Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Ələt Qafqazın Dubayı olacaq? – Zənginlik vəd edən məkan – FOTO
Ələt Qafqazın Dubayı olacaq? – Zənginlik vəd edən məkan – FOTO
17 Yanvar 2017 / 10:52 / Baxış sayı: 1208
Font1 Font2 Font3 Font4

Səhrada çay paketinin içindən çıxan “xəzinə”

Paket çayı satan bir hindli 1985-ci ilin adi günlərindən birində səhrada yerləşən biznes mərkəzində səhvən bir ofisə daxil olur və bununla da dünyanın azad ticarət zonasının mərkəzinin qurulmasına səbəb olur. Hindli ticarətçinin səhvi ucu-bucağı görünməyən 47,1 kv. km səhranı Avropa, Asiya və Afrikanın mərkəzinə çevirərək dünyanın 200 millətinin nümayəndələrinin yaşadığı, il ərzində yüzlərlə investorun və 5 milyon turistin baş çəkdiyi əsas hablardan (ingiliscə “hub” qovşaq deməkdir – red.) birinə döndərir.

Birləşmiş Ərəb Əmirliklərinin Dubay əmirliyində yerləşən və 57 kvadrat kilometr əraziyə malik Cəbəl Əli limanı dünyanın ən iri limanlarından biridir. Tikintisi 1976-1979-cu illərdə həyata keçirilmiş limanda bu gün 145 mindən artıq iş yeri açılıb. Bu liman vasitəsilə BƏƏ-yə birbaşa investisiyaların həcmi 32%-i üstələyir. Qeyd edək ki, təkcə Dubayın ticarət dövriyyəsi 87 mlrd. dollardan çoxdur.

BƏƏ-nin Dubay əmirliyinin ümumi daxili məhsulunun (ÜDM) 20 faizi isə məhz Cəbəl Əli limanı və onun ətrafındakı Azad Ticarət Zonasının (ATZ) payına düşür. Qeyd edək ki, bu limanın və ATZ-nin 2013-cü ildəki ümumi dövriyyəsi 100 milyard dollardan çox olub.

Qısa adı JAFZA olan Cəbəl Əli Azad Ticarət Zonası (Jebel Ali Free Trade Zone) hazırda Rotterdam və Sinqapurdan sonra dünyanın ən böyük azad ticarət zonası hesab edilir. Cəbəl Əli limanı illik 15 milyon konteyner tutumu gücünə malikdir. Bu gün burada “Acer”, “Dell”, “Nissan”, “Audi”, “Siemens”, “Bridgestone” və s. kimi dünyanın məşhur brendləri cəmləşiblər.

Azərbaycan da buna bənzər inkişaf modeli yaratmaq niyyətindədir.

Azərbaycan coğrafi mövqeyinə görə əlverişli və strateji məkanda, Avropa ilə Asiyanın, Qərblə Şərqin qovşağında, tarixən Çindən Avropaya qədər uzanan məşhur İpək yolunun, eləcə də şimaldan cənuba gedən ticarət yollarının üzərində yerləşir. Yəni “hab konsepsiyası” Azərbaycanda tarixən mövcud olub. Məsələn, belə habların əsas komponentlərindən biri karvansaraylardır. Onların funksiyası əsasən ondan ibarət olub ki, dəvə karvanları gün ərzində təxminən 40 km məsafə qət etdikdən sonra dayanıb, fasilə edilməli, heyvanlar yedirilib-içirdilməli, insanlar istirahət etməli idilər. Karvansaraylar məhz bunun üçün nəzərdə tutulmuş bir məkan idi. Yəni hər 40-50 km-dən bir kiçik, daha uzaq məsafələrə gedənlər üçün isə də olsa, daha böyük karvansaraylara rast gəlmək olardı.

Amma tacirlərin əsas hədəfi meqapolis dediyimiz Buxara, Səmərqənd, Təbriz, İstanbul, Hələb kimi şəhərlər idi. Əsas ticarət əməliyyatları da məhz belə meqapolislərdə, indiki dillə desək, meqahablarda aparılırdı. Bu şəhərlər, meqahablar iqtisadiyyatda əlavə dəyər yaradırdı. Onların iki funksiyası vardı: tranzit və əlavə dəyərin yaradılması. Yəni birinci halda bu şəhərlərdən yalnız digərinə keçib getmək, burada dincəlmək üçün istifadə edilirdisə, ikincidə artıq müxtəlif yerlərdən gətirilmiş məhsullardan, xammaldan yeni məhsullar yaratmaq, istehsal etmək və daha baha qiymətə başqa şəhərlərə, dövlətlərə satmaq idi. İkinci yol, həmin meqapolislərə iqtisadi baxımdan daha sərfəli idi və oradan yalnız keçid məntəqəsi kimi istifadə edənlərdən daha çox gəlir gətirirdi. Eyni prinsip günümüzdə də aktualdır.

Bu gün Azərbaycan coğrafi mövqeyinə görə tranzit ölkələrdən biri hesab edilir. Ölkə iqtisadiyyatının özəyini neft sektoru və ondan əldə edilən gəlirlər təşkil edir. Bundan başqa, Azərbaycan üzərindən keçməklə Avropadan Asiyaya, Asiyadan da Avropaya yüz minlərlə ton yük daşınır. Amma təəssüf ki, Azərbaycan bundan yalnız ərazisindən yük daşınmasına görə xeyir götürə bilir. Halbuki, bu gəlir indikindən minlərlə dəfə çox ola bilər. Necə? Sadəcə. Daşınan mallardan istifadə etməklə, burada xüsusi iqtisadi zona çərçivəsində yeni istehsal sahələri yaradaraq onları emal edib yeni məhsullar ortaya çıxarıb dünya bazarına satmaqla. Bu yolla həm ölkədə yüzlərlə, minlərlə iş yeri açılar, əhalinin sosial rifah halı yaxşılaşar, həm də yeni məhsulların satışından və burada fəaliyyət göstərən şirkətlərin vergi ödəmələrindən mənfəət əldə etmək olar. Artıq belə bir iqtisadi zonanın yaradılacağı yer də məlumdur.

Bakı Limanı və ətrafında yaradılacaq azad ticarət zonasının Azərbaycan üçün əhəmiyyəti

Qeyd edək ki, prezident İlham Əliyev 17 mart 2016-ci il tarixində Bakı şəhəri Qaradağ rayonunun Ələt qəsəbəsində yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının (Ələt Terminalı) ərazisi daxil olmaqla, Azad Ticarət Zonası (ATZ) tipli xüsusi iqtisadi zonanın yaradılması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncamın icrasının təmin olunması məqsədilə 7 sentyabr 2016-cı il tarixində “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC ilə məsləhətçi qismində Birləşmiş Ərəb Əmirliklərinin DP World şirkəti arasında müqavilə imzalanıb. DP World 1985-ci ildən fəaliyyət göstərən Cəbəl-Əli limanı və Sərbəst Zonası (JAFZA) da daxil olmaqla 50 ölkədə 77 quru və dəniz terminallarını idarə edir. Müqaviləyə əsasən, məsləhətçi şirkət xüsusi iqtisadi zonalara dair qanunvericiliyin təkmilləşdirilməsi, zonanın yaradılmasının iqtisadi əsaslandırılması, inkişaf konsepsiyası, infrastrukturu və idarə olunması, eləcə də zonada həyata keçiriləcək sahibkarlıq fəaliyyətinin növləri və onların xüsusiyyətləri ilə bağlı Azərbaycan hökumətinə məsləhətlər verməlidir.

Azərbaycan bu layihəyə çox böyük əhəmiyyət verir. Ələtdə liman, nəqliyyat, logistika infrastrukturunun və ATZ-nin düzgün əsaslarla yaradılması çox önəmlidir. Çünki dünyada bir çox ATZ-lər yaradılıb ki, onlar uğur qazana bilməyib. Ona görə təməlin düzgün qoyulması, müvafiq hüquqi rejimin və qanunvericilik bazasının yaradılması çox vacibdir.

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktoru Taleh Ziyadov deyib ki, hazırda ATZ-nin hüquqi rejimi və texniki-iqtisadi əsaslandırması hazırlanır. Artıq müvafiq sənədlərin hökumətə təqdim edilməsi planlaşdırılır. Bu günlərdə isə Ələtdə Azad Ticarət Zonasının yaradılması ilə bağlı qanun layihəsi Milli Məclisə təqdim olunacaq. Beləliklə, artıq bu ilin birinci yarısında Azərbaycanda ATZ fəaliyyətə başlaya bilər.

Liman ərazisində aparılan tikinti işlərinin birinci mərhələsinin 2017-ci ilin sonunda yekunlaşması nəzərdə tutulub. Hazırda əsas iş “Ro-Ro” və quru yük terminalı üzərində gedir.

Plana əsasən, ilk növbədə yeni Bakı Limanı ətrafında nəqliyyat və logistika infrastrukturunun qurulması planlaşdırılır. Daha sonra zonada anbarlar və əlavə dəyər formalaşdıracaq sahələr yaradılacaq. Belə ki, burada neft-kimya, əczaçılıq, yüngül sənaye, kiçik istehsalat sahələrinin yaradılması, müxtəlif çeşiddə malların istehsalı, qablaşdırılması, markalanması və s. kimi işlərin həyata keçirilməsi gözlənilir. Bu işin uğuruna inam o qədər böyükdür ki, yaxın illərdə Ələtdəki ATZ-nin Azərbaycanın brendinə çevriləcəyi bildirilir.

Birinci mərhələ başa çatdıqdan sonra liman sutkada 1280 ton yük qəbul edə biləcək. Tikinti işləri 3 mərhələdən ibarət olacaq. Sonuncu mərhələdən sonra Ələtdəki yeni Bakı Limanının ildə 1 milyon konteynerin və 25 milyon ton yükaşırma gücündə olacağı proqnozlaşdırılır.

2016-cı ilin göstəricilərinə görə, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-də göstərilən bütün xidmətlər üzrə ortalama 47 faiz artım müşahidə olunub. Ən böyük artım iri həcmli nəqliyyat vasitələrində, o cümlədən, qoşqu və digər avtotexnikanın daşınması üzrə qeydə alınıb. Yüklərin son ünvanı isə əsasən Qazaxıstan və Türkmənistan olub.

Ələt regionun iqtisadi mərkəzinə çevrilə bilər

Ələtdəki ATZ ölkəmizdə “Made in Azerbaijan” markalı məhsulların istehsalının inkişafına və populyarlaşmasına da xüsusi təkan verəcək. Eyni zamanda, bu layihə şəhər infrastrukturunu da inkişaf etdirə bilər. Bütün bunlar baş versə, artıq 20-30 ildən sonra Ələt iri bir ticarət şəhərinə çevriləcək. Hazırda Ələtdəki ATZ üçün 400 hektar yer ayrılıb, gələcəkdə isə dövlət tərəfindən bunun üçün daha 2 min hektar ayrıla bilər.

Bundan əlavə, Ələtdə yeni hava limanı da inşa ediləcək. Abşeron yarımadasında ikinci sərnişin hava limanının 2035-ci ilə qədər inşa ediləcəyi söylənilir. Bu layihə Bakı ərazisinin zonalaşdırılması və istifadəsi planında da nəzərdə tutulub.

Hazırda Ələt qəsəbəsində 10-12 min insan yaşayır. Lakin tam aydındır ki, liman ətrafında ATZ-nin qurulması ilə burada çox sayda iş yerləri, yeni bizneslər yaradılacaq, yeni evlər inşa ediləcək, eləcə də digər müsbət proseslər cərayan edəcək. Bu da Ələti Bakının peyk şəhərinə, Mərkəzi Avrasiyanın müasir və tam təminatlı bir məkanına çevirəcək. Beləliklə, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı təkcə Azərbaycanın qeyri-neft sektorunun inkişafına və iqtisadiyyatının şaxələndirilməsinə deyil, bütün regionun transformasiyasına töhfə verəcək.

Liman rəhbərliyinin bildirdiyinə görə, bir müddət əvvəl fəaliyyətə başlayan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə Azərbaycan üzərindən yükdaşımalarla bağlı vahid tarif müəyyən olunub. Artıq bu konsorsiuma əlavə ölkələr də qoşulurlar. Fikrimizcə, mühüm əhəmiyyət kəsb edən vahid tarifin olması dəhlizdə yükdaşımanın artımına səbəb olacaq.

Bundan əlavə, bu il Bakı Limanının fəaliyyətini asanlaşdırmaq üçün elektron informasiya bazası istifadəyə veriləcək. İnformasiya bazası Dövlət Gömrük Komitəsi ilə əməkdaşlıq çərçivəsində yaradılacaq, daha sonra işlər avtomatlaşdırılmış, elektron formada aparılacaq. Belə ki, Azərbaycana gələn böyük yük avtomobilləri sərhəddə gömrükdən keçdiyi anda Bakı Limanına artıq bu barədə məlumat daxil olacaq. Elektron informasiya bazası vasitəsilə avtomobilin limana çatma vaxtı, hansı gəmi ilə yola salınması və digər məlumatları qabaqcadan bilib, planlı şəkildə hərəkət etmək mümkün olacaq.

Qeyd edək ki, Azərbaycan su, qaz və elektrik enerjisi tariflərinin digər ölkələrə nisbətən ucuz olması, ərazidə bu kommunikasiyaların artıq mövcud olması və bunun üçün əlavə genişmiqyaslı layihələrin həyata keçirilməsinə ehtiyac qalmaması, eləcə də qəsəbənin paytaxta çox yaxın olması, eləcə də Xəzərdə neft istehsalı və s. amillər Ələt habının uğur qazanacağına dəlalət edir.

Kənardan baxış

Cibutinin liman və azad ticarət zonasının rəhbəri Əbubəkr Ömər Hadi deyib ki,
Azərbaycan yaxın gələcəkdə regionda iri tranzit haba çevriləcək.

O deyib ki, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ətrafında azad ticarət zonasının yaradılması böyük gələcəyi olan layihədir. Onun sözlərinə görə, yükdaşımaların cəlbi və ölkəyə investisiya axını üçün azad ticarət zonasının yaradılması vacibdir.

BƏƏ-nin Dubay Əmirliyinin Dəniz Limanları, Gömrük və Cəbəl Əli Azad Zona Komitəsinin sədri, təkcə 2016-cı I yarısında 2 mlrd. dollardan çox mənfəət əldə edən “DP World” şirkətlər qrupunun sədri və icraçı direktoru Sultan Əhməd Sultan bin Sulayem isə Azərbaycanın, paytaxt Bakının ATZ-nin yaradılması baxımından strateji mövqedə yerləşdiyini qeyd edib:

“Bu gün Bakı əlverişli mövqedə yerləşib. Azərbaycan həm Rusiyaya, həm Gürcüstana, həm də İrana yaxındır. Tutaq ki, mənim Çində 3 kargo şirkətim var. Biz yükü Avropaya daşımaq üçün buradan dəmir yolu vasitəsilə Rusiyaya, oradan Bakıya, daha sonra isə Qara dənizə və beləliklə də Avropaya çıxarmış oluruq. Bu gün “DP World” dünyanın hər yerindədir. Azərbaycanda da bunun eynisini yaratmaq üçün logistika, depolama, distribusiya əsas amillərdəndir. Bundan başqa, Xəzər dənizi neft məhsulları ilə də zəngindir. Beləliklə, buradan neft və kimya məhsullarının paylanması məkanı kimi də istifadə etmək olar”.

O, Bakının çox gözəl və sürətlə inkişaf edən şəhər olduğunu nəzərə alaraq ölkədə azad ticarət zonasının yaradılmasını tam mümkün sayır: “Məsələn, Cəbəl Əli elə də gözəl deyil. İnsanlar ağır iş günündən sonra vaxtlarını əla keçirmək istəyirlər. Görürsünüz ki, Dubay necə gözəldir və onlar öz vaxtlarını burada keçirirlər. Aeroport, otellər, əsas kommunikasiyaların hamısı Dubayda yerləşir və investorları buraya dəvət etmək mümkündür. Beləliklə də, onların ölkəyə investisiya qoyuluşuna nail olursan. Əvvəllər bu çətin idi. İndi isə asanlaşıb. Ona görədə bu gün Dubaya gələn turistlərin sayı 15 milyon nəfərdən çoxdur”.

Ölkədə belə bir infrastrukturun yaradılması üçün siyasi sabitliyin də olmasının əsas amillərdən biri olduğunu qeyd edən Sultanın fikrincə, Azərbaycanda bu baxımdan da problem yoxdur.

İndi qalır…

Göründüyü kimi, həm yerli, həm də xarici mütəxəssislər Ələt limanının böyük perspetivlərinə olduğuna inanırlar. Lakin təəssüf ki, Ələt qəsəbəsində limanın inşasını həyata keçirən şirkətin fəaliyyətini qənaətbəxş hesab etmək olmaz. Bununla bağlı hətta prezident İlham Əliyev də öz iradlarını açıq şəkildə bildirməli olub. Dövlət başçısı yanvarın 10-da Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib:

“Ələt Beynəlxalq Dəniz Limanının birinci mərhələsinin tikintisi bu il başa çatmalıdır. Həm bütün infrastruktur, tikinti işləri, o cümlədən avadanlıq, bütün bu tədbirlər dövlət investisiya proqramında nəzərdə tutulur və icra ediləcək. Sadəcə olaraq, bu layihənin podratçıları da öz məsuliyyətini dərk etməlidirlər. İl ərzində bu məsələ ilə bağlı mənim böyük iradlarım olub, hökumət üzvləri bunu bilir. Bəzi icraçılar bu məsələyə çox laqeyd yanaşmışlar, baxmayaraq ki, dövlət vəsaiti ayrılmışdır, 2016-cı ildə o vəsaitdən tam istifadə edilməyib. Bu, dözülməzdir. Ona görə əgər o məsuliyyəti dərk etmirlərsə, əgər dövlətin verdiyi sifarişi yerinə yetirməyə laqeydlik göstərirlərsə, bundan sonra dövlət sifarişlərindən məhrum ediləcəklər, qoy bunu bilsinlər. Ona görə bu ilin payızına qədər Ələt Beynəlxalq Dəniz Limanının birinci mərhələsi bütün avadanlıqlarla, kranlarla təmin edilməlidir, əks halda özlərindən küssünlər”.

Ona görə də Azərbaycanı isə dünyanın inkişaf etmiş ölkələrindən birinə çevirə bilən strateji layihələrə ciddi yanaşmaq lazımdır. Bakı Beynəlxalq Dəniz Ticarəti Limanı və ətrafında yaradılacaq hab isə Ələti Qafqazın Dubayı edə bilər. Ona görə də istər rahat kreslolarda yalnız kağız-kuğuz imzalamağa öyrəşmiş bəzi məmurlar, istərsə də digərləri bu məsələdə əməlli-başlı tər tökməli, işgüzarlığını ortaya qoymalıdırlar.

arxiv.bizimxeber.az 



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə