Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Dilənçi şüuru aşılayan dərsliklərimiz
Dilənçi şüuru aşılayan dərsliklərimiz
12 Dekabr 2016 / 22:24 / Baxış sayı: 1154
Font1 Font2 Font3 Font4

“Xeyirxah Əli” və fəqir Əhməd
Azərbaycanın, daha doğrusu, Azərbaycan təhsilinin ən yaralı yerlərindən biri də dərsliklərdir. Kim nə deyir-desin, faciəmizin kökünü də burada axtarmaq lazımdır ki, bir az sonra araşdırdığımız bu yazı da bir çox faktları da qeyd edəcəyik.
arxiv.bizimxeber.az a24.az-a istinadən bildirir ki, son 9 ildə ölkəmizdə dərc edilən Azərbaycan dili dərslikləri məzmununa görə ənənəvi dərsliklərdən bir çox xüsusiyyətlərinə görə fərqlənir. Bunlardan biri də dərsliklərdə müxtəlif məzmunlu mətnlərin verilməsi və şagird bacarıqlarının bu mətnlər vasitəsilə formalaşdırılmasıdır. Təəssüf ki, dərsliklərdə ideoloji və bədii cəhətdən qüsurlu təsadüfi mətnlər də, necə deyərlər, əməlli-başlı öz əksini tapır.
5-ci sinif “Azərbaycan dili” (Bakı. 2016. Altun kitab nəşriyyatı) dərsliyində verilmiş “Xeyirxah Əli” (səhifə 34-35) mətnində Əli adlı bir şagird müəllimə yaxınlaşıb ona qənaət etdiyi qəpik-quruşu göstərir və maddi vəziyyəti aşağı olan sinif yoldaşı Əhmədə kömək etmək istədiyini deyir. Müəllim ilk anda Əlini fikrindən döndərməyə çalışsa da, sonra Əlinin inadkarlığı müəllimin onun qərarı ilə razılaşmasına səbəb olur. İlk baxışda mətnin ideyası pis təsir bağışlamır: maddi cəhətdən yaşayış səviyyəsi aşağı olan yoldaşına yardım etmək. Lakin yenə deyirəm, əlbəttə, ilk baxışdan.
Sual ortaya çıxır: Əli və onun sinif yoldaşı niyə qəpik-quruşa möhtac durumdadır? Doğrudanmı, bunun səbəblərini tapmaq, sosial ədalət haqqında düşünmək əvəzinə Əhmədə qəpik-quruş vermək daha nümunəvi ideyadır? Bu dilənçi və ya rüşvətxorluqcasına bir düşüncə haradan doğur belə? Əlinin yoldaşına etdiyi kömək onun həyatını dəyişmək, onu mövcud vəziyyətdən xilas etmək gücündə deyil. Onun sadəcə bir günlük azuqəsini ödəməyə yetər ki, bu yardımın təhqiramiz xarakterini ayırd etmək çətin deyil. Bu qəpik-quruşun öz mahiyyətinə görə sədəqədən fərqi yoxdur.
Hekayənin növbəti hissəsində müəllim böyüyəndə Əlidən kim olacağını soruşur və Əli kasıblara kömək edə bilmək üçün biznesmen olacağını bildirir. Vay, dədə!!! Belə çıxır ki, qəpik-quruşa möhtac kasıbların olacağı cəmiyyət hətta Əlinin böyüyüb biznesmen olacağı gələcək üçün də normal qarşılanmış, qəbul edilmiş olur. Bütün bunlara görə hekayənin ideyası banal, bəsit xarakter alır və faciəvidir.
Sədəqə mədəniyyəti cəhalətin zəmanətidir
Tarixdə bir çox feodal dövlətlərində sədəqə mədəniyyətinin məqsədli şəkildə yaşadıldığı məlumdur. Haqları əlindən alınmış, əməyinin bəhrəsi mənimsənilmiş, cəhalətin içinə gömülmüş insanlar bir parça çörəyi sədəqə şəklində almağa məcbur duruma gətirilmiş və buna görə ona kimlərəsə minnətdar olmaq aşılanmışdır. Ölkənin maddi nemətlərinin, sərvətinin bir qrup insan – hakim təbəqə tərəfindən ələ keçirildiyi və qalan insanların isə həddən artıq yoxsul duruma düşürüldüyü belə dövlətlərdə sosial ədalət yerinə, sədəqə verməyin savabları, yoxsula, ac-yalavaclara yardım etmək kimi məsələlər təbliğ olunmuşdur. Xüsusilə teokratik dövlətlərdə, şəriət ölkələrində sədəqə mədəniyyəti cəhalətin zəmanətidir.
İnsan haqlarına hörmət olunan demokratik bir dövlətdə iş qabiliyyəti olan əhalidən alınan vergi iş qabiliyyəti olmayan sosial təbəqənin maddi vəziyyətini qarşılamaq üçün istifadə olunur və kiminsə kiməsə sədəqə verməsinə və ya sədəqə almasına ehtiyac qalmır. Sədəqə vermək, sədəqə verməyi təbliğ etmək yerinə, sədəqə almağı yaradan, insanları sədəqəyə möhtac edən səbəblərin aşkar edilərək ortadan qaldırılması və yoxsul, ya varlı olmağından asılı olmayaraq hər bir insanın, hətta fiziki cəhətdən qüsurlu şəxslərin istehsalda iştirakının yollarının axtarılıb tapılması daha vacibdir.
Sədəqə onu verən insanı da, alan insanı da alçaldan, insan şərəfi ilə uzlaşmayan, birindən digərinə minnət borcu qoyan, insan içindəki şəxsiyyəti, özgüvəni sındıran bir şeydir. Sədəqə cəmiyyətdəki ədalət əskikliyinin aradan qaldırılması kimi şəkilləndirilərək ortaya atılmış aldatmacadır.
Və yenə sual doğur: Öz haqqına bələd olan, çətinlikləri ürəklə yenməyə çalışan, öz əməyinin bəhrəsilə yaşamağa qadir, heç kəsə əyilmək ehtiyacı olmayan, təhsilli, qürurlu, azad şəxsiyyətmi yetişdirmək istəyirik, yoxsa haqsızlığa boyun əyən, qəpik-quruşa möhtac, ələbaxan, məzlum, cahil kütləmi?
Mətndə Əli və Əhməd bir-birilə daha gözəl yardımlaşa, təhsildə bir-birinə dəstək ola, çətinlikləri mübarizə ilə dəf edə bilərdilər. Bu da 5-ci sinif şagirdi üçün daha əhəmiyyətli fikirlər olardı.
Sədəqə təfəkkürünün aşılanması bütün radikallıqlara, zülümlərə, ağır cinayətlərə, faciələrə gətirib çıxarır.
Amma təəssüf ki, oxşar ideyaya malik mətnlər digər siniflər üçün nəzərdə tutulmuş dərsliklərdə də təkrar edilir. Məsələn: “İdman ayaqqabısı” (6-cı sinif “Azərbaycan dili”, Bakı. Altun kitab, 2015, səhifə 23), “Dəvə ilə ver” (4-cü sinif, səhifə 185) və s. Bunlara da yeri gəlsə, qayıdar, daha geniş izah edərik. Əlbəttə, maraqlananlar özləri də açıb baxa bilərlər.
Ancaq hələlik bunu deyək ki, bu cür mətnlər yeniyetmə dövründə olan bir şagirdin bədii təfəkkürünə, dünyagörüşünə yeridilən zəhər təsiri bağışlayır, oxucu təfəkkürünü gerçək insan hissləri, gerçək yaşantılar və ideyalarla zənginləşdirmək yerinə, bayağı və qurama düşüncəyə sövq edir. Həyat həqiqətlərini incə estetik zövqlə tanımlayan deyil, yuyulmuş başla fanatizmə açıq olan nəslin yetişməsinə rəvac verir. Bir növ təhsilin bu şəkildə yönləndirilməsi – sədəqə təfəkkürünün aşılanması bütün radikallıqlara, zülümlərə, ağır cinayətlərə, faciələrə gətirib çıxarır.
Necə deyərlər, dərsliklərdə bu cür neqativ ideologiyalara xidmət edən fikirlərin yer alması gələcəyimiz üçün çox zərərli və təhlükəlidir. Biz gerisini də araşdırmağa çalışacağıq da, siz də gersini bir az düşünün…
arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə