Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Azərbaycanlıların nəsli kəsilməyə doğru gedir
Azərbaycanlıların nəsli kəsilməyə doğru gedir
12 Fevral 2017 / 11:51 / Baxış sayı: 1010
Font1 Font2 Font3 Font4

İndiki gəncliyi ahıl yaşlarında böyük təhlükə gözləyir

Son 45 ildə Azərbaycanda çoxuşaqlı ailələrin, yəni 4 və ya artıq uşağı olan ailələrin sayı 2,4 dəfə azalıb. İstiPress-in araşdırmasına görə, çox uşaqlı ailələrin stimullaşdırılması üçün ciddi sosial siyasətin olmaması bu meyli daha gücləndirə bilər.

Azalma dinamikası Dövlət Statistika Komitəsinin müəyyən illər üzrə göstəricilərini tutuşdurduqda ortaya çıxır. Statistikaya görə, 1970-ci ildə Azərbaycanda 296 min çoxuşaqlı ailə olubsa, 2015-ci ildə bu, 126 minə düşüb. Bu meyl həm də ümumi nəsilvermə əmsalına, yəni bir qadına düşən orta uşaq sayına da təsir göstərib. Əgər 1970-ci ildə orta hesabla bir azərbaycanlı qadın 4,7 uşaq doğurdusa, 2015-ci ildə bu rəqəm 2,1-ə düşüb.

Dövlət Statistika Komitəsinin son illər üzrə göstəricilərinin dinamikası bu istiqamətdə geriləmənin davam edəcəyini göstərir. 2011-ci ildə ümumi nəsilvermə əmsalı Azərbaycan üzrə 2,4 olub və dörd ildə müşahidə edilən geriləmə 2,2-yə bərabər təhlükə həddindən aşağı düşüb. Sosioloji araşdırmalara görə, əhalinin sayının qorunması üçün ümumi nəsilvermə əmsalı 2,2-yə bərabər olmalıdır.

Azərbaycan 1996-cı ildən sonra bu göstərici üzrə əsasən təhlükə limitindən aşağı göstərici nümayiş etdirib. Ən aşağı göstərici isə 2001 və 2002-ci illərdə müşahidə edilib – 1,8-ə bərabər olub. Sosiologiyaya görə, ümumi nəsilvermə əmsalı 1,7-dən aşağı düşdükdə, bu, millətin sonunun çatması deməkdir. Yəni belə olanda heç bir sosial tədbir ölkədə təkrar istehsalı təmin edə bilmir və ölkə müəyyən müddətdən sonra əmək bazarının işçi qüvvəsi ilə təmini üçün mühacirlərin cəlbinə məcbur olur.

Mənbə: Dövlət Statiskika Komitəsi

Mənbə: Dövlət Statiskika Komitəsi

Araşdırmalar göstərir ki, ənənəvi olaraq çoxuşaqlılığa meylli olan azərbaycanlıların övlad dünyaya gətirməsinə əsas maneçiliklərdən biri ailələrin sovet illərindən alışdığı uşaq pullarının verilməməsidir. Sovet illərində ailələr doğulan uşaqlara görə məktəb yaşına qədər müəyyən məbləğdə pul alırdı. Böyük məbləğ olmasa da, hər halda üç uşağa görə alınan məbləğ mühəndis maaşının yarıya qədərinə çata bilirdi. Uşaq sayı artıqca məbləğ artırdı və bu, kənd ailələri üçün böyük dəstək idi. Buna görə kənd ailələrində uşaq çox olurdu – məsələn, 1970-ci ildə Azərbaycanda kənd ailələrinin ümumi nəsilvermə əmsalı 6,4-ə bərabər idi.

İndi isə kənd ailələri ümumiyyətlə uşaq pulu ala bilmirlər. Qanuna görə, uşaq pulu yalnız işləyən qadınlar ala bilər və bu, elə də böyük məbləğ deyil. İşləyən qadınlara doğulan körpənin yaş yarımına qədər ayda 40 manat, yaş yarımından üç yaşına qədər isə ayda 20 manat ödənir. İşləməyən qadınlar Azərbaycanda ümumi qadın sayının 88 faizini təşkil edir, yəni 10 qadından təxminən 9-u, xüsusilə də kənd qadınları doğduğu uşağa görə müavinət ala bilmir. Ona görə də indi kənd ailələrinin ümumi nəsilvermə əmsalı şəhər ailələrinkindən elə də ciddi fərqlənmir və 2015-ci ildə 2,2-yə bərabər olub.

Elə buna görə, miqrasiya sahəsi üzrə ekspert Azər Allahverənov İstiPress-ə müsahibəsində uşaq pullarının bütün qadınlara şamil olunmasının vacibliyini vurğulayır: “Düşünürəm ki, bu, kənd ailələri üçün xüsusilə faydalı ola bilər. Hər halda, 40 manat kənd ailələri üçün elə də az pul deyil. Ölkə üzrə götürdükdə bu elə də böyük pul tutmaz, təxminən 150 milyon manatın ətrafında dəyişə bilər. Məncə, büdcədə bunun üçün vəsait tapmaq olar, çünki büdcə xərclərinin 1%-dən də az bir məbləğdir”.

Əslində, Azərbaycan 2-3 körpünün tikinti xərcinə bərabər olan bu vəsaiti xərcləməsə, vəziyyəti daha ağır olan ölkələrin durumuna düşərsə, daha çox pul xərcləməli olacaq. Məsələn, Almaniyada doğulan uşaq valideyninin vətəndaşlığından asılı olmayaraq ölkə vətəndaşı sayılır, 15 yaşına qədər hər ay ona 500 avro pul verilir. Bu yaxınlarda Almaniyada oğul dünyaya gətirmiş Çinarə adlı azərbaycanlı qadın İstiPress-ə müsahibəsində aldığı vəsaitə görə işləməyə heç bir ehtiyac qalmadığını bildirir. Onun fikrincə, bu sistem ananın bir neçə uşaq dünyaya gətirməsinə imkan yaradır.

“Məncə, büdcədə bunun üçün vəsait tapmaq olar, çünki büdcə xərclərinin 1%-dən də az bir məbləğdir”

Postsovet məkanı ölkələrindən Rusiya da bütün qadınlara uşaq pulu verir, özü də uşaq sayı artdıqca verilən məbləğ də artır. Məsələn, hazırda birinci uşağa görə aylıq müavinət təxminən 50 dollar təşkil edir, ikinci və daha sonrakı uşaqlar üçünsə uşaq pulu 100 dollara qalxır. Yəni 3 uşağı olan kənd ailəsi hər ay 250 dollara yaxın pul alır ki, bu da kənd yerləri üçün yetərincə əlverişli vəsaitdir. Rusiyanı bu addıma SSRİ-nin dağılmasından sonra əhali sayının azalması vadar edib.

Azərbaycan da gələcəkdə əmək bazarının işçi qüvvəsi ilə təmin edilməsi üçün təkrar əhali istehsalının indidən qayğısına qalmalıdır. Əks halda, Qərbi Avropa ölkələri kimi üçüncü dünya ölkələrindən miqrant cəlb etməyə məcbur olacaq. Bu isə həmin ölkələrdən miqrantlarla yanaşı radikalizm idxalı deməkdir. Bu həm də bir kulturoloji toplum kimi azərbaycanlıların nəslinin tükənməsi ola bilər. Çünki gələn insanlar gec-tez dərinin rəngindən tutmuş ünsiyyət vasitəsi olan dilə qədər hər şeyi dəyişəcəklər. İndidən tədbir görməsək, ahıl yaşlarımızda bu qorxulu gələcəyə hazır olmalıyıq.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə