Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Azay Quliyev Milli Məclisi ermənilərin Bakıya gəlişini dəstəkləməyə çağırdı
Azay Quliyev Milli Məclisi ermənilərin Bakıya gəlişini dəstəkləməyə çağırdı
16 Dekabr 2016 / 16:31 / Baxış sayı: 1012
Font1 Font2 Font3 Font4

ATƏT PA-nın vitse-prezidenti, Milli Məclisin deputatı Azay Quliyev “Ermənistan-Azərbaycan Sülh Platforması” ilə bağlı çıxış edib.

Virtualaz.org-un məlumatına görə, A.Quliyev bildirib ki, bu barədə ictimaiyyəti, o cümlədən Milli Məclisi məlumatlandırmağa və millət vəkillərini bu prosesə qoşmağa ehtiyac var: “Təmas xəttində aprel döyüşləri Ermənistan-Azərbaycan münaqişəsində yeni reallıqlar yaratdı və faktiki olaraq iki istiqamətdə status kvonu dəyişdi: 1) Azərbaycanın işğal olunmuş torpaqlarını bir hissəsi azad edildi; 2) Atəşkəsin çox kövrək və müvəqqəti xarakter daşıdığını, Azərbaycanın torpaqlarını müharibə yolu ilə azad edə biləcəyinin tam real olduğunu hamı, xüsusilə erməni xalqı anladı. Belə bir şəraitdə hər iki ölkə prezidentinin Vyana və Sankt-Peterburq görüşü oldu və hər kəsdə problemin həllinə az da olsa ümid yaratdı. Lakin Sarkisyanın günahına və sülh istəməməsinə görə danışıqlar heç bir nəticə vermədi”.

Millət vəkili bildirib ki, aprel hadisələrinin təkrarlanmasından ehtiyatlanan erməni ictimaiyyətinin nümayəndələri azərbaycanlı həmkarlarına müraciət edərək, münaqişənin həlli yollarını birgə müzakirə etməyi təklif etdilər və münaqişənin tarixində ilk dəfə olaraq 8 noyabrda Ermənistandan olan 3 nəfər hüquq müdafiəçisi və QHT rəhbərinin iştirakı ilə Bakıda konfrans keçirildi: “Ermənistandan olan nümayəndə heyəti Xocalı soyqırımı abidəsini ziyarət etdi və qurbanların ruhuna hörmət olaraq abidənin qarşısında baş əyərək çiçək qoydular. Sarkisyan rejimi tərəfindən insanlıq əleyhinə törədilən bu cinayətə görə Azərbaycan xalqından və bütün xocalılardan üzr istədilər.

Konfrans iştirakçıları Ermənistan və Azərbaycan prezidentləri və xalqlarına müraciət qəbul etdilər. Müraciətdə 25 il davam edən münaqişənin törətdiyi fəlakət və faciələr qeyd olundu və hər iki xalqın bu münaqəşədən yorulduğu və onun qısa müddətdə həllinin vacibliyi qeyd edildi. Ermənistandan olan hüquq müdafiəçiləri və QHT rəhbərləri özlərində güc tapıb Ermənistanın işğalçılıq siyasətini və bu siyasəti davam etdirən Sarkisyan rejimini ifşa etdilər. Sonra konfrans iştirakçıları fəaliyətlərini institutlaşdırmaq və vahid bir təşkilatda birləşərək sülh yaratma missiyasını davam etdirmək məqsədilə 7 dekabrda Ermənistan-Azərbaycan Sülh Platformasını təsis etdilər”.

O əlavə edib ki, platforma münaqişənin həlli yollarını və Ermənistan-Azərbaycan vətəndaş cəmiyyəti institutlarının əməkdaşlıq çərçivəsini müəyyən edib: “Erməni və Azərbaycan hüquq müdafiəçiləri və QHT rəhbərləri işğalın davam etməsinin perspektivsizliyini və bölgə üçün ciddi təhlükə mənbəyi olduğunu dərk edərək münaqişənin sülh yolu ilə həlli üçün Ermənistan və Azərbaycan prezidentlərinə müraciət ediblər. Müraciətdə uzun müddətli sülhün və barışın təminatı kimi Azərbaycanın işğal olunmuş ərazilərinin qeyd-şərtsiz azad edilməsi, bütün məcburi köçkünlərin öz evlərinə qaytarılması, Ermənistan və Azərbaycan arasında əlaqələrin bərpası, Dağlıq Qarabağın hüquqi statusunun Azərbaycanın tərkibində müəyyənləşdirilməsi və orada yaşayan ermənilərin və geri dönəcək azərbaycanlıların təhlükəsizliyinin təmin edilməsinin mümkün olduğu qeyd edilir”.

A.Quliyev xatırladıb ki, Ermənistandan 3 QHT və hüquq müdafiəçisi, Azərbaycandan 3 QHT platformanın təsisçiləridir: “Platformanı Ermənistan tərəfdən Vahe Avetyan (hüquq müdafiəçisi), Vaan Martirosyan (“Milli Azadlıq Hərəkatı” ictimai təşkilatının sədri), Syuzan Caqinyan (“Meridian” hüquq-müdafiə təşkilatının sədr müavini, jurnalist), Azərbaycan tərəfdən isə Rövşən Rzayev (“Dağlıq Qarabağın Azərbaycan İcması” İctimai Birliyinin Şura üzvü), Kamil Səlimov (Bakı Dövlət Universitetinin professoru), Şəlalə Həsənova (“İctimaiyyətlə Əlaqələrin İnkişafın Dəstək” İctimai Birliyinin sədri) imzalayıb. Platformaya qoşulmaq istəyənlərin sayı gündən-günə artır. Erməni tərəfi niyə platformaya bu qədər çox maraq göstərir? Birinci ona görə ki, əksər erməni xalqı artıq başa düşür ki, Koçaryan-Sarkisyan cütlüyü tərəfindən ciddi şəkildə aldanılıblar. Çünki Dağlıq Qarabağ münaqişəsi fonunda hakimiyyəti zəbt edən bu cütlük verdikləri vədin heç birinə, yəni qondarma DQR”in dünya tərəfindən tanınacağı, bu mübarizənin erməni xalqına xoşbəxtlik və rifah gətirəcəyi haqda söylədikləri özünü doğrultmadı. Tam əksinə, “DQR” onlara göz yaşı, övlad, qardaş və ata itgisi, yoxsulluq və facidən başqa heç nə vermədi. Ermənilər özgənin torpaqlarında xöşbəxt ola bilməyəcəklərini anladıqlarından və bu torpaqların sahibinə qaytarılmasının ilk onların özlərinin xeyrinə olacağını başa düşdüklərindən bu platformaya qoşulublar və bu proses indi də davam edir. Erməni ictimaiyyətinin nümayəndələri Sarkisyan rejimi tərəfindən onlara qarşı olan bütün təhlükələri və təzyiqləri göz önünə alaraq, Ermənistan-Azərbaycan sülh platformasına qoşulurlar. İkincisi, ermənilər gəlib başqasının torpağında ölmək istəmirlər, üçüncü isə Dağlıq Qarabağda daim qorxu və səksəkə içində yaşamaq istəmirlər. Ona görə də ermənilər tez bir zaman ərzində münaqişənin sülh yolu ilə həll edib, bütün sivil ölkələrdə olduğu kimi, rahat və normal şəraitdə yaşamaq isəyirlər. Bu baxımdan vətəndaş cəmiyyəti institutlarının nümayəndələri, QHT təmsilçiləri, Sarkisyan rejiminin idarəçiliyi ilə uçuruma sürüklənən Ermənistanın taleyinə biganə qalmayan ictimai aktivlər bu təşəbbüsə dəstək verirlər”.

Millət vəkilinin sözlərinə görə, Ermənistan rəhbərliyi bütün gücünü səfərbər edib ki, bu platfaormanın fəaliyətini dayandırsın və sülh yaratma konsepsiyası iflasa uğrasın: “Münaqişəni olduğu kimi qoruyub saxlamağa çalışan Sarkisyan rejimi yaxşı anlayır ki, bölgədə sülhün əldə olunması onların sonu ilə nəticələnə bilər. Ona görə də istənilən real sülh təşəbbüsünə qəti etiraz edir və bu prosesə qoşulanları ağır şəkildə cəzalandırmağa başlayıb. Bildiyiniz kimi, son 3 gündə mətbuat vasitəsilə “Ermənistan-Azərbaycan Sülh Platforması”na qoşulmaq istəyən 2 erməni gəncə və onların yaxınlarına mənəvi, fiziki basqılar və təhdidlər edilir, onların ailə üzvləri və özləri həbs edilir. Bunlar arasında erməni publisist, ictimai fəal Lusine Nersisyanın Xankəndində Ermənistan təhkükəsizlik orqanları tərəfindən həbs olunması, eləcə də digər erməni fəalı Armen Virabyanın anasının və yaxınlarının işdən azad edilərək, təhqir və fiziki təzyiqlərə məruz qalmasını göstərmək olar”.

O bildirib ki, Xocalı soyqırımını törətmiş bir adamın, Serj Sarkisyanın sülh çağırışlarına belə reaksiyası məni təəccübləndirmir: “Lakin bu bir daha Sarkisyan rejiminin əsl simasını ortaya qoyur və onun sülh çağırışı edən gənclərə belə aqressiv münasibəti ilk növbədə erməni xalqını və sonra isə beynəlxalq təşkilatları narahat etməli və onun bu əməlinə adekvat qiymət verilməlidir. Əminəm ki, bütün bu basqılar istər Dağlıq Qarabağdan, istərsə də Ermənistandan sülh platformasına dəstək verənlərin qarşısını ala bilməyəcək. Bundan başqa, artıq bir çox ölkələrin tanınmış siyasətçisi, mətbuatı və ictimai xadimi sülh platforması prosesinə dəstək verməyə başlayıb. Yaxın zamanlarda daha böyük dəstəyin hamımız şahidi olacagıq. Çünki vicdanı olan hər kəs milliyətindən asılı olamayaraq, bu platformaya dəstək verməli və insanlıq qarşısında öz borcunu yerinə yetirməlidir”.

ATƏT PA-nın vitse-prezidenti qeyd edib ki, uzun müddət sülhdən, xalqlar arasında inam və etimad mühitindən danışan, cəmiyyətləri bir-birinə yaxınlaşdırmağın vacibliyindən bəhs edən beynəlxalq təşkilatların bu baxımdan nəyə qadir olduqlarını sübut etməyin əsl vaxtıdır: “İlk növbədə, Avropa İttifaqının Bakıdakı ofisinin rəhbəri səfir Malina Marda platformaya verdiyi dəstəyə və Lusine Nersisyanın Xankəndində qanunsuz həbsini pislədiyinə görə təşəkkür edirəm.

Hesab edirəm ki, digər beynlxalq təşkilatlar, xüsusilə ATƏT-in Minsk qrupunun həmsədləri də bu prosesə münasibət bildirməlidirlər. Ona görə də ATƏT-in Minsk qrupunun həmsərdlərinə xitabən Hamburqda ATƏT PA-nın büro iclasında etdiyim müraciəti bir daha təkrarlamaq istəyirəm. 25 illik münaqişənin tarixində ilk dəfə bir araya gələn Ermənistan və Azərbaycan xalqlarının nümayəndələrinin sülh çağırışına laqeyd qalmayın, onların səsinə səs verin, Sülh platformasının fəaliyyətini dəstəkləyin və bölgənin ən qanlı münaqişəsinin həlli üçün nəhayət malik olduğunuz mandatdan səmimi şəkildə istifadə edin. Belə bir fürsətin qaçırılmasını tarix heç kimə bağışlamayacaq.

Sonda isə hörmətli həmkarlarıma, millət vəkillərinə müraciər edirəm ki, bu platformanı bütün beynəlxalq təşkilatlarda, ATƏT PA, AŞ PA, NATO PA, Avronest PA, QDİƏT PA və digərlərində, o cümlədən xarici ölkələrlə yaratdığımız dostluq qruplarında təqdimatına və onların dəstəyini əldə etməyə çalışsınlar. Eyni zamanda Azərbaycan ictimaiyyətinin də bu prosesdə fəal olmağa, bu təşəbbüsü həm daxildə, həm də xaricdə dəstəkləməyə çağırıram”.



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə