Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Mən axırda dözməyib 2 milyon dollar verəndən sonra…” – MTN İŞİ
“Mən axırda dözməyib 2 milyon dollar verəndən sonra…” – MTN İŞİ
26 Yanvar 2017 / 21:16 / Baxış sayı: 816
Font1 Font2 Font3 Font4

Bu gün Bakı Hərbi Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş İdarəsi 2-ci istintaq şöbəsinin rəisi Vüsal Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Hakim Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən prosesdə Bahəddin Sultanovun qaldırdığı mülki iddia qəbul edib.

Vüsal Ələkbərovun barəsində olan həbs qətimkan tədbirinin başqa yerə getməmək qərarı ilə əvəzlənməsi haqda vəsatəti təmin edilməyib.

Dövlət ittihamçısı İlqar Quliyev bildirib ki, Vüsal Ələkbərova mütəşəkkil dəstə tərkibində ittiham verilib: “Dəstənin digər üzvləri bu gün azadlıqdadırlar. Vüsal Ələkbərov həmin şəxslərlə əlaqə saxlayıb, zərərçəkmişlərə, şahidlərə təsir göstərər, sübutları saxtalaşdıra bilər”.

V.Ələkbərov “Texnikabank”ın Bakı filialının rəhbəri Zal Yusifovun ittiham olunduğu cinayət işinin məhkəmədə tədqiq edilməsini istəyib.

Dövlət ittihamçısı bildirib ki, həmin cinayət işinə ibtidai istintaq zamanı baxış keçirilərkən müdafiə tərəfi hər hansı vəsatət verməyib: “O cinayət işi 50 cilddən çoxdur, baxış keçirilməsinə ehtiyac görmürəm”.

Bundan sonra V.Ələkbərov dövlət ittihamçısı İlqar Quliyevə etiraz edib və onun prosesdən uzaqlaşdırılmasını istəyib: “Mən hərbi qulluqçuyam, hərbi rütbəm var. Buna görə də mənim işimə hərbi məhkəmədə baxılır. İşə çıxan prokuror isə Hərbi Prokurorluğun yox, Baş Prokurorluğun prokurordur. Bu şəxsin mənim işim üzrə prosesdə çıxış etmək səlahiyyəti yoxdur”.

Məhkəmə kollegiyası etirazın əsassız olduğunu bildirib.

Daha sonra dövlət ittihamçısı ittiham aktını elan edib, V.Ələkbərov özünü təqsirli bilmədiyini deyib və əlavə edib ki, zərərçəkmişlərlə şahidlər dindirildikdən sonra ifadə verəcək.

V.Ələkbərov zərərçəkən Akif Qurbanovun epizodunun qapalı keçirilməsini istəyib və bildirib ki, həmin şəxs dövlət əleyhinə çıxışlar edib. Vəsatət təmin edilməyib.

A.Qurbanov ifadə verərək deyib ki, MTN-nin baş istintaq idarəsinin sabiq rəisi Mövlam Şıxəliyevi 1992-ci ildən tanıyır: “Bir toyda Mövlamdan “Texnikabank”ın rəhbəri Etibar Əliyevin istintaq işi ilə maraqlandım. Səhəri gün məni MTN-ə çağırdılar. Bir nəfər mənə dedi ki, sən dövlətçilik əleyhinə çıxışlar edirsən, hökumətə qarşı çıxırsan. Ona dedim ki, YAP-ın üzvüyəm. Partiyanın üzvlük vəsiqəsini də onlara göstərdim. Bundan sonra Vüsal Ələkbərov yanıma gəlib tikinti şirkətlərimi saymağa başladı. Dedim əziyyət çəkmə, özüm sayaram. Sonra dedi sabah tikintiyə icazə verilən sənədlərlə nazirliyə gəl. Həmin sənədlər üçün KAMAZ lazım olduğunu dedim. Mən Mövlam Şıxəliyevlə görüşmək istədiyimi dedim. Məni onun müavini Təhsin Ağayevlə görüşdürdülər. Təhsinlə birgə Mövlamın yanına getdik. Ona salam vermədim, səbəbini soruşdu. Dedim dünən toyda salam verdim, bura gətirtdin, indi salam versəm yəqin asarsan. Mövlam dedi ki, tikinti işi ilə məşğul olursan, 10 milyon manat ver. Dedim sən məndən çox bu işlə məşğulsan. Sonra dedi ki, həbs olunmağını istəmirsənsə, 1 milyon ver. Dedim başa düşürəm şefiniz Eldar Mahmudov toy edir, cib xərcliyi lazımdırsa, 10 min verim. Təhsin dedi boş-boş danışma, deyilən pulu gətir. Məni buraxdılar, ölkədən çıxışıma qadağa qoydular. Oğlanlarımı, məni həbs edəcəkləri ilə hədələdilər. Mən də istədikləri 1 milyon manatı Vüsal Ələkbərova verdim. Vüsal dedi ki, pulu Mövlama verəcək. Mən pulumu Vüsaldan tələb edirəm, o da kimə veribsə, getsin ondan alsın. MTN belə edəndən sonra Bakıda işləməyin mümkün olmadığını gördüm, biznesimi Rusiyaya köçürdüm”.

Digər zərərçəkən Nizami Kazımov ifadə verərək deyib ki, onu Texnika banka əmanət qoyduğu üçün tutub 3 milyon manat tələb ediblər: “Pulu vermədiyim üçün 3 ay həbsdə qaldım. Sonra mənimlə MTN-də alver başladı. 2005-ci ilə kimi Hacı Məmmədov insanları evində olan bunkerlərdə saxlayırdı, pul alırdı. Amma bunlar Hacı Məmmədovan fərqli olaraq bir qədər işlərini qanuni görməyə başladılar. İnsanları MTN-də saxlayıb, pul alaraq buraxırdılar. Mən axırda təzyiqlərə dözməyib 2 milyon dollar verəndən sonra buraxıldım”.

“Texnikabank”ın əmanətçisi olan zərərçəkənlərdən biri olan Hüseyn Səfərov ifadə verərək deyib ki, MTN-ə çağırılıb və şantaj olunaraq 2 milyon manatını və 2 kiloqram qızılını ələ keçiriblər: “Əvvəl pul verməyəcəyimi dedim, 3 aylıq həbs verdilər. Mövlam Şıxəliyev dedi ki, bu nazir Eldar Mahmudovun tapşırığıdır. 2 milyon istədilər, yarısını verəndən sonra həbsdən buraxdılar, qalanını da verəndən sonra cinayət işinə xitam verdilər. Pulumu Vüsal Ələkbərovdan tələb edirəm”.

Digər zərərçəkənlər Elşən Mədətov və Mehrac Qurbanov da eyni qayda ilə saxlanılaraq həbslə hədələndiklərini deyiblər. E.Mədətov 250 min dollar, M.Qurbanov isə 200 min dollar verdiyini deyib.

Məhkəmə prosesi fevralın 2-də davam etdiriləcək.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə