O, “ATV-Xəbər”ə müsahibəsi zamanı aramsız yağışlar zamanı Bakının küçə və həyatyanı sahələrinin su altında qalması ilə bağlı reportajlar hazırlayan jurnalistlərə “məsləhət” verib:

“Yağış zamanı Binəqədidə müəyyən gölməçələr yarandı. Onu da iki-üç gün ərzində yox eləyə bildik. Bilin ki, fövqəladə hadisə vaxtı fövqəladə hadisə baş verər. Ona görə bizə də 2-3 gün vaxt verin. Amma siz, jurnalistlər yağış başlayan kimi elə kiçik gölməçəni görüb deyirsiz ki, Bakını tamamilə su basıb. Yaxşı oldu ki, Zabratı subasmasını görmədiz, amma mən gördüm. Getmişdik ora, sadəcə arxı qazdıq, gölə ötürdük. Bununla da su məsələsi qurtardı. İnsanlarımız, əsasən də jurnalistlərimiz yaxşı olardı ki, öz işindən beş dəqiqəliyə ayrılıb arxı açardı, nə olardı ki?”

Bəs, Azərbaycan media nümayəndələrinin Hacıbala Abutalıbovun fikirinə münasibəti necədir?

arxiv.bizimxeber.az bununla bağlı keçirdiyi sorğunu təqdim edir:

“Lent.az” saytının redaktoru Səbuhi Məmmədli: “Jurnalistin işi arx açmaq deyil. Heç, Hacıbala müəllimin işi də arx açmaq deyil. Adama bu boyda şəhər tapşırıblar rəzil günə qoyub. Adam Bakını faktiki məhv edib. Adi yağış yağanda şəhər iflic olur. Bundan utanmaq lazımdı, jurnalistə irad bildirmək yox.”

“Qafqazinfo”-nun təssçisi Elbrus Ərud: “Bundan sonra “Qafqazinfo”nun əməkdaşları reportaja lapatka ilə gedəcək.”

“Modern.az” saytının baş redaktoru Elşad Eyvazlı: “Hacıbala Abutalıbov ağ edir. Jurnalistlər onu məhkəməyə verməlidir. O, jurnalistlərlə “JEK” işçiləri kimi davranır. Azərbaycan jurnalistləri birdəfəlik onu boykot etməlidir. Bununla neçənci dəfədir ki, jurnalistləri təhqir edir.”

“Azadinform” informasiya agentlyinin baş redaktoru Niyaz Niftiyev: “Yağışdan, qardan sonra bərbad hala düşən şəhər təsərrüfatının real mənzərəsini işıqlandırmaq, problemlərin ictimailəşdirilməsi Bakı merində niyə bu qədər qıcıq yaradıb, onu araşdırmaq lazımdır. Hacıbala Abutalıbovun jurnalistlərə ünvanladığı bu təklif sadəcə ironiyadan başqa bir şey deyil. Yaxşı olardı ki, Hacıbala müəllim öz işi ilə, biz jurnalistlər də öz işimizlə məşğul olaq.”

“AzVision.az” saytının baş redaktoru Vüsal Məmmədov: “Redaktor həmkarlara təklif edirəm, 5-10 nəfər yığışaq, gedək Hacıbala müəllimin dediyi yeri açaq. Nə olar ki? Fiziki iş sağlamlıqdır. Həm beynimiz bir az dincələr, həm də insanlara bir də bu cür faydalı olarıq. Sadəcə, yerini və vaxtını deyin, mən orada olacağam.”

arxiv.bizimxeber.az