Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Akif Çovdarov üçün Holter
Akif Çovdarov üçün Holter
27 Mart 2017 / 23:31 / Baxış sayı: 302
Font1 Font2 Font3 Font4

Bu gün Sabunçu Rayon Məhkəməsinin binasında ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarov və onunla birlikdə həbs edilən üç MTN əməkdaşının məhkəmə baxışı davam etdirilib.

19 günlük fasilədən sonra məhkəmə prosesi zərərçəkmiş Azər Quliyevin iddiası ilə bağlı epizodla davam etdirildi.

Prosesin əvvəlində təqsirləndirilən Akif Çovdarovun vəkili Sadiq Rəsulov vəsatətlə çıxış etdi. Vəkil bildirdi ki, 06 fevral 2017-cil il tarixdə eyni vəsatətlə məhkəməyə müraciət ediləndə məhkəmə kollegiyası bu məsələnin Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin səlahiyyətinə aid olduğunu bildirərək vəsatəti rədd etdi. Növbəti günü 07 fevral 2017 tarixdə Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinə A.Çovdarovun müayinə məqsədilə Holter aparatına qoşulması barədə müraciətə Baş idarə 10 mart 2017-ci il tarixdə məktubla cavab verib. Məktubda bildirilir ki, idarədə Holter aparatı yoxdur, lakin təqsirləndirilənin müayinə və müalicəsi ilə bağlı bütün qərarları məhkəmə verməlidir. Vəkil məhkəmədən vəsatətin təmin olunmasını xahiş etdi. Vəkil həmçinin onuda qeyd etdi ki, Tibb Baş İdarəsi 2016-cı ilin fevral ayında Akademik C.Abdullayev adına Kardiologiya institutuna müraciət edib və həmin İnstitutun həkimləri 11-12 fevral tarixlərində Akif Çovdarovu Holter aparatı ilə müayinə edib, 01 noyabr 2016 tarixində adı gedən İnstitutun həkimləri yenidən müayinə etmək üçün İstintaq təcridxanasına gəliblər, lakin həmin dövrdə aclıq elan etdiyi üçün Akif Çovdarov Holter müayinəsindən keçməkdən imtina edib. Hər iki müayinə zamanı Tibb Baş İdarəsinin yadına məhkəmə qərarı düşməyib, ancaq indi Holter müayinəsini keçirməyin səlahiyyətinə aid olmadığını bildirir. Bununla bağlı Sadiq Rəsulov məhkəmənin müvafiq qərar çıxarmasını istədi. Əlavə olundu ki, təqsirləndirilən həmin aparatın quraşdırılmasını şəxsi vəsaiti hesabına təmin edə bilər.

Qeyd edək ki, Holter aparatı xəstənin elektrokardioqrammasının (EKQ) monitorinqini aparan tibbi cihazdır və bir neçə gün ərzində xəstənin ürək-damar fəaliyyətində baş verən dəyişiklikləri izləyir.

Hakim Elbəy Allahverdiyev məhkəmədə iştirak edənlərin nəzərinə çatdırdı ki, Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin məktubunda başqa xüsuslar da var. Məsələn, bildirilir ki, Akif Çovdarovun 2016-cı ildə həyata keçirilmiş müayinəsindən sonra onun səhhətində mənfi dinamika müşahidə olunmur və Holter aparatının tətbiqinə ehtiyac yoxdur. Akif Çovdarovun vəkilləri bildirdilər ki məktubda yazılan tam əsassızdır, çünki Akif Çovdarovun səhhəti ilə bağlı real vəziyyət yalnız Holter müayinəsindən sonra müəyyən oluna bilər. Ara-sıra Akif Çovdarovu müayinə etməyə gələn Tibb Baş İdarənin həkim-kardioloqu Natavan Qurbanova isə hər hansı tibbi avadanlıqdan istifadə etmir. Bu səbəbdən də məktubda yazılanların heç bir əsası yoxdur.

Bundan sonra məhkəmə müşavirəyə yollandı. Müşavirədən sonra elan olunmuş qərarla vəsatət rədd edildi.

Mərhum zərərçəkmiş və onun ifadəsi

Epizod üzrə zərərçəkmiş, “Azərtikinti ATF” şirkətinin rəhbəri Azər Quliyev 11 il müddətinə azadlıqdan məhrum edilib və ötən ilin avqust ayında həbsxanada dünyasını dəyişib. Məhkəmə onun həyat yoldaşını hüquqi varisi kimi tanıyıb. Lakin hüquqi varisin məhkəmədə ifadə vermək hüququ yoxdur. Buna görə də, zərərçəkmişin istintaqa verdiyi ifadə hakim Elbəy Allahverdiyev tərəfindən oxundu.

Zərəçəkmiş ifadəsində bildirib ki, 2008-ci ildə Akif Çovdarov yaşayış binalarının tikintisi ilə məşğul olan “Azərtikinti-ATF” MMC-nin direktoru Azər Quliyevi o vaxtkı idarə rəisi, təqsirləndirilən Səlim Məmmədovun vasitəsilə MTN-ə çağırıb. Müxtəlif bəhanələrlə, həbs etdirəcəyi ilə hədələyərək, Akif Çovdarov zərərçəkmişdən 2 mənzilin ona verilməsini tələb edib.

İfadəyə görə, daha iki mənzil Səlim Məmmədovun yaxın dostu Kazım Bağırovun adına rəsmiləşdirilib.

Keçmiş MTN əməkdaşı şahid kimi ifadə verdi

Epizod üzrə ilk şahid ifadəsini keçmiş MTN-in işçisi olmuş, 2014-cü ilə qədər təqsirləndirilən Səlim Məmmədovun idarəsində çalışmış Əziz Əzizov verdi.

Şahid bildirdi ki, 2008-ci ildə Səlim Məmmədov ondan zərfdə bağlı olan sənədləri 8-ci kilometrdə bir nəfərə çatdırmağı xahiş edib. “Üstündən çox vaxt keçdiyi üçün nə binanın yerini, nə də sənədləri verdiyim adamı xatırlamıram. Deyəsən, 8-ci kilometr bazarının yaxınlığılnda idi, oralara elə də bələd deyiləm”.

Dövlət ittihamçısı şahiddən xəbər alsa da, Ə.Əzizov binada görüşdüyü adamın adını xartırlamadığını bildirdi.

Sənədi nəyə görə məhz onun aparması sualına isə şahid belə cavab verdi ki, sadəcə olaraq, idarə rəisinin xahişini yerinə yetirib.

 

“Dayımın dediyi söz qanundur”

Şahid Fəqan Teymurov ifadəsində bildirdi ki, dayısı Kazım Bağırov 2008-ci ildə ona zəng edərək, bir sənədi imzalamağın lazım olduğunu deyib. “Dayımın sözü bizim üçün qanundur. Gəldim, gördüm ev sənədidir, mənim adıma keçirir. İmzaladım”, – şahid qeyd edib.

Onun sözlərinə görə, bir neçə aydan sonra dayısı bir də zəng edib və bu dəfə həmin evin adından çıxarılması ilə bağlı sənədi imzalayıb. Şahid bundan başqa heç nə bilmədiyini və istintaqa verdiyi ifadəni təsdiqlədiyini deyib.

Dövlət ittihamçısının sualına cavab olaraq, Fəqan Teymurov bildirdi ki, təqsirləndirilən Səlim Məmmədovu dayısı Kazım Bağırovun dostu kimi tanıyır və hətta 1998-ci ildə şahidin toyunda S.Məmmədov şəxsən iştirak edib.

Təqsirləndirilən Səlim Məmmədovun vəkili Cavid Rzazadə şahidin diqqətinə çatdırdı ki, istintaqa verdiyi ifadədə o, dayısının mənzilin Səlim Məmmədovun adı ilə bağlı olması barədə bildirib, indiki ifadəsində isə bu halı qeyd etmir.

Şahid: Hadisənin üstündən 9 il keçib, ola bilsin ki, unutmuşam.

Vəkil: Siz istintaqa 2016-cı ildə ifadə vermisiniz. 8 ilə unutmadığınızı 9-cu il unutdunuz?

Şahid: Ola bilsin ki, unutmuşam, amma istintaqa verdiyim ifadəni təsdiq edirəm.

 

FHN-in şöbə müdiri “Şərurlu İsfəndiyar”ın tapşırığı ilə binanı yoxlayıb

Epizod üzrə bu gün sonuncu ifadəni vermiş şahid Vilayət Tağıyev bildirdi ki, əslən Naxçıvan MR-in Şərur rayonundandır və məşhur iş adamı “Şərurlu İsfəndiyar”la bir sinifdə oxuyub. Şahid hazırda Fövqəladə Hallar Nazirliyinin Ekspertiza idarəsinin smeta şöbəsinin müdiri vəzifəsində çalışdığını dedi.

Onun sözlərinə görə, bir gün dostluq münasibətində olduğu “Şərurlu İsfəndiyar”ın tapşırığı ilə “Xalqlar Dostluğu” metro stansiyasının yaxınlığında yerləşən yeni tikilidə yoxlama işi aparıb – tikinti materiallarının keyfiyyətinin monitorinqi ilə məşğul olub.

Bundan başqa şahid heç bir şeydən xəbəri olmadığını bildirdi.

Prosesə sədrlik edən hakim Həbib Həsənov növbəti məhkəmə iclasının çərşənbə günü, martın 29-da keçiriləcəyini bildirdi. (virtualaz.org)

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə