Загрузка...
Xəbər lenti



Загрузка...

Azərbaycanda ilk… Vergilər Nazirliyi məhkəməyə verildi
Azərbaycanda ilk… Vergilər Nazirliyi məhkəməyə verildi
28 Mart 2017 / 11:56 / Baxış sayı: 1236
Font1 Font2 Font3 Font4

Maliyyə sahəsi üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov Vergilər Nazirliyini məhkəməyə verib. “Yeniavaz.com” xəbər verir ki, bu barədə Əkrəm Həsənov bildirib. Ekspert qeyd edib ki, bu, ölkə tarixində qanunda olan verginin qanunsuzluğu (nağdlaşdırmaya görə 1%-lik verginin qanunsuz hesab edilməsi) üzrə ilk belə iddiadır.

Hüquşünas daha sonra bildirib ki, fevralın 8-də Vergilər nazirinə məktub yazıb: “Orada fərdi sahibkarlar və hüquqi şəxslər tərəfindən pul vəsaitlərinin nağd qaydada bank hesablarından çıxarılmasına görə 1 faiz dərəcəsi ilə ödəmə mənbəyində tutulan sadələşdirilmiş verginin 6 arqumentim üzrə absurd, əsassız və qanunsuz olmasını iddia edirəm. Nazirlik mənə cavab göndərib (dərc edirəm).

Bu cavabda arqumentlərimin əksəriyyəti cavabsız qalıb, qeyd edilən əks-arqumentlər isə çox zəifdir. Buna görə də nazirliyə qarşı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində iddia qaldırmışam. Məqsəd bu verginin bütövlükdə qanunsuz, o cümlədən Konstitusiyaya zidd hesab edilərək Vergi Məcəlləsindən çıxarılmasıdır. Ölkə tariximizdə bu, ilk belə haldır.
İddia ərizəm 11 səhifədən ibarət olduğu üçün dərc etmirəm, amma maraqlananlara göndərə bilərəm. Orada nazirliyin cavabına ətraflı münasibət bildirmişəm. Burada isə hər 6 arqument üzrə nazirliyin cavabına qısa şərhimi yazıram.
1. Verginin müəyyən edilməməsi. Sözügedən vergi üzrə vergi ödəyicilərinin dairəsi və vergitutma obyekti Vergi Məcəlləsinin 12.1-ci, 12.3-cü və 13.2.4-cü maddələrinə uyğun müəyyən edilməyib, buna görə də vergi bütövlükdə müəyyən edilməmiş hesab edilməlidir. Konstitusiyanın 73-cü maddəsinə görə isə belə vergi ödənilməli deyil. Lakin nazirlik bu maddələrə dair arqumentlərə münasibət bildirmədən sırf Vergi Məcəlləsinin 220.12-ci maddəsini rəhbər tutaraq, deyir ki, vergi müəyyən olunub.

Bəs Məcəllənin digər maddələri necə olsun? Onlar kim üçün yazılıb?

2. Verginin ödəmə mənbəyində tutulmasının yolverilməzliyi. Vergi Məcəlləsinin X fəslinə və 5-ci maddəsinə əsasən sadələşdirilmiş vergi ödəmə mənbəyində tutula bilməz. Nazirlik X fəsil arqumentinə münasibət bildirməyib. Yalnız 5-ci maddə üzrə deyir ki, guya ödəmə mənbəyində vergi mütləq gəlirdən (mənfəətdən) tutulmalı deyil. Halbuki nəinki Vergi Məcəlləsi bütövlükdə, ümumən sağlam məntiq də bunun əksini deyir. Gəlirdən tutulmursa, nədən tutulur?
3. Verginin ədalətsiz olması. Bu arqument üzrə 3 əsas gətirmişdim: 1) dövlət ikiqat ödəniş alır; 2) dövlətçilik atributu satıla bilməz; 3) borcun qaytarılmasına görə vergi olmamalıdır. Nazirlik son iki əsas üzrə heç bir fikir bildirməyib. Birinci əsas üzrə isə deyir ki, nağd pula görə Mərkəzi Banka ödənilən haqq dövlət büdcəsinə daxil olmadığı üçün dövlətə ödəniş hesab edilməməlidir. Halbuki, Mərkəzi Bank və dövlət büdcəsi dövlətin iki cibidir. Vergi ödəyicisi üçün nə fərqi var ki, bir şəxsə ödənişi sonuncunun hansı cibinə gedir?! Yeri gəlmişkən, dünən yazdığım kimi, Mərkəzi Bank özü banklara nağd pul ödəyəndə sözügedən 1%-lik vergini tutmur. Bu vergi qanunidirsə, niyə tutmur və nazirlik niyə buna göz yumur?

4. Verginin diskriminasiya xarakteri daşıması. Bu verginin yalnız sahibkarlardan tutulması onların diskriminasiyasıdır və Vergi Məcəlləsinin 3.6-cı maddəsinə ziddir. Nazirlik buna belə etiraz edir ki, guya fərdi sahibkarların hesabındakı vəsaiti onların dövriyyə vəsaitidir və sahibkarlıq fəaliyyəti ilə bağlı gəlirin əldə edilməsində istifadə edilir. Bu yanaşma nə sağlam məntiqə, nə də qanunvericiliyə əsaslanmır. Belə ki, fərdi sahibkarın bank hesabındakı pul vəsaiti mütləq olaraq dövriyyə vəsaiti deyil və sahibkarlıq fəaliyyəti ilə bağlı gəlirin əldə edilməsində istifadə edilmir. Məgər fərdi sahibkar həmin pulu hesabdan çıxarıb şəxsi ehtiyacları üçün xərcləyə bilməz?
5. İkiqat vergitutma. Vergi Məcəlləsinin 3.5-ci maddəsində deyilir: “Heç bir şəxs əldə etdiyi mənfəətdən (gəlirdən) eyni növ vergini bir dəfədən artıq ödəməyə məcbur edilə bilməz.”

Lakin sözügedən sadələşdirilmiş vergi digər sadələşdirilmiş vergiləri ödəyən şəxslərdən də eyni məbləğdən tutulur. Deməli, burada ikiqat vergitutma faktı var. Lakin nazirlik cavabında eyni növ verginin eyni gəlirdən (mənfəətdən) tutulmadığını əsaslandırmağa çalışır. Bunun üçün hətta sadələşdirilmiş vergilərin tutulma formalarının müxtəlif olduğunu vurğulayır. Halbuki, Məcəllədə tutulma forması üzrə fərq qoyulmur. Qanunda olmayan şeyə axı necə istinad etmək olar?
6. Verginin iqtisadi cəhətdən əsassız olması. Məcəllənin 3.2-ci maddəsində deyilir: “Vergilər iqtisadi cəhətdən əsaslandırılmalıdır.” Lakin bu verginin iqtisadi əsaslandırılması nəinki mümkün deyil, hətta absurd nəticələrə də səbəb ola bilər. Nazirlik cavabında iddia edir ki, guya sözügedən verginin iqtisadi mahiyyəti “nağd əməliyyatların məhdudlaşdırılması və nağdsız əməliyyatların həcminin artırılması”dır. Halbuki, reallıqda bu vergi, əksinə, vergi ödəyicilərini pul vəsaitlərinin bank hesablarına daxil olmamasına səy göstərməyə sövq edə bilər. Ən əsası isə nazirlik bu arqument üzrə 3 əsasıma heç bir münasibət bildirməyib. Onlardan ən vacibi bu verginin mənfəət vergisindən yayınmaq üçün sui-istifadə aləti olmasıdır. Belə ki, Vergi Məcəlləsinin 219.5-ci maddəsinə əsasən sadələşdirilmiş vergini ödəyən hüquqi şəxs mənfəət vergisinin ödəyicisi deyil. Deməli, hüquqi şəxs bütün mənfəətini bank hesabından nağd çıxararaq 1 faiz sadələşdirilmiş vergini ödəsə, artıq mənfəət vergisini ödəməməlidir. Təbii, 19 faiz vergi qənaəti məqsədi ilə istənilən hüquqi şəxs sözügedən addımı ata bilər və bu da tam qanuni olacaq, nəticədə dövlət büdcəsi xeyli gəlirdən məhrum olacaq. Təkcə bu arqument sözügedən verginin həm iqtisadi, həm də hüquqi cəhətdən nə qədər əsassız olduğunu göstərir”.

Hüquqşünas daha sonra əlavə edib ki, bu məsələyə Konstitusiya Məhkəməsi baxmalıdır: “Yaxşı olardı ki, İnzibati-İqtisadi Məhkəmə birbaşa Konstitusiya Məhkəməsinə şərh üçün müraciət etsin. Bunu etməsə, iddianın praktiki cəhətdən təmin edilməsi perspektivi yüksək deyil, çünki adi məhkəmənin qanunda olan vergini qanunsuz hesab etməsi ehtimalı azdır. Bu halda bütün instansiyaları keçəndən sonra Konstitusiya Məhkəməsinə özüm müraciət edəcəyəm. Əslində, burada əsas heç qələbə də deyil.

Bir daha xatırladıram ki, ölkə tariximizdə bu, ilk belə haldır. Hüquqi dövlətə malik olan bütün cəmiyyətlər bu yolu keçib: vergilər uğrunda mübarizə yolunu. Vergi, vətəndaş cəmiyyəti və dövlət arasındakı bir nömrəli körpüdür (ictimai müqavilənin özəyi).

Vətəndaşlar hökumətə ilk növbədə bu körpü vasitəsilə təsir etməlidir. Qərbdə demokratiya və hüquqi dövlət bu gün Şərqə sırınan küçə hərəkatları, lümpenlərin inqilabı yolu ilə deyil, əsasən məhz vergi qanunvericiliyi uğrunda şüurlu orta təbəqənin sivil mübarizəsi vasitəsilə qurulub. Biz də bu mübarizəni aparmalıyıq. Qoy bu iş ilk qaranquş olsun!”

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə