Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Beynəlxalq Bank”da kuryoz hadisə – Sahibkarları belə aldadırlar
“Beynəlxalq Bank”da kuryoz hadisə – Sahibkarları belə aldadırlar
24 Fevral 2017 / 18:10 / Baxış sayı: 902
Font1 Font2 Font3 Font4
Bakıda uzun müddət mağaza işlədən Ağdam rayon sakini Şöhlət Kərimov səhhəti ilə əlaqədar mağazasını bağlamaq məcburiyyətində qalıb. Mağazanı bağlayarkən adına açılmış VÖEN hesabına da xitam verdirib. Daha sonra mağazanı qeydiyyatdan çıxartmaq istəyərkən məlum olub ki, 2015-ci ildən onun adına Beynəlxalq Bankın Xətai filialında POS-Terminal var.
Şöhlət Kərimov ölkə.az-a bildirib ki, həmin terminalın olmasından xəbərsiz olub. Onun sözlərinə görə, POS-Terminalı heç vaxt görməyib: “Vergilər idarəsindən dedilər ki, POS-Terminal mənim adımadır. Amma heç vaxt həmin POS-Terminalı görməmişəm. Onu quraşdırmaq üçün 2015-ci ildə Birinci Avropa Oyunları zamanı Beynəlxalq Bankdan müraciət etmişdilər. Mən və bir neçə sahibkar həmin bankda hesab açdırdıq. Dedilər ki, 15-20 günə POS-Terminal qoyulacaq. Lakin sonradan heç bir xəbər çıxmadı”, – deyə Ş.Kərimov bildirib.
Onun sözlərinə görə, vergilər idarəsindən bildiriblər ki, Beynəlxalq Bank həmin terminalı “Alişan” şirkətinin balansında olan “Təbib” adlı aptekə verib.
Məsələ ilə əlaqədar Şöhlət Kərimovla birgə Beynəlxalq Bankın Xətai filialına yollandıq. Bankdan bildirdilər ki, Ş.Kərimovun vergi hesabında qeydiyyatda olan “314221758” nömrəli POS-Terminal bankın Nərimanov filialı tərəfindən başqa sahibkara verilib. Məsələyə aydınlıq gətirmək üçün Nərimanov filialına yaxınlaşdıq.
Filialdan bildirdilər ki, əslində bu “AzeriCard”ın işçilərinin səhvidir. Ş.Kərimov bankın Nərimanov filialında ərizə yazdıqdan sonra, POS-Terminalın verildiyi aptekə yaxınlaşdıq. Şirkətin baş mühasibi bildirdi ki, bu barədə məlumatları yoxdur:
“Bizim aptekdə bir neçə dəfə POS-Terminal dəyişdirilib. Bizə verilən aparatın başqa sahibkarın adına qeydiyyatda olması barədə bizə heç nə deməyiblər”, – deyə aptekin mühasibi bildirib.
Məsələyə aydınlıq gətirmək üçün Beynəlxalq Bankın baş ofisi ilə əlaqə saxladıq. Bankın mətbuat xidmətindən bildirdilər ki, sahibkar Ş.Kərimov yaranmış problemlə əlaqədar bankın rəhbərliyinə ərizə ilə müraciət etsin. Daha sonra isə deyilən kimi, yəni ərizə ilə müraciət olundu.
Müraciətdən bir gün sonra yenidən bankla əlaqə saxlanıldı. Bu zaman Beynəlxalq Bankın Xətai filialında hadisənin bank və “AzeriCard” işçiləri tərəfindən buraxılan səhv olduğu etiraf olundu. Bildirdilər ki, Birinci Avropa Oyunları keçirilən ərəfədə baş qarışıq olub və aparatlar qarışıb. Sonra Ş.Kərimov bank filialına dəvət olundu və onun adına açılan POS-Terminal ləğv edildi.
Əslində belə və buna oxşar hadisələr təkrarlanır. Ekspertlər hesab edirlər ki, belə problemlərin yaranmasında həm bank işçiləri, həm də sahibkarların da günahı var. İqtisadçı ekspert Vüqar Bayramov ölkə.az-a bildirib ki, burada müqavilə şərtləri çox önəmlidir. Onun sözlərinə görə, müqavilədə göstərilməlidir ki, terminal hansı müddətdən sahibkardadır.
“Müqavilədə göstərilən müddətdə terminal digər şəxslərə təqdim edilə bilməz. Müqavilə müddəti başa çatana qədər, müqavilə etibardan düşənə qədər terminal vergi hesabında qeydiyyatda olan sahibkarda qalmalıdır. Müqavilə müddətində bankın terminalı digər sahibkara vermək, satmaq hüququ yoxdur. Belə məsələlərdə bəzən sahibkarlıq subyektlərinin də işə məsuliyyətli yanaşması çox vacibdir. Sahibkar terminal alıb, ondan istifadə etməyib, yaxud onun taleyi ilə maraqlanmayıb. Bu məsələdə də belədir. Əgər sahibkar öz obyektini ləğv etməsəydi, o zaman adına olduğu terminalın başqa sahibkara verildiyini bilməyəcəkdi. Düzdür hüquqi baxımdan burada sahibkarın heç bir məsuliyyəti yoxdur. Söhbət onun sahibkar kimi işinə diqqətsiz yanaşması və məsuliyyətsizlik etməsindən gedir”, – deyə V.Bayramov bildirib.
Ekspert deyir ki, Ş.Kərimovun başına gələnlərlə bağlı isə bank filialının əməkdaşları müqavildən kənar hərəkət edib, həmin terminalı başqa sahibkara veriblər: “Əgər bank həmin terminalı bağlamasa, bundan imtina etsə, həmin sahibkar məhkəməyə müraciət edə bilər. Çünki bank müqavilə müddəti bitmədən, aktlaşdırılmadan sahibkarın adına olan terminalı başqa obyektə verib. Sahibkarın tələbinə uyğun olaraq bank heç bir mübahisə aparmadan həmin terminalı ləğv etməlidir”.
Vüqar Bayramov deyir ki, bu tip halların baş verməməsi üçün sahibkarlar diqqətli olmalıdırlar: “Belə hallarla rastlaşmamaq üçün sahibkarlar terminallarının statusunu mütəmadi olaraq yoxlamalı, terminallardan istifadə edilib-edilməməsini araşdırmalıdırlar. Heç olmasa ildə bir dəfə sahibkar adına qeydiyyatda olan terminalı yoxlasa nəticədə belə hallar baş verməz”.
arxiv.bizimxeber.az


Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə