Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Nefti yenidən qara qızıla çevirmək olacaqmı?
Nefti yenidən qara qızıla çevirmək olacaqmı?
13 Mart 2016 / 1:03 / Baxış sayı: 1066
Font1 Font2 Font3 Font4

İldırım sürətilə

 

Bəli, bir neçə ölkənin neftin hasilat həcmlərini donduracağı haqda xəbərlər çox tez bir zamanda medianın əsas xəbər başlıqlarına çevrildi. Dərhal məlum oldu ki, Rusiya prezidentindən gələn bu təşəbbüsə Azərbaycan hökuməti də “hə” deyib…

Amma irəlicədən aydın idi ki, nəticələrlə tələsmək lazım deyil. Hər şey ondan asılıdır ki, görən, OPEK ölkələri buna nə deyəcək?

Qeyd edək ki, neft istehsal edən ölkələrin görüşünü martın 20 – dən aprelin 1-dək Rusiyada keçirmək nəzərdə tutulur.

Xüsusən də İranın mövqeyindən çox şey asılı olacaq. Neftlə dolu ilk İran tankeri elə bu günlərdə Avropaya çatdı. İran rəsmiləri bir daha bəyan etdilər ki, məqsədləri ilin axırına qədər gündəlik hasilatı 2 milyon barelə çatdırmaqdır.

Azərbaycana gəldikdə, müəyyən səbəblər üzündən onun 2016-cı ildə hasilatı artırmaq imkanları onsuz da yox idi.

Elə bu səbəbdən ona yaxın ölkənin potensial razılığının olduğu deyilsə də, hasilatın dondurulması haqdakı xəbərlər hələlik yalnız birjalara təsir edə bilir. Etiraf etmək lazımdır ki, bu təsir heç də cüzi də deyil. Bəzi proqnozlara görə neftin qiyməti yaxın günlərdə “dibə enməli,” maksimum aşağı həddə düşərək barell üçün 10 dollar təşkil etməlidi. Amma tamam əksinə oldu. Qiymət bir az da artmağa və hətta 35 dolları keçməyə, bəzi hallarda isə 40 dollara çatmağa başladı…

Bəlkə şok enişlər dövrü artıq sovuşub?

Prinsipcə, neftin qiymətinin oturuşmasını demək olardı. Əgər bəzi nüanslar olmasaydı. ABŞ bu yaxınlarda bazara özü üçün rekord həddə neft çıxarmışdı. Sanksiyalardan qurtulan İran bazara daxil olmağa başlamışdı. Əgər bütün bunların müqabilində neftin qiyməti müəyyən həddə qalmışdısa, bu, o demək idi ki, neft duruş gətirə bildi. Amma bir qeyd var. O da budur ki, hasilat sabit qalmır, bazara yeni həcmlərdə neft daxil olmağa başlayır. Məsələn, bir daha deyirik ki, İran özünün istehsal gücünü hələ indi artırmağa başlayır. Ona görə də ruslar demişkən, “Pavel müsibəti” təhlükəsi hələ sovuşmayıb, çünki bazarda tələblə təklif arasında hələ ki çox böyük disbalans var…

Post-neft dövrü demək asandır…

Azərbaycana gəldikdə isə, yeniləşmiş büdcədə neftin qiyməti 25 dollardan müəyyən edildi. Artıq bir neçə dəfə anons edilib ki, ölkə post – neft dövründə yaşamağa başlayıb. Amma bunu demək çox asandır, etmək isə olduqca çətin.

İnsanlar arasında hələ də neftlə bağlı gözləntilər var. Maraqlısı budur ki, elə hökumət adamları da “Neft erası bitib!” desələr də bu ümidləri birdəfəlik dəfn etmək istəmirlər. Hətta bir neçə həftə bundan əvvəl aidiyyətli qurumlar səviyyəsində deyildi ki, ilin sonuna qədər neftin qiyməti 60 dollara qədər qalxa bilər. Doğrusu, bilmirik ki, belə optimist proqnozlar nəyə əsaslanır? Ona görə ki, dünya miqyasında ən optimist proqnoz belə 40 dolları keçmir…

Məsələnin ən qəliz tərəfi isə bir başqa müstəvidədir. Azərbaycan yaxın gələcəkdə neftdən gələn gəlirləri heç nə ilə kompensasiya etmək iqtidarında deyil. Qeyri-neft sektoru yenicə ayaq açan, yenicə addımlamağa başlayan bir uşaq kimidir, hələ uzun müddət onun əlindən tutmaq lazım gələcək…

Alternativlər bir gündə yaranmır

Düzdür, hökumət neftə alternativlər axtarır. Ölkənin tranzit imkanlarını artırmağa və hətta onun təbii coğarfi üstünlüklərindən faydalanmağa cəhd edir. Amma bu imkanlar hələ yenicə formalaşır. Təbii ki, İran və Rusiya ilə dəmiryolu xətlərinin birləşdirilməsi və Cənub-Şimal dəhlizinin açılması çox ciddi layihə hesab oluna bilər və olunmalıdır da…

Amma bir daha deyirik ki, bu imkanlar yenicə yaranır. Üstəlik, Rusiya ilə Türkiyə arasında münasibətlər pisləşəndə Azərbaycan Türkiyə tırlarını Xəzər üzərindən Mərkəzi Asiyaya ötürdü. Amma tez bir zamanda məlum oldu ki, Xəzəryanı ölkələrin liman və yük qəbuletmə infrastukturu hələ belə həcmlərə hazır deyil, onları inkişaf etdirmək lazımdır. Eləcə də Xəzərin özü də yükdaşıma üçün az problemlər yaratmır. Bir də görürsən ki, hava şəraiti o qədər pisləşir ki, bərələr dənizə çıxa bilmir…

Amma başqa yol da yoxdur. Neftin indiki qiyməti, ümumiyyətlə, dünya yanacaq konyunkturasındakı vəziyyət daha çox geosiyasi amilərlə bağlı olsa belə, yenə də qeyri-neft sektoru haqqında ciddi düşünmək lazım gələcək, ən azı ona görə ki, alternativ enerji imkanları axtarmaq artıq dünyada ekzotika kimi qarşılanmır. Məsələn, daha elektromobillər əvvəllər olduğu kimi fantastik filmlərin süjeti deyil…

Amma təbii ki, yenə də hamımız neftin bahalaşmasında maraqlıyıq. Çünki bir daha deyirik ki, qeyri-neft sektoru bir-iki günün işi deyil…

Elə bu səbəbdən bu geosiyasi tryuklar nə qədər tez bitsə, bir o qədər yaxşıdır.

Bunun üçün hətta V.Putinin səylərini izləməyə məcburuq. Bəlkə elə doğrudan da neftin qiymətini təhlükəli həddən yuxarıda saxlamaq mümkün oldu? Kim bilir? Bəlkə elə doğrudan da alındı?!.

Əsas odur ki, insanlar daha bir maliyyə şoku yaşamasınlar. Bunun üçün isə neftin qiymətinin müstəsna rolu var. Əgər daha bir maliyyə şoku yaşamaq və bir az da dərin böhrana girmək zərurəti yaransa, artıq bunun sosial nəticələrini proqnozlaşdırmaq çox çətin olacaq…

Siyasətçilər razılaşa bilsə…

Ümid verən detallardan biri budur ki, neftin qiymətinin düşməsi bir az süni məsələdir və əvvəldə dediyimiz kimi geosiyasi konyunkturadan asıldır. Bəlkə bunun özü də bir az qəribədir ki, hamı neftin xilasının neft bosslarının deyil, siyasətçilərin əlində olduğunu güman edir. Onlar yanılmlırlar. Bu həqiqətən də belədir – bu dəfə də məsələ siyasətçilərdən asılıdır…

Suriyada müəyyən razılıq oldu. Ümid edək ki, bu günlərdə ikinci həftəsi başa çatan atəşkəs davamlı olacaq. Amma bu, hələ hər şey deyil. Cəmi bir neçə gün bundan əvvəl ABŞ Rusiyaya qarşı sanksiyaların müddətini daha bir il də uzatdı, həm də belə məlum oldu ki, Avropa strukturları bilavasitə V.Putinin özünə qarşı sanksiyalar tətbiq etməyə çağırırlar…

Səbəb nədir? Ruslar, onların təhlilçiləri bunun səbəbini Rusiya ilə ABŞ arasındakı fundamental ziddiyyətlərdə görürlər. Məsələn, rusiyalı təhlilçilər belə bir detala diqqət yetirirlər ki, guya bir neçə il bundan əvvəl Z.Bjezinski deyibmiş ki, biz SSRİ-ni dağıtdıq, Rusiyanı da dağıdacağıq və bu işdə heç kim bizə mane olmayacaq…

Nədir bu qarşılıqlı nifrətin kökü? İndi ki, kommunizm yoxdur!? Rusiyalı təhlil adamları belə düşünür ki, səbəb sadədir: Rusiya ABŞ-ın qarşısında dura bilən və potensial olaraq onu məhv etməyə qadir olan yeganə ölkədir!..

Nə demək olar? Düşünürük ki, burada izafi şərhə ehtiyac yoxdur. Amma zənnimizcə, indiki ziddiyyətlər bir o qədər də dərində deyil, bir azca üzdədir: ABŞ, ümumiyyətlə, əksər Qərb ölkələri Rusiyanın Ukraynaya qarşı siyasətini bağışlamaq istəmir və belə hesab edirlər ki, Rusiya dərhal Krımdan və Şərqi Ukraynadan çəkilməlidir, çünki bu ölkə 20-21-ci əsrlərin siyasətinin tabularından birini və bəlkə də ən əsasını pozub – daha heç bir ölkə özünə özgə ərazilər biləşdirmir!

Rusiyada isə elə bil torpaq aclığı var. Bu ölkə onsuz da böyükdür, hətta o qədər böyükdür ki, təhlilçilər “Bizi böyük olduğumuza görə sevmirlər!” deyir.

Ona görə də siyasi ziddiyyətləri aradan qaldırmaq elə də asan deyil. Neft məsələsi də bu ziddiyyətlərə ilişib qalıb – irəli gedə bilmir. Amma ümid həmişə sonda ölür deyiblər. Odur ki, ümidimizi itirməyək…

Hüseynbala Səlimov



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə