Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Yol polisi sizi təqib edə bilməz
Yol polisi sizi təqib edə bilməz
01 Aprel 2017 / 23:53 / Baxış sayı: 1144
Font1 Font2 Font3 Font4

“Sürücünü tutmaq üçün dar küçələrdə, məhəllələrdə və başqa yerlərdə sürət həddini aşırlar, bu da faciə ilə nəticələnə bilər ki, bu da polisin qanunu pozmasıdır”

Şəhər yollarında, küçələrdə polis təqibi zamanı nəinki sürücülərə, adi piyadalara da təhlükə yaranır. Belə ki, yol polisi əmrə tabe olmayan sürücüləri təqib etməyə başlayır və bu zaman həm sürücü, həm yol polisi sürət həddini aşaraq, təhlükəli vəziyyət yaradırlar.

Bəs qanun bununla bağlı nə deyir? Sputnik Azərbaycan-ın əməkdaşı məsələ ilə bağlı ekspertlərin rəyini öyrənib.

Yol-nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov bildirib ki, Azərbaycanda sovet dövründən bəri sürücünün təqib edilməsi ilə bağlı qaydalarda heç bir dəyişiklik olmayıb. Əksinə, son zamanlar bir neçə qanun korrektə olunub: “Polis ancaq istisna hallarda sürücünü təqib edə bilər. Adi zamanda isə təqib yolverilməzdir. “Polis haqqında” qanunun 20-ci maddəsinə görə, iki halda yol polisləri maşını təqib edə bilər. Yol polisi o zaman sürücünü təqib edə bilər ki, sürücünün özü və ya maşında olan hər hansı bir sərnişin cinayət törəmiş olsun. Polisin sürücü və ya sürücünün yanında əyləşən sərnişinin cinayət törətməyə getdiyi haqda dəqiq məlumatı olarsa, bu zaman da avtomobili təqib edə bilər. “Yol hərəkəti haqqında” Qanunda bu müddəalar bir qədər dəqiqləşdirilərək qeyd olunur ki, nəqliyyat vasitəsinin sürücüsü öz hərəkətləri ilə insan həyatına və sağlamlığına real təhlükə yaratdıqda təqib oluna bilər. Digər hallarda isə yol polisi sürücüləri təqib edə bilməz”.

Ekspert onu da qeyd edib ki, sürücü əmrə tabe olmursa, avtomobili saxlamırsa, qanunu pozur: “Amma onu təqib etmək yox, qarşıdakı yol polisinə məlumat vermək yolu ilə o sürücünü saxlamaq olar. Amma təqib edərək sürət həddini aşmasına və yolda olan digər sürücü və sərnişinlər üçün təhlükə yaratmasına şərait yaratmaq qəti qadağandır”. “Polis əməkdaşı qanuna tabe olmayan sürücü haqqında qarşıda olan yol polisinə xəbər edə bilər. Əgər təqib mümkündürsə, polis əməkdaşı bunu təhlükəsizlik qaydalarına riayət edərək həyata keçirə bilər. Piyada və digər sürücülərin həyatını təhlükəyə atmaq olmaz” — deyə Ərşad Hüseynov əlavə edib. Onun sözlərinə görə, yollarda baş verənlərdə sürücülərin də günahı çoxdur: “Onlar qanuna riayət etmək istəmirlər. Sürücülər anlamırlar ki, yol polisi səni saxlayırsa, qanuna riayət edib maşını saxlamalısan. Polisə tabe olmamaqla sürücü ikiqat qanun pozuntusu edir”.

Ekspert Elməddin Muradlı  bəzən istisna hallar olduğunu da qeyd edib: “Məsələn, kameralar sürücünün sərxoş olduğunu sübut edə bilməz. Yol polisi də belə şəxsləri yerindəcə saxlamaq məcburiyyətindədir. Bunu bilən sürücülər də polisdən qaçmaqla qanundan yayınırlar. Hansısa yol polisi təhlükəli hal yaradarsa, bu zaman digər sürücülər polisə müraciət edə bilərlər. Amma yol polisinin qanunu pozduğunu sübut etmək lazımdır ” — deyə  qeyd edib.

Avtomobil nəqliyyatı üzrə ekspert Elməddin Muradlı da bu məsələdə ziddiyyətli halların ortaya çıxdığını dilə gətirib: “Qanuna əsasən, sürücü tabe olmursa, yol polisi əməkdaşı audio ötürücü vasitəsi ilə digər yol polisinə xəbər verir, imkan daxilində hətta kömək də alaraq tabe olmayan sürücünü zərərləşdirir. Hətta ən pis hallarda “kirpi” deyilən xüsusi vasitədən istifadə edərək sürücünü zərərləşdirə bilirlər”.

“Amma bir məsələ var ki, şəhərimizin yolları buna imkan verir, yoxsa yox? İkinci məsələ isə polisin sürücünü təqib etmədiyi təqdirdə, sabah həmin sürücünün içkili olduğunu necə sübut edəcəyi ilə bağlıdır. Bu, bir qədər çətin məsələdir. Çünki maşına əlavə avadanlıq quraşdıran, yaxud sərxoş sürücü polisdən qaçdıqda, səhəri gün onu cərimə etmək çətin olur. Təqib qadağan olduqda da sürücülər arxayınlaşır və polisə tabe olmaqdan yayınırlar” — Muradlı bildirib.

Ekspert qeyd edir ki, bəzən yol polisləri özləri də qanunu pozurlar: “Sürücünü tutmaq üçün dar küçələrdə, məhəllələrdə və başqa yerlərdə sürət həddini aşırlar, bu da faciə ilə nəticələnə bilər. Bu da polisin qanunu pozmasıdır”.

Azərbaycan Texniki Universitetinin (AzTU) müəllimi, yol eksperti Məsud Rüstəmbəyov deyir ki, yol hərəkəti qaydalarına hər bir sürücü riayət etməlidir: “Əgər sürücü yol polisinə tabe olmursa, o zaman yol polisi qarşıdakı yol polisinə xəbər etməlidir və onlar yolu bağlamaqla həmin sürücünü saxlamalıdırlar. Amma sürücünü qovmaq olmaz”. “Eyni zamanda sürücülər də qanundan yayınmaq üçün polisə tabe olmurlar və bununla da qanundan qaçacaqlarını düşünürlər. Məsələn, içkili insan bilir ki, yol polisindən qaça bilsə, polis ona içkili olduğunu sübut edə bilməyəcək. Amma sürücü anlamır ki, qanuna tabe olmamaqla qanun pozur və bunun cəzası daha ağır olur” — M. Rüstəmov vurğulayıb. Ekspert qeyd edib ki, belə qanun pozuntularının qarşısını almaq üçün qanunda dəyişiklik olmalıdır: “Sərxoş halda sükan arxasına oturanlara və qanuna tabe olmayanlara qarşı daha sərt cəzalar tətbiq olunsa, yaxşı olar. Bu zaman sürücülər da qanun pozmaqdan çəkinərlər”.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə