Həmin binanın 9-cu mənzilində yaşayan Leyla Cəfərova AzNews.az-a açıqlamasında bildirib ki, yanğından sonra Yasamal rayon icra hakimiyyətinin başçısının müavini və bir çox rəsmi şəxslər hadisə məkanına gəlsə də, onalara hələ də kömək olunmayıb:

“Hadisə günü biz hamımız şokda idik. Bazar ertəsi qonşularla birlikdə Yasamal rayon icra hakimiyyətinə getdik. İcra başçısının müavini bizi qəbul etdi. Otaqda bir neçə rəsmi şəxs də var idi. Bizə belə dedilər: “Sizə heç nə düşmür. Çünki sığortanız yoxdur. Əgər sığortanız olsaydı, sizə nəsə verilərdi. Nə olsun ki, bir qadın yemək bişirəndə evi yandırıb. Hökümətdə sizə yardım ayırmaq üçün pul yoxdur. Kömək gözləməyin.”

Bina sakinləri isə Yasamal rayon icra hakimiyyəti rəsmilərinə Sovetski kimi tanınan ərazidə yerləşən bu binanın onsuzda söküləcəyi haqqında onlara məlumat verildiyini deyiblər. İcra nümayəndəsi isə bu xəbərin tamamilə yalan olduğunu bildirib.

Bina sakini Leyla Cəfərova bildirir ki, son iki ildə bəzi şəxslər binanın ölçülərini götürmək üçün gəliblər:

“Bir dəfə şəxsən mənim mənzilimə gəlib dedilər ki, bina söküləcək, özünüzə ev axtarın. Bir dəfə də mən kommunal ödəniş üçün MİS-ə gedəndə orda da mənə dedilər ki, “Siz indiyə kimi mənzilin çıxarışının sürətini niyə gətirməmisiniz, çünki sizin eviniz söküləcək.”

Leyla Cəfərova hazırda çox acınacaqlı vəziyyətdə yaşadıqlarını qeyd edib:

“Mən qohumumun bağında qalıram, oğlum isə bacımgildə.”

Yasamal Rayon İcra Hakimiyyətinin şöbə müdiri Zöhrab Cəfərov bildirib ki, sözü gedən qurum yanan binaların bəpası ilə məşğul olmur:

“Bu məsələ ilə Bakı Şəhər İcra Hakimiyyətinin müvafiq departamenti məşğul olur.”

Bakı Şəhər İcra Hakimiyyətinin Əsaslı Tikinti və Təmir Şöbəsinin müdiri Qiyas İsmayılov AzNews.az-a açıqlamasında bildirib ki, sözü gedən binanın sakinlərindən quruma hər hansı müraciət ünvanlanmayıb:

“Binanın sakinləri bizə yazılı şəkildə müraciət ünvanlasınlar. Burada həmin məsələ araşdırlacaq və hər hansı tədbir görüləcək.”

Xatırladaq ki, 27 yanvar tarixində Yasamal rayonu, “Sovetski” kimi tanınan Həzi Aslanov küçəsində yerləşən üçmərtəbəli yaşayış binasında güclü yanğın baş verib. Yanğın zamanı bir nəfər qadın, 1969-cu il təvəllüdlü Liliya Mixaylovna Xazibova mənzilində yanaraq can verib, Bakı Dövlət Universitetinin “Beynəlxalq münasibətlər” kafedrasının professoru, tarix elmləri doktoru Pərvin Darabadi isə tüstüdən zəhərlənərək xəstəxanaya yerləşdirilib, iki gün sonra dünyasını dəyişib.

Yanğın zamanı 3 nəfər xəsarət alıb.