Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Nazirlikdən sosial yardım almaq istəyənlərə – Yeni xəbər
Nazirlikdən sosial yardım almaq istəyənlərə – Yeni xəbər
22 Fevral 2016 / 13:15 / Baxış sayı: 302
Font1 Font2 Font3 Font4

Azərbaycan prezidenti İlham Əliyevin 23 fevral 2015-ci il tarixli Fərmanına əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş informasiya sistemində yaradılmış ünvanlı dövlət sosial yardımı üzrə Vahid Elektron Müraciət və Təyinat Alt Sisteminin (VEMTAS) təqdimatı olub.

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov dövlət başçısının tapşırıqlarına uyğun olaraq, son illərdə nazirliyin fəaliyyət sahələrində əhaliyə müasir və şəffaf xidmətlər sisteminin qurulması üçün mühüm islahat tədbirlərinin həyata keçirildiyini bildirib: “Bu islahatların mühüm bir istiqaməti də prezident İlham Əliyevin 23 fevral 2015-ci il tarixli Fərmanına uyğun olaraq, ünvanlı dövlət sosial yardımı proqramının elektron əsaslar üzərində avtomatlaşdırılmış şəffaf icra mexanizminin, bu yardım növü üçün elektron qaydada müraciət və təyinat sisteminin formalaşdırılmasına yönəlib. Fərmanın icrası olaraq, ötən dövrdə nazirlik tərəfindən konkret Tədbirlər planı əsasında institisional və texniki səviyyələrdə məqsədyönlü işlər aparılaraq, ünvanlı dövlət sosial yardımı üzrə mükəmməl proqram təminatlarına əsaslanan VEMTAS yaradılıb”.

S. Müslümov “Elektron hökumət” portalı üzərindən qurulan VEMTAS-ın ünvanlı dövlət sosial yardımının alınması üçün müraciətin edilməsinə, müraciətlərə baxılmasına, yardım təyin olunub-olunmaması barədə qərarın qəbuluna, bununla bağlı müraciət edən şəxsə məlumatın verilməsi prosesinin tam avtomatlaşdırılmış şəraitdə həyata keçirilməsinə imkan verdiyini vurğulayıb. Müraciət edən ailələrə aid müvafiq məlumatların elektron qaydada əldə olunması məqsədilə nazirliyin “Elektron hökumət” portalı üzərindən ümumilikdə 20-dən artıq quruma aid informasiya resurslarına çıxış imkanlarının təmin olunacağı nəzərdə tutulur.

Nazir bildirib ki, ailələri təmsil edən vətəndaşlar ünvanlı dövlət sosial yardımının alınması üçün kompüterlər, mobil telefonlar və sair, habelə bu məqsədlər üçün xüsusi olaraq poçt şöbələrindəki quraşdırılmış infoköşklər vasitəsilə “Elektron hökumət” və ya nazirliyin “Elektron xidmətlər” portallarındakı “Ünvanlı sosial yardımla bağlı müraciətin edilməsi” e-xidməti vasitəsilə müraciət edə bilərlər: “Bu e-müraciətlər VEMTAS vasitəsilə qəbul ediləcək və 15 iş günü müddətində araşdırılaraq elektron qaydada cavablandırılacaq. Həmin ailələrin ünvanlı dövlət sosial yardımı almaq hüquqlarına baxılması üçün lazım olan arayış və məlumatlar aidiyyəti qurumların informasiya ehtiyatlarından əldə olunacaq. Yəni bu amil sosial yardım təyinatı sahəsində kağız daşıyıcılardan istifadənin tam məhdudlaşdırılmasına səbəb olacaq. Vətəndaşların müraciət zamanı elektron qaydada “Ərizə-bəyannamə”də qeyd etdikləri məlumatlar sistem tərəfindən avtomatlaşdırılmış şəkildə yoxlanılacaq. Əgər uyğunsuzluq aşkar edilməzsə, ailəyə sosial yardımın təyin olunması barədə qərar çıxarılacaq, əks halda sosial yardımın təyin olunmasından imtina ediləcək”.

S. Müslümov diqqətə çatdırıb ki, sosial yardımın təyin olunması barədə qərar çıxarıldığı hallarda yardımın məbləği və təyin edilmə müddəti, onun əldə edilməsi üçün plastik kartın hansı bankdan alınacağı barədə, yardım təyin olunmasından imtina olunması barədə qərar çıxarıldığı hallarda isə imtinanın səbəbləri göstərilməklə qərarın çıxarıldığı gün təmsilçinin “Ərizə-bəyannamə”də qeyd etdiyi əks əlaqə vasitələrinin birinə məlumat göndəriləcək: “Göründüyü kimi, bu sistem artıq ünvanlı dövlət sosial yardımları üçün müraciətin edilməsi və yardımın təyinatı prosesinin məmur müdaxiləsinin mümkün olmadığı şəraitdə həyata keçirilməsinə, prosesin şəffaf şəraitdə reallaşmasına imkan yaradır. Bu sahədə kağız daşıyıcılardan istifadə tam məhdudlaşdırılır və vətəndaşların ünvanlı dövlət sosial yardımı almaqdan ötrü müraciət etmələri üçün müxtəlif qurumlardan sənəd toplamaları praktikası keçmişə çevrilir”.

Nazir prezident İlham Əliyevin 23 fevral 2015-ci il tarixli Fərmanının icrası olaraq yenidən hazırlanmış “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli qərarı ilə təsdiq edildiyini bildirib:“Bu sənəddə də ünvanlı dövlət sosial yardımının alınması üçün vətəndaşlar tərəfindən müraciət edilməsi, müraciətlərə baxılması, yardım təyin olunub-olunmaması barədə qərar qəbulu, bununla bağlı müraciət edən şəxsə məlumat verilməsi prosesinin tam elektron qaydada həyata keçirilməsi öz əksini tapıb”. Yeni Qaydalardan bəhs edən S. Müslümov sənəddə aztəminatlı ailələrin ünvanlı dövlət sosial yardım sistemindən yararlanmaq imkanlarının genişlənməsinə yönələn bir sıra dəyişikliklərin də əksini tapdığını diqqətə çatdırıb.

S. Müslümov ünvanlı dövlət sosial yardımı üzrə VEMTAS-ın ölkəmizə məxsus səmərəli bir sistem olduğunu, ünvanlı dövlət sosial yardımı sisteminin avtomatlaşdırılmasının innovativ texnologiyaların tətbiqi yolu ilə aztəminatlı ailələrin bu yardım sistemi üzrə çevik, rahat və şəffaf xidmətlərlə təmin olunmasına şərait yaratdığını vurğulayıb.

Daha sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İnformasiya texnologiyaları şöbəsinin müdiri Elnur Məcidov VEMTAS, onun texniki imkanları, vətəndaşlar tərəfindən ünvanlı dövlət sosial yardımının alınması üçün “Ünvanlı sosial yardımla bağlı müraciətin edilməsi” e-xidməti vasitəsilə müraciət edilməsi, e-müraciət zamanı “Ərizə-bəyannamə”nin doldurulması qaydaları barədə ətraflı məlumat verib. Qeyd olunub ki, elektron formada göndərilmiş müraciət qeydiyyata alındıqdan dərhal sonra bu barədə istifadəçinin ekranında məlumat görünəcək və həmin tarix ailənin sosial yardımın alınması üçün müraciət etdiyi gün hesab ediləcək. Müraciətin qəbul olunduğu gün VEMTAS tərəfindən müvafiq rayon (şəhər) ƏSMM-nin ünvanlı sosial yardım üzrə işçisinə (sosial yardımın təyin olunmasından imtina edilən hallar istisna olmaqla) ailənin maddi-məişət şəraitinin müayinəsinin aparılması barədə tapşırıq göndəriləcək. Aparılmış müayinənin nəticələri real vaxt rejimində VEMTAS-a ötürüləcək və xüsusi proqram təminatı vasitəsilə həmin məlumatlar “Ərizə-bəyannamə”də əks olunan məlumatlarla üzləşdirilərək yoxlanılacaq.

Sosial yardımın təyin olunması barədə qərar çıxarıldığı hallarda, yardımın məbləği və təyin edilmə müddəti, yardım vəsaitinin əldə edilməsi üçün plastik kartın hansı bankdan götürüləcəyi barədə, yardım təyin olunmasından imtina edilməsi qərarı çıxarıldığı hallarda isə imtinanın səbəbləri göstərilməklə qərarın çıxarıldığı gün təmsilçinin “Ərizə-bəyannamə”də qeyd etdiyi əks əlaqə vasitələrinin birinə məlumat göndəriləcəkdir.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə