isə belədir: JAM.AZ xəbər verir ki, Firuzə Əsgərova adlı qadın Aysel Kazımovadan Sankt-Peterburqa uçmaq üçün bilet alıb. Həmin qadın Rusiyanın sözügedən şəhərinə uçduqdan sonra orada Hava Limanında polis tərəfindən saxlanılıb və Rusiya Miqrasiya Xidmətinin əməkdaşları tərəfindən deportasiya olunub.

İstintaqa verdiyi ifadəsində Füruzə Əsgərova bunu belə əsaslandırıb ki, guya, onun adına yazılmış bilet doğru olmadığından deportasiya olunub. Müstəntiq isə ümumiyyətlə, məsələni araşdırmayıb. Axı, necə ola bilər ki, vətəndaş bilet alsın, Bakıdan uçsun, lakin başqa ölkədə bilet səbəbindən deportasiya olunsun? Həqiqətən də bilet onun adına yazılmasaydı və ya yanlışlıq olsaydı, onun Bakıdan təyyarə ilə uçmasına ümumiyyətlə, icazə verməzdilər.

BEŞİNCİ YALAN

Daha bir yalan isə dünən keçirilən məhkəmədə üzə çıxıb. Belə ki, məhkəməyə şahid qismində dəvət olunmuş kuryer verdiyi ifadəsində hamını çaş-baş vəziyyətə salıb. Çünki onun dəvət olunmasının səbəbi guya, Aysel Kazımovaya hansısa bir müştərinin pulunu gətirməsiylə bağlı olub. Lakin həmin yaşlı kuryer məhkəmədə bildirib ki, o həqiqətən də müştərilərdən birinin pulunu alaraq, «Sultan Travel»ə gətirib. Amma həmin şəxsin Aysel Kazımova olduğunu təsdiqləməyib. Hətta həbs edilmiş qıza baxaraq, onu ümumiyyətlə, tanımadığını bildirib.

ALTINCI YALAN

Qeyd edək ki, işin içində o qədər yalan var ki, saymaqla qurtarmaq bilmir. Onlardan daha biri isə 6 şikayətçidən 3-nün pulunun geri ödənilməsi, digər üçünün isə istədikləri ölkəyə gedib-gəlmələri ilə bağlıdır. Belə ki, «Sultan Travel»dən bilet almış müştərilərdən 3-ü istədikləri ölkəyə səfər edib, geri döndüklərini təsdiqləyiblər. Digər 3 müştəri isə pullarını geri almaqla, məsələni bağlayıblar.

Müstəntiqin hazırladığı ittiham aktından isə belə məlum olur ki, o, ümumiyyətlə, prosesə diqqət etməyib. Hətta belə bir təsəvvür yaranır ki, adları şahid qismində ittiham aktında keçənlərin heç biri dindirilməyib və ifadələr də onların adından yazılıb.

YEDDİNCİ YALAN

İşdəki növbəti yalan Aysel Kazımovanın əmək haqqısından hər ay tutulmuş 25 manatın DSMF-yə ödənilməsi və əmək müqaviləsinin tərəflər arasında bağlanmasıyla bağlıdır.

JAM.AZ-ın araşdırmalarına görə, ümumiyyətlə, «Sultan Travel»lə Aysel Kazımova arasında heç bir əmək müqaviləsi bağlanmayıb. Onun əmək haqqısından hər ay tutulmuş 25 manatın DSMF-yə ödənilməsi məsələsi də yalan çıxıb. Və o da məlum olub ki, «Sultan Travel» turizm fəaliyyəti ilə məşğul olmaq üçün lisenziyaya malik olmayıb və nazirlik bu şirkəti hətta 25 min manat cərimə edib.

MƏHKƏMƏ MURADI NİYƏ TAPA BİLMİR?

Bildirək ki, istintaqda adı keçənlərdən biri isə «Sultan Travel»in əməkdaşı Murad Əlihüseynovdur. Bu şəxs istintaqa verdiyi ifadəsində qeyd edib ki, 2011-ci ildən Aysel Kazımovanı tanıyıb. Lakin 2014-cü ilin martında aralarında şəxsi zəmində yaranmış problemlər üzündən münasibətləri korlanıb. Sonra isə işdən çıxıb.

Murad Əlihüseynovdan edilən şikayətlərə rəğmən, o, yalnız istintaqa ifadə vermək üçün çağırılıb. Ondan sonra isə bu şəxsi tapmaq mümkün olmayıb. Elə bu günə kimi məhkəmə onu taparaq, ifadə vermək üçün prosesə gətirdə bilmir.

Maraqlıdır ki, sözügedən şəxslə bağlı gələn xəbərlərdə onun haqqında heç də xoşagələn sözlər işlədilmir. Bəzi iddialara görə, Murad Əlihüseynov əvvəllər də dələduzluqla məşğul olmuş, dəfələrlə polis tərəfindən saxlanılmışdır.

MİRCAVADIN 18 MİN MANAT DƏRDİ

Qaldırılan iddiada bir xeyli məqam daha var. Həmin maraqlı məqamlardan biri budur ki, Mircavad Mirsultanov etdiyi şikayətində Aysel Kazımovanın ona və şirkətinə zərər vurduğunu qeyd edib. Başqalarına dəyən «zərər» qismində 16 min manat göstərilsə də, Mircavad Mirsultanov şəxsən özünə 18 min manat ziyanın dəydiyini vurğulayıb. Amma bu 18 min manatın haradan çıxdığı, necə yarandığı barədə heç bir əsas yoxdur.

TƏHDİD

İşin sifarişli olduğu və Aysel Kazımovanın «qurbanlıq» seçildiyi elə Mirsultanovların davranışlarından da aydın şəkildə sezilir. JAM.AZ-ın araşdırmaları zamanı məlum olub ki, Mircavad Mirsultanovun anası, hazırda «Sultan Travel» şirkətinin direktoru olaraq çıxış edən Güldanə Mirsultanova mütəmadi olaraq Kazımovanın valideynlərinə zəng edərək, onlardan pulların ödənilməsini tələb edir.

Bu azmış kimi, onları təhdid etməkdən çəkinmir. Telefonla zəng vuraraq, SMS göndərərək təcili olaraq pulların ödənilməsini istəyən Güldanə Mirsultanova, əks təqdirdə, onlardan yuxarı dairələrə şikayət edəcəyi, qızının həbsdən çıxa bilməyəcəyiylə təhid edib.

Maraqlıdır ki, bu təhdid təkcə Kazımovlar ailəsinə deyil, eləcə də Aysedl Kazımovanın vəkilinə də qarşı edilib. Belə ki, Səbayel rayon Polis İdarəsində baş müstəntiq işləyən Vüqar Nəsirov (Mircavad Mirsultanovun xalası oğlu-red.) Aysel Kazımovanın ilk vəkili Mehman Əliyevi hədələyərək, ondan müdafiədən çəkilməsini tələb edib.

MİRSULTANOVLAR KİMLƏRƏ ARXAYINDIRLAR?

İşin sifarişi olduğunu təsdiqləyən bir başqa məqam isə ondan ibarətdir ki, Mirsultanovlar sözün həqiqi mənasında kimlərəsə ciddi şəkildə güvənirlər. Bu güvəncin əsas səbəbkarları sırasında vəzifə başında dayanan qohumların olduğu isə artıq sirr deyil.

JAM.AZ-ın dəqiqləşdirmələrinə görə, Mircavad Mirsultanov hal hazırda Şirvan Polis İdarəsinin əməkdaşıdır. Qanunla polis əməkdaşının bizneslə məşğul olması qadağan edilsə də, bunun Mircavad üçün keçərli olmadığı məlum olur.

Onun bir qardaşı isə hazırda XİN-də aparıcı postlardan birində əyləşib. Onun təsir imkanlarının az olmadığı deyilir.

Xalası oğlu Vüqar Nəsirov isə hal hazırda Səbayel rayon Polis İdarəsində baş müstəntiq vəzifəsində çalışır.

Bundan başqa, Mircavad Mirsultanovun digər yaxın qohumlarının da vəzifə başında olduğunu vurğulanır. Bununla bağlı araşdırmamız davam edir.

Yazıda adları keçən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə