Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Naziri Yavər Camalov Şirvan ictimaiyyətinin nümayəndələri ilə görüşdü
Naziri Yavər Camalov Şirvan ictimaiyyətinin nümayəndələri ilə görüşdü
10 Fevral 2016 / 13:52 / Baxış sayı: 74
Font1 Font2 Font3 Font4

Fevralın 10-da müdafiə sənayesi naziri Yavər Camalov Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda verdiyi tövsiyyələrə əsasən Şirvan şəhərində ictimaiyyət nümayəndələri ilə görüşdü. Yerli icra hakimiyyəti orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların rəhbərlərinin, sahibkarların və rayon ziyalılarının iştirak ilə keçirilən görüşdə əhalinin məşğulluğunun təmin edilməsi, sosial müdafiəsinin gücləndirilməsi, dinamik iqtisadi inkişaf və regionların potensial imkanlarının hərəkətə gətirilməsi ilə bağlı qarşıya qoyulan vəzifələr müzakirə olundu.

Çıxış edən Şirvan şəhər  İcra Hakimiyyətinin başçısı Mərdan Camalov Prezident İlham Əliyevin regionların hərtərəfli inkişafına diqqət və qayğısı nəticəsində Şirvan şəhərində mühüm nailiyyətlərin əldə edildiyini  və qazanılan uğurların ötən il də davam etdirildiyini vurğuladı. İcra başçısı bildirdi ki, digər bölgələr kimi Şirvanda da  sənayenin, sahibkarlığın inkişafı üçün mühüm işlər aparılıb, sosial məsələlərin həlli, məşğulluq imkanlarının artırılması üçün tədbirlər həyata keçirilib.

Mərdan Camalov regionların sosial-iqtisadi inkişafı ilə bağlı Prezident İlham Əliyevin verdiyi tapşırıqların bunda sonra da uğurlu icrası istiqamətində səylərin artırılacağını bildirdi.

Görüşdə çıxış edən müdafiə sənayesi naziri Yavər Camalov respublikada qısa müddət ərzində əldə edilən uğulardan danışdı və Prezidenti İlham Əliyevin regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda verdiyi tapşırıqları və qarşıda duran vəzifələri xatırlatdı.

Yavər Camalov qeyd etdi ki, hər bir ölkədə inkişaf proseslərinin davamlılığını təmin edən başlıca amillərdən biri də qarşıda duran hədəflərin düzgün müəyyən edilməsidir. Əminliklə demək olar ki, müstəqil Azərbaycanın son illərdə ictimai həyatının bütün sahələrində əldə etdiyi uğurlar konkret məqsədlərə yönəlmiş çevik iqtisadi siyasətin nəticəsidir.

Nazir bunun bariz nümunəsi kimi, son illərin iqtisadi göstəricilərinə nəzər saldı. Bildirdi ki,  ötən 12 ildə ölkə üzrə ümumi daxili məhsul 3,2 dəfə, qeyri-neft sektoru 2,6 dəfə artmış, orta illik iqtisadi artım 12,9 faiz təşkil etmişdir. Strateji valyuta ehtiyatları 31 dəfə, xarici ticarət dövriyyəsi 6,6 dəfə, qeyri-neft ixracı 4,7 dəfə artmışdır. Bu müddətdə dövlət büdcəsinin gəlirləri 16 dəfə, orta aylıq əməkhaqqı 5 dəfə, pensiyalar 7 dəfə, əhalinin əmanətləri 27 dəfə artmışdır. Yoxsulluğun səviyyəsi  44,7 faizdən  5 faizə, işsizliyin səviyyəsi isə 4,8 faizə enmişdir. Yeni iş yerlərinin yaradılması istiqamətində görülmüş tədbirlər nəticəsində 1 milyon 500 min iş yeri açılmışdır.

2004-cü ildən başlayaraq regionların sosial-iqtisadi inkişafına dair 3 dövlət proqramı qəbul edilib. Həmin proqramların icrası məqsədi ilə ölkədə irimiqyaslı sosial layihələr yerinə yetirilib. Ölkə ərazisinin 90 faizi qazlaşdırılıb, 10 min km-dən çox yol  çəkilib. İçməli su layihələri bir çox şəhərlərdə icra edilib. Son 12 ildə 25 elektrik stansiyası, 3 min məktəb, 600-ə yaxın xəstəxana tikilib, təmir edilib. Həmin müddətdə  məcburi köçkünlər üçün 89 qəsəbə salınıb, 225 min vətəndaş yeni mənzillərə köçürülüb. Sahibkarlara güzəştli şərtlərlə 1 milyard 700 milyon manat kredit verilib. Ölkəyə 200 milyard dollar sərmayə qoyulub ki, bunun da 100 milyard dolları xarici sərmayədir.

Ötən dövr ərzində respublikamızda beynəlxalq səviyyəli və müxtəlif sahələri əhatə edən onlarla forum, konfrans, sərgi, idmanın əsas növləri üzrə qitə və dünya çempionatları və digər  mühüm tədbirlər keçirilib.

Nazir bildirdi ki, son illər respublikamızın sürətli inkişafı nəticəsində  ölkədə  güclü iqtisadi və hərbi potensial formalaşıb. Bu sahədə aparılan uğurlu iqtisadi islahatlar insanların real həyatına da öz müsbət təsirini göstərib. Bir faktı qeyd etmək lazımdır ki, son bir ayda ölkə başçısı İlham Əliyev tərəfindən əməkhaqqı, pensiya və digər sosial müavinətlərin artırılmasına dair 6 fərman və 19 sərəncam imzalanmışdı.

Prezident İlham Əliyevin müstəqillik dövründə həyata keçirdiyi mühüm tədbirlərdən biri də, ölkənin müdafiəsini təmin edən ordunun hərbi-texniki bazasının gücləndirilməsi və kənardan asılılığın azaldılması məqsədilə  Müdafiə Sənayesi Nazirliyinin yaradılması və inkişafı olmuşdu. Nazirliyin qarşısında qoyulmuş əsas məqsəd müəssisələrdə bərpa və yenidənqurma işlərinin aparılması, müasir növ silah, döyüş sursatlarının istehsalının mənimsənilməsi və onların seriyalı istehsalını təmin etmək üçün yeni istehsal sahələrinin yaradılması olmuşdu. Qısa müddət ərzində MSN-in müəssisələrində 50-dən çox yeni istehsal sahələri yaradılmış və istehsalı mənimsənilmiş müdafiə təyinatlı məmulatların çeşidlərinin sayı 1070-i ötmüşdü.

Yavər Camalov Şirvan şəhərində yerləşən “Telemexanika” və “Araz” zavodlarının 10-12 il bundan əvvəlki vəziyyətini görüş iştirakçılarına xatırlatdı və bildirdi ki, həmin zavodlar Müdafiə Sənayesi Nazirliyinin tabeliyinə verildikdən sonra orada bərpa və yenidənqurma işləri aparılmışdı. Qısa müddət ərzində müəssisələrdə yeni istehsal sahələri yaradılmış və həmin sahələrdə  müxtəlif növ müdafiə təyinatlı məmulatlar istehsal edərək Silahlı Qüvvələr döyüş sursatları ilə təmin edilmişdi. Bu günədək həmin müəssisələrdə 15 yeni istehsal sahələri yaradılmışdı və yaxın illərdə onların sayı artacaqdı. Yaradılmış istehsal sahələri hesabına bu gün “Telemexanika” zavodunda işləyənlərin orta siyahı sayı 517 nəfər, “Araz” zavodunda isə 193 nəfər təşkil edir. Zavodlarda orta aylıq əməkhaqqı  520 manat səviyyəsindədi.

Nazir dünyada baş verən iqtisadi böhrana toxunaraq qeyd etdi ki, son illər baş verən bu prosseslər Azərbaycana da təsirsiz ötüşmədi. Dünya bazarında neftin qiymətinin və Azərbaycanın milli valyutası olan manatın məzənnəsinin aşagı düşməsi ilə nəticələndi.

Yavər Camalov 2008-2009-cu ildə iqtisadi böhran zamanı dünyanın əksər ölkələrində ciddi problemlər müşahidə olunduğu halda, Azərbaycanın  daha da inkişaf etdiyini, qarşıya qoyulmuş bütün vəzifələrin icra olunduğunu diqqətə çatdırdı.

Nazir dünyada hökm sürən 2-ci iqtisadi və siyasi böhrana baxmayaraq Azərbaycan iqtisadiyyatının hələ də inkişaf etdiyini vurğuladı və bildirdi ki, 2015-ci ildə ölkə üzrə ümumi daxili məhsulda 1 faizdən çox, sənaye istehsalında 2,4 faiz, qeyri-neft sənayesində isə 8,4 faiz artım olub. Keçən il ölkə iqtisadiyyatına 20 milyard dollara yaxın sərmayə qoyulmuşdur. Bütün sosial proqramlar icra edilmişdir. Regionların inkişafı 2015-ci ildə daha da sürətlənmişdi.

Yavər Camalov ötən il dünya bazarında neftin qiymətinin kəskin ucuzlaşmasının daha çox siyasi amillərlə bağlı olduğunun toplantı iştirakçılarına xatırlatdı. Bildirdi ki, Azərbaycan dünya iqtisadiyyatına inteqrasiya olunduğundan baş verən proseslərdən kənarda qala bilməzdi. Bu səbəbdən də 2015-ci ildə dünyada iqtisadi-siyasi çətinliklərin daha da artması ölkəmizə təsirsiz ötüşmədi. Lakin, Prezident İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində iqtisadiyyatın inkişafı və ictimai-siyasi sabitliyin qorunması təmin edildi. Dövlət başçısının uzaqgörənliyi sayəsində görülmüş uzunmüddətli və qabaqlayıcı tədbirlər öz bəhrəsini verdi. Belə ki, illərdir dünyanın inkişaf etmiş dövlətləri bu böhrandan əziyyət çəksələr də Azərbaycanda bu təsirin minimum həddə çatdırılmasına nail olundu.

Nazir ölkə başçısı İlham Əliyevin gedən proseslərə biganə qalmadığını, Nazirlər Kabinetinin 2015-ci ilin yekunlarına həsr olunmuş iclasında və eləcə də, regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının yekunlarına həsr olunmuş konfransında ölkədə idisadi, sosial məsələlərin həlli ilə bağlı görülmüş işlər və həyata keçiriləcək tədbirlərlə bağlı səsləndirdiyi fikirləri bir daha görüş iştirakçılarına xatırlatdı və  bildirdi ki, Şirvan şəhərinin rəhbərliyi və şəhərdə fəaliyyət göstərən idarə və müəssisələrin rəhbərləri, eyni zamanda fəallar şəhərin sosial-iqtisadi inkişafı, yeni iş yerlərinin yaradılması, biznes mühitinin yaxşılaşdırılması, əhalinin sosial müdafiəsinin gücləndirilməsi, sahibkarlığın inkişaf etdirilməsı və s. istiqamətlərdə tədbirlər görməlidirlər.

Görüş zamanı nazir Yavər Camalov vətəndaşların müraciətlərini dinlədi, onlardan 30 nəfərin Müdafiə Sənayesi Nazirliyinin Şirvan şəhərində yerləşən müəssisələrində, 20 nəfərin isə digər müəssisələrdə işlə təmin edilmələrinə dair göstərişlər verdi.

Tədbirdə iştirak edən Milli Məclisinin deputatı Rafael Cəbrayılov Prezident İlham Əliyevin verdiyi tapşırıqların digər bölgələrlə yanaşı Şirvanın da inkişafına böyük imkanlar yaratdığını söylədi.

Görüşdə bir sıra təkliflər səsləndirildi, qaldırılan problemlərin bir qismi yerindəcə həll olundu, bəziləri ilə bağlı müvafiq struktur rəhbərlərinə tapşırıqlar verildi.

Çıxış edən sahibkarlar və ictimaiyyət nümayəndələri göstərilən diqqət və qayğıya görə dövlət başçısı İlham Əliyevə minnətdarlıqlarını bildirdilər.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə