Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Abşeronda 14 ailənin fəryadı: “Bizə kömək edin”
Abşeronda 14 ailənin fəryadı: “Bizə kömək edin”
24 Fevral 2017 / 19:46 / Baxış sayı: 978
Font1 Font2 Font3 Font4

Artıq neçə gündür ki, Aşağı Güzdək qəsəbəsində Daşagil gölü daşıb. Gölün ətrafındakı evlərə su dolduğu üçün Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb edilib.

Əməliyyat nəticəsidə həyətyanı sahələrdə suyun səviyyəsi 15-20 sm endirilib. Sputnik Azərbaycan-ın əməkdaşı Aşağı Güzdək qəsəbəsində olub, evlərinə su dolan sakinlərlə görüşüb. Daşagil gölünün yaxınlığında yaşayan 14 ailə fevralın 16-dan evlərinə daxil ola bilmirlər. Qəsəbə sakini Elnur Həsənov bildirir ki, göldə suyun səviyyəsi yüksəldiyi və bənd dağıldığı üçün su evlərə dolub: “İnanın, birinci gecə evimizdə su 1 m 80 sm idi.

Sağ olsun FHN-nin işçiləri, dadımıza təkcə onlar çatdılar. Bizi xüsusi qayıqlarla evlərimizdən çıxartdılar. İndi hamımız qohumların evində qalırıq. İki həftədir ki, mənim uşaqlarım məktəb üzü görmür. Hər yerə şikayət etmişik, səsimizi eşidən yoxdur. Bircə onu deyirlər ki, torpağı alanda, evi tikəndə bilmirdiniz ki, harada alırdınız, harada tikirdiniz?… Biz torpaqları bələdiyyədən almışıq”.

Digər sakin Ramidə Mürsəlov isə qeyd edir ki, 2012-ci ildə burada torpaq alıb: “Mən torpağı bələdiyyədən almışam. Hər sotuna 1500 manat verib, 2 sot torpaq almışdım. Sonra 1500 manata yaxın pulu da məndən bələdiyyənin işçisi aldı. 2013-cü ildə evimi tikib köçdüm. İnanın, illərdir balamı yetimçiliklə böyüdürəm. Özüm xadimə işləmişəm, qəpik-qəpik yığıb almışam bu torpağı. İndi mən nə edim, hara gedim? Heç qohum-əqrabam da yoxdur ki, dadıma yetə”. Qəsəbə sakini bildirir ki, icra nümayəndəliyi ilə əlaqə saxlasalar da, onlar “sizə torpağı biz satmamışıq” deyib, sakinləri başlarından edirlər.

Baharın gəlişini ən tez qeyd edən kənd Aşağı Güzdək sakini Natiq Hüseynovun sözlərinə görə, əvvəllər gölə kiçik bir kanaldan axın varmış. Sonra bir çox zavodlar tikilib. İndi “Milla”nın, “Caspian”ın, “Neft bazası”nın və bütün Binəqədinin çirkab suları bu gölə axıdılır: “Əvvəllər gölün ortasından Sumqayıta yol gedirdi. Ara-sıra neft bazasının çəlləkləri yuyulanda, göldə suyun çoxalması müşahidə edilirdi.

O sular nazik bir boru ilə gölə axıdılırdı. İndi o yol yoxdur, su altındadır. Biz burada evləri özbaşına tikməmişik, kiminsə nəzarəti ilə tikmişik. Biz burada ev tikəndə adambaşına 350 manat ödəmişik. Torpaqları hamımız bələdiyyədən almışıq. İnanın, neçə gündür maşında yatıram. Ailəm, uşaqlar da onun-bunun evində qalırlar”.

Aşağı Güzdək qəsəbəsində Daşagil gölü daşıb və nəticədə evləri su basıb Kənd sakini Quliyeva Aybəniz bildirir ki, uzun illərdir göldə daşma baş verir. Amma heç vaxt göl bu qədər daşmayıb: “Gecə qonşum Dürdanəgilin evini su basdı. Yazıq evini atıb gedib. Biz bu evləri özbaşını tikməmişik ki. İnanın, burada daşı-daş üstə qoyanda gəlib başımızın üstünü kəsdirirlər”. Qəsəbə sakini Kamran Əliyarov, Ruhəngiz Quliyeva, Telman Söhbətov və digərlərinin də evinə su dolub.

Yüz illər boyu missionerlərin hədəfində olan Azərbaycan kəndi

“Qohumun evində yaşamaq olmur. Pal-paltarımız yox, rahatlığımız yox. Bir paltarla nə qədər yaşamaq olar? Bütün hər şey sıradan çıxıb. Su məhv edib bütün əşyalarımızı” – sakinlər bildirirlər. Sakinlərin sözlərinə görə, 7-10 ildir bu ərazidə yaşayırlar və yaşadıqları gündən eyni problemlə üzləşirlər.

Aidiyyəti qurumlara məlumat verilsə də, səslərinə ancaq FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri cavab verir: “FHN-dən başqa heç kim gəlmir. Nə zaman yardım istəmişik, bir onlar bizə kömək ediblər. Bu gölün qurudulması üçün vəsait ayrılsa da, görünür əlaqədar qurumlar heç nə etməyiblər”.

Aşağı Güzdək sakinləri bildirir ki, su xüsusilə gecələr çoxalır və evləri basır: “Nazirliyin qüvvələri səhər-axşam evlərdən su çəkir. Belə olmaz axı. Gəlib bir bənd tiksinlər. Abşeron rayon İcra Hakimiyyətinə müraciət etmişik. Amma onlar həmişə “torpağı bizdən almamısız ki” deyib məsələni yola verirlər”.

Qeyd edək ki, gölün ətrafında 150-yə yaxın ev var. Hazırda 14 ailə öz evində yaşamır. Sakinlər Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya saytımız vasitəsilə müraciət edirlər: “İcra Hakimiyyəti, bələdiyyə bizi eşitmir. “Azərsu”ya, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət etmişik. Onlar sadəcə gəlib baxıb getməklə kifayətləniblər. Xahiş edirik, səsimizə səs versinlər. Heç olmasa gölün dağılmış bəndini düzəltsinlər”.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə