Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Ət sürətlə bahalaşır, heyvan qıtlaşır…
Ət sürətlə bahalaşır, heyvan qıtlaşır…
23 Fevral 2017 / 17:53 / Baxış sayı: 528
Font1 Font2 Font3 Font4

Fevralın əvvəlindən ət yenidən bahalaşıb. Hazırda paytaxt mağazalarında 1 kiloqram mal əti 12-13 manata, qoyun əti isə 10-11 manata təklif olunur.  Bahalaşma paytaxtın “mal bazarlarına”, yəni ətlik heyvan satılan bazarlara da təsirsiz ötüşməyib.

Virtualaz.org saytı Bakının Kürdəxanı qəsəbəsinə gedən yolun kənarında yerləşən “mal bazarında” qiymətlərlə, alıcıların və satıcıların güzəranı maraqlanıb. Satıcılar son 1 ayda yenidən 15-20 faiz bahalaşma olduğunu təsdiqləyiblər.

“Son 2-3 ilədək hər gün bazara ətlik heyvan çıxarılırdı. Son 1 ildir yalnız şənbə və bazar günlərində alver gedir. Satmaq üçün gətirilən heyvanların saxlanılması üçün bazarın yaxınlığında yerləşən təsərrüfatlar icarə haqqı da bahalaşıb. Bunlar da qiymətlərə təsir edir”,-satıcı Rövşən Cəfərov  deyir.

“Bərdədən 100 qoyun gətirmişdim, cəmi 5-ni satmışam…”

 

Hazırda bazarda quzu ətinin kiloqramı 10, qoç 9, dişi qoyun 7 manatdan təklif edilir. Ötən həftənin şənbə-bazar günü mal əti 10-10 manat 50 qəpikdən satılıb.

“Dünən Bərdədən 100 qoyun gətirmişdim, bu gün yalnız 5 qoyun sata bilmişəm. 35-45 kiloqramlıq qoçun qiymətində endirim edirik. Yəni kiloqramı hesablasaq 7 manat 50 qəpikdən satırıq. Amma quzu satışı hazırda sərf etmir”,-satıcı əlavə edir.

Rövşən onu da deyir ki,  ötən həftənin əvvəlində 170 quzu alıb və 1600 manat ziyana düşüb: “Son 10 gündə bir quzu sata bilməmişəm. Əvəzində ancaq yemə pul xərcləyirəm”.    

“Ucuz heyvan üçün 4-5 rayon gəzmişəm”

 

Bazarda ətlik qoyun alveri ilə məşğul olan Azər Hüseynov isə deyir ki, ötən həftənin sonundan etibarən Bərdə, Yevlax, Beyləqan və Şəmkirin heyvan bazarında qiymətlər artıb. “Ucuz heyvan almaq üçün 4-5 rayon gəzmişəm. Bərdənin mal bazarında 200 kiloqramlıq inəyi 2200 manata satırlar. Yəni hesablasaq, mal ətinin qiyməti 11 manata düşür. Heyvanın Bakıya gətirilməsi, yem və gələn həftənin şənbə, bazar gününə kimi saxlanılması üçün icarə pulunu da nəzərə alsaq sərf etmir. Üstəlik alıcı qıtlığı yaşanır”,- Hüseynov şikayətlənir.

Satıcılar deyirlər ki, dollar bahalaşandan sonra ölkəyə diri heyvan gətirilmir.  Arpa, buğda və yoncanın bahalaşması da qiymətlərə təsir edir. Üstəlik, qaz, işıq pulu da artırılıb. Buna görə də iri təsərrüfatlardan fərqli olaraq digər fermerlərə ətlik heyvan saxlamaq sərf etmir. Ölkədə istehsal olunan mal əti təlabatı ödəmir.

Çoxdandır kolbasa sexləri də heyvan almır…

“Bazara yalnız iri ticarət şəbəkələri, restoranlar üçün sifarişlər verilir. Fərdi sallaqxanalar üçün də 1-2 heyvan alırlar. Amma ötənilki kimi ticarət yoxdur. Çoxdandır kolbasa sexləri də heyvan almırlar. Halbuki tək kolbasa sexləri üçün ayda 10-15 iribuynuzlu heyvan satırdıq”,-satıcılardan biri deyir.

Novruz bayramınadək mal ətinin bahalaşacağı gözlənilir. Satıcı Seymur Məmmədovun sözlərinə görə, mal ətinin kiloqramı tezliklə 14-15 manat ola bilər. “Bazarda hazırda yemin kiloqramı 42 qəpikdən satılır. Gün ərzində təkcə yemə 20 manat xərcləyirik. 5 kiloqramlıq yemə endirimlə 4 manat veririrk, taksiyə pul verməmək üçün kilometrlərlə yolu  çiynimizdə daşıyırıq”,- satıcılardan biri danışır.

Bazarın yem satılan hissəsində alıcı gözə dəymir.

Satıcılar deyirlər ki, rayondan heyvan satmağa gələnlərdən başqa heç kim alver etmir. “Yaxınlıqda 4-5 təsərrüfat var, onlar da yemi rayonlardan gətirirlər. Buna görə də alver tamamilə ölüb. Şənbə və bazar günlərindən fərqli olaraq həftə içi saat 11-dək işləyirik”, -Arif adlı satıcı bildirir.

“Hər şey bahalaşıbsa hamı niyə ətin qiymətindən narazılıq edir?”

Satıcılar kimi alıcılar da bahalaşmadan şikayətçidirlər. Anasının yas mərasimi üçün qoyun almağa gələn alıcı endirim edilməsini istəyir. “Yas üçün 7 qoyun alacağıq, 20-25 kiloqramlıq qoyunu 250-280 manata verirlər. Hələ guya ki, endirim ediblər”. Alıcının etirazına qoyunların dərisini soyan satıcı cavab verir. “Hamı satıcını qınayır, biz də malın üstünə 5-10 manat qoyub satmalıyıq ki, uşaqlarımızı saxlaya bilək. Hər qoyunun üstünə 5 manat qoyuruq. Çay, qənd, yağ bahalaşıb, amma hamı ətin qiymətindən narazılıq edir”.

Təsərrüfatında heyvan saxlamaqla yanaşı yem alveri ilə məşğul olan fermer Şakir Səfərov isə mal ətinin bahalaşmasının səbəblərini izah edir.“Rayonlarda örüş sahələri əkin sahələrinə çevrilib, yem bahalaşıb. Amma problem bununla yekunlaşmır. Xaricdən gətirilən texnika, dərmanlar da bahadır. Əvvəl 1 inək satmaqla yem və ya hansısa avadanlığı ala bilirdiksə, indi 3 inək satmaq lazım gəlir”, -Ş.Səfərov söyləyib.

Onun sözlərinə görə, təsərrüfatların saxlanılması üçün qaza və ya istiliyə ödənilən vəsait iki dəfə artıb. 50-100 iribuynuzluya baxmaq sərf etmir, çünki xərci borcun ödəmir. İri təsərrüfatlardan fərqli olaraq xırda təsərrüfatlar sıradan çıxmaq üzrədir, bu da qiymətlərə təsir edir və edəcək”, -Ş.Səfərov əlavə edib.

Qeyd edək ki, statistik göstəricilərə görə ölkədə ət istehsalı artıb. Lakin elə rəsmi göstəricilərdə 2015-ci illə müqayisədə ətin qiymətinin 50 faizdək artdığı əksini tapıb. Kənd Təsərrüfatı Nazirliyi örüş sahələrinin əkin sahələri ilə əvəzləndiyini, yemin qiymətinin artdığını desə də, bunun səbəbləri izah etməyiblər.

Dövlət Gömrük Komitəsinin açıqladığı rəqəmlərə görə bu ilin yanvarında xaricdən gətirilən ət 97.97 faiz artıb. Görünür bu da ölkədə ətlik heyvan qıtlığının yaranması ilə bağlıdır…

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə