Загрузка...
Xəbər lenti



Загрузка...

“Hər həkimdən 5 min tələb edir” – İcra başçısına ağır ittihamlar/ FOTO
“Hər həkimdən 5 min tələb edir” – İcra başçısına ağır ittihamlar/ FOTO
14 Mart 2017 / 15:23 / Baxış sayı: 1588
Font1 Font2 Font3 Font4

“CADUGARI TİBB KOMİSSİYASINA SƏDR QOYUBLAR”

Bərdə rayon İcra Hakimiyyətinin başçısı şəhərdə lisenziyasız fəaliyyət göstərən stomatoloqların diş kabinetlərini bağlatdırıb, onlardan yüksək məbləğdə pul tələb edir. BakiPost.az-a müraciət edən stomatoloqlar onlardan həm rüşvət, həm də aylıq ödəniş istənildiyini bildiriblər.

Bərdə şəhərində məskunlaşan, Xocalıdan olan məcburi köçkün Kamil Quliyev qeyd edib ki, ondan 5 min manat tələb edilir: “1996-ci ildə Tibbi Universitetini bitirmişəm. Dövlət qayğısı ilə oxuyan həkiməm. 20 ildir ki, Bərdə şəhərində stomatoloq işləyirəm. Diş kabinetim Bərdə şəhəri Üzeyir Hacıbəyov küçəsində yerləşir. Amma 2-3 gündür ki, icra başçısı polis gücü ilə bizi işlədiyimiz diş kabinetindən zorla qovub. Kabinetlərin hamısını möhürlə bağlayıb, bizi işləməyə qoymur. Həkimlərdən pul tələb edirlər. Şəxsən məndən 5 min, bəzi həkimlərdən 3 min manat istəyir. Mən 20 ildir ki, işləyirəm. Amma elə həkim var ki, 1-2 ildir işləyir. Eləsi də var ki, ümumiyyətlə, diplomu yoxdur. Lakin onlardan pul alıb işləməyə icazə verirlər. Kim pul vermir onları işləməyə qoymurlar. Amma təkcə bu pulla da iş bitmir. Deyirlər ki, icazə alandan sonra hər ay əlavə pul, “aylıq” da  verəcəksiniz.

1-2 il əvvəl bu işlə MTN məşğul olurdu. Hazırda həmin MTN əməkdaşlarının çoxunun işləri məhkəmədədir.
İndi Bərdədə bütün diş kabinetləri bağlıdır. Kim pul verirsə, həmin diş kabinetini açırlar. Verməyənləri isə bağlayırlar. Belə ki, icra başçısının sərəncamı ilə daxili komissiya yaradıblar. Komissiyaya sədri isə əvvəllər falçılıq edən biri olub. İslam Universitetini bitirən həmin şəxs əvvəllər xanımlara dua yazırdı. Amma onu həkimlərə nəzarət komissiyasının sədri qoyublar. O da polis gücü ilə bizi çıxardıb pul istəyir. Artıq 2-3 gündür ki, bu proses başlayıb”.
Şikayətçi bildirib ki, hazırda Bərdə şəhərində təxminən 15-20 diş kabineti bağlanıb: “İndi yalnız Şəhərin Mərkəzi Diş Poliklinikasındakı diş kabinetləri işləyir. Oranın da vəziyyəti bərbad gündədir, anti-sanitariya hökm sürür. Poliklinikada 1-2 diplomsuz, “əldə qayırma” həkimlər işləyir, savadlı adamların heç biri qalmayıb. Çünki oranın baş həkimi həkimlərdən yüksək məbləğ istəyir. Baş həkim də icra başçısının yanına gedib-gəlir.
İşlədiyim 20 il ərzində vaxtı-vaxtında dövlətə vergi ödəmişəm. Hətta qəbzlər belə durur. Həmçinin Dövlət Sosial Müdafiə Fonduna da ödəniş edirəm. Ora hər ay 81 manat 50 qəpik ödəyirəm”.
Bərdə şəhərində 16 ildir ki, stomatoloq işləyən Bəhlul Abbaslı isə vurğulayıb ki, ondan fəaliyyət göstərməsi üçün 3 min manat istəyirlər: “Xocalıdan məcburi köçkünəm. 16 ilə yaxındır ki, Bərdədə diş həkimi işləyirəm. Bərdəyə gələndən müraciət etmişəm ki, məni dövlət işi ilə təmin etsinlər. Amma bunu edən olmayıb. Mən də öz şəxsi hesabıma diş kabinetini açmışam. 2-3 gündür ki, icra başçısının göstərişi ilə bizi qoymurlar işləməyə. Məndən 3 min manat və aylıq pul istəyirlər. Özü də yazılı şəkildə. Deyirlər, verməsən işləməyə qoymacağıq. Əllərində bəhanənin çox olduğunu deyirlər. Hətta lazım olsa məni prokurorluğa verəcəklərini bildirirlər.
Özlərindən qondarma sərəncam imzalayıblar. Kim pul verirsə, onlara dəymirlər.  Bizə isə bildirirlər ki, diş kabinetlərini bağlamaq üçün səbəb tapmaq onlar üçün asandır. Gücün onların əlində olduğunu qeyd edirlər”.
Bərdə Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Vahid Qarayev BakiPost.az-a açıqlamasında məsələdən xəbərsiz olduğunu bildirib: “Bu barədə məlumatım yoxdur. Çünki işə dünəndən çıxıram. Amma inanmıram ki, elə bir şey olsun”.
Başçının köməkçisi Anar Hətəmov isə deyilənlərin şayiə olduğu bildirib: “Deyilənlərin hamısı yalandır. Yəni şayiədir”.







2



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə