Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“ŞƏRQ” bazarı sökülür
“ŞƏRQ” bazarı sökülür
30 Mart 2017 / 10:03 / Baxış sayı: 1832
Font1 Font2 Font3 Font4

Ticarət mərkəzinin paytaxtın yenidən qurulması layihəsi çərçivəsində plana düşdüyü və söküləcəyi deyilir

Bakıda fəaliyyət göstərən ticarət mərkəzlərindən biri də “Şərq” bazarı kimi tanınan alış-veriş mərkəzidir. Bu ticarət mərkəzi paytaxtın ən qədim alış-veriş obyektlərindəndir. Müstəqilliyin ilk dövrlərində bura ən prestijli ünvanlardan sayılırdı. Sonralar Bakıda bir-birinin ardınca açılan ticarət mərkəzləri “Şərq”i xeyli zəiflətdi, arxa plana keçirdi. 2014-cü ildən sonra isə sözügedən ticarət mərkəzinin qara günləri artmağa başlayıb.
İqtisadi böhran onsuz da bütün alış-veriş mərkəzlərini (AVM-ləri) “vurub”. İqtisadi böhrandan ilk növbədə kiçik sahibkarlar əziyyət çəkirlər. Düzdür, kriz başlayanda bundan hamının itkisi olur. Amma kiçik sahibkarları böhran alovunun dilimləri daha tez qarsır. Bu təbəqənin elə çox maddi ehtiyatı olmur, əlində-ovcunda saxladığı pul da böhran zamanı əriyib gedir.
Azərbaycanda 2015-ci ildə 10 ay içində bir-birinin ardınca iki devalvasiya yaşandı. Bu devalvasiyalarda da sahibkarlar, əsasən də xırda ticarətçilər ciddi itkilərə məruz qaldılar. Eləsi vardı ki, banklardan dollarla kredit götürüb, mala yatırmışdı. Devalvasiyada xeyli kiçik və orta sahibkar müflis olub, sıradan çıxdı.
Bir təhər başını dolandıran, ayaqdaqalmağa çalışanların da durumu o qədər ürəkaçan deyil. Bir yandan yuxarıda sadaladığımız amillər, digər yandan da bazar sahiblərinin öz itkilərini obyektlərində çalışan sahibkarların hesabına aradan qaldırmaq istəkləri vəziyyəti daha da mürəkkəbləşdirir. Deyilənə görə, “Şərq” bazarının rəhbərliyi icarə haqlarında güzəşt etmir. Əksinə, yerhaqlarını artırmaq istəyir. Bazarda çalışan bəzi ticarətçilər deyirlər ki, belə olsa, gərək yığışıb gedələr. Məlumata görə, bazar rəhbərliyi hələlik icarə haqlarını artırmaqla bağlı ticarətçilərə heç bir söz deməyib. Bu istiqamətdə müzakirələrin getdiyi, yaxın günlərdə qərar veriləcəyi bildirilir.
“Şərq” bazarı ilə bağlı daha bir qanqaraldıcı xəbər də var. Son illər Bakıda aparılan tikinti-quruculuq işləri zamanı irili-xırdalı bir çox obyektlərin plana düşərək sökülməsi az qala adi hala çevrilib. Düzdür, yeni inşa edilən obyektlər hər baxımdan yaxşıdı, şəhərimizi gözəlləşdirir, müasir tələblərə cavab verir. Lakin bu prosesdə xeyli vətəndaş dolanışıqdan məhrum edilir. Onlar yeni obyektlərdə işləmək üçün tələb olunan şərtlərə ayaq uydura bilmirlər. Nəticədə yüzlərlə ailə gündəlik dolanışıqdan məhrum olur. Vaxtında qərar verən, yeni tikilən obyektlərdən dükan götürən ticarətçilər, şübhəsiz, udurlar, yaxud daha az itkiylə üzləşirlər.
Musavat.com-a daxil olmuş məlumata görə, bu cür aqibətlə üzləşən ticarət mərkəzlərindən biri də “Şərq” bazarıdı. Bu ticarət mərkəzi şəhərin mərkəzi hissəsinə yaxındır. Ətrafında köhnə məhəllələr var. Yaşı az qala 100 ilə çatan köhnə, uçuq-sökük tikililər Bakının son illər gözəlləşən simasına xeyli zərər vurur. Ərazi artıq çoxdan plana düşüb. Sadəcə olaraq, yaşanan iqtisadi böhran bu projenin həyata keçməsini ləngidib. Gələn məlumatlara görə, yaxın aylarda Təbriz və Xətai küçələrindəki uyğunsuz binaların söküntüsünə başlanacaq. Ərazidə yerləşən əksər obyektlər, o cümlədən də “Şərq” bazarı böyük ehtimal, plana düşəcək. Düzdür, ərazidəki obyekt sahiblərinə dövlət tərəfindən kompensasiya ödəniləcək, onlar elə də böyük maddi itki ilə üzləşməyəcək. Bu prosesdə əsas ziyan kiçik və orta sahibkarlara dəyəcək.
Bəs “Şərq” bazarı və ətrafında fəaliyyət göstərən mağazaların aqibəti necə olacaq? Bu qədər insan fəaliyyətlərini harda və necə davam etdirəcək? Bu sahibkarlar həm də vergi ödəyiciləridi. Hər il dövlət büdcəsinə milyonlarla manat xeyir verirlər. Dövlət özü bu təbəqənin sıradan çıxmasında maraqlı olmamalıdır.
Məlumata görə, artıq bu məsələ də yoluna qoyulub. Musavat.com-un əldə etdiyi bilgilərdə deyilir ki, bugünlərdə Dərnəgüldə, Ziya Bünyadov prospektində yenicə istifadəyə verilmiş “İmperial” ticarət mərkəzi bu məsələdə sahibkarlara ciddi kömək ola bilər. Müasir üslubda tikilmiş “İmperial” genişliyi, müasir şərtlərə cavab verməsi ilə yanaşı, həm də şəhərin bütün istiqamətlərinə yaxındır. Ən əsası da, bu ticarət mərkəzində yer haqlarının xeyli sərfəli olduğu deyilir. Bir başqa üstünlüyü də “İmperial”a gələn müştərilərin maşınlarını park etmək problemi ilə üzləşməyəcəkləridi.
Beləliklə, yaxın aylarda “Şərq” bazarının və ona yaxın olan mağazaların kütləvi şəkildə köçürülməsinin şahidi olacağıq. Sahibkarlar üçün isə alternativ var: “İmperial” ticarət mərkəzi. Bəs görəsən, bu ticarət mərkəzi yeni gələn sahibkarlara uyğun olacaqmı? Bunu isə zaman göstərəcək.
arxiv.bizimxeber.az


Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə