Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Gürcüstanda azərbaycanlı mühacir jurnalistləri sıxışdırırlar
Gürcüstanda azərbaycanlı mühacir jurnalistləri sıxışdırırlar
23 Fevral 2017 / 18:08 / Baxış sayı: 486
Font1 Font2 Font3 Font4

Azərbaycandan mühacirət etmiş jurnalistlərin Gürcüstanda sıxışdırıldığı barədə məqalə dərc olunub.

Novator.az xəbər verir ki, “Azərbaycan jurnalistikasına gürcü riskləri” başlıqlı məqalə Newcaucasus.com portalında işıq üzü görüb. Müəllif Ramaz Kiknadze yazır ki, xüsusilə son iki ildə Azərbaycandan Gürcüstana, daha dəqiqi, bu ölkənin paytaxtı Tbilisiyə xeyli jurnalist və bloqçu köçüb. Müəllif deyir bəzi barlara girəndə öz ölkəsindəki son xəbərləri müzakirə edən gənc azərbaycanlı jurnalistləri artıq buranın daimi sakinləri kimi görmək olur.

Müəllifin yazdığına görə, mühacirətdə azərbaycanlı jurnalistlərin Fransanın Müqavimət Hərəkatı ruhunda bütöv bir icması, redaksiyalarını qeyri-rəsmi şəkildə Tbilisiyə köçürmüş nəşrləri yaranıb. Məqalədə deyilir ki, gürcülər buna vərdiş ediblər, amma Azərbaycan özü bununla barışmaq niyyətində deyil. Həm də ona görə ki, bu adamların əksəri Avropaya köçmək üçün Gürcüstandan tramplin kimi istifadə edir, tənqidlərin Avropa məkanından səslənməsi isə Bakıya heç xoş gəlmir.

Müəllif yazır: “Tbilisi şəhəri, bir azərbaycanlı jurnalistin sərrast müqayisəsi ilə desək, qəfildən Kasablankaya bənzəməyə başlayıb. Mərakeşin bu şəhərində İkinci Dünya müharibəsi zamanı qarşı duran dövlətlərin xəfiyyələri çox fəal idi, burada dissidentlər gizlənirdi”.

Məqalədə daha sonra bildirilir ki, Gürcüstan və Azərbaycan strateji tərəfdaşdır, Azərbaycanın qazı olmasa, gürcülər qışda donar, ya da yalnız Rusiya qazına möhtac qalmaqla Moskvanın əlinə gürcülərə təzyiq göstərmək üçün əlavə imkanlar vermiş olar: “Azərbaycan Dövlət Neft Şirkəti – SOCAR Gürcüstanda, xüsusilə azərbaycanlıların sıx yaşadığı cənub bölgəsində böyük nüfuza malikdir”.

Müəllif xatırladır ki, ötən ilin payızında Gürcüstanda parlament seçkisi keçirilib. Seçki zamanı hakim partiya səslərin hamısını qazanmağa can atırdı, bu ona çox lazım idi. Azərbaycanlıların sıx yaşadığı Kvemo Kartli bölgəsində isə həmişəki kimi müxalif Vahid Milli Hərəkat Partiyası daha güclü idi. Ramaz Kiknadzenin yazdığına görə, məhz ötən ilki seçki ərəfəsində Gürcüstanda azərbaycanlı jurnalistlərə münasibətin dəyişdiyi, bu münasibətin daha əvvəlki kimi sakit, xoş olmadığı barədə həyəcan doğuran siqnallar gəlməyə başlandı.

Kiknadze yazır ki, Azərbaycan hakimiyyətinə müxalif insanların Gürcüstanda müvəqqəti yaşamaq izninin müddətinin uzadılmadığı barədə ən azı üç hadisə bəllidir. Bir çox Azərbaycan jurnalisti və fəalı isə Tbilisidə izləndiklərini bildiriblər. Azərbaycanda güc strukturlarında dindirilən, amma ölkədən çıxmağa nail olmuş bəzi adamlar deyirlər ki, onları dindirən adamlardan Tbilisidə görüşmək təklifləri alıblar.

Məqalədə vurğulanır ki, Gürcüstana gəlib bu ölkədən sığınacaq istəyən azərbaycanlı fəalların müraciətlərinə baxılması süni şəkildə uzadılır, nəticədə həmin adamlar Gürcüstanı tərk edə, sığınacaq üçün bir başqa ölkəyə müraciət edə bilmirlər.

Müəllif bütün bu hadisələrin fonunda ortaya çıxmış bir ehtimala da toxunur. Həmin ehtimala görə, ötən ilki seçki zamanı Azərbaycan hakimiyyəti Kvemo Kartli regionunda yerli sakinlərin siyasi iradəsinə təsir göstərib, yəni azərbaycanlı sakinlərin “Gürcü arzusu”nu dəstəkləməsi işində Gürcüstan hakimiyyətinə kömək edib. Bunun müqabilində də Gürcüstan hakimiyyəti Azərbaycan hakimiyyətinin sözügedən qaçqın dalğasına təzyiq göstərməsinə şərait yaradır və ya ən azı belə təzyiqlərə mane olmur.

Müəllif yazır: “Kağızda hər şey təmizdir – müvəqqəti yaşamaq hüququndan imtina asanca “milli təhlükəsizlik məsələsi” ilə izah edilir. Amma “lazımi peşəni seçməmiş” azərbaycanlı ailənin Gürcüstanda olması milli təhlükəsizliyə nə təhlükə törədə bilər – bunu izah etmək çətindir”.

Məqalədə bildirilir ki, Gürcüstanda müvəqqəti yaşamaq üçün müraciət edən azərbaycanlılardan bir neçəsinin aldığı rədd cavabından apellyasiya şikayəti verilib və şikayətlər təmin edilib, məhkəmə müvəqqəti yaşamaq istəyinə rədd cavabı verilməsini əsassız sayıb.

Məqalədə xatırladılır ki, Gürcüstanda parlament seçkisi artıq arxada qalıb. Seçki zamanı Kvemo Kartli bir qədər silkələndi, Marneulidə seçki məntəqələrində kütləvi davalar düşdü, hətta hadisə yerinə xüsusi təyinatlılar yeridildi, amma sonda hər şey hakim partiyanın istədiyi kimi oldu. Marneulidə hakim “Gürcü arzusu”nun namizədi səslərin 72 faizini qazandı.

Ramaz Kiknadze azərbaycanlı mühacirlərə mənfi münasibətin Gürcüstanın özü üçün də pis olduğuna diqqət çəkir. O yazır ki, rəsmi Tbilisinin mühacirət üçün bəzən yalnız bircə şansı olan adamın həmin yeganə şanısını əlindən almasının mənəvi tərəfi bir yana, bunun Avropaya inteqrasiya yolunu tutmuş Gürcüstanın imicinə təsiri məsələsi də var. Müəllif inanır ki, azərbaycanlı dissidentlərə ögey münasibət onun ölkəsinin beynəlxalq imicini korlayır.

Yazısının sonunda Ramaz Kiknadze Gürcüstanın jurnalistlərini, qeyri-hökumət təşkilatlarını azərbaycanlı jurnalistlərə qarşı baş verənlərə diqqətsiz yanaşmaqda, həmkarlıq nümayiş etdirməməkdə qınayır. O hesab edir ki, Gürcüstan jurnalistləri, qeyri-hökumət təşkilatları səsini qaldırsa, situasiya köklü şəkildə dəyişə, Gürcüstan dövləti repressiyalara göz yummaq siyasətinin mümkün risklərini qiymətləndirməyə məcbur ola bilər.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə