Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Ali Məhkəmə “Qara kəmər”in ağ yalanlarının açılmasına “yox” dedi
Ali Məhkəmə “Qara kəmər”in ağ yalanlarının açılmasına “yox” dedi
10 Mart 2016 / 11:10 / Baxış sayı: 936
Font1 Font2 Font3 Font4

Bu gün, martın 10-da “Qara kəmər” əməliyyatının keçirilməsinin 11-ci ili tamam olur. Artıq ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin 2005-ci ildə həyata keçirdiyi bu əməliyyat sonradan elə onu keçirənlər tərəfindən gözdən salındı. 

Hacı Məmmədov ibtidai istintaq zamanı rəisi olmuş Zakir Nəsirovun əleyhinə doğruluğuna böyük şübhələr olan ifadələr verdi. Buna baxmayaraq Z.Nəsirov həbs olundu və sonradan məhkəmə onun barəsində ömürlük həb qərarı verdi. Hacı Məmmədov məhkəməsində “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun qətlini öz üzərinə çəkdi və sifarişçi kimi vaxtilə iqtisadi inkişaf naziri olmuş Fərhad Əliyevi göstərdi. İfadə səsləndirildiyi andan doğruluğuna şübhələr vardı və bu gün də həmin ifadənin araşdırlıb-araşdırlmadığı bilinmir. 

Qeyri-ciddi ifadələri ilə yadda qalan H.Məmmədov bununla belə məhkəməsində danışmağa, həqiqətin üzə çıxmasına yönəlik ifadələr verməyə ara-sıra cəhdlər göstərirdi. Amma son nəticədə Hacı Məmmədov danışmaqdan çəkinirdi. Hamı gec-tez Hacı Məmmədovun bildiklərini, ən azından bir qismini deyəcəyini gözləyirdi. Eldar Mahmudov vəzifəsindən çıxarılandan sonra bu gözləntilərin doğrulması üçün 10 illik fasilədən sonra real şərait yarandı.

2015-ci ilin dekabrında Hacı Məmmədov öz təşəbbüsü ilə Ali Məhkəməyə ərizə ilə müraciət etdi. Ali Məhkəmənin sədri Ramiz Rzayev onun ərizəsində göstərdiyi yeni halların araşdırılmasının mümkünlüyünü yoxlamaq üçün hakimlərdən birinə tapşırdı. Bu gün həmin hakimin adı açıqlanmır.

Maraqlı ehtimal budur ki, ərizənin araşdırılmasında Hacı Məmmədovun dəstəsinin işi üzrə hökm çıxarmış hakimin özündən – Əli Seyfəliyevdən məsləhətlər alına bilər. Məsələ burasındadır ki, Ə.Seyfəliyev Hacı Məmmədov və digərlərinin işi üzrə hazırda Bakı Ağır Cinayətlər Məhkəməsi adlanan, 2007-ci ildə Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hökm oxuyan hakim olub. 2008-ci ildə isə Ə.Seyfəliyev Ali Məhkəmənin Cinayət kollegiyasının üzvü təyin edilib. 2015-ci ildə Ali Məhkəməyə daxil olan H.Məmmədovun ərizəsinin araşdırılması da məhz Cinayət Kollegiyasına tapşırılmasına şübhə yoxdur. Hazırda kollegiyanın 7 üzvündən biri Ə.Seyfəliyevdir.

Məsələnin digər maraqlı tərəfi də H.Məmmədovun onunla bərabər həbs olunan şəxslərdən fərqli olaraq MTN-in İstintaq təcridxanasında saxlanılmasıdır. Hacı Məmmədovun bacısı Arifə Məmmədova bir müddət əvvəl “Yeni Müsavat”a http://musavat.com/news/olke/haci-memmedovun-erizesi-ali-mehkemeye-daxil-oldu-yeni-gelishme_317357.html açıqlama verərək bildirib ki, qardaşını MTN-də son 10 il faktiki girov vəziyyətində saxlayıblar.

Həmin yazıdan sitat: “A.Məmmədovanın sözlərindən aydın olub ki, Hacı Məmmədov işin yenidən araşdırılmasını tələb edir. Buna görə də ona yeni vəkil tutulub. A.Məmmədova “Qabaqda proseslər var. Hacı nə bilirsə, açıb deyəcək. Tələsməyin, hər şey ortaya çıxacaq. Yenidən istintaq araşdırması olacaq” – deyə bildirmişdi.

A.Məmmədova qardaşı ilə görüş zamanı etdikləri söhbətlərin mövzusunu da açıqlamışdı: “Köhnə işlərdən danışdı, dedi ki, Zakir Nəsirov günahsızdır, çıxmalıdır. Onu məcbur ediblər. Vəkili gözləyir, yazıb verəcək. O istəyir ki, bütün bu məsələlər “ofisalnı” olsun. Hər şeyi açıb deyəcək”.

A.Məmmədova qardaşının illərlə susmasının səbəbinə də aydınlıq gətirmişdi: “Necə desin? Ora yerdir? Özləri “julik”in böyüyü idilər (ləğv edilən MTN-nin keçmiş rəhbərliyini nəzərdə tutur-red. ). Hər şeyi açıb deyəcəyik. İndi ona təzyiqi kim edəcək? 10 ildir ki, oradadır… Onu bu illər ərzində təzyiq altında saxlayıblar orada. Hər şeyi bir-bir deyəcək”. Ali Məhkəmədən Hacı Məmmədovun müraciətinə baxılıb-baxılmaması ilə bağlı onun özünə məlumat göndəriləcəyini bildiriblər. “Yeni Müsavat”ın əməkdaşı H.Məmmədovun vəkili Afət Qazıyeva ilə əlaqə saxlayıb Ali Məhkəmədən cavab alıb-amamaları ilə maraqlanıb.

Vəkil “Yeni Müsavat”a deyib ki, onda belə bir rəsmi cavab yoxdur.
– Qeyri-rəsmi məlumatınız var?
– Nə rəsmi, nə də qeyri-rəsmi cavab, məlumat  yoxdur.
– Hacı Məmmədovla sonuncu dəfə nə vaxt görüşmüsüz?
– 1 həftə əvvəl görüşdük. Mən onunla görüşəndə elə bir cavab yox idi.
– Vəziyyəti necə idi?
– Şəkəri olan xəstədir.
– Durumunu necə qiymətləndirirsiniz?
– Düzdür, xəstədir, amma görüşmüşdük. Yəni şəkər xəstəsidir bu adam.
– Görüşdən sonra sağlıq durumu ilə bağlı təəssüratınız necə oldu?
– Adam şəkər xəstəsidir. Bundan artıq nəsə deyə bilmərəm.
– Vəziyyəti qəfil pisləşə bilərmi?
– Mən nəsə deyə bilmərəm.
– Hacı Məmmədovla görüşəndə Ali Məhkəməyə müraciətlə bağlı müzakirə oldu?
– Mən onunla sabah görüşəcəyəm. Orada olanda elə bir cavab yox idi.
– Ali Məhkəmədən rədd cavabı alacağınız təqdirdə, yenidən müraciətiniz olacaq?
– Qanunda elə bir şey var, müraciət etmək olar. Amma bir dəfə rədd cavabı alınandan sonra bir daha necə müraciət edəsən?! Mənə ümumiyyətlə heç bir cavab verilmədiyindən, konkret nəsə deyə bilmərəm. Cavabı alandan sonra konkret hərəkət etmək haqda düşünmək olar.
– Hacı Məmmədovun Ali Məhkəməyə müraciətində yeni hallardan biri kimi DİN general-mayoru Zakir Nəsirovun əleyhinə vaxtilə doğru olmayan ifadə verməsini göstərməsi haqda məlumatlar var. Bununla bağlı nə deyə bilərsiniz?
– Sizin məndən də artıq məlumatınız var.
– Bizdə olan məlumatların doğru olub-olmadığını siz Hacı Məmmədovun vəkili olaraq təsdiqləyə və ya təkzib edə bilərsiniz…
– Məndə cavab yoxdur. Ona görə sizə heç nə deyə bilmərəm.
– Sizin Hacı Məmmədovla görüşlərinizə, konfedensial danışıqlar aparmağınıza şərait yaradılır?
– Şərait yaradılır, görüşürük də. Lazımı olan yerlərə də yazmışıq. Amma müraciətə cavab gəlməyib. Bəlkə də göndəriblər, amma mənə çatmayıb. Bizə 1 ay ərzində cavab verməlidirlər. Yəqin ki, cavabı bu günlərdə ala bilərik. Cavab məktubu Hacı Məmmədovun özünə göndərilməlidir, çünki ərizəni yazan odur.
– Hacı Məmmədov ehtimalı edirdi ki, Ali Məhkəmə işdə yeni hal olmadığını əsas gətirib ərizəsindəki göstərdiyi hallar üzrə yeni məhkəmə araşdırması təyin etməyə bilər?
– Bilirsiniz, Hacı Məmmədov öz hüququndan istifadə edib yeni hallar üzrə yazıb verib. Burada ehtimallıq yer yoxdur. Nə ehtimal? O, hüququndan istifadə edib və olan vəziyyəti yazıb aidiyyatı orqana verib.
– Nə yazıb vermişdi? Hansı yeni hallardan söhbət gedirdi?
– Məhkəməyə təqdim etdiyi ərizədə onlar var.
– Hansı hallardan söhbət gedirdi.
– Bu haqda ərizəsində vardı.
– Nə vardı?
– Mənə cavab gələndən sonra, cavabı biləndən sonra nəsə deyə bilərəm. Sabah ora gedəcəyəm, bundan sonra nəsə deyə bilərəm.
Qeyd edək ki, Hacı Məmmədov və digərləri 2005-ci il martın 10-da MTN-in keçirdiyi “Qara Kəmər” əməliyyatı zamanı həbs olunublar. 2006-cı ildən 2007-ci ilə qədər davam edən məhkəmə zamanı H.Məmmədov yarımçıq ifadələr verməklə, bir-birinə zidd olan fikirlər səsləndirib. Məhkəmənin keçirildiyi günlərdə mətbuatda onun həqiqəti gizlətməyə çalışdığı haqda çoxsaylı yazılar dərc olunub. Hacı Məmmədovun yarımçıq ifadələri ilə yaddaşlarda qalan məhkəmənin sonunda onun özü də daxil olmaqla, DİN-in keçmiş şöbə müdiri Kamil Sədrəddinov, nazirliyin Baş Cinayət Axtarış İdarəsinin keçmiş rəisi Zakir Nəsirov və digər 7 nəfər ömürlük həbs cəzasına məhkum ediliblər.
Zamində olan 3 nəfərdən biri – İbrahim Bağırovun işi xitam edilib. Digər 2 nəfər – Azər Əliyev və Aqil Hüseynov isə 2 il şərti cəza alıblar. Onlar saxta sənəd hazırlamaqda, dələduzluq və sair bu kimi əməllərdə təqsirli bilinirdilər. Qalan 13 nəfərə isə 8 ildən 15 ilədək həbs cəzası verilmişdi. Məhkəmə Hacı Məmmədov və digər 26 nəfər barədə hökmü 2007-ci il yanvarın 19-da çıxarıb.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə