Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Kazımovski küçəsindəki 18 mərtəbəli binanın müəmması… – FOTO
Kazımovski küçəsindəki 18 mərtəbəli binanın müəmması… – FOTO
15 Fevral 2017 / 15:09 / Baxış sayı: 840
Font1 Font2 Font3 Font4

Binəqədi rayonu, 6-cı mikrorayon, Mirmahmud Kazımovski 54-56 ünvanında yerləşən çoxmərtəbəli bina bir neçə il öncə istifadəyə verilsə də, binada yaşayan sakinlər hələ də aldıqları mənzillərə mülkiyyət hüququnu sübut edən sənədi – “kupça”nı ala bilmirlər. Sakinlər deyirlər ki,  “Zaman” Elmi İstehsalat Müəssisəsi tərəfindən tikilən 18 mərtəbəli  bina 2015-ci ildə dövlət komissiyası tərəfindən istismara qəbul edilib.  3 ildən artıqdır ki, bina qaz, su, elektrik enerjisi və digər kommunal xidmətlərlə təmin olunsa da, sakinlərə dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış, yəni “kupça” verilmir.

arxiv.bizimxeber.az xəbər verir ki, virtualaz.org-a müraciət edən sakinlərin sözlərinə görə, dəfələrlə binanın komendantına müraciət etsələr də, onları hər dəfə  “yaxın günlərdə “kupça” olacaq” vədilə yol verirlər. Şikayətçilər deyirlər ki, qeydiyyat sənədinin verilməməsi ciddi problem yaratdığından sakinlərin bəziləri əlacsız qalıb qohumlarının evinə, bəziləri polis idarəsinə evsiz kimi qeydiyyata düşüb, bəziləri isə eləcə “havada” qalıblar. Verilən vədlərdən 3-4 il keçsə də, hələ də “kupça”lardan xəbər yoxdur.

“Bir neçə il öncə 4-cü mərtəbədə mənzil almışıq. Evi satan şəxs dedi ki, istədiyiniz vaxt müraciət edib “kupça” ala bilərsiniz. Dəfələrlə maraqlanmışıq, deyirlər, bəzi sənədlər qalıb, onlar da hazır olan kimi “kupça” veriləcək. Neçə il keçib, amma hələ də “kupça”dan səs-soraq yoxdur. Çıxarışın olmamasına görə çox əziyyət çəkirik”, – Aynura Seyidova adlı sakin deyir.

Bakıda yeni tikilmiş çoxmərtəbəli binalardakı mənzillərin qeydiyyat sənədinin olmaması, belə demək olar ki, geniş yayılmış problemdir. Lakin əksər hallarda bu,  binanın Dövlət Qəbul Komissiyası tərəfindən istismara qəbul edilməməsi ilə bağlı olur. Belə binalara təbii qaz da verilmir və faktiki olaraq onlar Bakını bürümüş “qanunsuz tikilərdən biri” statusunda olur. Lakin Kazımovski küçəsi, 54-56 ünvanda yerləşən bu binanın sakinlərinin “kupça” probleminin səbəbi müəmmalıdır. Axı bina istismara qəbul edilibsə, mənzillərə niyə qeydiyyat sənədi verilməsin?

Sakinlər deyir ki, qeydiyyat sənədinin verilməməsi onlara çox ciddi problemlər yaradır. Xüsusən də, uşaqları ali məktəbə imtahan verəcək valideynlər, şəxsiyyət vəsiqəsinin qüvvədə olma müddəti keçən pensiyaçılanlar və dövlət orqanlarında çalışan işçilər – hərə sənəd almaq, harasa qeydiyyata düşmək üçün müxtəlif yollar axtarmağa məcbur olur.

Sakinlər yaşadıqları binada kommunal xidmətlərdən əlavə “ev pulu” deyilən ödəniş də edirlər. Bina rəhbərliyinin təyin etdiyi bu məbləğ isə hər mənzilin kvadratmetrinə görə 35 qəpikdən hesablanır. Şikayətçilər deyirlər ki, yaşadığın binada mənzili satmaq da bir başqa problemdir. “Kupça”sı olmadığından mənzili satarkən tikinti kooperativinə müraciət etməli, alqı-satqının 2%-ni ora köçürməlisən.

Dövlət vətəndaşını harada axtarmalıdır?

Ekspertlər hesab edirlər ki, “kupça” ilə bağlı xüsusən yeni tikilmiş binalarda yaranan bu problem vətəndaşın problemi deyil. Yəni ödəniş edib evi alan vətəndaş “kupça”nın arxasınca sürünməməlidir. Binaların qeydiyyat problemi öz həllini tapmasa, çox vətəndaşlar bundan əziyyət çəkəcək.

Millət vəkili Fazil Mustafanın sözlərinə görə, ortaya çıxan narahatlıqlar dövlətin özü üçün də uyğun deyil, öz vətəndaşının elementar problemini həll eləməkdə çətinliklər ortaya qoyulur.

“Mən bu məsələni bir neçə dəfə Milli Məclisdə qaldırmışam. Prinsipial yanaşılsa, məsələ öz həllini tapar. Onlarla bina var ki, çoxdan, hətta on illərdir orada yaşayış var, amma təhvil götürülməyib və sənəd verilməyib. Məncə, binanın təhvil götürülüb-götürülməməsindən asılı olmayaraq, bu bir mülkiyyətdir və tikilibsə, ona təminat verilməlidir. Bütün vətəndaşların harada axtarılacağı  dövlətin problemidir və dövlət də bunu həll etməlidir”.

Bələdiyyə də bir yandan aldadır

Maraqlıdır ki, həmin binadakı mənzillərin “kupça”sı olmadığı, yəni faktiki olaraq daşınmaz əmlak kimi Dövlət Reyestrində qeydiyyata alınmadığı halda yerli bələdiyyə sakinlərdən daşınmaz əmlak vergisi yığır.

“Binəqədi bələdiyyəsi tərəfindən verginin qanuni olaraq yığıldığını müxtəlif səbəblərlə əsaslandıraraq bizdən əmlak vergisi tələb edirlər. 2015-ci ildə bu vergini ödədim. Amma bir müddət öncə məktub göndəriblər ki, həmin ildə vergi ödəməmisiniz. Həm də, 5 gün ərzində bu ödənişi etmədikdə vergiyə əlavə faiz hesablanacağı, ölkədən çıxışımıza məhdudiyyət qoyulacağı, bizə məxsus əmlakın siyahıya alınacağı ilə hədələyirlər”, – sakinlərdən Elçin Əliyev bildirir.

Hüquqşünas Müzəffər Baxışovun sözlərinə görə, əmlak Dövlət Reyestrində qeydiyyatdan keçməyibsə, ondan vergi tələb oluna bilməz, bu qanunsuzdur. “Əmlak vergisini fiziki şəxslər mülkiyyətində əmlak olduqda Vergi Məcəlləsinin tələblərinə görə bələdiyyələrə ödəyirlər. Əgər mülk rəsmi qaydada qeydiyyatdan keçməyibsə, bizim mülki məcəllənin 178.1-ci maddəsinə görə, o şəxs ora heç bir hüquq əldə etmir. Heç bir hüquq əldə edilməyən əmlaka görə vergi tələb oluna bilər? Bu sırf qanunsuzdur. Həmin vətəndaşlar belə vergi tələb edən bələdiyyəni məhkəməyə verə bilərlər”, – deyə hüquqşünas bildirir.

Binəqədi bələdiyyəsinin rəhbərliyi ilə əlaqə saxlaya bilməsək də özünü Əli kimi təqdim edən müfəttiş həmin binanın sakinlərindən daşınmaz əmlak vergisi topladıqlarını təsdiqləyir: “Mən icraçıyam, rəhbərlik göndərir, gedib yığıram. Həmin binada olmuşuq, komendant deyib ki, sakinlərə mart ayından “kupça” veriləcək, vergini indidən yığın ki, sakinlərə çox yük düşməsin”.

Binanı tikən şirkət yoxa çıxıb?!

Problemlə bağlı binanı tikən “Zaman” Elmi İstehsalat Müəssisəsi ilə əlaqə saxlamağa çalışsaq da, şirkət haqqında heç yerdən heç bir məlumat, o cümlədən telefon nömrələrini əldə edə bilmədik. Görünür, şirkət binanı tikib satmaqla işini bitmiş hesab edərək ortadan qeyb olub.

Binanın komendantı Cavid Qəniyev isə yenə də gələn ay binaya “kupça” veriləcəyi ilə bağlı vəd verdi: “Bina 2015-ci ilin oktyabr ayında istismara verilib. Çıxarışı da, pasportu da var. Gələn aydan sakinlər qeydiyyata düşə biləcəklər. Binanın pasportu və digər sənədlər mənim stolumun üstündədir, gəlib tanış ola bilərsiniz. Bizdə yalnız vergi ilə bağlı bir arayış qalıb, onu alandan sonra alqı-satqı edib “kupça”sını verəcəyik”, – deyə komendant bildirdi.

Əmlak Komitəsi: İstismara qəbul olunubsa, biz çıxarış veririk

Əmlak Məsələləri Dövlət Komitəsi isə bütün sənədlər hazırlanıb müraciət olunarsa, onlar tərəfindən heç bir problem olmadığını deyir. Komitənin mətbuat xidmətinin rəhbəri Qulu Xəlilovun virtualaz-a bildirdiyinə görə, Mənzil tikinti kooperativi müvafiq qurumlara müraciət edərək binanın istismara qəbul aktını alarsa, onlara çıxarış verilir.

“İstismara qəbul aktını icra hakimiyyətləri verir. İstismara qəbul aktı olduğu halda biz binaya çıxarış aktını veririk. Komitə tərəfindən heç bir problem yaradılmır. Biz respublikanın bütün şəhərlərində yerləşən çoxmərtəbəli binaların həyətlərində kampaniyalar həyata keçirərək kütləvi şəkildə çıxarışları təhvil veririk. Bu sahədə hər şey şəffafdır”, – deyə Q. Xəlilov bildirir.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə