Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Asif Hüseynovun fotolarından boylanan nimdaş Siyəzən
Asif Hüseynovun fotolarından boylanan nimdaş Siyəzən
07 Fevral 2017 / 16:05 / Baxış sayı: 2158
Font1 Font2 Font3 Font4

2014-cü ildə Prezident İlham Əliyev cənablarının imzaladığı “Azərbaycan Respublikası regionlarının illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” fərmanından sonra bir çox rayonlarda əhəmiyyətli dərəcədə iqtisadi nailiyyətlər əldə edildi

Fərmana uyğun olaraq regionlarda zavod və fabriklərin, istehsal müəssisələrinin yaradılmasına, yerli sahibkarlığın inkişaf etdirilməsinə geniş vüsət verildi.
Ancaq təəssüflər olsun ki, bəzi rayonlarda istər əhalinin sosial vəziyyətində, istərsə də rayonun abadlaşdırılması, müasirləşdirilməsi istiqamətində hələ də ciddi problemlər qalmaqdadır. Ölkədə gedən ümumi inkişafdan bütün mənalarda geri qalan rayonlarda biri də Siyəzən rayonudur.
Öncə onu qeyd edək ki, Siyəzən rayonu paytaxt Bakıdan heç də uzaqda yerləşmir. Yerləşdiyi coğrafiya isə çox zəngindir. Xəzər dənizinin sahilində yerləşən Siyəzən rayonu həm də regionun ən strateji nöqtəsində- Bakı- Mahaçqala magistralının üzərində yerləşır. Təbii sərvətlərlə boldur. Neft- qazçıxarma sənayesi inkişaf edib. Ancaq bütün bunlarla belə rayon iqtisadi göstəricilərinə – yaşam səviyyəsinə görə çox acınacaqlı durumdadır. Bu qədər yüksək iqtisadi üstünlüklərə rəğmən rayonun ümumilikdə 40 minə yaxın sakininin sosial vəziyyəti heç də ürəkaçan vəziyyətdə deyil.
Rayon rəhbərliyi tərəfindən aqrar-iqtisadi-sosial siyasətin düzgün qurulmaması Siyəzən rayonundakı vəziyyəti daha da gərginləşdirir. Rayonda demək olar ki, Prezident İlham Əliyev cənablarının 2016-cı ildə prioritet elan etdiyi qeyri-neft sektorunun- xüsusən aqrar sektorun inkişafı istiqamətində heç bir ciddi addım atılmayıb. Rəsmi statistikaya nəzər yetirərkən də görürük ki, rayonun məhsuldar torpağının 386.00 kv.km olduğu halda əkilmiş torpaqların ümumi sahəsi 17 kv. km-dir. 45 kv. km şoranlaşmış torpaqlara, 1 kv. km sahəni isə meyvə bağlarına çıxdıqdan sonra yerdə çox böyük həcmdə istifadəyə yararlı torpaq sahəsi qalır. Bu qədər yararlı torpağın istifadəsiz qalması rayon əhalisi arasında işsizliyin artmasına, sosial durumun daha da ağırlaşmasına səbəb olmaqla yanaşı, həm də dövlət büdcəsinə ciddi ziyan vurur.
Siyəzən rayonu demək olar ki,  ölkədə son illər aparılan uğurlu sosial-iqtisadi siyasətdən tamamən kənarda qalıb. Ötən 2016-cı ilin rəsmi statistikasına baxdıqda görürük ki, Siyəzəndə heç bir ciddi nailiyyət əldə edilməyib. Rayonun bir-iki küçəsində aparılan asfaltlama işləri isə rayon rəhbərliyinin necə keyfiyyətsiz iş gördüyünü bütün çılpaqlığı ilə ortaya qoyur.
Bu yazımızda obyektivlik naminə Siyəzən RİH-nin rəsmi saytında yerləşdirilmiş 2016-cı ildə görülmüş işlər zamanı çəkilən fotoların “dili” ilə danışmağa çalışacağıq.
Bu şəkil ötən 2016-cı ilin mart ayında Siyəzən RİH-nin başçısı Asif Hüseynovun rayonun Sədan kəndinə etdiyi səfər zamanı çəkilib. Şəkilin fonundakı evin damına diqqət yetirəndə burada yaşayan insanların sosial vəziyyətini təsəvvür etmək heç də çətin deyil.
Bu fotolar da eyni kənddə eyni zamanda çəkilib. Kəndin evlərinin damları məşhur filmimizdəki “qızıl saat” kimi dil açıb danışır. Ancaq ikinci şəkilə diqqət edəndə son illərdə tikilmiş daxmanı görmək mümkündür. Demək ki, son illərdə gedən uğurlu sosial-iqtisadi siyasətin yan keçdiyi yerlərdən biri də məmləkətimizin bir parçası olan Sədan kəndidir.
Bu foto da ötən ilin mart ayında Asif Hüseynovun Dağ Quşçu kəndinə etdiyi səfər zamnı çəkilib. Bu dəfə fona kasıb daxması əvəzinə kəndin icra nümayəndəliyinin yerləşdiyi bina düşüb. Ancaq bu bina da nimdaşlığı ilə Sədan kəndindəki evlərdən fərqlənmir. Yeganə fərqlilik binanın damının qırmızı örtükdə olmasıdır. Şəkilə bir az da diqqət etsək bu işin də ciddi aparılmadığı açıq-aydın görünür. Belə ki, binanin girişindəki yağmurluğun navalçasının olmaması, divara sarılan elektrik xətti görülən işin “keyfiyyətinə” dəlalət edir.
Bu foto ötən ilin may ayında Asif Hüseynovun Siyəzənin Zarat kəndinə səfəri zamanı çəkilib. Fondakı bina kəndin məktəbidir. Qeyd edək ki, bu fotonu digər kəndlərdə çəkilən fotolarla müqayisə etmək insafsızlıq olar. Amma insafımızı itirməmək üçün deyək ki, burada da nimdaşlıq “qol-budaq” atıb. Məktəbin taxta pəncərələrinə, pəncərələrdəki sınıq şüşələrə və pilləkanın önündəki pambıqyığan kombaynın səbətinin torundan ayaqqabılardakı palçığı təmizləmək üçün düzəldilmiş dəmir parçasına nəzər yetirdikdə adamın yadına qanlı-qadalı 1992-1993-cü illər düşür.
Bu şəkil ötən ilin may ayında Siyəzən RİH-nin başçısının rayonun Nardaran kənd sakinləri ilə görüşü zamanı çəkilib. Doğrusu, biz də anlaya bilmədik ki, kənd sakinləri ilə təbiət qoynunda görüşməkdə hörmətli Asif Hüseynovun məqsədi kəndin nimdaş evlərini fotoaparatın obyektivindən gizlətməkdir yoxsa təbiət seyrangahına olan vurğunluq? Ancaq bunun o qədər də önəmi yoxdur. Əsas olan  odur ki, oxuculara bu şəkilin fonundan da xeyli ciddi problemlər “boylanır”. Arxada ötən əsrin 80-ci illərində basdırılmış işıq dirəklərinin və sınıq-salxaq transformatorun vəziyyəti onu deməyə əsas verir ki, hər dəfə ortabab külək əsəndə Nardaran kəndinin elektrik məsələsində ciddi problemlər yaranır.
Yuxarıda rayonun bəzi küçələrində ötən 2016-cı ildə asfaltlama işlərinin aparıldığını vurğulamışdıq. Ancaq onu da qeyd etmişdik ki, bu işlər standartlara uyğun aparılmır. Məhz buna görə də görülən işlər qısa zamandan sonra keyfiyyətini itirir. Yuxarıda gördüyünüz şəkil rayonun H. Talıbov küçəsinin asfaltlanması zamanı çəkilib. Göründüyü kimi burada asfalt torpaq örtüyünün üstünə basılır. Torpağın qabarıq və dağınıq olmağından görünür ki, səthi ağır çəkili xüsusi diyircəkli texnika ilə yastılanmayıb.
Bu şəkil isə rayonun Nəriman Nərimanov küçəsinin asfaltlanması zamanı çəkilib. Burada asfalt torpağın üzərinə basılmasa da onun qalınlığı keyfiyyətini ciddi olaraq şübhə altına qoyur. Hətta şəkilə diqqət yetirərkən asfaltbasan texnikanın qarşısında asfalt örtüyünün 2-3 sm qalınlığında olduğu açıq-aydın görünür.
Faktlarla təqdim etdiyimiz yazını yekunlaşdıraraq qeyd edək ki, Siyəzən RİH-nin başçısı hörmətli Asif Hüseynov 1981-ci ildə anadan olub, ixtisasca iqtisadçıdır. Əvvəllər neft sahəsində çalışıb. Prezident İlham Əliyev cənablarının sərəncamı ilə 2015-ci ilin oktyabrında Siyəzən RİH-nə başçı təyin edilib. Güman ki, yuxarıda göstərdiyimiz neqativ hallar hörmətli başçının gənc və təcrübəsiz olmasından qaynaqlanır. Ancaq bununla belə düşünürük ki, Asif Hüseynov ötən zaman ərzində kifayət qədər təcrübə toplamışdır.
Qazandığı təcrübələrə və iqtisadçı peşəsinə nəzərən ümid edirik ki, yeni başladığımız 2017-ci ildə Siyəzən rayonun sosial-iqtisadi vəziyyətinin yaxşılaşması istiqamətində Asif Hüseynov xeyli işlər görəcəkdir.
Qarşı tərəfin mövqeyini verməyə hazırıq.\gunxeber.com\
arxiv.bizimxeber.az

 



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə