Avstriya Xarici İşlər Nazirliyindən “Report”a verilən məlumata görə, səfər yaxın aylarda baş tutacaq. Hazırda səfərin tarixi dəqiqləşdirilir.

Səfər zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsinin müzakirə ediləcəyi gözlənilir.

Avstriya XİN-dən bildiriblər ki, ATƏT-dəki Avstriya sədrliyi ATƏT-in Minsk qrupunun həmsədrlərinin münaqişəsinin nizamlanması üzrə səylərini dəstəkləyir.

“ATƏT-in sədrliyi fəaliyyətdə olan sədrin şəxsi nümayəndəsi Anjey Kaspşikin, eləcə də fəaliyyətdə olan sədrin Cənubi Qafqazdakı xüsusi nümayəndəsi, səfir Günter Baxlerin vasitəsiylə ATƏT-in Minsk qrupunun həmsədrlərinin səylərini fəal şəkildə dəstəkləyir. Avstriya neytral ölkə kimi uzunmüddətli ənənələrinə sadiq qalaraq, münaqişənin nizamlanmasına töhfə verməyə və ya tərəflərin görüşünü keçirməyə hazırdır”, – Avstriya XİN-dən bildiriblər.

Xatırladaq ki, Avstriya bu il yanvarın 1-dən etibarən bir il müddətinə ATƏT-ə sədrliyi qəbul edib və sədrliyinin prioritetlərindən biri təşkilat məkanında həll olunmamış münaqişələrin nizamlanması məsələsi olduğunu bəyan edib.

arxiv.bizimxeber.az