Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Bayıl sakinlərinin dilemması: “Nağd olsun, soğan olmasın”
Bayıl sakinlərinin dilemması: “Nağd olsun, soğan olmasın”
11 Mart 2017 / 21:06 / Baxış sayı: 898
Font1 Font2 Font3 Font4

Səbail rayonu, Bayıl qəsəbəsindəki köhnə məhəllələrin söküntüsünə başlanıb. Amma bu dəfə söküntünü aparan şirkətlərlə yanaşı, mənzil alqı-satqı dəllalları da fəallaşıblar. Ev sahibləri ilə anlaşmaya çalışan dəllallar mənzilləri ucuz alıb, şirkətlərə baha satmağa çalışırlar.

Virtualaz.org saytının əməkdaşları söküntü aparılan məhəllələrdə olub, sakinlərləri dinləyiblər.

Xanlar və Qurban Abbasov küçələrində söküntü davam edir. Sökülən evlərin sakinləri kirayə köçürülürlər. Bir otaqlı mənzillər üçün 250, 2 otaqlı mənzillər üçün isə 300 manat aylıq kirayə haqqı ödəniləcək.

“Bu məhəllədə 15-dən çox mənzil vardı. Qonşular razılaşıb köçdülər. Biz isə təkliflərlə razılaşmamışıq, hələ ki gözləyirik”, – şirkətin təklifləri ilə razılaşmayan sakinlərdən biri Şahin Məmmədov deyir.

Onun sözlərinə görə, kiminə kompensasiya ödənilib, kiminə də söküləcək məhəllənin yerində tikiləcək binada ev təklif olunub: “Ötən ay iki qadın gəldi, dedilər ki, mənzilinizi bazar qiymətinə uyğun alırıq. Məsələn, mənim 55 kvadrat metr sahəsi olan evim üçün 60 min manat təklif etdilər. Söylədilər ki, evini satmaq istəsən, heç 45-50 manat pul verən olmaz. Onlarla razılaşmadım”.

Sakinlər onu da deyirlər ki, köçmək istəməyənlərə zor tətbiq edilmir. Sakinlərin razılığı alınmadan söküntü aparılmır. Amma əksəriyyət yeni mənzil vədinə inanmır. Baxmayaraq ki, şirkət müqavilə bağlayaraq öhdəlik götürür. Gələnlərin hər biri fərqli təklif verdiyindən sakinlər tərəddüd edirlər.

“Hər evin sahibi ilə fərdi danışıq aparılır. 40-50 ilin qonşuları hansı təkliflə razılaşdığını söyləmək istəmir. Elə bil hamı izahata qol çəkib”, – bunu isə Xanlar küçəsində yaşayan sakin deyir. “Biz yalnız maklerləri tanıyırıq, söküntünü hansı şirkətin apardığından da xəbərsizik”, – digərləri də söhbətə qarışır.

Xanlar küçəsindəki məhəllələrdə evlərin əksəriyyəti 1900-1910-cu illərdə tikilib. Bir neçə ev qəzalı vəziyyətdədir. “Biz kirayə köçmək təklifi ilə razılaşdıq, təki bu dar məhəllədən, şəraitsizlikdən yaxa qurtaraq. Ayda 300 manat kirayə haqqı ödəniləcək, sonra da məhəlləmizin yerində tikiləcək binada təmirli mənzil veriləcək. Onsuz da bu evi heç 40 minə sata bilməzdim”, – Sona adlı sakin söyləyir.

Söküntü başlanan kimi Bayıl qəsəbəsi və 20-ci sahədə kirayə mənzillər bahalaşıb. Sakinlərin sözlərinə görə, artıq 200 manata kirayə mənzil tapmaq çətinləşib. “Baxırsan ki, bu mənzil bir neçə ay əvvəl 100-150 manata kirayə verilirdi, indi qiyməti 200-250 manata qaldırıblar. Hətta həyətdə daxma tikib kirayə verənlər də çoxalıb”, – Sona xanım əlavə edir.

Xanlar küçəsində söküləcək 5 məhəllənin hər birində 20-dək ev yerləşir.

“Tender keçirilib və bir neçə şirkət qalib gəlib. Məsələn, Xanlar və Qurban Abbasov küçəsində məhəllələr müxtəlif tikinti şirkətləri arasında bölünüb”, -bunu isə “Bahra” MTK-nın nümayəndəsi Firuz Zeynalov deyir.

Onun sözlərinə görə, söküləcək mənzillərin əvəzinə binada ev veriləcək: “Mənzilin ümumi sahəsindən 10-15 kvadrat metr artıq, tam təmirli mənzillər veriləcək. Yalnız bir-iki nəfər yaşlı sakinə kompensasiya verildi, çünki onlar yaşlarını nəzərə alıb kirayəyə köçmək istəmirdilər. Kirayə pulları isə karta köçürüləcək və sakinlər kart vasitəsi ilə pullarını ala biləcəklər”.

5 saylı doğum evinin qarşısındakı məhəllələrin də söküntüsünə başlanıb. Sakinlər kirayə mənzilə köçdüklərini, təkliflərdən razı qaldıqlarını deyirlər. Amma yol kənarındakı mağazalar qəfil söküntüdən narazı qalıblar.

“6 aydır bu mağazanı kirayə götürmüşdüm, bizə tezliklə söküntü olacağını deməmişdilər. Bu gün isə gəldilər ki, təcili köçməlisən, mağazanı sökürlər. Firmalardan götürdüyüm malları hara yığım? Nə qədər ziyna düşmüşük”, – şəhid ailəsi olduğunu deyən Vəfa Mirzəliyeva bildirir.

Onun sözlərinə görə, bir gözü kor olan şəhid anası bu mağazadan gələn gəlirlə dolanıb. “Mən kirayənişinəm, mağazanın sahibləri ilə anlaşma olub. Biz köçməkdən imtina etmirik, sadəcə olaraq, yeni bir mağaza tapıb köçənə qədər vaxt istəyirik. Narazılıq edən kimi isə polis çağırırlar, 70 yaşlı anama belə hörmət qoymurlar”,-V.Mirzəliyeva narazılıq edir.

Yolun bir hissəsi qazılıb, artıq ərazini hasarlamağa başlayıblar. Bu isə digər mağaza və obyekt sahiblərinin narazılığına səbəb olur. Mağaza sahibləri heç olmasa 10 gün möhlət istəyirlər. Şirkətlər isə söküləcək mağazaların əvəzinə yeni tikiləcək binalarda mağaza təklif edirlər.

Beləliklə, yaxın aylarda Bayıl qəsəbəsindəki köhnə məhəllələr tarixin yaddaşına köçəcək. Nazirlər Kabinetinin qərarına əsasən paytaxtdakı qəzalı və şəhərin gözəlliyinə xələl gətirən evlər söküləcək, yerində hündürmərtəbəli binalar tikiləcək.\Virtualaz.org\

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə