Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“İşsizliyə görə yenə arvadla problem yaranıb” – “Rabitə işi”nin məhkəməsindən
“İşsizliyə görə yenə arvadla problem yaranıb” – “Rabitə işi”nin məhkəməsindən
06 Yanvar 2017 / 13:10 / Baxış sayı: 1612
Font1 Font2 Font3 Font4

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq aparat rəhbəri Vidadi Zeynalov və digərlərinin cinayət işi üzrə məhkəmə davam edib.

arxiv.bizimxeber.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən proses həmişə kimi təyin olunan vaxtdan gec başlayıb.

Hakimlər heyəti hələ zala daxil olmamış təqsirləndirilən şəxslər bir-biri, vəkilləri və məhkəmə zalına gələn yaxınları ilə bayramlaşıblar.

Daha sonra Vidadi Zeynalov “Aztelekom” sədri Məhəmməd Məmmədovla hansısa məsələ ilə bağlı müzakirə aparıb.

Qeyd edək ki, ötən proseslərdə Vidadi Zeynalov bütün şahidlərin ifadələrini qeyd edib.

Hakimlər zala daxil olandan məhkəmə açıq elan edilib.

Təqsirləndirilənlərdən Məhəmməd Məmmədovun vəkilləri olmadığı üçün hakim yenidən zalı tərk edib, bildirib ki, hamının vəkili məhkəmə zalında olandan sonra proses başlayacaq.

Daha sonra yenidən fasilə elan olunub.

Vəkillər gələndən sonra proses təyin olunduğu vaxtdan tam 1 saat 40 dəq sonra başlayıb.

Hakim Əfqan Hacıyev vəkillərə xəbardarlıq edib. Bildirib ki, bir də gecikəcəkləri təqdirdə kollegiyaya şikayət edəcək.

Bundan sonra şahid qismində İlqar Həsənov ifadə verib. O, təqsirləndirilənlərdən yalnız Vidadi Zeynalovu tanıdığını deyib. İ.Həsənov “P.L.Z” MMC-də direktor olduğunu deyib.

Onu da qeyd edək ki, adı çəkilən MMC sabiq aparat rəhbəri Vidadi Zeynalova məxsus olub və onun övladlarının adına olub.

Şahid istintaqa verdiyi ifadəni təsdiqləyib. Lakin o, məhkəmədə sərbəst ifadə verməyib. Bildirib ki, yaddaşında problemlər yaranıb.

Hakim bildirib ki, lazım gəlsə, onun barəsində ekspertiza təyin edib bunu yoxlaya bilərlər.

Bundan sonra şahid qismində  Bəhrəm  Səfərov fadə verib. O, ifadəsində təqsirləndirilən şəxslərdən yalnız Qəmbər Bəybalayevi tanıdığını deyib: “2012-ci ildə Azərpoçtda hüquq şöbəsində çalışmışam. Uzun müddət şöbə rəisinin müavini olmuşam. 2015-ci ildən vəzifədən öz istəyimlə çıxmışam. İstintaqa verdiyim ifadəni təsdiqləyirəm”.

Şahid Rəşadət Gərayzadə ifadəsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin əməkdaşlıq etdiyi müxtəlif MMC-lərdə tikinti sahəsinin tərkibində çalışıb: “Əsasən biz “Azərpoçt”la çalışmışıq. İşlər görülürdü. Qiymətlər şişirdilirdi. Gələn pulun 35 faizi geri qaytarılırdı. Burdakıların heç birinə pul verməmişik. Əsasən müavinlərlə işləyirdik”.

“Azuerotel” MMC-in direktoru Cavid Rəsulov ifadə verib.  Onun məhkəmədəki ifadəsi ilə istintaqa verdiyi ifadəsi arasında ziddiyyət olub. Buna görə istintaqa verdiyi ifadə elan olunub. İstintaqa verdiyi ifadəsində 800 min manatlıq kondisoner quraşdırılması adı ilə pulun Vidadi Zeynalovun şirkəti “P.L.Z” MMC-in hesabına köçürüldüyünü deyib”.

O, istintaqa verdiyi ifadəni təsdiqləyib.

Bu zaman Vidadi Zeynalov şahidə replika atıb: “Bura gələndə hamısı həyəcanlanır. Qol çəkdirirsiz, özlərini itirirlər. Həmin obyektin tikilişində heç bir yeyinti olmayıb. Ora yazıldığından daha çox pul qoyulub. Çünki həmin açılışa Koreyanın vəzifəli şəxsləri gəlmişdi”.

Azər Alzamanov “Optik Quğular” İdarəsində Namazəli Məmmədovun yanında mühəndis işlədiyini deyib: “Uzun müddətdir, bu şəxslərin hamısını tanıyıram. Bu şəxslər rabitənin qaymaqlarıdır. İcazə versəz, daha da tərifləyərdim. Bilməyib, gəlib düşüblər bura. Uzun müddət idi, işsiz idim. Evdə arvadla münasibətlər gərginləşmişdi. Gəldim Namazəli müəllimin yanına, dedim ki, iş ver, başım qarışsın. O da sağolsun, götürdü. Evdə oturmayanda, işdə olandan sonra arvadla münasibətlərimiz yaxşılaşdı. Oturub namaz qılıb dua edirəm ki, müəllim tez çıxar, yenidən onun yanında işləyərəm. Yenə işsizliyə görə arvadla problem yaranıb”.

Hakim şahidə replikayla bildirib ki, deyəsən yenə boşanmaq məsələsi ortaya çıxıb.

Şahid istintaqa verdiyi ifadələri təsdiqləyib.

Məhkəmə prosesi yanvarın 11- təyin edilib.

Qeyd edək ki, həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri ilə Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin baş direktoru Beytulla Hüseynovun 2009-2015-ci illərdə arvadının təsisçisi olduğu “Bakı Rabitə Təmir Tikinti” və “Təmir Təchizat Servis” MMC-lərinin direktoru Bayram Vəliyev, yaxın münasibətlərdə olduğu “3 nömrəli Rabitə Təmir Tikinti”, “Rabitə Mülki Tikinti” MMC-lərinin direktoru Emin Məmmədov və birliyin baş mühasibi Anar Mustafayevlə qabaqcadan əlbir olub yeni rabitə xətlərinin çəkilməsi, binaların, qurğuların təmiri-tikintisi və sair işlərin yerinə yetirilməsi üçün onların hesablaşma hesablarına köçürüləcək pul vəsaitlərinin işlərin həcmindən asılı olaraq 35-45% həcmində hissəsinin nağdlaşdırılaraq B. Hüseynovun özünə verilməsi barədə razılığa gəliblər. B. Hüseynov tabeliyində olan qovşaqların formal olaraq keçirdikləri tenderlərdə vəzifə saxtakarlığı ilə həmin məhdud məsuliyyətli cəmiyyətlərin qalib elan olunaraq müqavilələr bağlanmaqla və faktiki işlərin tam icra olunmadığı halda, o cümlədən internet xidmətinin təmin edilməsi üçün fiber-optik kabel xətlərinin çəkilişi zamanı işlərin faktiki olaraq telefon qovşaqları tərəfindən aparıldığı halda guya həmin işlərin faktiki özünə məxsus olan müəssisələr tərəfindən görülməsi və işlərin həcminin artırılması barədə saxta sənədlərin tərtib edilməsi yolu ilə adıçəkilən MMC-lərin hesabına köçürülmüş ümumilikdə 71 milyon 263 min manat məbləğində vəsaitin 21 milyon 379 min manatını mənimsəməklə dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan zərər vurmalarında şübhələr üçün əsaslar müəyyən edilib.

Bununla yanaşı, nazirliyin Aparat rəhbəri Vidadi Zeynalov qulluq mövqeyindən sui-istifadə edərək nazirliyin strukturuna daxil olan ayrı-ayrı qurumların vəzifəli şəxsləri ilə qabaqcadan razılaşmaqla həmin strukturlar tərəfindən işlərin görülmədiyi, tam yerinə yetirilmədiyi, avadanlıqlar alınmadığı, istifadə olunan avadanlıqların, xidmətlərin qiymətlərinin isə 4-5 qat şişirdilməsi və digər üsullarla işlərin və xidmətlərin guya yerinə yetirilməsini özlərinin himayə etdikləri, yaxın münasibətdə olduqları şəxslərin adına olan özəl şirkətlər tərəfindən saxta sənədlər əsasında rəsmiləşdirməsini təmin etməklə müvafiq müəssisələrin ayrı-ayrı banklardakı hesabına köçürülmüş 73 milyon 590 min manat vəsaitin nağdlaşdırılmaqla mənimsənilməsini və israf edilməsini təşkil etməsində şübhələr üçün əsaslar müəyyən edilib.

Cinayət işi üzrə nazirliyin strukturuna daxil olan “Aztelekom” MMC, “AzİnTelekom” MMC, “Azərpoçt” MMC, Məlumat Hesablama Mərkəzi və özəl şirkət “Optik Rabitə Tikinti və Quraşdırma” MMC-nin fəaliyyətində də mənimsəmə və israf etmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı faktları müəyyənləşib.

İş üzrə Beytulla Hüseynov, Anar Mustafayev, Emin Məmmədov, Bayram Vəliyevə və “Aztelekom” MMC-nin baş mühasibi Oktay Rüstəmova Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı), Vidadi Zeynalova, həmçinin “AzİnTelekom” MMC-nin baş direktoru Cəlil Cəfərova, “Azərpoçt” MMC-nin baş direktoru Qəmbər Bəybalayevə və “Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin direktoru Namazalı Məmmədova həmin məcəllənin 179.3.2 və 308.2-ci, MMC-nin baş mühasibi Səhrab Hümbətova isə 179.3.2, 308.2 və 313-cü maddələrdə nəzərdə tutulan ittiham elan edilməklə barələrində məhkəmənin müvafiq qərarları ilə həbs qətimkan tədbiri seçilib.

arxiv.bizimxeber.az

 



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə