Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Cəlladlarla bir partiyada olmaq istəmirəm” – İsmaylı Şıxlının 20 Yanvar sonrası ÇIXIŞI
“Cəlladlarla bir partiyada olmaq istəmirəm” – İsmaylı Şıxlının 20 Yanvar sonrası ÇIXIŞI
20 Yanvar 2017 / 11:19 / Baxış sayı: 1208
Font1 Font2 Font3 Font4

“Ayna və “Zerkalo” qəzetlərinin keçmiş baş redaktoru Elçin Şıxlı Azərbaycanın xalq yazıçısı olan atası İsmayıl Şıxlı ilə bağlı önəmli məqamı xatırladıb.

arxiv.bizimxeber.az modern.az-a istinadən xəbər verir ki, Elçin Şıxlı sosial şəbəkədəki hesabından atasının 24 yanvarda Azərbaycan KP MK-nın plenumundakı çıxışının tam mətnini paylaşıb. Çıxışı zamanı İsmayıl Şıxlı 20 Yanvar faciəsini qətli şəkildə pisləyir və bu hadisənin təşkilatçılarını sərt şəkildə tənqid edir.
Modern.az mərhum xalq yazıçısının çıxışının mətnini təqdim edir.
İsmayıl Şıxlının 1990-cı il yanvar ayının 24-də Azərbaycan KP MK-nın plenumundakı çıxışı

“Mən Böyük Vətən Müharibəsinin iştirakçısıyam. Çox dəhşətlər, qanlı səhnələr görmüşəm. Müharibələrə, yatırılmış üsyanlara dair çoxlu kitablar oxumuşam. Lakin heç yerdə, heç zaman bu cür qanlı, vəhşi hərəkətə rast gəlməmişəm. Dinc əhaliyə öz qoşunlarının belə əzazil, vəhşi hücumu heç vaxt olmamışdır.

Bütün bu işlərə görə “qanlı perestroykanın” başçısı Qorbaçov, onun əlaltıları cəllad Yazov və Primakov, sapı özümüzdən olan balta, fərari Vəzirov tarix qarşısında, xalq qarşısında, məhkəmə qarşısında cavab verəcəklər.
Azərbaycan xalqı öz torpağını qoruyur. Lakin iki ildir onun dincliyi əlindən alınmışdır. “Böyük Ermənistan” yaratmaq xülyasına düşən ermənilər Katalikos Vazgenin, xarici daşnakların, Moskvaya toplaşan partbiletli millətçi ermənilərin başçılığı və Qorbaçovun himayədarlığı ilə milli qırğın törədirlər. Ermənistanda muzdlu qoşun saxlanılır. Livandan, İsraildən və başqa yerlərdən erməni terrorçuları gətirilib, həmin başkəsənlər raketlər, minomyotlar və başqa müasir silahlarla silahlandırılır. Dağlıq Qarabağda və Azərbaycanın başqa regionlarında qırğınlar törədilir. 250 minə yaxın azərbaycanlı didərgin düşüb, Qorbaçov narahat olmur. Tacikistanda zəlzələ olur, vecinə almır, Çernobıl faciəsi baş verir, tükü ürpənmir, amma bir erməninin burnu qanayanda “mnoqostradalnıy armyanskiy narod” – deyə göz yaşı axıdır. Heç bilmək istəmir ki, onlar “mnoqostradalnıy armyanskiy narod” yox, “mnoqoskandalnıy armyanskiy narod”dur, Qorbaçov isə onların əlində oyuncaqdır. Şahnazarovların, aqanbeqyanların, zori balayanların, qdılyanların, sitaryanların dediyi ilə oturub-durur. Belə olmasa idi, o, Dağlıq Qarabağda və Ermənistanda sovet hökumətini bərpa etmək əvəzinə, Bakıya qoşun yeritməzdi.
Yoldaşlar, Bakıda baş verən hadisələr əvvəlcədən düşünülüb hazırlanmış hadisələrdir, ermənilərin göstərişi və fitvası ilə hazırlanmışdır. General Yazov nə üçün səfərbərlik elan etdi? Məgər Bakıda alınmaz qala və ya təpədən-dırnağa qədər silahlanmış ordu vardı? Nə üçün general Yazov səfərbərliyi Rostov, Stavropol və Krasnodar vilayətlərində elan etdi? Sibirdə, Ukraynada edə bilməzdimi? Generallar və onların ağaları nə qədər gizlətsələr də, xoruzun quyruğu görünür. Onlar həmin vilayətlərdə məhz erməniləri səfərbərliyə aldılar, əsgər paltarı geyindirib Bakının üstünə göndərdilər və dinc əhalini vəhşicəsinə qırdırdılar. Bu, xalis genosid deyil, bəs nədir? Əsgər paltarlarında ermənilərin – başkəsənlərin əli ilə işlərini gördükdən sonra onlara təşəkkür edib dərhal evlərinə göndərdilər. Azərbaycan televiziyasını partlatsanız da, verilişləri qadağan etsəniz də, dünya törətdiyiniz qanlı cinayətlərdən xəbərdardır. Mən təklif edirəm: Bakını ələ keçirib dinc əhalini qırmaqda “böyük sərkərdəlik” məharəti göstərdiyinə görə general Yazova marşal adı verilsin və “Qələbə” ordeni ilə təltif olunsun. Qoy bəşəriyyətə Suvorov, Kutuzov, Jukov kimi böyük sərkərdələr vermiş rus xalqı “öz oğlu” Yazovla da “fəxr etsin”.
Moskva mətbuatı və başqa kütləvi informasiya vasitələri yenə də yalan danışır. Bakı işğalçıları da cinayətlərinin izini itirmək üçün yalan və fırıldaqla məşğul olur. Ölənlərin sayını səksəndən yuxarı çıxartmırlar. Mənim əlimdə şəkillər var. Semaşko xəstəxanasındakı ölüxanada çəkilib. Qollarında nömrələri var. “312”, “332”. Bu, təkcə bir xəstəxanada, bir gündə ölənlərdir. İndi özünüz hesablayın, görün nə qədər adam qırılıb?! Bakıya qəsd edən generallar ölüləri gizlətməklə, gəmilərə doldurub Narginə və başqa yerlərə aparmaqla ikinci cinayət törədirlər. Gözü yaşlı valideynlərə, ölülərin ruhuna hörmətsizlik edirlər.

Xalqı qırmaqla onun iradəsini sındırmaq cəhdi vəhşilikdir!
Azərbaycan SSR Ali Sovetinin fövqəladə sessiyasında qərar çıxarıldı ki, konstitusiyaya zidd olan, Qorbaçovun özbaşınalığı və diktatorluğu nəticəsində elan edilən fövqəladə vəziyyət dərhal götürülsün. Amma mərkəzi hökumət susur, sakitlik yaratmaq əvəzinə günün-günorta çağı dənizdə silahsız barjlara, paromlara, gəmilərə hərbi qayıqlardan, toplardan atəş açılır. Əhsən belə əməliyyat aparan admiralların başına!
Cənab Primakov, yanvar ayının 17-də, Azərbaycanın ağsaqqal ziyalılarından bir qrupu sizin yanınıza gəldik. Əvvəlcə, siz bizi çox nazla qəbul etdiniz. Özünüzü canişin Vorontsov-Daşkov kimi apardınız, kommunist kimi yox. Bizi dinləmək əvəzinə, özünüzü çox yekəxana və laqeyd göstərib nağıl danışmağa başladınız. Buna dözməyən Bəxtiyar Vahabzadə sözunuzu ağzınızda qoydu. Biz – Bəxtiyar Vahabzadə, Ziya Bünyadov, şeyxülislam Allahşükür Paşazadə, Nurəddin Rzayev sizdən tələb etdik ki, qırğın törətməyin, günahsız qan axıtmayın, vecinizə almadınız. Moskvadakı qaçqın ermənilərin halından söhbət açdınız. Çünki siz də Qorbaçov kimi ermənilərin əlində oyuncaqsınız! Siz ölkəni idarə edən siyasi xadimlər yox, siyasi meyitlərsiniz! Ona görə ki, öz ağlınız, öz iradənizlə işləmirsiniz. Marqaret Tetçer göstəriş verir, Buş təsdiq edir, Roma papası xeyir-dua söyləyir və siz – Qorbaçov dəstəsi – onların göstərişlərini danışıqsız yerinə yetirirsiniz. Çünki siz milli və siyasi əqidəsinə xəyanət edən adamlarsınız! Hanı sizin vətəndaşlıq qürurunuz? Hanı sizin kommunist qürurunuz? Hanı sovet insanlarının qüruru? Onları siz ayaqlar altına saldınız! Siz Rusiyanı, sosialist dünyasını içəridən dağıdan simasızlarsınız!

Sov.İKP artıq öz simasını itirmişdir. Don Kixot yel dəyirmanları ilə vuruşduğu kimi o da öz xalqı ilə vuruşur. Artıq ona xalqın etimadı yoxdur. Ona görə də kütləvi şəkildə partiyadan çıxırlar.
Mənim 71 yaşım var. Bütün ömrümü bu quruluşa həsr etmişəm. Azərbaycan KP MK üzvlüyünə namizədəm, Azərbaycan SSR Ali Sovetinin deputatıyam. SSRİ Yazıçılar İttifaqının üzvü və katibiyəm. 45 illik partiya stajım var. Mən müharibədə Kommunist bolşeviklər partiyasına üzv olmuşam. İndi isə bu partiya Qorbaçov və sizin kimi rəhbərlərin ağlı ucundan öz mahiyyətini dəyişib, faşist partiyasından da dəhşətli “SS” partiyasına çevrilib. Mən sizinlə bir sırada dayanmaq və belə bir partiyanın üzvü olmaq istəmirəm”.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə