Avropa Azərbaycan Cəmiyyətindən AzNews.az-a verilən məlumata görə, etirazçılar kilsəni mühasirəyə almaq və iştirakçıların konsert məkanına daxil olmalarını əngəlləmək üçün ciddi cəhdlər göstərib və nəticədə qonaqlar arxa girişdən istifadə etməyə məcbur olublar. Ekstremistlər kilsəyə daxil olmağa çalışan yaşlı bir qadını yerə yıxıblar. Ermənilərin qışqırıqları konsert başlamazdan öncə eşidilsə də, gözəl musiqi və iştirakçıların gürultulu alqışları bu səsləri asanlıqla boğurdu.

300 qonağın iştirak etdiyi konsert iştirakçıları arasında Azərbaycanın Fransadakı fövqəladə və səlahiyyətli səfiri Elçin Əmirbəyov, Azərbaycanın UNESCO-dakı səfiri Anar Kərimov və Azərbaycan Dostları Assosiasiyasının prezidenti, millət vəkili Jan-Fransua Mansel olub.

Konsertdə görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun “Elegiya”, Xəyyam Mirzəzadənin “Bərzani” və ispan bəstəkarı Enrike Qranadosun “Orientale” adı əzəmətli və ecazkar əsərləri “Quatuor Chagall” kvarteti tərəfindən ifa edilib.

Konsert fransız bəstəkarı Pyer Tilloyun həmin faciəli gecənin dəhşətlərindən xəbər verən “Xocalı 613” simfonik poemasının ifa edilməsi ilə başa çatıb. Əsər skripka, klarnet və simli alətlər kvartetinin əsgər yürüşü, fəryad, pulemyot atəşi və milli musiqini tərənnüm etməklə güclü təsir yaradır. P.Tilloyun bəstəsini azərbaycanlı skripkaçı Nəzrin Rəşidova, latviyalı klarnet ifaçısı Anna Gagane və “Quatuor Chagall” kvarteti ifa edib.

Avropa Azərbaycan Cəmiyyətinin Fransa ofisinin direktoru Marie-Laetitia Gourdin bildirib: “Musiqi susmaq mümkün olmayanda bildirə bilmədiklərini ifadə edir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin qızqın vaxtında Xocalı şəhərini işğal edənlər mülki əhalinin şəhərdən qaçmaq istəyən zaman kütləvi qırğına məruz qoyublar. Kişi, qadın, uşaq və qocalar da daxil olmaqla, ümumilikdə 613 nəfər həlak olmuşdur.

Bu kədərli müharibə cinayəti nasistlərin 1944-cü ildə Normandiyanın işğalından sonra Oradour-sur-Glane kəndinin əhalisinə qarşı törətdiklərini xatırladır.

BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğalçı siyasətini pisləyən dörd qətnamə qəbul etməsinə baxmayaraq, Ermənistan bu günə qədər Dağlıq Qarabağ və ona bitişik yeddi rayonun işğal altında saxlamaqda davam edir. Bir milyona yaxın qaçqın və məcburi köçkün Azərbaycanın müxtəlif yerlərində məskunlaşıblar. Bugünki musiqili anım gecəsi Xocalı şəhidlərinin əziz xatirəsinə və yalnız bir arzusu – evlərinə qayıtmaq istəyi olan azərbaycanlılara həsr olunmuşdur”.

arxiv.bizimxeber.az