Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Azərbaycanda televiziya kanallarının sayını azaltmaq lazımdır”
“Azərbaycanda televiziya kanallarının sayını azaltmaq lazımdır”
22 Fevral 2017 / 10:59 / Baxış sayı: 544
Font1 Font2 Font3 Font4

Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli Unikal.org-a müsahibə verib. O, televiziyalardakı mövcud vəziyyət və problemlərin aradan qaldırılması yollarından danışıb.

-Nuşirəvan müəllim, MTRŞ sədri olaraq 2017-ci ildə Azərbaycan televiziyalarından gözləntiləriniz nədən ibarətdir?

-Televiziyalardan gözləntilərimiz çoxdur. Xüsusən də verilişlərin keyfiyyəti ilə bağlı gözləntilərimiz var. Arzu edərdik ki, efirdə şou xarakterli verilişlərin sayı azaldılsın, intellektual verilişlərin sayı artsın. İstərdik televiziyalarda Azərbaycanın milli mənəvi dəyərlərinə uyğun, tarix və ədəbiyyatla bağlı verilişlərin sayı çox olsun. Efir jurnalistlərinin peşəkarlıq səviyyəsinin artması çox yaxşı olardı. Arzu edərdik reklam bazarında canlanma olsun ki, televiziyalar oradan bəhrələnərək verilişlərin keyfiyyətini artırsınlar.

-Seriallarla bağlı prezident tərəfindən hər il maliyyə vəsaiti ayırılırdı. Bu il necə, bunu gözləyirsinizmi?

-Dövlət seriallara müəyyən müddət üçün pul ayırmışdı. Davamlı olaraq bu vəsait ayrılmamalı idi. Bu sahənin hərəkətə gəlməsi üçün vəsait ayrılmışdı. Bununla bağlı bir neçə kanal hazırda iş aparır. Ayrı-ayrı insanlardan serial çəkilişləri ilə bağlı müsbət fikirlər eşidirəm. Azərbaycanda müəyyən qədər də olsa, serial çəkilişləri inkişaf etməyə başlayır. Ancaq bu sahədə görülməli işlər həddən artıq çoxdur. Qonşu ölkələrdəki Rusiya, Türkiyə serialları ilə müqayisədə onların səviyyəsinə çatmağımız üçün çox çalışmalıyıq. Amma müəyyən işlər görülür. Əhali də artıq yerli seriallara baxır. Keyfiyyətdə də dəyişiklik var. Təbii ki, indiki seriallar beş il əvvəlkilər kimi deyil. İnsanlar başa düşürlər ki, daha keyfiyyətli seriallar çəkərlərsə, əhalinin onlara marağı daha çox olar.

-Seriallarda gizli reklamlar qadağan olunub. Çəkilişlərdə qadağalara əməl olunurmu?

-Gizli rekalam məsələsi tək bizim ölkə üçün xarakterik deyil. Bütün ölkələrdə çalışırlar ki, gizli reklamlar verib pul qazansınlar. Təbii ki, bizdə də belə hallar var. Biz onların üzərində işləyirik. Tədricən onlar aradan qalxır. 10 il qabaq Azərbaycan efirində olan qanun pozuntuları bu gün demək olar ki, çox azdır.

-Efirdəki aparıcıların bayağılığı aradan qalxırmı?

-Bayaq qeyd etdiyim kimi 2017-ci ildə istəyimiz odur ki, efirlərdə peşəkarlar olsun. Daha çox şou-biznes nümayəndələrimiz yox. Təəssüflər olsun ki, efirdə çox vaxt müğənnilər, aktyorlar da iştirak edir. Bu problem deyil, yüksək peşəkarlığa sahib olsaydılar, çox sevinərdik. Təəssüf ki, qeyri-jurnalistlər öz vəzifələrinin öhdəsindən lazımınca gələ bilmir.

-Sizə bayağı verilişlərlə bağlı şikayət edənlər olurmu?

-Şifahi şəkildə müraciətlər çoxdur. Təəssüflər olsun ki, bayağı, xüsusən şou müğənnilərin iştirakı ilə olan verilişlər hələki efirdə qalır. Bizim efirlərdə sosial xarakterli problemlər də var. Biz MTRŞ olaraq hər zaman sosial problemli insanlar üzərindən şou yaradılmasının əleyhinə olmuşuq. Yəni fiziki cəhətdən qüsurlu olan, öz hüquqlarını bilməyən, sosial problemi insanlar üzərində şou yaratmaq halları efirlərdə qalır. Şura hətta müəyyən insanların axtarışı ilə bağlı olan verilişlərlə bağlı öz narahatlığını gizlətmir. Çünki insanların axtarılması fövqəladə hallarda ola bilər. Onları axtarmaq normaldır. İndiki zamanda insanın ağlı başında ola-ola ölkəni tərk edib başqa ölkəyə gedirsə, indi də durub onları axtarırlarsa, hesab edirəm bu, o qədərdə vacib deyil. Çünki həmin insanlar özləri gediblər. Onun üzərində şou yaratmağa heç bir əsas yoxdur.

-Azərbaycanda yeni televiziya açıla bilərmi?

-Xeyr. Mən hesab edirəm ki, Azərbaycanda televiziya kanallarının sayı kifayət qədərdir. Hətta deyərdim ki, artıqdır. Onları azaltmaq lazımdır ki, reklam bazarında olan vəziyyət müəyyən qədər düzəlsin. -Rəqəmsal yayımla bağlı hansı problem varmı? -Artıq rəqəmsal yayıma keçmişik. Bununla bağlı hər hansı bir problem yoxdur, hər şey normaldır.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə