Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Hesablama Palatası DSMF-nin Ağcabədi şöbəsində pozuntu aşkarladı
Hesablama Palatası DSMF-nin Ağcabədi şöbəsində pozuntu aşkarladı
11 Mart 2017 / 13:54 / Baxış sayı: 794
Font1 Font2 Font3 Font4

Azərbaycan Respublikası Hesablama Palatasının kollegiya iclasında 2015-ci il aprelin 1-dən 2016-cı il oktyabrın 1-dək olan dövrdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Ağcabədi rayon şöbəsi üzrə gəlir və xərclərin, həmçinin şöbənin saxlanılması xərclərinin icrasına dair auditin nəticələri haqqında hesabat müvafiq qaydada təsdiqlənib.

Hesablama Palatasının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, audit olunan dövr ərzində şöbənin “Yığım” hesabının mədaxili 52705720,6 manat, dövrün əvvəlinə qalığı da nəzərə alınmaqla məxarici isə 52801428,0 manat olub.

2016-cı il oktyabrın 1-nə şöbədə, ümumilikdə 9649 sığortaolunanı əhatə edən 620 hüquqi şəxs, 7099 fiziki şəxs sığortaedən qismində qeydiyyatda olub ki, onlardan da 251 hüquqi şəxs və 485 fiziki şəxs fəaliyyət göstərib. Audit olunan dövr ərzində şöbənin gəlirləri, ümumilikdə 8767,0 min manat təşkil edib, həmin vəsaitin də 8759,7 min manatı məcburi dövlət sosial sığorta haqları üzrə gəlirlərdən, 4,3 min manatı pensiyalardan, 3,0 min manatı isə digər gəlirlərdən ibarət olub.

Araşdırma zamanı müəyyən edilib ki, məcburi dövlət sosial sığorta haqları üzrə mövcud potensialdan tam istifadə edilməyib, sığortaedənlər tərəfindən məcburi dövlət sosial sığorta haqqının hesablanması və ödənişində nöqsanlar olub, debitor borcların aradan qaldırılması istiqamətində şöbə tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş tədbirlər tam həyata keçirilməyib.

Audit olunan dövr ərzində 1503 yeni pensiya təyinatı aparılıb, 11 pensiya işi fondun digər rayon şöbələrindən daxil olub, 32 pensiya işi pensiyaçının köçməsi ilə əlaqədar fondun digər şöbələrinə göndərilib, 824 pensiya işi üzrə ödəniş pensiyaçının vəfat etməsi ilə əlaqədar dayandırılıb, 109 pensiya işi isə beşillik müddətin bitməsi ilə bağlı uçotdan çıxarılıb.

Pensiya təyinatı və ödənişi üzrə bəzi nöqsanlara yol verilib, bir sıra hallarda pensiya təyinatı üçün müraciət edən şəxslərin iş (sosial sığorta) stajları haqqında məlumatlar, o cümlədən 1992-2006-cı illərdə çalışdıqları müəssisənin məcburi dövlət sosial sığorta haqlarını ödəməsi barədə məlumatlar ətraflı araşdırılmadan və bir sıra zəruri sənədlər olmadan pensiya təyinatı aparılıb.

Müvafiq məlumatlara əsasən, 2015-ci il aprelin 1-dən ünvanlı dövlət sosial yardımın (ÜSY) Vahid Elektron Müraciət və Təyinat Alt Sistemi (VEMTAS) vasitəsilə həyata keçirilməsinə başlanılanadək 1841 ÜSY təyinatı aparılıb, ötən il oktyabrın 1-nə 1705 ÜSY işi üzrə ödənişlər davam edib, qalan 136 iş üzrə ödənişlər müxtəlif səbəblərdən dayandırılıb.

ÜSY-nin adambaşına düşən orta məbləği 2015-ci ilin son 9 ayı ərzində 33,98 manat, 2016-cı ilin ilk 9 ayı ərzində isə 32,18 manat, həmin dövrlərdə təyinat üzrə cəmi məbləğ isə müvafiq olaraq, 197497,62 manat və 84864,16 manat təşkil edib.

Araşdırma nəticəsində müəyyən edilib ki, 2015-ci il aprelin 1-dən dekabrın 31-dək dövrdə təyin edilmiş işlər üzrə ailədə adambaşına düşən gəlirin həcmi 54 ailə üzrə 0,0-60,0 manat, 457 ailə üzrə 60,01-70,0 manat, 701 ailə üzrə 70,01-80,0 manat, 54 ailə üzrə 80,01-90,0 manat, 9 ailə üzrə isə 90,01-100,0 manat aralığında olub. Ötən il yanvarın 1-dən martın 1-dək olan müddətdə isə adambaşına orta aylıq gəliri 0,0-60,0 manat olan 5 ailəyə, 60,01-70,0 manat olan 75 ailəyə, 70,01-80,0 manat olan 459 ailəyə, 80,01-90,0 manat olan 27 ailəyə ÜSY təyin edilib.

Müəyyən edilib ki, bir sıra hallarda ailənin sosial müavinətlərdən, əmək pensiyalarından və əmək haqlarından gəlirləri, həmçinin ailənin istifadəsində nəqliyyat vasitəsi olması haqqında ərizəçi tərəfindən məlumat verilməyib, müxtəlif səbəblərdən bağlanmış ÜSY hesabları üzrə bank qalıqları qalıb, 3 aydan artıq müddətdə alınmayan ÜSY məbləğləri üzrə müvafiq hesablara ÜSY ödənişi dayandırılmayıb.

VEMTAS-la ÜSY təyinatının araşdırılması zamanı mövcud qanunvericiliyin tələblərinə uyğun olmayaraq bir il müddətinə sosial yardım almaq hüququnu itirmiş ailələrə həmin müddət ötməmiş ÜSY təyin edildiyi, 3 aydan artıq müddətdə alınmayan ÜSY məbləğləri üzrə müvafiq hesablara ÜSY ödənişinin dayandırılmadığı müəyyən edilib.

VEMTAS vasitəsilə ÜSY təyinatının düzgünlüyünün araşdırılması məqsədilə nazirliyin internet saytındakı adlı siyahıya əsasən seçmə üsulla monitorinqlər təşkil edilib, həmin monitorinqlər zamanı ailə tərkibi və ailənin şəxsi yardımçı təsərrüfatdan gəlirləri haqqında VEMTAS-a daxil edilmiş məlumatların düzgünlüyünün müvafiq qaydalarda göstərildiyi kimi yerində araşdırılmaması, VEMTAS tərəfindən ailə üzvünün sosial sığorta nömrəsinin olmadığı hallarda pay torpağı ilə bağlı məlumatların və ümumi ev təsərrüfatında olan ailələrin ayrılıqda təqdim etdikləri elektron müraciətlərində göstərdikləri ünvan və elektrik sayğacı nömrəsinin eyniliyinin müəyyən edilməməsi, həmçinin ailə başçısının itirilməsinə görə əmək pensiyası, kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan şəxslərin üzrlü səbəbdən işləməyən şəxslər kimi qəbul edilməsi kimi nöqsanlara rast gəlinib.

Audit nəticəsində müəyyənləşdirilib ki, sosial müavinətlərin və təqaüdlərin mərkəzləşdirilmiş xüsusi proqram təminatına işlənilməsi zamanı bir çox hallarda müavinət işlərinin dayandırılması səbəbləri göstərilməyib, müavinət alan şəxslər barədə məlumatlar tam daxil edilməyib, qeydiyyat jurnalındakı bağlanma tarixləri ilə sosial müavinət işinin bağlanma tarixləri arasında uyğunsuzluqlar mövcud olub.

Hesablama Palatasının kollegiyası Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Ağcabədi rayon şöbəsi tərəfindən yol verilmiş nöqsanların qısa müddət ərzində aradan qaldırılması, həmçinin nöqsanlara yol vermiş vəzifəli şəxslərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edib, icra olunması və həyata keçirilmiş tədbirlər barədə Hesablama Palatasına məlumat verilməsi məqsədilə müvafiq təqdimat Ağcabədi rayon şöbəsinə, kollegiya qərarının surəti Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilib.

Auditin nəticələri ilə bağlı Azərbaycan Respublikası Milli Məclisinə məlumat verilib.

Qeyd edək ki, məlumat “Hesablama Palatası haqqında” Azərbaycan Respublikası Qanununa əsasən “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın 5.7-ci bəndinin icrasını təmin etmək məqsədilə hazırlanıb.



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə