Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

10 ildən sonra Azərbaycana 4,2 milyon turist səfər edəcək – PROQNOZ
10 ildən sonra Azərbaycana 4,2 milyon turist səfər edəcək – PROQNOZ
27 Mart 2017 / 14:31 / Baxış sayı: 290
Font1 Font2 Font3 Font4

2016-cı ildə səyahət və turizm sənayesinin Azərbaycanın ümumi daxili məhsuluna (ÜDM) birbaşa təsiri 2 milyard 285,3 milyon manat (2016-cı ildəki AZN/USD orta məzənnəsi ilə 1 milyard 437,3 milyon dollar), yaxud hesabat dövründəki ÜDM-in ümumi həcminin 4,1 faizi qədər olmuşdur.

“Yeniavaz.com” Mədəniyyət və Turizm Nazirliyinə istinadən bildirir ki, bu barədə Ümumdünya Turizm və Səyahət Şurasının (World Travel & Tourism Council, WTTC) mart hesabatında məlumat verilib.

Qurumun gözləntilərinə görə, 2017-ci ildə bu sənayenin ÜDM-ə birbaşa təsiri güclənəcək və 7 %, yaxud 2 milyard 446,4 milyon manat olacaq, 2017-2027-ci illər ərzində isə 6,5 % daha artaraq 4 milyard 581,9 milyon (2 milyard 881,7 milyon dollar) və yaxud ÜDM-in 5,9 % -i göstəricisinə çatacaq.

Hesabatda deyilir ki, bu rəqəmlər hər şeydən əvvəl hotellər, mehmanxanalar, turizm agentlikləri, aviaşirkətlər, həmçinin sərnişindaşıma xidmətləri göstərən digər bu tipli bazar iştirakçılarının iqtisadi fəaliyyətini əks etdirir.

WTTC təşkilatının hesabatında yer alan məlumatlara əsasən, 2016-cı ildə turizm və səyahət sektorunun (investisiya və digər parametrlərin daha geniş təsiri daxil olmaqla) Azərbaycan ÜDM-nə tam təsiri 8 milyard 91,3 milyon manata (5 milyard 88,9 milyon dollar), yaxud VDM-in 14,6 % qədər olmuşdur. Gözlənildiyi kimi, bu göstərici 2017-ci ildə 6,6 % – 8 milyard 622,8 milyon manatadək artacaq və ÜDM-in 15,3 faizinə çatacaq. Bununla yanaşı, qurumun proqnozlarına görə, bu göstərici 2027-ci il üçün 6,3 % artaraq, 15 milyard 924,5 milyon manat (10 milyard 15,4 milyon dollar), yaxud ölkə ÜDM-nin 20,6 %-i qədər olacaq.

Qurumda qeyd edirlər ki, turizm və səyahət sektorunun inkişafı ölkə əhalisinin məşğulluq səviyyəsinə müsbət təsir göstərir. Belə ki, 2016-cı ildə sektor birbaşa olaraq 171 min iş yeri təmin etmişdir ki, bu da əhalinin ümumi məşğulluq səviyyəsinin 3,7 %-i qədər olmuşdur. WTTC təşkilatının proqnozlarına görə, 2017-ci ildə bu göstərici 6 %, 2027-ci il üçün isə daha 3,5 %, başqa sözlə desək, 256 min iş yeri artacaq ki, bu da Azərbaycan əhalisinin ümumi məşğulluq səviyyəsinin 5,6 %-i qədər olacaq.

Ümumiyyətlə, turizm və səyahət sənayesinin məşğulluğa tam təsiri 2016-cı ildə 609 min iş yeri, yaxud əhalinin ümumi məşğulluğunun 13,2 faizi qədər təşkil etmişdir. Qurumun ekspertləri proqnozlaşdırır ki, cari ildə sektor 642 min iş yerini (5,4 % səviyyəsində artım) təmin edəcək. Bununla yanaşı, 2027-ci ildə iş yerlərinin sayı 3,2 % – 883 min artacaq ki, bu da ölkə əhalisinin məşğulluq səviyyəsinin 13,9 %-i qədər olacaq.

Qurum ölkəyə turist axınının turizm sənayesinin ölkə iqtisadiyyatına birbaşa təsirinin aparıcı komponenti olduğunu vurğulayır.

WTTC təşkilatının məlumatlarına əsasən, 2016-cı ildə “Visitor Exports” (əcnəbi ziyarətçilərin məsrəfləri) göstəricisi 4 milyard 552,2 milyon manat (2 milyard 863 milyon dollar, yaxud 16,9 %) olmuşdur. Xatırladaq ki, “Visitor Exports” göstəricisi beynəlxalq turist məsrəfləri üzrədir və əcnəbilərin nəqliyyat və səfər turizminə aid istehlakını səciyyələndirən xərcləri daxil olmaqla, istər işgüzar, istərsə də şəxsi məqsədlərlə xərclədikləri vəsaiti əhatə edir.

WTTC təşkilatında gözləyirlər ki, 2017-ci ildə bu göstərici 8,1 % artacaq, ölkə isə 2 milyon 758 min nəfər xarici turisti qəbul edəcək. 2027-ci ilədək “Visitor Exports” göstəricisi daha 6,5 % artacaq. Belə ki, 10 ildən sonra artıq ölkəyə 4 milyon 254 min turist səfər edəcək ki, onlar da 9 milyard 205,3 milyon manat (5 milyard 769,5 milyon dollar) pul xərcləyəcəklər.

Hesabatda o da qeyd edilir ki, 2016-cı ildə Azərbaycanın turizm və səyahət sektoruna 479,5 milyon manat yatırım qoyulmuşdur. 2017-ci ildə isə kapital qoyuluşunun həcmi 6,2 %, qarşıdakı 10 ildə isə 4,9 % artaraq 825,1 milyon manata çatacaq.

Turizm və səyahət sektorunun milli investisiyaların ümumi həcmindəki payı 2017-ci ildəki 2,9 %-i ötərək 2027-ci ildə 3,3 %-ə çatacaq.



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə