Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Psixoloq, mügənni, yoxsa dələduz…
Psixoloq, mügənni, yoxsa dələduz…
06 Yanvar 2017 / 15:48 / Baxış sayı: 1798
Font1 Font2 Font3 Font4

Şikayətçi ana keçmiş ərindən aliment ala bilmir: “Özünü nazirin qohumu kimi təqdim edib, hər dona girir”

“Oğlum skripka dərslərinə gedir. Hər dəfə özünə yemək almaq üçün ona 20 qəpik verirdim, evə gələndə uşaq özünü çox halsız hiss eləyirdi, deyridi ki, başı ağrıyır. Bir gün gətirib mənə 5 manat verib dedi ki, mama, ad günün mübarək.

Dedim, bunu hardan aldın? Çox sıxma-boğmaya salandan sonra boynuna aldı ki, ona verdiyim 20 qəpiklərlə özünə yemək almayıb, mənə hədiyyə eləmək üçün toplayıb (ağlayır)… Uşaqlarım atasız övlad böyütməyin çətinliyini mənimlə bərabər yaşayırlar. Amma mən onları yükləmək istəmirəm. Ataları isə aliment verməmək üçün hər dona girir…”

Bu sözləri qalaq-qalaq sənədləri özünə yükləyib “Hürriyyət”in redaksiyasına gələn 3-cü qrup əlil, 2 oğlunun atasından şikayətçi olan Aygün Əmiraslanova söyləyir.

Kişiyə xas olmayan hərəkətlərinə görə ayrıldıq

Deyir ki, 2005-ci ildə ailə qurub, bu rəsmi nikahdan 2006-cı, 2007-ci il təvəllüdlü iki övladı olub. Sonralar ərinin qeyri-adi hərəkətləri, ailəsinə baxmamağı onu bu nikahı pozmağa vadar edib: “Keçmiş həyat yoldaşım Nurlan Bəyləroğlu Kərimov evli olduğumuz müddətdə özünü qeyri-adi aparırdı. Kişiyə xas olmayan hərəkətlər edirdi. Sonralar hətta qadın “kofta”sı geyinir, dırnağını manikür edir, gözünə linza qoyur, saçının rəngini açır, gecələr evə gəlmirdi. Restoranlarda müğənnilik, tamadalıq edirdi. Üstəlik də evdən zinət əşyalarımı götürüb satırdı. Gördüm uşaqlara atalıq etmir, ailəsinə baxmır, 2008-ci ildə ondan ayrıldım. Amma o, aliment ödəmək istəmədi. Az əməkhaqqı olan yerlərdən arayışlar gətirib təqdim edirdi ki, onun əməkhaqqı azdır. Bakının bölgələri qurtardı, keçdi rayonların müəssisələrinə. Beləcə, mənə 7 min manat borcu toplandı. Sonradan məlum oldu ki, o tək mənə deyil, çox adamlara pul borcludur. Bu barədə məhkəmə sənədlərində də göstərilib, baxa bilərsiniz”.

Həbs edildi, yenə ağıllanmadı

Məhkəmə sənədlərində N.Kərimovun bir neçə şəxsə borclu olması haqqında məlumatlar var. 18 min, 10 min, 3 min, 4 yüz manat ayrı-ayrı şəxslərə pul borclu olduğu qeyd edilib.
A.Əmiraslanova deyir ki, çox yerlərə şikayətdən sonra keçmiş əri məsliyyətə cəlb olunub, 2 ay azadlıqdan məhrum da edilib: “Saxta poçt qəbzləri çıxartdırdı ki, guya mənə pul ödəyir. Sübut etdim ki, bu qəbzlər saxtadır. Ev ünvanlarını tez-tez dəyişirdi. Mən onun haqqında apardığım əsaslı araşdırmalardan məlum oldu ki, bu adamın ali savadı yoxdur, amma özünü iki ali məktəbi bitirmiş kimi təqdim edir. Hər yerdə özünü reklam edir ki, guya Pedaqoji Universiteti və Türkiyədə Mərmərə Universitetini bitirib. Lisenziyası və savadı olmasa da Həsən Abdullayev küçəsində Psixoloq və Psixoterapevt “Specail” psixologiya mərkəzi açıb. Atalara tövsiyə edir ki, ata öz uşağına necə yanaşmalıdır, insanlara psixoloji məsləhətlər verir, amma özü tamamilə atalıq hissini itirib”.

“Təhsil Nazirliyi də təsdiq etdi ki, ali savadı yoxdur”

Qadın keçmiş ərinin ali məktəb bitirməsi haqqında Təhsil Nazirliyindən sorğusuna aldığı cavabı da göstərib “Nazirliyin verdiyi bu cavabdan məlum olur ki, bu adam heç bir ali təhsil almayıb. Pedaqoji Universitetə daxil olub, 10 il ərzində bitirmədiyi üçün onu oradan qovublar. Sənəd əldə etdim ki, bu illər ərzində bir dəfə də olsun dövlət sərhədini keçməyib. Bəs o, Mərmərə Universitetində necə təhsil alıb?” deyə N.Kərimovun digər qanunsuz hərəkətləri barədə məlumat verir: ““Qanunsuz toplantı keçirmək” maddəsi ilə məhkum olunub. 2 şəxsiyyət vəsiqəsi olmağı ilə bağlı isə Dövlət Yol Polisində məlumat var”. Faiq Ağayevlə, müğənni Kərimlə, falçı İlham Mirzəyevlə dost olması haqqında eşitmişdim. Şəkilləri də var. Sonra da məni qorxudub, mübarizəmdən çəkindirmək üçün belə məlumat uydurdu ki, Qəbələli olduğuna görə, onun arxasında dayanan nazir Kəmaləddin Heydərovdu. O, alimenti ödəməmək üçün saxta yollara əl atdıqca, mən də barəsində araşdırma aparıb, bütün bunları üzə çıxardım. Uzun illər mübarizə apardım, hətta bir neçə dəfə intihara cəhd etdikdən sonra, alimentin bir hissəsini aldım, amma yenə bir qismi qalıb”.

“Psixoloq necə dəli oldu?”

Sonra N.Kərimov qalan borcunu ödəməmək üçün uşaqların atası olmadığı haqda məsələ qaldırıb. Qadın tələb edib ki, uşaqlar və ata DNT müayinəsindən keçsin: “Müraciət etdim. Səhiyyə Nazirliyi-Məhkəmə Tibbi Ekspertiza Patoloji Anatomiya Birliyindən bildirdilər ki, iki övladını da götür gəl, atanın gəlməsini tələb edirik. Bu zaman onun nümayəndəsi zəng etdi ki, müayinəyə getməyim, danışaq, razılaşaq. Mən razılaşmadım, uşaqlarımla getdim, amma o, gəlmədi. Analiz başqa günə keçirildi. Başqa gündə də gəlmədi. 2 saylı psixi xəstəxanadan bir kağız verdi ki, guya bu nevrozdu, dəlixanaya düşüb. Necə ola bilər özü psixoloq idi, indi dəli oldu? Bu sualla 2 saylı xəstəxananın baş həkimi Cəmilə Əmrahovanın qəbuluna getdim. Baş həkim dedi ki, o, xəstə-zad zad deyil, adını saldırıb, bura, xəstəxanadan çıxara da bilmirik. Halbuki həmin xəstəxanadan arayış ala-ala Qəbələdə Qafqaz otelində konsert veriridi. Sonra dedilər başqa dəlixanaya köçürülüb. Bütün psixatriya xəstəxanalarına axtarış verdim, bu adamın adı tapılmadı”.
A.Əmiraslanova deyir ki, qarşı tərəf olaraq keçmiş əri də onunla bağlı məhkəmədə iddia qaldırıb, amma onun iddiası təmin olunmayıb: “O, məhkəməyə hansı tələblə müraciət etdi, məhkəmə iddiaları təmin olunmadı. Mənim barəmdə mətbuatda nalayiq fikirlər bildirib, şərəf-ləyaqətimi tapdadlığına görə, onu məhkəməyə vermişəm, məhkəmə sənədlərimi qəbul etmir”.

Hakim Baki Apellyasiya Məhkəməsinin qərarına dönük çıxdı

Şikayətçinin sözlərinə görə, Suraxanı rayon Məhkəməsinin hakimi də onun iddiasını təmin edərkən qeyri-obyektivliyə yol verib: “30 iyun 2015-ci il tarixdə Baki Apellyasiya Məhkəməsinin qərarına əsasən alimentin icrası 416 manat təyin olunaraq artırılıb və Kərimov Nurlan Bəylər oğlunun həbsi haqda qətnamə verilib. Lakin Nurlan Kərimov bu qərarın icrasından qəsdən yayınıb. Suraxanı rayon Məhkəmə qərarları icrası şöbəsi alimentin icrasına başlamaq haqda qərar qəbul edildikdən 3 gün sonra onun barəsində axtarış işi açılıb. Onun 15 noyabr 2016-cı ildə polis tərəfindən saxlanılaraq məhkəməyə təhvil verilməsi iddia edilir. Amma mən onu məhkəmədə görməmişəm. Baxmayaraq ki, Suraxanı rayon Məhkəməsinin hakimi Gülsarə İmanovanın 18 noyabr 2016-cı il tarixli iş N-3(010991/2016) saylı qərarında qeyd edib ki, məhkəmədə Kərimov Nurlan Bəylər oğlu iştirak edib. Sənəddə həmçinin göstərilir ki, N.Kərimov vəsatət qaldırıb və bildiribki, alimentin icrası dayandırılır. Bu barədə sənəd üzərində deyil və bu sənədlərin gətirilməsini məhkəmədən xahiş edib. Mən məhkəmədən həmn sənədin verilməsini istəyəndə mənə absurd bir cavab verildi. Bildirildi ki, vəsatət şifahi verilib. Necə ola bilər ki, məhkəmə kimi ali bir orqan ortada heç bir sənəd olmadığı halda şifahi məlumata istinad edir? Alimentin icrası dayandırılsa, bu haqda məhkəmə icra şöbəsində məlumat olmalıdır. Bu məlumat yoxdursa, hakim şifahi məlumata necə istinad edə bilər və heç bir inzibati əsas olmadan barəsində həbs qərarı verilmiş şəxsi məhkəmədən sərbəst buraxır? Digər tərəfdən məhkəmə sənədində Nurlan Kərimovun ev ünvanı da doğru göstərilməyib. Bütün bunlar isə onu deməyə əsas verir ki, hakim onun həbsinə maraqlı olmayıb”.

“Müəllim kimi iş qabiliyyətimi itirmişəm, xəstə anamın ümidinə qalmışıq”

Övladlarının xəstə olduğunu, İrana müaəlicəyə aparmağa imkanı çatmadığını deyən ana “Hürriyyət” vasitəsilə aidiyyati dairələrdən kömək istəyir: “Özüm ibtidai sinif müəllimiyəm, amma sonradan aldığım zədə ilə əlaqədar qulağımda xəstəlik yaranıb, ağır eşidirəm, 3-cü qrup əliləm, müəllim kimi iş qabiliyyətimi itirmişəm. Övladlarımla xəstə anamın himayəsində qalmağa məcburam. Övladlarımın müalicəyə ehtiyacı var, amma buna imkanım yoxdur. Özümün qanuni haqqımı müdafiə etməyə kifayət qədər savadım və biliyim çatır, amma məhkəmə qeyri-obyektivliyə yol verir. İndi məndə məlumat var ki, Nurlan Kərimov ölkədən gedib. Barəsində həbs qərarı verilən şəxs necə ölkədən gedə bilər? Odur ki, mən qanuni haqqımın bərpasını tələb edirəm”.
Məsələ ilə əlaqədar yazıda adı çəkilən hakim Gülsarə İmanova ilə əlaqə yaratmaq istədik. Lakin Suraxanı rayon Məhkəməsindən əldə etdiyimiz 4583000 telefon nömrəsinə cavab ala bilmədik. Qarşı tərəf olaraq Nurlan Kərimovun da bu əlaqə 0514410423 nömrəsinə də zəng çatmadı. Yazıda adı çəkilən şəxslərin mövqeyini işıqlandırmağa hazırıq.

Nigar İsmayılova

PSİXOLOQ, MÜĞƏNNİ, YOXSA DƏLƏDUZ...

PSİXOLOQ, MÜĞƏNNİ, YOXSA DƏLƏDUZ...

PSİXOLOQ, MÜĞƏNNİ, YOXSA DƏLƏDUZ...

PSİXOLOQ, MÜĞƏNNİ, YOXSA DƏLƏDUZ...

PSİXOLOQ, MÜĞƏNNİ, YOXSA DƏLƏDUZ...

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə