Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Qarabağın ilk şəhidlərinin ölümündəki MÜƏMMA
Qarabağın ilk şəhidlərinin ölümündəki MÜƏMMA
26 Fevral 2017 / 14:32 / Baxış sayı: 1008
Font1 Font2 Font3 Font4

Qarabağ uğrunda canlarından keçən ilk şəhidlərin şəhadətə qovuşduğu gündən 29 il keçir. Azərbaycan-Ermənistan-Dağlıq Qarabağ münaqişəsinin ilk şəhidləri Bəxtiyar Quliyev və Əli Hacıyev… Hər iki şəhidin yaxınları ilə görüşmək istədim. Ancaq ailələrin biri ilə görüşmək qismət oldu. 

Bəxtiyarın hər iki valideyni dünyasını dəyişib. Ancaq Əlinin anası hələ də oğul dərdini sinəsinə dağ edib, acılı günlərlə bəlkə də ömrünün son çağlarını yaşayır. Fizə ananı həyata bağlayan, yaşamaqda ona güc verən ən sevimli övladının şəkilləridir. Artıq gözlərinin nurunu, dizlərinin taqətini itirmiş ana şəhid balasının şəkli ilə yatıb oyanır. Çarpayısının başından asılmış Əlinin böyük portretdən anasına baxışı Fizzə anaya həyatdan tutunmaqda bir az da güc verir… Elə hey onlu günlərlə, onun xatirələri ilə yaşayır.
Əli Hacıyevin anası: “Əli babasının adını daşıyırdı. Ailəmizin sonbeşiyi, ənərköyün balamıydı…”
“Altı övlad böyütmüşdük. Üç oğul, üç qız. Əli onların ən kiçiyi idi. Nədənsə onu həm qardaş-bacıları həm də rəhmətlik atasıyla mən, hamıdan çox istəyirdik. Əli babasının adını daşıyırdı. Ailəmizin son beşiyi, ən ərkəsöyün balamıydı. Heç vaxt ağlıma gəlməzdi ki Allah mənə Əli boyda dağ çəkəcək… İndi yaddaşımı itirmişəm. Həyatda ən şirin xatirələrimi belə xatırlamıram. Amma Əlidən başqa… Yaraşıqlı, səliqəylə geyinib-kecinən uşaq idi. Şən, hazırcavabıydı. Mənimlə şirin zarafatlar edirdi. Heç vaxt incitməzdi məni. Həm də atasını. Dəzgahqayırma zavodunda işləyə-işləyə inistuta hazırlaşırdı.” – deyir.
Evdən son dəfə çıxışı
Anası Fizzə Hacıyeva həmin günü belə xatırlayır: “Əvvəllər də eşitmişdim ki, gənclər ermənilərin bizim camaata qarşı elədiyi haqsızlıqlara qarşı toplantılar edirdilər. Əli də onlara qoşulub. Dəfələrlə deyirdim ki, ay oğul, sən getmə. Sən qoşulma. Amma hər dəfə sözümü zarafata yozurdu. Başımı qatıb evdən çıxırdı. Fevralı 22-si günüydü. Əlinin qardaşı nişanlıydı. Həmin günün sabahı qız adamları bizə qonaq gələcəkdilər. Ona görə evdə hazırlıq işləri görürdüm. Yoldaşım işə gedəndə dəfələrlə tapşırdı ki, Əlidən göz-qulaq olub, onu heç yana buraxmayım. Amma saxlaya bilmədim.
Gördüm hazırlaşır. Dilə tutub bir az yubandırdım. Yenə xeyri olmadı. Təzə kos-tyum tikdirmişdi, onu geyib saçını daradı. Evdən çıxanda dedim ki, oğul, mən də səninlə gedirəm. Gülə-gülə dedi ki, gəl, gedək. Küçənin başına qədər çıxdım. Qarşımıza işlədiyi zavodun qızları çıxdı. Qızlara zarafatyana dedi ki, gedirəm, ermənilərin kökün kəsəm ki, müharibə edib sizi kişisiz qoymasınlar. Sonra da onu gözləyən qara Volqanı gördü. Və tələsik mənimlə görüşüb qaçdı maşına tərəf. Saat 3-də qara xəbəri gəldi… Saxlaya bilmədim balamı…”
Əlinin qətli haqqında deyilənlər: “O iş hələ də qaranlıq qalıb.”
Hər iki şəhidin qətlə yetirilməsi arasındakı zaman çox da böyük olmayıb. Şahidlərin dediklərinə görə öncə Bəxtiyar ondan sonra isə Əli qətlə yetirilib. Gənclərin öldürülməsi, onların qatillərinin kimliyinin ortaya çıxarılması əhali arasında fərqli-fərqli söz-söhbətlərə səbəb olub. O vaxtkı hüquq- mühafizə orqanları şahidlərin ifadəsi əsasında Bəxtiyarın qatilini müəyyən edərək məsuliyyətə cəlb edilib.
Lakin çox çəkməyib ki, Bəxtiyarın qətlində təqsirli bilinən İşxanıyan soyadlı erməni azadlığa buraxılıb. Ancaq Əlinin nə qatili tapılıb, nə də qətl haqqında tutarlı, onun qohumlarını qane edən araşdırmalar aparılıb. Ə.Hacıyevin qardaşı Arif Hacıyev deyir ki, o vaxtkı araşdırmalar yetəri qədər ətraflı aparılmayıb: “Ağdamlılar sadəcə, ermənilərin soydaşlarımıza qarşı elədikləri haqsızlıqlara, həmçinin lüzumsuz torpaq iddialarına etiraz olaraq o yürüşü təşkil etmişdi.
Əlinin yas mərasimində məlum oldu ki, həmin yürüşdə milis işçiləri erməni tərəfə keçərək azərbaycanlılara qarşı aksiyanın dağıdılması üçün zor tətbiq edirmiş. Bundan sonra o vaxtkı polis rəisi Əlibaxış Nəsirov yürüşçülərin şəkillərini çəkdirib şəkildə görünən hər kəsi həbs edib, onlardan pul tələb edirmiş. Yas mərasiminə gələn rayon rəsmilərinə ailə olaraq etiraz elədik. İrad bildirdik. Ondan sonra həbsdə olanları buraxdılar. O ki qaldı əlinin qatilinin tapılmasına o iş hələ də qaranlıq qalıb.”
Arif Hacıyev deyir ki, qatilin tapılması istiqamətində özləri də xeyli araşdırmalar aparıb: “Hərə bir söz danışırdı. Kimisi Əlinin snayperlə, kimisi polis tərəfindən tapançayla, kimisi qırmalı tüfənglə vurulduğunu deyir. Həmin vaxt qardaşımın yanında olan Ülvi adlı dostu deyir ki, atəş çox aralıdan açılmışdı. Sonra rus jurnalist mənim adımdan yazmışdı ki, güya mən qardaşımın azərbaycanlı polis tərəfindən vurulduğunu demişəm. Amma belə bir şey olmayıb. Düzdü, o vaxt dedilər ki, Əlini Sabirabad rayonundan olan polis baş leytenantı Zamir Mehtiyev vurub. Amma mən həmin adamı tapıb məsələyə aydınlıq gətirdim. Sonra ekspertizanın rəyindən sonra Əlinin qırmalı tüfənglə vurulduğu təsdiqləndi. Nə isə… Əsas odur ki, onun qatilinin kim olduğu məlum olmadı”.
Fizzə Hacıyeva: “Biz həmin gündən sonra, Əli ilə Bəxtiyara bir fərq qoymadıq”
“Təəssüf ki, dəfn zamanı Bəxtiyarın qohumu onun Əliylə bir yerdə dəfn edilməsinə razı olmadı. Anayam, həmin gün Əliyə necə yanırdımsa, Bəxtiyara da elə yanırdım. İndi də elə bilirəm ki, hər ikisi mənim balamdır. Bu günə qədər ailəmiz Əliylə Bəxtiyara bir fərq qoymayıb”.
Həmin hadisədən sonra öz məzarları ilə Ağdamda birlik, bərabərlik qalası ucaldan hər iki gəncin dəfni Ağdam şəhərində böyük insan izdihamının müşayiət olunur. Və tarixə Dağlıq Qarabağ münaqişəsinin ilk şəhidləri kimi yazılırlar. Xatırlatma: 1988-ci ildən alovlanmağa başlayan iki xalq arasındakı münaqişə getdikcə daha da şiddətlənməkdə idi. Həmin ili birinci Qarabağ savaşının astanası adlandırsaq, heç də yanılmarıq. Vaxtı ilə Azərbaycanın tarixi torpaqları olan Dağlıq Qarabağa ruslar tərəfindən məqsədli şəkildə köçürülmüş ermənilər artıq həmin əraziləri özününküləşdirməyə başlayır, orada yaşayan azərbaycanlılara hədə-qorxu gəlirlər.
Əsasən Fransadan, Livandan, Suriyadan gələn ermənilər Qarabağ ərazisinə gəlir, orada yaşayan erməni fəalları toplayaraq gizli toplantılar keçirirlər. Hər toplantıdan sonra Qarabağdakı soydaşlarımıız daha ağır şiddətlərə məruz qalır. Kimisi iş yerində erməni topluluğu tərəfindən daşqalaq edilir, kimisinin evi yandırılır, kimisinin də malı yağmalanır. Və nəhayət düşmənin məkrli niyyəti özünü tam büruzə verir: Onlar mitinqlər keçirib torpaq iddialarına qalxırlar.
Bu hadisələr Ağdam və digər Qarabağətrafı rayonların əhalisi tərəfindən heç də sakit qarşılanmır. Soydaşlarının zorakılığa məruz qaldığını görən əhali 1988-ci ilin fevralında Ağdam rayonuna toplaşırlar. Və fevralın 22-də ermənilərin azərbaycanlılara qarşı törətdikləri vəhşiliklərə, onların anlamsız torpaq iddialarına qarşı etiraz olaraq Ağdam şəhərindən Əsgərana yürüş edirlər. Qarqar çayı boyunca yürüşə başlayan yüzlərlə etirazçının qarşısı milis və erməni fəallar tərəfindən Əsgəran rayonunun girişində kəsilir. Düşənin yaratdığı gərginlik nəhayət burada da öz təsdiqini tapır. Belə ki ermənilərin əliyalın sakinlərə atdığı atəş nəticəsində iki ağdamlı gənc Hacıyev Əli və Quliyev Bəxtiyar şəhid olurlar. \ cebhe.info\
arxiv.bizimxeber.az


Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə