Загрузка...
Xəbər lenti



Загрузка...

Beş tələbənin ölümü ilə üzə çıxan cinayətlər
Beş tələbənin ölümü ilə üzə çıxan cinayətlər
10 Mart 2017 / 23:20 / Baxış sayı: 1080
Font1 Font2 Font3 Font4

«Bakı-Sumqayıt» yolunda baş verən faciədə yaralanan bir gəncin durumu ağırdır

Ekspert Bakı Nəqliyyat Agentliyi və Dövlət Yol Polisinin adını çəkir

Martın 9-u səhər saatlarında Bakı-Sumqayıt yolunda ağır avtoqəza baş verib. Tələbələrin içərisində olduğu “Ford-Tranzit” markalı sərnişin mikroavtobusu yük maşınına çırpılıb. Nəticədə 5 nəfər ölüb, 20-dən çox şəxs isə yaralanıb. Mikroavtobus Bakıdan Sumqayıta gedirmiş və sərnişinlərin çoxu tələbə olub. 2 tələbə hadisə yerində, 3-ü isə sonradan dünyasını dəyişib.

Bakı-Sumqayıt yolunda baş verən yol qəzasında xəsarət alaraq 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilən 3 nəfərdən birinin vəziyyəti çox ağırdır. Bu barədə açıqlamasında 1 saylı Kliniki Tibbi Mərkəzin (“Semaşko”) baş həkimi Ədalət Dadaşov məlumat verib.

O bildirib ki, 1999-cu il təvəllüdlü Lalə Nəsirzadədə beyin ölümü başlayıb, ağır komadadır: “O, əməliyyat olunub, çünki dalağı və qaraciyəri dağılmışdı. Onda həm də kəllə-beyin tramvası var idi. Yaşama şansı cüzi olduğundan möcüzə gözləyirik. Hazırda reanimasiyadadır”.

1997-ci il təvəllüdlü Rəsul Sadıqovda isə burun sümüklərinin sınığı, qapalı kəllə-beyin travması, baş beyinin silkələnməsi olub. “O, hazırda üz-çənə cərrahiyə şöbəsində müalicə olunur. 1999-cu il təvəllüdlü Emin Həmidovda kəllə-beyin travması, baş-beyin silkələnməsi diaqnozu qeydə alınıb və vəziyyəti orta-ağırdır. Müalicəsi neyrotravma şöbəsində davam etdirilir”, – deyə, baş həkim əlavə edib. Hər üç yaralı Sumqayıt Dövlət Universitetinin ikinci kurs tələbəsidir.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova isə “Report”a açıqlamasında bildirib ki, Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasında olan 14 nəfər yaralıdan 5-i bu gün səhər evlərinə buraxılıb: “Hazırda xəstəxanada 9 yaralı qalıb. Ola bilsin ki, müayinə olunduqdan sonra onların da bir neçəsi evə yazılsın”.

Hadiəsədən sonar tələbələr Sumqayıt Dövlət Universitetinin rəhbərliyinə müraciət edərək onlara rahat gedib-gəlmək üçün avtobus ayrılmasını istəyiblər. Amma rəhbərlik bunun üçün vəsaitin olmadığını bildirib. Universitetin mətbuat xidməti deyir ki, tələbələrə xüsusi avtobus ayrılması üçün dövlət büdcəsindən vəsait ayrılmayıb.

Xaricdə təhsil üzrə ekspert Bəxtiyar Hacıyev deyir ki, Harvard tələbələri üçün avtobuslar 6-7 fərqli marşrut üzrə, hər 15-20 dəqiqədən bir hərəkət edərək, Harvard tələbələrini Bostonun müxtəlif hissələrinə çatdırmaqla məşğuldurlar: “Həftə sonları, gecələr bəzən saat 3, bəzən gecə 4-ə qədər işləyirlər. İçində bəzən 2-3 tələbə olur, amma qrafik üzrə hərəkət edirlər, ödənişsizdirlər. Arxa fonda gördüyünüz xəritədə isə 24 saat, canlı rejimdə hansı avtobusun hazırda harada olmasını hamı izləyə bilər. Başa düşürəm, Sumqayıt Dövlət Universiteti Harvard deyil, büdcəsi Harvard qədər deyil, təhsil haqqı Harvard qədər deyil. Ancaq əsas olan o deyil, əsas olan odur ki, Harvardın həyətində ot becərib, tələbələr üçün avtobus rahatlığı düşünəndə, SDU-nun tələbələri üçün italyan təmiri edib, paytaxtdan onları Ford Tranzitlə, məsuliyyətsiz sürücülərlə, qeyri-peşəkar idarəetmə ilə daşıyırlar. Nəticədə onlar gəncliyinin ən gözəl illərində həyatlarını itirirlər. Fərq, məsələ maddi məsələ deyil, məsələ insana, vətəndaşa, təhsil ocağında təhsil alan tələbəyə verilən dəyərdədir”.

Məsələ ilə bağlı açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Azər Allahverənov bildirib ki, qanunsuz sərnişin daşıma lisenziyaların verilməsi ilə bağlı olan bir məsələdir: “Sərnişin daşıma xidmətlərinin təşkil olunması üçün liseynziyaları Bakı Nəqliyyat Agentliyi verir. Lisenziyanı verən qurum da birbaşa ona nəzarət edir. Yol nəqliyyatına nəzarəti təşkil edən qurum isə Baş Dövlət Yol Polisi İdarəsidir. Yollarda reydlərin keçirilməsi, bu kimi faktların ortaya çıxarılması yol polisinə aid olan məsələdir. Qanunsuz sərniş daşımaya görə sürücü saxlanılarsa, həmin sürücü İnzibati Xətalar Məcəlləsinin müvafiq bəndi üzrə cəza sanksiyasına məruz qalacaq. Baş verən qəzada ölüm faktı olduğundan bu artıq inzibati məsuliyyətdən çıxıb, bilavasitə cinayət tərkibli əməl hesab olunur. Konkret olaraq Cinayət Məcəlləsində bir və daha çox ölümlə nəticələnən qəzalar barədə xüsusi müddəa var”.

Bakı-Sumqayıt yolunda baş verən dəhşətli qəzadan sonra dünən “20 Yanvar” dairəsindən Sumqayıta gedən mikroavtobuslarla bağlı reyd aparılır. “Qafqazinfo”nun əməkdaşları həmin ərazidə olub, Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) Yol Patrul Xidmətinin (YPX) apardığı reyd prosesini izləyiblər. Reyd zamanı sürücülərin sənədləri yoxlanılıb, mikroavtobusların içindəki sərnişin sayı qeyd olunub.

Avtobusun tutumundan daha çox sərnişin daşıyan sürücülər cəzalandırılıb və vətəndaşlar mikroavtobuslardan aşağı endirilib.

Qeyd edək ki, Azərbaycanda yol qəzalarında ölənlərin sayı son illər xeyli artıb. 1988-ci ildən 2013-ci ilədək (25 il ərzində) Azərbaycanın avtomobil yollarında 66 min 981 yol qəza hadisəsi qeydə alınıb. Nəticədə 23 min 409 nəfər ölüb, 74 min 878 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Son 3 il – 2014, 2015 və 2016-cı ilin statistikası ölü sayının azalmadığını, əksinə artdığını göstərir.

Rəsmi məlumata əsasən 2014-cü ildə Azərbaycanda 2606 yol qəzası baş verib. Ölkə ərazisində baş verən yol qəzalarında 1121 nəfər ölüb, 2727 nəfər xəsarət alıb.

2015-ci il ərzində isə respublika ərazisində 2220 yol-nəqliyyat hadisəsi qeydə alınıb, nəticədə 894 nəfər həlak olub, 2265 nəfər yaralanıb. 2016-cı il ərzində ölkə üzrə 2006 yol nəqliyyat hadisəsi qeydə alınıb ki, nəticədə 759 nəfər həlak olub, 2003 nəfər isə yaralanıb.

Rəsmi məlumatlara görə, 28 il ərzində (1988-2016-cı illər) 73813 yol qəza hadisəsi qeydə alınıb. Nəticədə 26 min 183 nəfər ölüb, 81 min 873 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Xatırladaq ki, ötən illər ərzində ən çox yol qəzası və insan tələfatı 1991-ci ildə qeydə alınıb. Həmin il respublika ərazisində baş verən 3336 yol qəzasında 1281 nəfər dünyasını dəyişib. Ən az yol qəzası 1999-2000-ci illərdə baş verib. 1999-cu ildə baş verən 1996 hadisədə 554 nəfər, 2000-ci ildə baş verən 1987 hadisədə isə 596 nəfər dünyasını dəyişib.(bizimyol.info)

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə