Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Nizami Xudiyevin vaxtında AzTV-də rüşvət çiçək açmışdı” – Qulu Məhərrəmli
“Nizami Xudiyevin vaxtında AzTV-də rüşvət çiçək açmışdı” – Qulu Məhərrəmli
31 Mart 2017 / 15:52 / Baxış sayı: 1040
Font1 Font2 Font3 Font4

“Bəzən söz deməyin də heç bir faydası olmur”

Tanınmış telejurnalist Qulu Məhərrəmlinin müsahibəsi.

– Qulu müəllim, bizdə televiziya tənqidçisi ixtisası var?

– Düzdü, ayrı-ayrı adamlar bu sahə ilə ara-sıra məşğul olub, amma bizdə xüsusi teletənqidçi ixtisası mövcud deyil. Teatrşünas, kinoşünas var, amma televiziya tənqidçiliyi yoxdur. Səbəb odur ki, teatrdan və kinodan fərqli olaraq, televiziya çox həssas sahədir və heç kim bu işə davamlı baş qoşmaq istəmir.

– Belə bir ixtisas yoxdursa, bəs nə üçün sizi teletənqidçi kimi təqdim edirlər?

– Yəqin ona görə ki, mən son 10-15 ildə televiziya haqda çox danışıram, bu mövzuda yazı-pozularım var. Burda məntiq ondan ibarətdir ki, televiziya yaradıcılığının içini, özəlliyini dərindən mənimsəməsən, televiziya tənqidi ilə məşğul ola bilməzsən.

– Son hadisələrə qədər bir tənqidçi kimi yolunuz məhkəmədən keçmişdi?

– Narazılığını bildirənlər olurdu, “sağ ol” deyənlər də tapılırdı, amma düzü, indiyə qədər tənqidə görə məni məhkəməyə verən olmamışdı.

– Sizə elə gəlmirmi ki, AzTV sədrini sərt şəkildə tənqid etdiyiniz məlum və məşhur müsahibənizdə televiziya tənqidçiliyindən bir az kənara çıxmışdınız…

– Baxır siz məsələyə hansı prizmadan yanaşırsınız. Mən AzTV-nin düşdüyü indiki acınacaqlı vəziyyəti və bunun səbəblərini tənqid etmişəm. “Bir az kənara çıxmaq” deyəndə yəqin, sərtliyi nəzərdə tutursunuz, amma fakt budur ki, o müsahibədəki yanaşma tərzi və mənfi çalarlı sözlər tənqid hədəfinə görə seçilib. Yəni tənqidin dozası və tərzi nöqsanlara uyğun olaraq müəyyənləşdirilib.

Digər tərəfdən, nəzərə almaq lazımdır ki, televiziya insan ruhunun ərazisidir, xalqın şüuruna, ictimai əxlaqa güclü təsiri var, nəsil yetişdirir. Ona görə də bu ərazidə qabaran təhlükəli meyllərə göz yummaq olmaz.

– Siz də uzun müddət AzTV-də çalışmısınız. Neçə sədrlə işləmisiniz?

– Qoy sayım. Yusifzadə, Elşad Quliyev, Qeysər Xəlilov, Məmməd Murad, Məmməd İsmayıl, Babək Hüseynoğlu, Nizami Xudiyev… İndiki də daxil olmaqla səkkiz sədrlə işləmişəm.

– Bu sədrləri müqayisə eləmək mümkündürmü?

– Əlbəttə, mümkündür, amma bu sırada müqayisəyə gəlməyən bir sədr olub – Teymur Əliyev. O, televiziyanın peşəkar əsasını qoyub, söz adamı, şair, publisist olub. Teymur müəllim Azərbaycan televiziyasının mənəvi dayaqlarını yaradıb, bu televiziyanı milli platformaya yaxınlaşdırıb. Düzdür, o vaxt televiziya daha çox ideoloji vasitə idi, amma bununla yanaşı, Teymur Əliyevin iti təfəkkürü, düşüncəsi imkan verib ki, bu televiziyanı milli kökə bağlasın.

– Partiyanın əlində alət olan bir televiziya milli platformaya necə qalxa bilərdi ki? Mümkün idimi?

– Bəli, mənəvi bütövlük, istək, intellekt və peşəkarlıq olanda çox şeyi etmək mümkündür. Mən arxivlərdə işləyəndə Teymur Əliyevin Moskvaya – Mərkəzi televiziyanın rəhbərinə yazdığı məktublarla və başqa sənədlərlə tanış olanda heyrətlənmişəm. O, büdcədən əlavə pullar istəyir ki, Azərbaycan tarixi və etnoqrafiyası haqqında sənədli filmlər çəkilsin, bir də Mərkəzi televiziya bizim də mədəniyyətin təbliğinə diqqət ayırsın. Yəni təfəkkürü milli olmayan insan heç vaxt bu barədə düşünməzdi.

İkincisi, o dövrün verilişlər proqramına baxanda çox aydın görünür ki, ana dilini, mədəniyyəti, musiqini, milli düşüncəni təbliğ eləməklə bağlı Teymur Əliyevin çox ciddi addımları olub. Onun sədrliyi televiziyanın bahar dövrü idi. Sonra 1980-ci illərdə, Elşad Quliyevin vaxtında televiziya daha bir çiçəklənmə dövrünü yaşadı.

– 1990-cı illərdən sonra gələn sədrlər necə?

– Hər sədr AzTV-də öz izini qoyub. Xüsusən, Məmməd Muradın, Məmməd İsmayılın, Babək Hüseynoğlunun adlarını çəkmək olar ki, onlar televiziya düşüncəsinin inkişafına kömək ediblər.

– Ümumiyyətlə, bir mütəxəssis kimi deyə bilərsinizmi, televiziya sədri hansı prinsiplərlə seçilməlidir?

– Əvvəllər televiziya sədri vəzifəsi daha çox siyasi təyinat idi. Güvənilən, çevik təfəkkürlü, intellektual, təmiz və nüfuzlu adam olmalıdır. İdeologiyanı, idarəçiliyi yaxşı bilməli, verilən tapşırıqları bacarıqla yerinə yetirməlidir və s. Mən buna normal baxıram, sadəcə, seçim doğru olmalıdır.

Məsələn, filosof Qurban Yusifzadənin televiziya ilə dərin bağlılığı olmasa da, savadlı və təmiz adam idi, bacarıqlı müavini vardı. Elşad Quliyev televiziyanı formalaşdırmağı, kollektivi idarə etməyi gözəl bilirdi. Proqram redaksiyasında çalışmış, televiziyada bişmişdi, yaradıcı və intellektual idi, ona görə də sonradan televiziyanın sədri olanda çox problemləri rahatlıqla həll edə bildi.

Sədr üçün siyasi təfəkkür, intellekt, mənəvi sima, kollektivi və yaradıcı prosesi yönəltmək çox önəmli keyfiyyətdir. Son proseslər göstərdi ki, bunlar olmayanda ortaya həmişə ciddi problemlər çıxır.

– Bəzən deyirlər ki, digər telekanallarımızla müqayisədə müəyyən nöqsanları çıxmaq şərti ilə ən abırlısı AzTV-dir. Bu fikirlə razısınız?

– Əlbəttə, AzTV tarixən müəyyən ənənələri yaşadan, o cümlədən həmişə etik qaydaları gözləyən kanal olub. Bu keyfiyyət hansısa sədrlə bağlı deyil, bir qaydadır. Amma bu “abırlı” söhbəti peşəkarlar üçün təsəlli ola bilməz. Tamaşaçıya maraqlı və gərəkli verilişlər lazımdır, bunlar olmayanda “abırlı” söhbəti bir az acizlik kimi görünür. Biz AzTV-ni Rusiya (RTR) və yaxud Türkiyə (TRT) kanalları ilə müqayisə edəndə, görün, ortaya nə boyda fərqlər çıxır, heç müqayisəyə gəlmir?! Yəni “abırlı” olmaq işin bir tərəfidir, peşəkar kanal bununla yox, ciddi yaradıcılıq uğurları ilə öyünməlidir.

İkincisi, bu kanalı dövlət maliyyələşdirir, maddi-texniki təchizatını həll edir və deyir ki, sən normal verilişlər hazırla, rəsmi siyasəti rəğbət doğuran bir tərzdə təbliğ elə, eyni zamanda cəmiyyəti maarifləndir, tamaşaçılara yüksək estetik dəyərlər aşıla, dünyagörüşü ver. Bax, tələb olunan bunlardır.

– Qulu müəllim, televiziyalarımızda rüşvət məsələsindən danışaq.

– Rüşvət televiziyalarımızın ən ağrılı yeridir, əməkdaşların mənəviyyatını zədələyən, onları asılı vəziyyətə salan, gözükölgəli və diliqısa edən bir virusdur. Bu məsələ dünən başlamayıb, sovet dövründən miras qalıb. Amma elə sədrlər də olub ki, onların dövründə rüşvət almağa qorxublar. Məsələn, Məmməd Muradın və Məmməd İsmayılın vaxtında heç kim ürək eləməzdi ki, rüşvət alsın, dərhal o adamı işdən qovurdular.

– Nizami Xudiyevin vaxtında necə?

– Nizami Xudiyevin vaxtında rüşvət çiçək açmışdı, indiki sədrin dövründə isə sistem halına keçib.

– Siz özünüz AzTV-də işləyəndə rüşvət təklifləri ilə çox qarşılaşmısınız?

– Mən “Səhər” proqramında fəaliyyətə başlayanda ilk vaxtlar, demək olar ki, hər gün rüşvət təklifləri ilə üzləşirdim.

– Sizə rüşvət təklif edirdilər ki, əvəzində nə edəsiniz?

– Bəzi müğənnilər vasitəçilər göndərirdilər ki, pul alıb onları efirə buraxaq. Yaxud kimsə rüşvət təklif edirdi ki, hansısa mövzuda efirdə çıxış etsin. Lakin tezliklə hamı əmin oldu ki, bu proqramda rüşvət söhbəti yoxdur.

Bir də mən TV-də yeni fəaliyyətə başlayanda görürdüm ki, çəkilişə gedəndə redaktor pul götürmürsə, operator da, səs rejissoru da ona düşmən kimi baxır. Xoşbəxtlikdən mən elə redaksiyalarda çalışmışam ki, belə situasiyalarla nadir hallarda üzləşmişəm.

– Rüşvət almasan, televiziyaların verdiyi maaşla dolanmaq mümkündür?

– Sovet dövründə dolanmaq olurdu. Çünki həm yaxşı maaş vardı, həm də yaxşı qonorar verilirdi. Məsələn, mən o dövrdə 170 manat maaş alırdım, 170 manat da qonorar. Yoldaşım da qəzetdə çalışırdı, o da babat maaş alırdı. Yəni maaşla hərəkət eləmək olurdu. Müstəqillik dövründə xüsusən Babək Hüseynoğlu və Nizami Xudiyevin sədrliyi dövründə ən yüksək qonorar alanlardan biri mən olmuşam. Siyasi icmalçı statusum, davamlı efirə çıxmağım, saatlarla canlı yayımlar aparmağım da bu işdə müəyyən rol oynayıb. Ümumiyyətlə, televiziyada işləməyin bir çox üstünlükləri var. Səni tanıyırlar, dost-tanışın çox olur, hansısa çətinliyin olanda kiməsə ağız aça bilirsən və s. Deməyim odur ki, harda olursansa ol, ləyaqəti itirmədən də yaşamaq mümkündür.

– Konkret olaraq, kimdənsə pul alıb verilişə çıxarmaq rüşvət sayılırmı?

– Bəli, buna görə aldığın pul rüşvətdir, belə davranış, merkantil, təmənnalı davranışdır.

– Adını şirinlik qoymaq olmaz?

– Şirinlik başqa şeydir.

– Nədir?

– Şirinlik odur ki, sən yaxşı veriliş eləmisən və o veriliş efirə gedəndən sonra çəkdiyin adam sənə zəng edir, razılığını bildirir, minnətdarlıq edir, xüsusi olaraq axtarıb səni tapır və təşəkkür edir, hətta hədiyyə verir. Düşünürəm ki, o hədiyyəni almaq qəbahət deyil. Əlbəttə, bəzən elə hallar da olur ki, şirinlik adı ilə sənin mənəviyyatını zorlamaq istəyirlər. Bax, belə vəziyyətlərdə xırda güzəştlərə gedəndə istər-istəməz əlimiz çirkli suya dəyir.

– “Əlimiz çirkli suya dəyir” deyəndə nəyi nəzərdə tutursunuz?

– Məsələn, kollektiv bir tədbirdə iştirak edirsən, gözlənilmədən məlum olur ki, burda hansısa perspektiv maraq var, gətirib hamıya hədiyyə verirlər, təbii, bu hədiyyəni almaq ürəyincə deyil, amma sən bunu almağa məcbursan. O adamların içərisində demək istəmirsən ki, sənin hədiyyən mənə lazım deyil, bu da mentalitet baxımından doğru alınmır. Belə hallarda mən də içimdən qırıla-qırıla qalmışam və o hədiyyəni qəbul eləmişəm. Yaxşısı belə tədbirlərə getməməkdir.

– Deyilənə görə, sizin Arif Alışanovla yaxşı münasibətləriniz olub. Bəs necə oldu ki, münasibətləriniz korlandı?

– Deyəsən, sənin nəsə planların var. (gülür). Sizə açıq deyirəm, bu birillik məhkəmə hoqqası və ondan əvvəl elədiklərinə görə mən o adam haqqında nəinki xüsusi olaraq danışmaq, hətta düşünmək belə istəmirəm.

– Qulu müəllim, Dilçilik İnstitutunda Monitorinq şöbəsinin müdiri idiniz. Qəfil öz ərizənizlə işdən çıxdınız. Xüsusi bir səbəb oldumu?

– Yox, bu gediş qəfil olmadı. Məni institutdan çıxarmaq üçün bir neçə vəzifəli akademik və onların əlaltıları iki ay fasiləsiz çalışıblar.

– Səbəb nə idi ki?

– Səbəb o idi ki, bu akademiklər vaxtilə rəhmətlik Tofiq Hacıyevə hücum edəndə və istefa tamaşası quranda, mən ikincini müdafiə edən bir yazı yazmışdım. Deyəsən, o yazı akademiklərin planını pozmuşdu və Tofiq müəllimin institutda direktor qalmasında müəyyən rol oynamışdı. Ona görə də Tofiq Hacıyev rəhmətə gedəndən və instituta yeni direktor təyin olunandan sonra həmin akademiklər öz məclislərində mənim Dilçilik İnstitutundan çıxarılmağa fitva vermişdilər.

Akademiya rəhbərliyi də bu adamları dəstəkləyirdi, yəni koalisiya çox güclü idi. Həmin koalisiyanın ultimatumunu instituta akademik-katib Teymur Kərimli təqdim etmişdi, işlərin belə gedişindən səmimi şəkildə məyus olmuş Dilçilik İnstitutunun yeni direktoru Möhsün Nağısoylu da məlumatı incə bir şəkildə mənə çatdırmışdı. Mənimlə dava-dava oyunu ötən il martın ortalarında başlayıb, iyunun əvvəlində bitmişdi.

– Nə əcəb müqavimət göstərmədiniz?

– Müqavimətin heç bir mənası yox idi. Əvvəla, mən institutda az maaş müqabilində çox enerji sərf edirdim, ikincisi, monitorinq şöbəsində müəyyən iş sistemi yaratmağa, o cümlədən çox çətinliklə də olsa, “qaynar xətt”in yaradılıb işə salınmasına nail olmuşdum. Üçüncüsü də, institutda hava dəyişmişdi, mən əvvəlki effektlə işləyə bilməyəcəyimi görürdüm. Bir də, artıq mənə qarşı çoxşaxəli təzyiqlər başlamışdı.

– Neyləyirdilər ki?

Bəsit adamlar həmişə bəsit üsullar seçir. Əvvəlcə hansısa elan olunmamış iclasa gəlmədiyimə görə mənə töhmət vermişdilər. (gülür) Sonra akademiyanın kadrlar idarəsi mənim otağımın qarşısında sanki post qurdu, hər gün işə davamiyyətimi saniyə ilə ölçürdülər.

Bundan başqa, sırf mənə nəzarət üçün institutda ayrıca intizam komissiyası yaratmışdılar, gündə üç dəfə otaqları gəzib qeydiyyat aparırdılar ki, işdə kim var, kim yox. Mənə görə institut kollektivinin, o cümlədən çalışdığım şöbənin əməkdaşlarının bu şəkildə incidilməsini özümə sığışdırmadım…

– Dediyiniz bir neçə akademik nə üçün Tofiq Hacıyevə qarşı birləşmişdi? Tofiq müəllim peyğəmbər kimi insan idi, kimə pisliyi dəymişdi? İşin içində olan bir insan kimi deyə bilərsinizmi, problemin kökü nə ilə bağlıydı?

– Problemin kökü Tofiq Hacıyevin Dilçilik İnstitutunda dirçəltdiyi milli xəttin dərinləşməsi ilə bağlı idi. Azərbaycan dilinin işlənməsi sahəsində onun çox ciddi niyyətləri vardı, bəzi addımları da atırdı. Və işlərin reallaşdırılması prosesində bu addımlar həm elmi, həm şəxsi, həm də ideoloji planda bəzi vəzifəli şəxslərin mənafeyinə toxunurdu.

– Ümumiyyətlə, Dilçilik İnstitutunun fəaliyyətini necə dəyərləndirirsiniz?

– Çox arzulayardım ki, bizim Dilçilik İnstitutuna Türkiyədəki Dil qurumu kimi bir status verilsin. Yəni Dilçilik İnstitutu təkcə elmi müəssisə yox, həm də yüksək statuslu dövlət qurumu kimi fəaliyyət göstərsin ki, Azərbaycan dilinin inkişafı ilə bağlı məsələləri həll eləyə bilsin.

Bu gün ölkədə Qəzənfər Kazımov kimi peşəkar dilçilərə şərait yaradılmalıdır ki, ana dili ilə bağlı problemləri həll etmək olsun.

– Bəs Dilçilik İnstitutu bu problemləri niyə həll etmir? Gücü çatmır?

– Son illərdə Dilçilik İnstitutunda müsbətə doğru iki partlayış oldu. Bunun biri professor Fəxrəddin Veysəllinin adı ilə bağlıdır. O, Dilçilik İnstitutundakı donuq vəziyyəti hərəkətə gətirə bildi. Amma işləməyə qoymadılar. Ondan sonra Tofiq Hacıyev gəldi, o da sanki tələsirmiş kimi bir çox problemləri paralel şəkildə həll etməyə çalışdı. Amma məlum oldu ki, bu boyda yükü çəkməyə institutun elmi və kadr potensialı çatmır. Ona görə Tofiq müəllim ali məktəblərdən, istehsalatdan instituta bilikli kadrlar dəvət etməyə başladı. Deyəsən, indi o kadrların çoxunu işdən çıxarıblar.

Başqa bir məsələ də odur ki, elm artıq insanlar üçün maraqlı deyil. Bu gün humanitar sahədə, o cümlədən dilçilikdə elmi mövzu götürənlərin 90 faizi qadınlardır. Belə şəraitdə də elmi məqsədlər öndə olmur, çünki qadınların əksəriyyəti elmi dərəcə almağa bir az fərqli yanaşırlar.

– Ərə gedim, bir uşaq olsun, bir mövzu da götürüb müdafiə eləyim, 5-3 manat da Akademiyadan alım, dolanaq… Belə?

– Təəssüf ki, elədir. Yəni elmi inkişaf etdirmək üçün yox, bir məşğuliyyət kimi yanaşma meyli artıb. Mövzu götürüb müdafiə edəcək, dərs deyəcək və s. Elmin özü də artıq sükunətdədir, bu gün bəlkə 10 faiz həqiqi alimlərimiz var ki, onlar da yaxşı maaş, lazımi maddi təminat yoxdur deyə başqa sahələrə gedirlər. Bacaran, dil bilənlər xarici ölkələrdədir, yerdə qalanlar da buralarda birtəhər başını girələyir.

– Qulu müəllim, sizin məşhur bir sözünüz var: simasını qorumuş insanlar. Sizə elə gəlmirmi, vəziyyət elə həddə çatıb ki, artıq simasını qorumuş insanlar da sanki danışmağa, söz deməyə ərinir? Elə bil, heydən-hərəkətdən, həvəsdən düşüblər, daha söz demək istəmirlər.

– Bilirsiniz, artıq cəmiyyətin də, yaşadığımız dövrün və mühitin də rəngi dəyişir. Bəzən belə mühitdə söz deməyin də, sanki heç bir faydası olmur. Baxırsan ki, adamlar öz dərdlərini deməkdən, haqqını tələb etməkdən çəkinir, umur ki, bunu kimsə bir başqası etsin.

Tutaq ki, hansısa nadan Müşfiqin heykəlini dağıdır, cəmiyyət dərhal reaksiya verir. Amma xalqın ən azı o heykəl qədər daşlaşmış dəyərlərinə toxunulanda, o dəyərləri sökəndə qorxudan heç kimin səsi çıxmır. Bax, fəlakət budur ki, qorxu iliyimizə hopub.

– O qorxu bir ziyalı kimi sizin özünüzdə də varmı?

– Qorxu insana xas olan bir instinktdir, adamda müəyyən bir qorxu hissinin olması təbiidir, amma baxır ki, sən nədən qorxursan. Bir var pişikdən qorxasan, bir də var şirdən. Bir var arxı keçməyə ürək eləməyəsən, bir də var Araz çayını adlamaqdan ehtiyatlanasan. Adam anadangəlmə də, sonradan da qorxaq ola bilər, amma məncə, ən ağciyər adam vicdanının səsini eşitməkdən qorxan adamdır.lent.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə