Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Çovdarovun səhhəti pisləşdi, məhkəmə yarımçıq qaldı – YENİLƏNİB
Çovdarovun səhhəti pisləşdi, məhkəmə yarımçıq qaldı – YENİLƏNİB
20 Fevral 2017 / 19:00 / Baxış sayı: 856
Font1 Font2 Font3 Font4

Günün ikinci yarısında davam edən proses haqqında Çovdarovun vəkili Sadiq Rəsulov məlumat verib.

Vəkil bildirib ki,  fasilədən sonda Cahangir Alışovun epizodu üzrə dindirmələr davam edib.

Alışov ifadəsini başa vurub. Bundan sonra vəkillərin suallarını cavablandırıb. Bu zaman onun istintaqa ifadəsi ilə məhkəmədə verdiyi ifadə arasında bəzi ziddiyyətlər olub.

Bundan sonra epizod üzrə bir neçə şahid ifadə verib. Onlar istintaqa verdikləri ifadələri təsdiq ediblər.

Məhkəmənin gedişatı zamanı Çovdarovun səhhətində problemlər yaranıb. O, məhkəmədə iştirak edə bilmədiyini deyib. Hakim Həbib Həsənov bunu nəzərə alaraq bugünkü prosesi 30 dəqiqə tez başa vurub.

Məhkəmə prosesi fevralın 22-də davam edəcək.

**

15:41

Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarov, 1-ci idarəsinin sabiq rəisi Səlim Məmmədov, 2-ci idarənin sabiq rəisi Akif Əliyev və 3-cü idarənin 1-ci şöbəsinin sabiq rəis müavini Orxan Osmanovun cinayət işi üzrə məhkəmənin baxış iclası davam edib.

Lent.az-ın məlumatına görə, Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi keçirilən iclas Sabunçu rayon Məhkəməsinin binasında baş tutub.

Proses haqqında Çovdarovun vəkilləri jurnalistlərə açıqlama vermək istəməyiblər.

Təqsirləndirilən Səlim Məmmədovun vəkili Cavid Rzazadə isə bildirib ki, prosesdə “Baktell” epizodu üzrə şahid dinləməsi keçirilib.

Daha sonra zərərçəkmiş şəxs qismində “Yeni Yasamal” MTK rəhbəri Cahangir Alışov ifadə verib.

O, istintaqa verdiyi ifadəni təsdiqləyib.

Cahangir Alışov istintaqa verdiyi ifadəsində qeyd edib ki,  2010-cu ilin may-iyun aylarında “Yeni Yasamal” MTK-nın icraçı direktoru Nadir Feyziyevlə MTK-nın ofisində söhbət zamanı N. Feyziyev bildirib ki, onu və digər təsisçi Nəsib Əliyevi MTN-ə çağırıb, orada MTK-nın layihə-smeta sənədlərini istəyiblər. Onlar da sənədlərin C. Alışovda olduğunu deyiblər. Bu vaxt ona tanımadığı nömrədən zəng gəlib. Zəng edən şəxs “MTN əməkdaşıyam, adım Alıdır, Siz MTK-nın layihə-smeta sənədlərini götürüb MTN-nə Akif müəllimin yanına gəlməlisiniz” deyib. O, həmin günün səhərisi MTK-nın layihə-sənədlərini götürüb Nadir Feyziyevlə birlikdə MTN-nə gedib.

C. Alışov bildirib ki, özünü Alı kimi təqdim edən MTN əməkdaşı ilə 2-ci mərtəbəyə qalxıblar. Bu vaxt Nəsib Əliyevi və sonradan adlarının Elçin, Ceyhun və Rauf olduğunu öyrəndiyi şəxsləri dəhlizdə görüb. Elçin, Ceyhun və Rauf adlı şəxslər Nəsib Əliyevin onlara borcunun olduğunu iddia ediblər.

Sonra Alı və adını bilmədiyi daha 2 nəfər onu sorğu-suala tutublar: “Əsasən sualları Alı verdi. Məndən Nəsib Əliyevin “Yeni Yasamal” MTK-da payının olub-olmadığını soruşdu. Dedim ki, MTK-da 33 faiz payı var. Alı “rəhbərliyin göstərişi var, Nəsib Əliyevin payına düşən bütün əmlak onların təqdim etdiyi şəxslərin adlarına rəsmiləşdirilməlidir” dedi. Alı mənə rəisi Akif Çovdarovun adından “rəhbərlik bilir, nə deyilirsə, onu da yazıb vermək lazımdır” söylədi. Mən Alı və iki MTN əməkdaşına Nəsib Əliyevin payına düşən yaşayış və qeyri-yaşayış sahələrinin onun özü tərəfindən artıq müxtəlif vətəndaşlara satıldığını və pullarının alındığını bildirdim. Həmin günün səhərisi saat 10-11 radələrində Alı zəng edib Akif Çovdarovun mənimlə görüşmək istədiyini dedi. MTN-nə getdim. Akif Çovdarovla onun otağında görüşdüm. Akif Çovdarov mənə “get sənədləri imzala, 500.000 manat da pul verəcəksən, artıq problem yaratma, başa düşdün, get nə deyirlər icra elə” dedi. Mən Akif Çovdarova o qədər pulumun olmadığını dedim. O isə əsəbi şəkildə “deyəsən, içəri girmək istəyirsən, get nə deyirəm, onu da elə” dedi. Onun çox əsəbi olduğunu gördüm. Həbs ediləcəyimdən qorxduğum üçün heç nə demədən otağı tərk etdim. 2-ci mərtəbəyə getdim. Artıq Alı Elçin, Rauf və Ceyhunun təqdim etdikləri şəxsiyyət vəsiqələri əsasında bizim inşa etdiyimiz binadan yaşayış və qeyri-yaşayış sahələrinin rəsmiləşdirilməsi barədə Nəsib Əliyev və Nadir Feyziyevə göstəriş vermişdi. Nəsib Əliyevin borcuna uyğun yaşayış və qeyri-yaşayış sahələri verildikdən sonra Alı və digər iki əməkdaş “Akif Çovdarovun göstərişidir, bizə də həmin binadan mənzil verməlisiniz’ dedi. Bundan sonra Alı bir neçə şəxsiyyət vəsiqəsini Nadir Feyziyevə verdi.

O, həmin şəxslərin adlarına yaşayış və qeyri-yaşayış sahələrini sənədləşdirdi, Nəsib Əliyevlə mən isə həmin sənədləri imzamızla təsdiq etdik. Beləliklə, həm mənim, həm də Nəsib Əliyevin imzaları ilə 19 mənzil, 4 qaraj, 3 qeyri-yaşayış sahəsi (market) və 1 zirzəmi həmin vətəndaşların adlarına yazılıb rəsmiləşdirilərək, ümumilikdə 27 müqavilə tərtib olundu. Həmin evlər isə bundan əvvəl başqa şəxslərə satılmış evlər idi, pulu da ödənilmişdi”.

C. Alışov daha sonra ifadəsində bildirib ki, MTK-nın icraçı direktoru Nadir Feyziyev 2 gün ərzində MTN-in nəzarət buraxılış məntəqəsinin inzibati binasının 2-ci mərtəbəsində saxlanılıb. Nadir Feyziyev MTN-dən buraxıldığı gün Alı Akif Çovdarovun adından bildirib ki, Akif Çovdarovun dediyi 500.000 manat, “Yeni Yasamal” MTK-nın inşa etdiyi binadan isə 6 mənzil və 1 qeyri-yaşayış sahəsi də verilməlidir. C. Alışov bununla əlaqədar həmin günün səhərisi Nadir Feyziyevlə birlikdə MTN-ə gedib. O, Alıdan 500.000 manat, 6 mənzil və 1 qeyri-yaşayış sahəsinin onlardan hansı səbəbə tələb edildiyini soruşub.

Alı “Siz MTK işlədirsiniz, haqq vermirsiniz, rəhbərliyin göstərişdir 500.000 manat pul, 6 mənzil və 1 qeyri-yaşayış sahəsi verməlisiniz” deyib. O isə Alıya və adlarını bilmədiyi digər 2 MTN əməkdaşına həmin məbləği verməyə imkanlarının olmadığını, cəmi 100 və ya 150 min manat verə biləcəklərini bildirib. Lakin onunla razılaşmayıblar. Onlar “bu bizim deyil, rəhbərliyin tələbidir, rəhbərliyin dediyi məbləği verməsəniz, başınız ağrıyacaq” deyib, hədə-qorxu gəliblər. Bu söhbətdə Nadir Feyziyev də C. Alışovun yanında olub. C. Alışov MTN-dən çıxandan sonra da Nadir Feyziyev orada qalıb.

Həmin gün Nadir Feyziyevlə bir daha görüşüb: “Nadir bildirdi ki, Alı 350.000 manat istəyib, rəhbərliyin həmin puldan az məbləğə razı olmadığını deyib. Mən Nəsibin başına açılan oyunun mənim də başıma açılacağından qorxub 6 mənzili, 1 qeyri-yaşayış sahəsini və 350.000 manatı verməyə razılaşdım. MTN əməkdaşları 6 vətəndaşın şəxsiyyət vəsiqələrinin surətini müxtəlif vaxtlarda Nadirə vermişdilər. Nadir isə onları MTK-ya gətirmişdi. Bundan sonra müqavilələr tərtib olundu və mən həmin müqavilələri öz imzamla təsdiq edib Nadir Feyziyevin vasitəsi ilə Alıya göndərdim.

350.000 manatı da Alıya Nadir Feyziyev apardı. Pulu Alıya 3 dəfəyə göndərdim. Pulu Nadir Feyziyevə mənzillər satıldıqca verirdim ki, Alıya aparsın”.

C. Alışov MTN əməkdaşlarının qanunsuz hərəkətləri barədə hüquq-mühafizə orqanlarına müraciət etmədiyini də deyib: “Buna səbəbi isə Akif Çovdarov və onun əməkdaşları tərəfindən mənə və ailə üzvlərimə qarşı təhlükə yaranacağından qorxmağım idi”.

Prosesdə fasilə elan edilib.

Qeyd edək ki, təqsirləndirilənk şəxslər – Akif Çovdarova Cinayət Məcəlləsinin 145.3 (Qanunsuz azadlıqdan məhrumetmə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), 179.3.1, 179.3.2 (Mənimsəmə və ya israfetmə mütəşəkkil dəstə tərəfindən külli miqdarda törədildikdə), 181.3.1, 181.3.2 (Quldurluq mütəşəkkil dəstə tərəfindən külli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə), 182.3.1, 182.3.2 (Hədə-qorxu ilə tələbetmə külli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə ), 228.4 (Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə), 302.1, 302.2 (Gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4 (Rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən hədə-qorxu tətbiq olunmaqla külli miqdarda və təkrar törədildikdə), 313 (Vəzifə saxtakarlığı), 341.2.1, 341.2.2 və 341.2.3-cü (Bir qrup şəxs tərəfindən silah tətbiq olunmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə ağır nəticələrə səbəb olduqda) maddələri, Səlim Məmmədova həmin Məcəllənin 145.3, 179.3.1, 179.3.2, 181.3.1, 181.3.2, 182.3.1, 182.3.2, 302.1, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 313, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri, Akif Əliyevə həmin Məcəllənin 145.3, 179.3.1, 179.3.2, 181.3.1, 181.3.2, 182.3.1, 182.3.2, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 313, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri və Orxan Osmanova isə həmin Məcəllənin 145.3, 181.3.1, 181.3.2, 182.3.1, 182.3.2, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri ilə yekun ittihamlar irəli sürülüb.

Zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsinin təmin olunması üçün məhkəmə qərarları əsasında təqsirləndirilən şəxslər Akif Çovdarov, Səlim Məmmədrov, Akif Əliyev və Orxan Osmanova məxsus ümumilikdə 33 milyon 466 min manat dəyərində əmlak və pul vəsaitlərinin, o cümlədən 8 milyon 967 min manat dəyərində ticarət və xidmət sahələri, istilikxanalar, balıqçılıq təsərrüfatları və sair əmlak kompleksi, torpaq sahələri, 24 milyon 445 min manat dəyərində fərdi yaşayış evləri, mənzillər, nəqliyyat vasitələri və 37 min manat dəyərində zərgərlik məmulatlarının üzərinə həbslər qoyulub.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə