APA-nın RBK-ya istinadən verdiyi xəbərə görə, Polşa hüquq-mühafizə orqanları hesab edir ki, dispetçerlər, eləcə də həmin vaxt nəzarət qülləsində olmuş naməlum “üçüncü şəxs” Polşa hökumət təyyarəsini qəsdən qəzaya şərait yaradıblar.

“Məlumatların analizi – istər daha əvvəl, istərsə də bu yaxınlarda istintaqın gedişi zamanı əldə olunanlar – prokurorlara əsas verir ki, Rusiya vətəndaşı olan aviadispetçerlərə, eləcə də nəzarət qülləsində olmuş üçüncü şəxsə qarşı yeni ittihamlar irəli sürsünlər. Onların bilərək yol vediyi hərəkətlər təyyarənin məhvinə və çoxlu sayda insanın ölümünə səbəb olub”, – deyə Polşa baş prokurorunun müavini Marek Pasyonek Varşavada keçirdiyi mətbuat konfransında bildirib. O, dispeçerlərin polşalı müstəntiqlər tərəfindən dindirilməsi üçün Rusiya tərəfinə müraciət etdiklərini söyləyib.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə Polşa tərəfinin ittihamları ilə razılaşmadıqlarını bəyan edib: “Bu işlə bizim istintaq orqanları məşğul olur. Sözsüz ki, bu faciənin təfərrüatları kifayət qədər ciddi şəkildə öyrənilib, təhqiq olunub. Bu cür nəticə ilə razılaşmaq mümkün deyil. İş davam edəcək”.

Xatırladaq ki, Polşa prezidenti Lex Kaçinski, onun həyat yoldaşı Mariya Kaçinskaya və yüksək vəzifəli şəxsləri daşıyan təyyarə 2010-cu il aprelin 10-da Rusiyanın Smolensk hava limanına enərkən qəzaya uğrayıb. Qəza nəticəsində 88 sərnişin və 8 ekipaj üzvü ölüb. Onlar Katın faciəsinin 70-ci ildönümü tədbirlərində iştirak etmək məqsədilə Smolenskə gedirdi.

arxiv.bizimxeber.az