Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Bakı Apelyasiya Məhkəməsində “zurna-balaban” söhbəti…
Bakı Apelyasiya Məhkəməsində “zurna-balaban” söhbəti…
19 Fevral 2016 / 11:50 / Baxış sayı: 1226
Font1 Font2 Font3 Font4

Habil Vəliyev: “Hörmətli hakim, siz qarşı tərəfi yönləndirirsiniz. Bu nə deməkdir? Bu addımla siz verəcəyiniz qərarın obyektivliyinə xələl gətirirsiniz” 

Hakim Abid Abdinbəyov Rizvan Vahabovun mövqeyini dəstəklədi İman Nağıyevə sual edirik: Sizin rəhbərlik etdiyiniz Apelyasiya məhkəməsində Cinayət Kollegiyasının sədrinin gözü qarşısında fasilə vaxtı işə baxılır?

Və ya “zurna-balaban” sözlərini işlətməyə icazə verilir? Bildiyiniz kimi, Dövlət Neft Şirkətinin nəzdində fəaliyyət göstərən Neft Kəmərləri İdarəsinin sabiq rəisi Rizvan Əkbər oğlu Vahabov ötən ilin dekabr ayının 1-də “Gündəlik Bakı” qəzetinin təsisçisi və baş redaktoru, Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin Yasamal rayon şöbəsinin sədri Habil Allahverdi oğlu Vəliyevə qarşı Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələrinə əsasən xüsusi ittiham qaydasında şikayət vermişdi.

23 dekabr 2015-ci il tarixdə isə Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Səfərovun sədrliyi ilə keçirilən hazırlıq iclasında məhkəmə daxil olan şikayətə baxaraq qərara aldı ki, Vəliyev Habil Allahverdi oğlunun Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair Vahabov Rizvan Əkbər oğlu tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət və şikayətə əlavə üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilsin.

əzərinizə çatdıraq ki, Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Səfərov tərəfindən imzalanan qərar tutarlı arqumentlərə əsaslanır. Belə ki, qarşı tərəfin – Rizvan Vahabovun, onun vəkilləri İsmayıl İlham oğlu Kəngərli və Ceyhun Bəykişi oğlu Cəfərovun, eyni zamanda nümayəndəsi Anar Mövsüm oğlu Məmişovun etirazına səbəb olan qərarda hakim Ali Məhkəmənin Plenumunun “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” 21.02.2014-cü il tarixli 3 saylı Qərarının 12-ci bəndinə istinadən şikayəti icraata qəbul etməkdən imtina edib. Çünki Ali Məhkəmənin Plenumunun sözügedən qərarında deyilir ki, kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyatlarında) təhqir və böhtan xarakterli məlumatı yaymış şəxs özünü bəlli etmədikdə belə məlumatlar anonim şəkildə yayılmış məlumatlar hesab edilir, onların yayılması ilə bağlı xüsusi ittiham qaydasında verilmiş şikayət isə Cinayət Prosessual Məcəlləsinin 293.3.1-293.3.7-ci maddələrin tələblərinə uyğun olmayan şikayət kimi qiymətləndirilir.

Belə hallarda məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında qərar qəbul edir. Bundan başqa, Yasamal Rayon Məhkəməsinin 23 dekabr 2015-ci il tarixli qərarında həmçinin o da qeyd olunur ki, Rizvan Vahabov Habil Vəliyev barəsində xüsusi ittiham qaydasında şikayət versə də, şikayətində “Gündəlik Bakı” qəzetinin baş redaktorunun Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələrində nəzərdə tutulmuş cinayətləri törətdiyini qeyd etsə də, sözügedən maddələrdə nəzərdə tutulmuş əməllərin törədilməsinə səbəb olan məlumatların “Gündəlik Bakı” qəzetinin və həmin qəzetin internet səhifəsində müxtəlif vaxtlarda dərc edilmiş məqalələrdə yayıldığını bildirsə də, 16 ədəd sayında dərc edilmiş məqalələr olduğu göstərilsə də, bunları təsdiq edən sübutlar kimi həmin məqalələrin dərc edildiyi həmin qəzetləri məhkəməyə təqdim etsə də, həmin məqalələrin müəllifinin barəsində şikayət verilmiş şəxs Habil Vəliyev tərəfindən yazılması məhkəmədə müəyyən edilə bilməyib. Eyni zamanda, qərarda o da bildirilir ki, şikayətdə 16 ədəd sayda qəzetdə dərc edilmiş məqalələrə istinad edilsə də, yalnız 14.10.2015-ci il tarixli 185 sayında dərc edilmiş məqalədə yayılmış məlumatın Cinayət Məcəlləsinin 147.2-ci maddəsinin tərkibinin yaratdığı qeyd olunub. Belə ki, digər məqalələrdən hansının şikayətdə göstərilən Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələrin tərkibinin yaratdığı konkretləşdirilməyib.

Yəni şəxsin həmin məqalələrdən hansındakı əməlinin Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələrinin tərkibinin yaratdığı əsaslandırılmayıb. Eyni əməlin həm 147.1, həm də 147.2-ci maddənin tərkibinin yaratmasının da əsaslığı şikayətdə öz əksini tapmayıb. Xülasə, bu və digər bir sıra önəmli məqamları nəzərə alan Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Səfərov haqlı olaraq Rizvan Vahabov tərəfindən verilən xüsusi ittiham qaydasında şikayəti icraata qəbul etməkdən imtina edib. Məhz bundan sonra Dövlət Neft Şirkətinin nəzdində fəaliyyət göstərən Neft Kəmərləri İdarəsinin sabiq rəisi Yasamal Rayon Məhkəməsinin 1(004)-666/2015 saylı 23 dekabr 2015-ci il tarixli “xüsusi ittiham qaydasında şikayət və şikayətə əlavə üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina olunması” barədə qərarından Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verib. Beləliklə, ötən gün Bakı Apelyasiya Məhkəməsinin hakimi Abid Abdinbəyovun sədrliyi, adıçəkilən məhkəmənin cinayət kollegiyasının sədri vəzifəsini icra edən Rizvan Səfərov və hakim Qail Məmmədovun iştirakı ilə məhkəmə prosesi keçirildi. İlk öncə nəzərinizə çatdıraq ki, dünən saat 12:00-a təyin olunan məhkəmə prosesi nə az, nə çox – düz bir saat sonra baş tutdu. Bu müddət ərzində yuxarıda adıçəkilən hakimlər digər məhkəmə işlərinə baxırdılar. Məsələnin maraqlı tərəfi ondadır ki, Abid Abdinbəyov 1 saat ərzində təxminən, 3 mühüm məhkəmə işinə baxdı və onların hər birində ittiham tərəfinin mövqeyini qüvvədə saxladı. Hamımıza məlumdur ki, məhkəmələrdə saat 13:00-dan 14:00-a qədər nahar fasiləsidir. Abid Abdinbəyov bizim məhkəmə işimizə 13:00-dan 13:43-ə qədər davam etdi. Hörmətli İman Nağıyevə sual edirik: Sizin rəhbərlik etdiyiniz Apelyasiya məhkəməsində Cinayət Kollegiyasının sədrinin gözü qarşısında fasilə vaxtı işə baxılır?

Və ya “zurna-balaban” sözlərini işlətməyə icazə verilir? Ən qəribə hadisə isə hakimlə dələduzluqda ittiham olunan şəxs arasında yaşandı.

Belə ki, hakim Abid Abdinbəyov Bakı Apelyasiya Məhkəməsinin cinayət kollegiyasının sədri vəzifəsini icra edən Rizvan Səfərovun gözü qarşısında, vətəndaşların etibarından sui-istifadə edərək onların pulunu mənimsəyən şəxs və onun yaxınları ilə “zurna-balaban” söhbəti etdi. Təbii, bu cür söhbətlər hakim peşəsi ilə üst-üstə düşmür. “Məhkəmələr və hakimlər haqqında” Qanuna nəzər salsanız görərsiniz ki, hakimlər ədalət mühakiməsini həyata keçirərkən qanunların tələblərinə dəqiq və dönmədən əməl etməli, eyni zamanda hakimin yüksək adına, şərəf və ləyaqətinə xələl gətirən hər hansı hərəkətdən çəkinməlidir. İndi özünüz qərar verin: Müttəhimlə “zurna-balaban” söhbəti hakimin yüksək adına yaraşarmı?.. Bu arada, Rizvan Səfərovun bu məsələyə biganə qalması, reaksiya verməməsi də heç də xoş hal kimi qarşılanmır… Nə isə, keçək əsas məsələyə. İclası açıq elan edən hakim Abid Abdinbəyov proses iştirakçılarına bildirdi ki, iddiaçı Rizvan Vahabov Yasamal Rayon Məhkəməsinin qərarının ləğv edilməsi və iş üzrə yenidən hazırlıq iclasının keçirilməsi üçün şikayətin birinci instansiya məhkəməsinə göndərilməsi barədə qərarın qəbul olunmasını xahiş edib. O, məhkəmə heyətini təqdim etdikdən sonra tərəflərdən məhkəmə heyətinə etirazın olub-olmadığı ilə maraqlandı. İddiaçı tərəf etirazının olmadığını bildirsə də, Habil Vəliyev çıxış üçün söz istədi və məhz bu məsələ ilə bağlı bir sıra önəmli məqamlara toxundu. Habil Vəliyev: – Möhtərəm hakim, mən “Gündəlik Bakı” qəzetinin baş redaktoru olaraq ötən məhkəmə iclasında iştirak edə bilməmişəm. Mənə məhkəmənin saat 12:00-da başlayacağını bildirsələr də, həmin vaxt biz məhkəməyə gəldikdə məlum oldu ki, proses qeyd olunan vaxtdan xeyli əvvəl, saat 10:15-də baş tutub və iştirakımız olmadan işin icraata qəbul olunması ilə bağlı qərar qəbul olunub. Buna görə də məhkəmədən çıxdıqdan dərhal sonra ölkə başçısına müraciət etdim. Güman edirəm ki, bu məhkəmə prosesində mənə qarşı qərəzli mövqe tutula bilər. Ona görə də hakim Abid Abdinbəyovdan imtina edirəm. Hakim Abid Abdinbəyov: – Bunlar hamısı qanunda öz əksini tapıb və həll olunma qaydası var. Bizim cədvəl üzrə ötən prosesin vaxtı 10:15 kimi qeyd olunub. Lakin biz işə 10:15-də yox, 11:20-də baxdıq.

Ümumiyyətlə, bu ilkin baxışdır və bu zaman mahiyyəti üzrə heç nə həll olunmur. İlkin baxışda yalnız işə mahiyyəti üzrə baxılmasının vaxtı təyin olunur. Lap tutaq ki, siz orda iştirak etdiniz, orda nə həll olundu, Sizin hansı hüququnuz pozuldu? Habil Vəliyev: – Ruslan müəllim kimdir? O, mənim mobil telefonuma zəng edib dedi ki, prosesin vaxtı saat 12:00-dadır. O, bizim yox, məhkəmənin işçisidir. Lakin sonra bəlli oldu ki, proses deyilən vaxtdan xeyli əvvəl, özü də bizim iştirakımız olmadan baş tutub. Hakim: – Tutaq ki, siz dediyiniz kimi olub. Deyin, sizin hansı hüququnuz pozulub? Habil Vəliyev: – Mənim hansı hüququm pozulmayıb? Mən qarşı tərəf olaraq həmin prosesdə iştirak etməliydim. Məhkəmədən dedilər ki, filan vaxtı gəlin, mən də işimi-gücümü atıb qeyd olunan vaxtı gəldim. Ancaq sonra məlum oldu ki, iclas iştirakım olmadan keçirilib. Siz mənə zalda dediniz ki, artıq iclas oldu qurtardı. Mən bunu necə başa düşə bilərəm. Hakim: – Bu işə mahiyyəti üzrə baxılır, nə sözünüz varsa deyin. Əgər siz bizə etiraz verirsinizsə, onda etirazı yazılı surətdə təqdim edin, baxaq qərar qəbul edək. Hakim: – Rizvan Vahabov, siz şikayətinizin üstündə durursunuz? Rizvan Vahabov: – Bəli. Bundan sonra hakim Abid Abdinbəyov çıxış üçün sözü Rizvan Vahabovun vəkili İsmayıl Kəngərliyə verdi. O isə öz növbəsində, apelyasiya şikayətində qeyd olunan məqamlara toxundu və məhkəmədən şikayətin təmin olunmasını xahiş etdi. Daha sonra hakim sözü “Gündəlik Bakı” qəzetinin baş redaktoru Habil Vəliyevə verdi.

Habil Vəliyev: – Möhtərəm hakim, qarşı tərəfin apelyasiya şikayətində qeyd olunur ki, “xüsusi ittiham qaydasında şikayət və şikayətə əlavə üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina olunması” barədə Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 1(004)-666/2015 saylı 23 dekabr 2015-ci il tarixli qərarının ləğv edilməsi və iş üzrə yenidən hazırlıq iclasının keçirilməsi üçün birinci instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edəsiniz.

Mən burdan heç nə başa düşmədim. İkincisi, birinci instansiya məhkəməsinə ünvanladıqları şikayət ərizəsinə nəzər salaq.

Mümkündürsə, ərizənin “xahiş edirəm” hissəsindəki xüsusi ittiham qaydasında şikayət üzrə sübutların siyahısına baxasınız. Orada qeyd olunur: 1.Xüsusi ittiham qaydasında şikayətin surəti;

2.”Gündəlik Bakı” qəzeti və məqalə dərc olunan səhifələrin surəti; 3.İnternet saytında yerləşdirilmiş məlumatların surəti; 4.Hüquqi ünvan barədə arayışın surəti; 5.MAPS arayış. Hörmətli hakim, bunlar apelyasiya məhkəməsinə yenidən şikayət ərizəsi yazıblar. Bu, “Gündəlik Bakı” qəzetinə qarşı Rizvan Vahabov, digərləri tərəfindən aparılan bir kampaniyadır. Möhtərəm hakim, məlumat üçün qeyd edim ki, Rizvan Vahabov mənə qarşı xüsusi ittiham qaydasında Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri əlamətlərini mənim əməlimdə mövcud olmasını sübut etməklə, həmin maddələrlə məsuliyyətə cəlb edilməyim məqsədilə Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. O, öz müraciətində “Gündəlik Bakı” qəzetinin bir çox saylarında ona qarşı böhtan, təhqir və şəxsi həyata müdaxilə edilən yazılar yazıldığını iddia edirdi. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 293.3.1, 293.3.2, 293.3.3 ,293.3.6, maddələrində göstərilməli olan müddəalar, yəni həmin müddəaların tələbi kobud şəkildə pozulduğuna görə Yasamal Rayon Məhkəməsi tərəfindən iddiadan imtina edilmişdir.

İlk öncə onu bildirim ki, Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Səfərov Azərbaycan Respublikasının qanunlarına söykənərək düzgün qərar qəbul etmişdir. Yəni Rizvan Vahabov haqqında yazılan məqalələrin heç birinin müəllifi mən deyiləm. Məqalə müəllifləri məlumdur və qəzetin 16-cı səhifəsində göstərilmişdir ki, müəllif yazılarına görə redaksiya heç bir məsuliyyət daşımır. Məqalənin müəllifləri bəlli olsa da, şikayətçi qərəzli olaraq mənim barəmdə şikayət vermişdir. Həmçinin böhtanla təhqir bir-biri ilə ziddiyyət təşkil edir. Onu da nəzərinizə çatdırım ki, ümumiyyətlə həmin vaxt mən seçki komissiyasının sədri olmuşam və qəzetə rəhbərlik etməmişəm. Həmin vaxt qəzetə rəhbərlik başqa şəxs tərəfindən aparılıb. Yəni Rizvan Vahabov və onun ətrafında olan şəxslər mənə qarşı qərəzli mövqe tuturlar. Rizvan Vahabovun ən yaxın adamlarından və onun müsahibələrini, yazılarını dərc edən qəzet də, eyni məzmunda məhkəməyə müraciət etmişdir və onun da şikayəti təmin olunmadı. Apelyasiya məhkəməsində birinci instansiya məhkəməsinin çıxardığı qərar dəyişdirilmədən qüvvəsində qaldı. Yəni bir əldən idarə olunan şəxslərin mənə qarşı qərəzli mövqe tutduqları açıq-aşkar görünür. Möhtərəm hakim, “Gündəlik Bakı” qəzetində dərc olunan məqalələrdə heç kimin şərəf və ləyaqəti tapdana bilməz.

Rizvan Vahabovun bizimlə bağlı qaldırdığı məhkəmə iddiası təkcə Yasamal rayonunda deyil, hətta Binəqədi rayonunda da baxılaraq imtina olunmuşdur. Belə ki, hakim Mirheydər Zeynalovun qəbul etdiyi qərarda deyilir: “Bakı şəhər Binəqədi Rayon Məhkəməsi hakim Mirheydər Seyidəmir oğlu Zeynalovun sədrliyi, Əsgərova Gülnar Elgiz qızının katibliyi, barəsində xüsusi ittiham qaydasında şikayət verilən Vəliyev Habil Allahverdi oğlunun iştirakı ilə Vahabov Rizvan Əkbər oğlu tərəfindən Vəliyev Habil Allahverdi oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunması barədə xüsusi ittiham qaydasında şikayətə açıq məhkəmə iclasında baxaraq qərara aldı: Vahabov Rizvan Əkbər oğlunun Vəliyev Habil Allahverdi oğlu barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul olunmasından imtina olunsun”. Rizvan Vahabov isə öz növbəsində, Binəqədi rayonunda hakim Mirheydər Zeynalovun sədrliyi ilə keçirilən məhkəmədə imtina qərarının vaxtının tamam olmasına baxmayaraq, yenidən Yasamal Rayon Məhkəməsinə eyni ərizə ilə müraciət etmişdir.

Yəni Rizvan Vahabov Binəqədi Rayon Məhkəməsinin qərarından apelyasiya şikayəti vermək əvəzinə eyni vaxtda həm o, həm də başqa şəxslər barəmdə Yasamal Rayon Məhkəməsinə xüsusi ittiham qaydasında şikayətlə müraciət edib. Nəzərinizə çatdırım ki, şikayət verən şəxs mənim barəmdə verdiyi xüsusi ittiham qaydasında olan şikayətdə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəllənin (CPM) 293.3.1, 293.3.2, 293.3.3, 293.3.4-cü maddələrinin tələblərini kobud şəkildə pozmuşdur. Mənim rəhbərlik elədiyim qəzetin ünvanı, mənim ünvanım doğru-dürüst şəkildə yazılmamışdır. Bundan əlavə, şikayətçi doğulduğum yeri Zəngilan rayonu Həkəri kəndi göstərir və Zəngilan rayonunu göstərdiyi halda, mənimlə bağlı şikayəti Yasamal rayonuna edir. Halbuki, Zəngilan rayonunun məhkəməsi Bakı şəhərində yerləşir. Bundan əlavə, Azərbaycan Respublikasının müvafiq qanunlarında göstərilir ki, zərərçəkən şəxsin vəkili olmalıdır. Rizvan Vahabov bu qədər davam edən məhkəmədə özü sübuta yetirir ki, o zərərçəkən şəxs qismində tanınmamalıdır. Çünki o vəkillə yox, nümayəndə ilə təmsil etdirir. Belə ki, xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali məhkəməsi plemiumunun 21 fevral 2014-cü ildə Bakı şəhərində qəbul olunmuş 3 nömrəli qərarında hər şey açıq-aydın göstərilmişdir.

 

Xatırladım ki, həmin qərarın 11-ci bəndində göstərilir ki, “məhkəmələrin nəzərinə çatdırılsın ki, xüsusi ittiham qaydasında icraatın başlanılmasına səbəb yalnız zərərçəkmiş şəxs tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yuridiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermiş şəxs haqqında məlumatlar, törədilmiş cinayət barəsində məlumatlar, (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə habelə, hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix, il, ay və gün şikayəti vermiş şəxsin imzası (CPM-nin 293.3.1, -293.3.7-ci maddələri)”. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə Cinayət Prosessual Məcəllənin 302.1.2-3.02.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Lakin göstərilən məqalələrdə və tərəfin təqdim etdiyi xüsusi ittiham qaydasında şikayətə nəzər salsaq, şikayət verdikləri şəxsin haqqındakı məlumatlar düzgün göstərilmir.

Bir daha nəzərinizə çatdırmaq istəyirəm ki, xüsusi ittiham qaydasında edilən şikayətdə prosessual qaydalar ölçüyə gəlməz dərəcədə pozulmuşdur və xüsusi ittiham qaydasında edilən şikayət ərizəsi düzgün tərtib olunmamışdır. Nəzərinizə çatdırmaq istəyirəm ki, həmin yazı dərc olunan qəzetin orijinalları işin içərisində yoxdur və bu ən önəmli sübutlardan biridir. Məhz ona görə də, xüsusi ittiham qaydasında şikayətin düzgün tərtib olunmaması qanunla sübut olunur. Möhtərəm hakim, bir-birinə ziddiyyət təşkil edən 3 maddə ilə cinayət işi qaldırmaq heç cür mümkün deyil. Bundan başqa, bir daha onu da nəzərinizə çatdırım ki, bu gün Rizvan Vahabovu müdafiə edən şəxslərin heç də hamısı Vəkillər Kollegiyasının üzvü deyil. Onların arasında vəkil olmayanlar da var. Həmin şəxslər işdə nümayəndə qismində çıxış edirlər. Bu isə qanunvericiliyə ziddir. Zərərçəkmiş şəxs məhkəmə prosesində nümayəndə ilə yox, vəkillə çıxış etməlidir. Möhtərəm hakim, xahiş edirəm ki, bununla bağlı yerindəcə xüsusi qərardad çıxarasınız. Bundan sonra hakim Abid Abdinbəyov Habil Vəliyevdən Binəqədi Rayon Məhkəməsinin hakimi Mirheydər Zeynalovun sədrliyi ilə keçirilən məhkəmə prosesində qəbul olunan qərarı istədi. Hakim: – Zəhmət olmasa, tanış olmaq üçün həmin qərarı məhkəməyə təqdim edin. Habil Vəliyev: – Hörmətli hakim, bütün bunlar Yasamal Rayon Məhkəməsinin çıxardığı qərarın qüvvədə qalması üçün əsasdır. Çünki həmin qərar qanunvericiliyin bütün zəruri maddələri ilə nəzərə alınmaqla qəbul olunub. Möhtərəm hakim, həmin məqalələrin hər hansı birində Habil Vəliyevin adı varmı? Hər yazının öz müəllifi var və redaksiya müəlliflərin yazısına görə məsuliyyət daşımır.

Bunlar isə məqsədli şəkildə məni ittiham edir, barəmdə xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edirlər. Odur ki, sizdən qarşı tərəfin apelyasiya şikayətinin qəbul olunmamasını, Yasamal Rayon Məhkəməsinin dolğun, əsaslandırılmış qərarının qüvvədə saxlanılmasını xahiş edirəm. Ümid edirəm ki, uzun illər bu sahədə çalışan bir şəxs kimi ədalətli qərar qəbul edəcəksiniz. Bundan sonra hakim Abid Abdinbəyov iddiaçı tərəfin vəkilinə müraciət edərək “Qəzetin son səhifəsində onun yerləşdiyi ünvan kimi Binəqədi rayonu göstərilir. Belə olan halda siz nə üçün Yasamal rayonuna müraciət etmisiniz”, deyə sual ünvanladı. Hakim: – Qəzetdən aydın şəkildə görünür ki, o, Binəqədi rayonunda yerləşir. Odur ki, siz aidiyyəti üzrə Binəqədi Rayon Məhkəməsinə müraciət etməli idiniz. Binəqədi rayonunda da artıq bununla bağlı qərar qəbul olunub. Bu işin Yasamal rayonuna nə aidiyyəti var? Habil Vəliyev: – Möhtərəm hakim, Yasamal Rayon Məhkəməsinin qərarında Binəqədi Rayon Məhkəməsində qəbul edilən qərardan da söhbət açılır. Ümumiyyətlə, qarşı tərəf Yasamal Rayon Məhkəməsinin hakimini şərləyir, onun heç bir araşdırma aparmadığını, protokol yazmadığını qeyd edirlər. Niyə siz buna öz münasibətinizi bildirmirsiniz? Hakim: – Mən 32 ildən çoxdur ki, hakim işləyirəm. Həmişə mülki işlərdə bu zaldan çıxan tərəflərdən biri mütləq narazı çıxır. Çox nadir hallarda, yüz, min işdən birində olur ki, hər iki tərəf məhkəmədən razı çıxsın. Ötən dəfə bunların xeyrinə olmayan qərar qəbul olunub, onlar narazı qalıb. İndi biz sizin xeyrinizə olmayan qərar qəbul edə bilərik, siz də bizdən narazı qalarsınız. Habil Vəliyev: – Möhtərəm hakim, ədalətli məhkəmə prosesində heç bir tərəf narazı çıxmır. Çünki hər iki tərəf işin qanun çərçivəsində aparıldığına tam şəkildə əmin olduğundan narazılıq etməyə əsas qalmır.

Belə görürəm ki, siz bu işi icraatınıza götürdüyünüz andan bizim məhkəmədən narazı qalmağımız üçün çalışırsınız. Möhtərəm hakim, biz burda Yasamal Rayon Məhkəməsinin çıxardığı qərarı müzakirə edirik. Bunlar isə sizə əlavə sənədlər təqdim edir və siz də onları qəbul edirsiniz. Belə çıxır ki, artıq yeni şikayət ərizəsini araşdırırsınız. Halbuki siz qərarı müzakirə etməlisiniz. Onların təqdim etdikləri dəlil kimi qəbul oluna bilməz. Qeyd edim ki, mən hələ birinci instansiya məhkəməsində bildirmişdim ki, möhtərəm hakim, qarşı tərəfin bu anadək təqdim edəcəyi hansısa bir əsaslı dəlili varmı? Qarşı tərəf isə “xeyr, yoxdur” deyə cavab verib. Yalnız bundan sonra mən vəsatətlə çıxış etdim və vəsatətim təmin olundu. Bununla da məhkəmənin qərarı ilə xüsusi ittiham qaydasında verilən şikayət ərizəsi icraata qəbul olunmadı. İndi isə siz həmin sənədləri sübut kimi qəbul edirsiniz. Möhtərəm hakim, siz bunları işə əlavə etməklə açıq-aşkar şəkildə qarşı tərəfin mövqeyini müdafiə edirsiniz. Bununla da verəcəyiniz qərar artıq indidən ciddi şübhə doğurur. Daha sonra hakim çıxış üçün sözü Rizvan Vahabova verdi. Rizvan Vahabov: – Möhtərəm hakim, xahiş edirəm ki, mənim yazdığım qəbul olunsun. Hakim: – Nəyi deyirsiniz? Deməli, deyirsiniz ki, şikayətiniz qəbul olunsun. Habil Vəliyev: – Hörmətli hakim, siz qarşı tərəfi yönləndirirsiniz. Bu nə deməkdir? Bu addımla siz verəcəyiniz qərarın obyektivliyinə xələl gətirirsiniz. Möhtərəm hakim, Rizvan Vahabovun da dediyi kimi, “Təzadlar” qəzeti uzun müddət onun barəsində yazı dərc edib. Bizdə nəşr olunan yazılar da həmin məqalələrə əsasən hazırlanıb.

Yəni ilkin mənbə “Təzadlar” qəzetidir. Əgər “Təzadlar” qəzeti ilə qarşı tərəf arasında hansısa anlaşma, razılıq əldə olunubsa, o zaman bu barədə məlumat verərdilər, biz də bunu dərc edərdik. Biz hər məqalənin altında qeyd edirik ki, qarşı tərəf öz münasibətini bildirə bilər. Lakin buna baxmayaraq, qarşı tərəf qeyd olunanlarla bağlı mövqeyini ortaya qoymayıb. Bundan başqa, hörmətli hakim Rizvan Vahabov proses boyunca mənə hədələyici ifadələr işlədir. Lakin siz buna reaksiya vermirsiniz. Onun vəkili mənə xitabən bildirir ki, artıq divar qurtarır. Mən bu ifadəni özümə təhdid kimi qəbul edirəm və xahiş edirəm ki, bunu prokotola qeyd edəsiniz. Möhtərəm hakim, qanunlara hamı əməl etməlidir. Xahiş edirəm ki, qanunlara əsaslanaraq ədalətli qərar çıxarasınız. Bundan sonra məhkəmə müşavirə otağına getdi. Müşavirədən qayıtdıqdan sonra hakim Abid Abdinbəyov qərarı elan etdi. Beləliklə, elə ilk dəqiqələrdən iddiaçı tərəfin mövqeyini dəstəkləyən hakim işin yenidən baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilməsinə qərar verdi. P.S: Bizim bu işimizlə bağlı, yəni məhkəmə qərarının dəyişdirilməsi ilə əlaqədar kimsə kiməsə xahiş edibsə, kimsə kiməsə rüşvət veribsə, kimsə kimdənsə rüşvət alıbsa və ya xahiş edibsə, istər Azər olsun, istər Cəfər, onun ölüsünə, dirisinə, arvad-uşağına, qızına-gəlininə, ümumiyyətlə, başında ləçəyi olanların hamısına öz ürəyimizdən keçən xoş sözləri deyirik.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə